Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2381/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə 15 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 iyun 2009-cu il tarixdə 50 yaşı tamam olmuş, həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh pensiyanı azaltmış, qeyd etmişdir ki, 52 yaşdan təyinat aparılmalıdır. İddiaçı hesab edir ki, pensiya təyinatı 50 yaşdan əmək haqqına əsasən aparılmalıdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası 52 yaşdan sığorta kapitalı əsasında aparılmalı olduğu halda 50 yaşından həyata keçirilmişdir. Nəticədə artıq ödəmə müəyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı İnzibati Məhkəməsinin qərarın 29 yanvar 2024-cü il tarixli qərarından görünür ki, ЖВ seriyalı 044513 saylı xx.xx.1981-ci il tarixli diplom üzrə İddiaçı 1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1981-ci ildə neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X10” Tresti "xxxx" X11 İdarəsi tərəfindən təqdim edilmiş 29-03/187 saylı xx.xx.2008-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən «Xəzərqazmaneftqazsənaye» İstehsalat Birliyinin Xüsusiləşdirilmiş X2 kəşfiyyat Qazma İdarəsinin «Bakı» ÜQQ-da Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 5-ci dərəcəli qazma köməkçisi peşəsində işləyib. İdarə halhazırda X10 trestinin "xxxx" X11 İdarəsi adlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı ƏmrQərarının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin göstəricilərinin təsdiq edilməsi haqqında olan 1 №-li siyahının 10-cu Qazma bölmənin «a» bəndinə əsasən dəniz neftçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməsinə icazə verilir. 1. Şifr ******* «a» – 11297 – Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları; 2. Şifr ******* «b» – 22247 – Bilavasitə buruqlarda məşqul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə); 3. Şifr ******* «b» – 23196 – Buruqların ustaları və onların köməkçiləri; 4. Şifr ******* «b» – 24094 – Buruq qurğularının rəisləri və onların köməkçiləri. Güzəştli iş stajı 12 il 07 ay 04 gündür. Arxiv sənədi 1996-cı il T-2 şəxsi vərəqəsinə əsasən Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim olunmaq üçün verilmişdir. X6 X8 İdarəsi SSSR-nin Qaz Sənayesi Nazirliyinin Ümumittifaq «Xəzərdənizneftqazsənaye» İstehsalat Birliyinin «Xəzərqazmaneftqaz» İstehsalat Birliyi kimi yenidən təşkil edilmişdir (SSRİ Qaz Sənayesi Nazirliyinin 5 dekabr 1978-ci il tarixli 259 orq. Saylı əmri). «Xəzərdənizneftqaz» İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 №li əmrinə əsasən 01 aprel 1993-cü il tarixindən İdarənin adı dəyişdirilərək X5 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003- cü il tarixdən ARDNŞ-nin 28 saylı və «Azneft» İB-nin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №-li əmri ilə X5 Qazma İdarəsi Qazma sexi kimi "xxxx" DKQİ-nin tərkibinə verilib. Vetko Gray ABB Şirkəti tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı Vetko Gray ABB Şirkətində xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən mühəndis-mexanik vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 saylı Qərarına əsasən 1 saylı siyahı X - bölmə Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 4 il, 7 ay, 25 gün təşkil edir. X13 Korporeyşn Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı X9 Corporation Şirkətində Yarım X12 Qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən buruq ustası vəzifəsində xx.xx.1995 ildən xx.xx.1997 ilə qədər işləmişdir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən 1 saylı siyahı X-bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 28 (iyirmi səkkiz ) il 1 (bir) ay 8 (səkkiz) gün təşkil edir. 28 iyun 2024-cü il tarixli məktubdan görünür ki, cavabdeh iddiaçıya əmək pensiyasının 52 yaşının tamam olduğu tarixdən sığorta kapitalına uyğun olaraq aparılmalı olduğuna istinad etməklə inzibati icraatın təzələnməsi barədə iddiaçıya müraciət etmişdir. 12 iyul 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının 50 yaşdan pensiya təyinatı ləğv edilmiş, pensiya 52 yaşdan təyin edilmiş, eləcə də artıq ödəmə müəyyən edildiyi bildirilmişdir. 30 may 2024-cü il tarixli qərardan görünür ki, məhkəmə qərarının icrası ilə əlaqədar iddiaçının əmək pensiyası bərpa edilmişdir. 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə istinad 50 yaşdan 52 yaşa keçidlə əlaqədar 15898 manat 96 qəpik pensiya məbləği azaldılaraq 8923 manat 82 qəpik məbləğə endirilmişdir. Pensiya təyin edilmə tarixi 21 iyun 2011-ci il tarix olaraq müəyyən edilmişdir. Pensiya işinə daxil olan sənədlərdən görünür ki, iddiaçıya pensiya təyinat tarixi 21 iyun 2009-cu il tarix olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərardan, iddiaçıya və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hazırkı mübahisə iddiaçının 50 yaşdan pensiya almaq hüququnun olub-olmaması ilə bağlıdır. Cavabdeh şəxsə pensiyanın 52 yaşdan təyin edilməli olduğu qənaətindədir ki, məhkəmə hesab edir ki, cavabdeh təyinatın həmin yaşdan təyin edilməli olması hissəsində qanunsuz və əsassız mövqe nümayiş etdirmişdir. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:
1. yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin məzmunundan göründüyü kimi həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtda qüvvədə olan qanuna əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alır. Hazırkı işdə iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını xx.xx.1997-ci il tarixədək (həmin dövrdə yaş həddi 50 yaş olmuşdur) tamamladığından, o, Qanunla həmin tarixə müəyyən edilmiş 50 yaş güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi hüququnu qazanmışdır. Beləliklə iddiaçı xx.xx.1997-ci il tarixədək 20 il ümumi iş stajına və 10 il güzəştli iş stajına malik olduğundan, onun 50 yaşı tamam olduğu tarixdən pensiya hüququ yaranmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının pensiya hüququnun 52 yaşdan yarandığını əsassız olaraq iddia etdiyindən, onun barəsində aparılan yenidən hesablamada düzgün olmamışdır. Bu səbəbdən də əmək pensiyasının yenidən hesablanması barədə qərar ləğv edilməklə 50 yaşdan aparılmış təyinat bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3365/2024, 2-1(102)- 1843/2024, 2- 1(102)-2274/2024 və 2-1(102)-3502/2024 nömrəli qərardadlarından görünür ki, həmin işlər üzrə adıçəkilən mövqedən çıxış edilmiş, hazırkı növ işlər üzrə məhkəmə təcrübəsi göstərilən istiqamət üzrə formalaşmışdır. Bundan əlavə, məhkəmə iddianın qanuni və əsaslılığı ilə əlaqədar aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun pensiya təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Məhkəmə hesab edir ki, pensiyanın təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdir. Məhkəmə, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə əlilliyin təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi müəyyən edilmir., hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. İddiaçının cavabdehin dəlillərində inzibati aktın ləğvinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması hazırkı mərhələdə müəyyən edilməmişdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Cavabdeh ehtimal etdiyi yanlışı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut hazırda təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Məhkəmə qeyd edir ki, pensiya təyin edildikdən, yenidən hesablandıqdan sonra buna dair təyinatı həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində pensiyanın düzgün təyin edilmədiyini aşkar etdikdə, bununla bağlı şəxsin təyinatına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Buna dair göstərilən şərtlərə cavabdeh tərəfindən əməl edilməli olması mütləqdir ki, hazırkı mərhələdə göstərilən hallar müəyyən edilməsə də, icraatın gedişində təqdim edilən sənəd və sübutlar iddianın böyük ehtimalla uğurluluğunu istisna etmək xüsusiyyətinə malik olsa belə, hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurluluğu aşkar müəyyən edildiyindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmini zəruridir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan (★★★) görünür ki, hazırkı qərar məhz adıçəkilən qərarda nəzərdə tutulmuş mövqe də əsas götürülməklə qəbul edilir. Qərarda xüsusi olaraq qeyd edilmişdir ki, Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Məhkəmə də qeyd olunan hallarla bağlı qeyd etməyi zəruri hesab edir ki, pensiya təyinatı qərarı 2009-cu il tarixli olmaqla 50 yaşdan əmək haqqı əsasında hesablama cavabdeh tərəfindən müəyyən edilmiş, həmin hesablama qaydası və pensiya təyinat tarixini 52 yaşdan olmasına dair qərar isə 2024-cü il tarixdə, yəni 1 illik müddət çərçivəsindən uzun müddət sonra müəyyən edilmişdir. Odur ki, sonuncu qərarın legitimliyindən, inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə uyğunluğundan söhbət gedə bilməz. Məhkəmə, qəbul etdiyi qərarla mübahisələndirilən inzibati aktın ləğv olunmasını əsaslandırmaqla yanaşı, bu ləğvetmənin doğurduğu hüquqi nəticələrin də aradan qaldırıldığını vurğulayır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu maddənin tələblərindən irəli çıxıraq Məhkəmə qeyd edir ki, hazırki iddia ilə mübahisələndirilən inzibati aktın ləğvi özündə - bu akt qəbul etdiyi andan yaradan hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda inzibati hüquq münasibətlərini tənzmiləyən İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alınmaqla Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mübahisələndirilən qərarın ləğvi dedikdə əvvəlki pensiya məbləği və hesablama qaydasının bərpa edilməsi, hər hansı pul məbləği tutulmuşsa onun geri qaytarılması pul tutulmalarına yönələn bütün tədbirlərin aradan qaldırılması, əvəzləşmə və s hərəkətlərinin dayandırılması, edilmişdirsə onun geri qaytarılması, o cümlədən qərarın icrası ilə bağlı iddiaçıya münasibətdə bütün mənfi nəticələrin aradan qaldırılması ehtiva edilir. Göstərilən bütün mənfi nəticələrinin aradan qaldırılmasının ayrıca göstərilməsinin zərurəti mövcud olmamaqla məhkəmə hesab edir ki, qərarın ləğvinə dair mübahisələndirmə haqqında iddia ilə ehtiva edilir. Yəni, qərar ləğv edildikdən sonra şəxsdən hər hansı ödəniş tutulmuşdursa geri qaytarılmalı, əvvəlki pensiya məbləği bərpa edilməli, ziyanına olan hesablama qaydası ləğv edilərək əvvəlki hesablama qaydası müəyyən edilməli, əvəzləşmə olduğu təqdirdə qanunsuzlu səbəbindən zəruri tədbirlər görülməsli və digər mənfi hüquqi nəticələri aradan qaldırılmalıdır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə 15 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov