Məhkəmə qərarları › İş №2-1(112)-2384/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2384/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2384/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı münasibətdə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair hərəkətləri qanunsuz hesab edilməsi barədə məhkəmə qərarı qəbul edilməsi xahiş etmişdir.

2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “Dövlət Sosial Müdafiə Fondu Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı barəsində qəbul edilmiş “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı barəsində hesablanmış əvvəlki pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi bərpa edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının yazılı müraciətinə cavab olaraq, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçıya xx.xx.2020 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6252.70 manat artıq pul vəsaiti ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilənləri qanunvericiliyə zidd hesab edirik. Qənaətimizə görə, cavabdeh öz mülahizələrini əsaslandırmamış və normativ hüquqi aktları düzgün tətbiq etməmiş və əsassız nəticəyə gəlmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı münasibətdə xx.xx.2020 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində əmək pensiyasının yenidən hesablanmasına dair hərəkətləri qanunsuz hesab edilməlidir.

4. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş artıq ödənilmiş pul vəsaiti haqqında məktubda qeyd edilmişdir ki, pensiya işinə aid sənədlərdə şəxsə Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 28 yanvar 2015-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 iyun 2020-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1232,00 manat, qullu satajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 369,60 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəniz 167,70 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 410,67 manat olmaqla orta aylıq əmək haqqı 2279,97 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 27 il 5 ay 1 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2279,97 manat) 80 faizi-1823.98 manat məbləğində hesablanmalı olduğu halda, 2025,68 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ümumilikdə 6252,70 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 2301,31 manat məbləğində hesablanmalı olduğu halda, 2555,80 manat müəyyən edilməklə xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr ərzində ümumilikdə 1272,45 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilir ki, sizə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2188,78 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 2430,82 manat ödənilib. Nəticədə həmin dövr üzrə 242,04 manat artıq maddi yardım ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üm il üzrə xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7767,19 (6252,70+1272,45+242,04) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 7767,19 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Bundan başqa, yuxanda qeyd olunanlarla bağlı şəxsə 22 iyun 2023-cü il tarixli 3-17-1/2- Q-143152/2023 nömrəli məktubla ətraflı məlumat verilib. Məlumat üçün bildirilir ki, Mərkəz Filial tərəfindən pensiya ödənişləri Dövlət Sosial Müdafiə Fondunun müəyyən etdiyi qrafik əsasında hər ayın 14-19 aralığında həyata keçirilir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 28 yanvar 2015-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 iyun 2020-ci il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1232,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 369,60 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 167,70 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 410,67 manat olmaqla orta aylıq əmək haqqı 2279,97 manat təşkil edib. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 27 il 5 ay 1 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2279,97 manat) 80 faizi-1823,98 manat məbləğində hesablanmalı olduğu halda, 2025,68 manat müəyyən edilməklə xx.xx.2020-31,12.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçının həmin dövr üzrə ümumilikdə 6252,70 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 2301,31 manat məbləğində hesablanmalı olduğu halda, 2555,80 manat müəyyən edilməklə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 1272,45 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilir ki, iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2188,78 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 2430,82 manat ödənilib. Nəticədə həmin dövr üzrə iddiaçıya 242,04 manat artıq maddi yardım ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7767,19 (6252,70+1272,45+242,04) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, yuxanda qeyd etdiyimiz kimi, “İnzibati icraat haqqında” Qanunun 21.3.4cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Cavabdeh orqan eyni zamanda hesab edir ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq bildirilir ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəfimizdən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edirik ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 2212 nömrəli Qərar əsasında İddiaçı xx.xx.2014-cü il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir.

7. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin pensiya təyin edən komissiyanın Qərarı əsasında İddiaçı xx.xx.2015-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.

8. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2894/2015 nömrəli, xx.xx.2015-ci il tarixli Qərarı ilə İddiaçı pensiya hesablanması üçün əsas götürülən dövr üçün ilə üç vəzifə maaşı mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin, dövlət qulluğunda iş stajı 15 ildən çox olduğundan qulluq stajına görə 30 faiz əlavə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faiz məbləğində verilən əlavə haqqın nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin üzərinə qoyulmuşdur.

9. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 10510/2023 nömrəli Qərara əsasən İddiaçı 2555,80 manat pensiya məbləği yenidən hesablanaraq 2301,31 manat məbləğində müəyyən edilmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilməmişdən öncə iddiaçıya bildiriş göndərilməmiş, şəxs inzibati icraata dəvət edilməmiş və dinlənilmə hüququ pozulmuşdur.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi..

II. İddianın növü və mümkünlüyü

12. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi ilə bağlıdır.

13. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-10510/2023 nömrəli qərarında qeyd edilmişdir ki, 2555,80 manat pensiya məbləği yenidən hesablanaraq 2301,31 manat təyin edilmişdir.

14. İddia mümkündür.

III. X5 Məhkəməsinin presedent hüququndan:

- 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən müdafiə müəyyən hallarda əmlakın əldə ediləcəyi ilə bağlı qanuni gözləntiyə də şamil olunur. Bunun üçün qanuni gözlənti sadəcə ümiddən ibarət olmayaraq konkret xarakter daşımalı və qanunvericilik normasına və ya hüquqi akta, məsələn, məhkəmə qərarına əsaslanmalıdır. Eyni zamanda, daxili qanunvericiliyə əsasən tanınan mülkiyyət marağı (baxmayaraq ki, müəyyən hallarda hüquqi qüvvəsini itirə bilər) əmlak təşkil edə bilər. Sosial təminat qanunvericiliyində dəyişikliklər cəmiyyətdə baş verən dəyişikliklərə və sosial yardıma ehtiyacı olan insanların müvafiq kateqoriyaları ilə bağlı baxışların təkamülünə reaksiya olaraq qəbul edilə bilər. Hər hansı konkret formada müavinət və ya pensiya təyin edilməsinin ölkədaxili hüquqi şərtləri dəyişdikdə və həmin şərtlərin dəyişməsi səbəbindən maraqlı şəxs müvafiq meyarlara daha cavab vermədikdə, milli qanunvericilikdə kifayət qədər dəqiq müəyyən edilmiş substantiv mülkiyyət marağının konkret halda mövcud olubolmadığını yoxlamaq üçün işin fərdi hallarının (xüsusən tələblərin dəyişməsinin xarakterinin) diqqətlə araşdırılması tələb oluna bilər. - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X2rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.

IV. Məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin pensiya təyin edən komissiyanın Qərarı əsasında İddiaçı xx.xx.2015-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-10510/2023 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı 2555,80 manat pensiya məbləği yenidən hesablanaraq 2301,31 manat məbləğində müəyyən edilmişdir.

17. Cavabdeh orqan tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir: 1) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 iyun 2020-ci il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1232,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 369,60 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 167,70 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 410,67 manat olmaqla orta aylıq əmək haqqı 2279,97 manat təşkil edib. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 27 il 5 ay 1 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2279,97 manat) 80 faizi-1823,98 manat məbləğində hesablanmalı olduğu halda, 2025,68 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçının həmin dövr üzrə ümumilikdə 6252,70 manat artıq pul vəsaiti ödənilib. 2) Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 2301,31 manat məbləğində hesablanmalı olduğu halda, 2555,80 manat müəyyən edilməklə xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 1272,45 manat artıq pul vəsaiti ödənilib. 3) Əlavə olaraq bildirilir ki, iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2188,78 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 2430,82 manat ödənilib. Nəticədə həmin dövr üzrə iddiaçıya 242,04 manat artıq maddi yardım ödənilib. - Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7767,19 (6252,70+1272,45+242,04) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib.

18. Məhkəmə hesab edir ki, faktiki olaraq cavabdeh tərəfindən qəbul edilmiş əlverişsiz inzibati akt “İnzibati icraat haqqında” Qanunun tələbləri (maraqlı şəxsi icraata cəlb etmək, onun dinlənilmə hüququnu təmin etmək və s.) riayət edilmədən qəbul edildiyi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi izahatında bildirmişdir ki, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilməmişdən öncə iddiaçıya bildiriş göndərilməmiş, şəxs inzibati icraata dəvət edilməmiş və dinlənilmə hüququ pozulmuşdur. Yazılı etirazın məzmunundan da göründüyü kimi qeyd edilən hal cavabdeh tərəfindən də təkzib edilməmişdir.

19. “İnzibati icraat haqqnda” Qanundan: 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.

20. Məhkəmə qeyd edir ki, işin hallarına əsasən iddiaçının dinlənilmə hüququnu istisna edən qanuni müddəa olmamışdır.

21. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün əsas iddiaçıya pensiya təyin edilərkən dövlət qulluğu vəzifəsindəki uyğunlaşmada yol verilən yanlışlıqla bağlı olmuşdur. Belə ki, cavabdeh bildirir ki, iddiaçı Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində idarə rəisinin müavini və idarənin şöbə rəisi kimi çalışıb. Odur ki, iddiaçının tutduğu vəzifə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndinə əsasən baş idarənin, idarənin şöbə rəisi, müstəqil idarə, şöbə rəisi, işlər müdiri vəzifəsinə uyğun gəldiyi üçün yardımçı şöbənin müdiri vəzifəsinə uyğunlaşdırlmalı olduğu halda, vaxtilə pensiya təyin edilən zaman baş idarə, aparıcı idarə, şöbə rəisi kimi təminedici şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Odur ki, yenidən hesablama zamanı iddiaçının vaxtilə nazirlikdə tutduğu vəzifə “təminedici şöbənin müdiri” vəzifəsindən “yardımçı şöbənin müdiri” vəzifəsinə uyğunlaşdırılmışdır.

22. Cavabdeh eyni zamanda qeyd edir ki, iddiaçının əmək pensiyasının hesablanması zamanı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2894/2015 nömrəli iş üzrə xx.xx.2015ci il tarixli qərarı nəzərə alınmışdır. Həmin qərara əsasən İddiaçı pensiya hesablanması üçün əsas götürülən dövr üçün ilə üç vəzifə maaşı mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin, dövlət qulluğunda iş stajı 15 ildən çox olduğundan qulluq stajına görə 30% əlavə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15% məbləğinə əlavə haqqın nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birfədəlik ödənməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti şöbəsinə həvalə edilmişdir.

23. Odur ki, məhkəmə qeyd edir ki, qeyd edilən məhkəmə qərarının 2015-ci ildə icra olunması zamanı iddiaçının dövlət qulluğu stajının fərdi qaydada yenidən uyğunlaşdırılması imkanı olduğu halda, müvafiq uyğunlaşdırılma aparılmamışdır. Belə ki, cavabdeh qurumun hazırda bildirdiyi halların məhz həmin vaxtdan cavabdehə məlum olduğu aydındır.

24. “İnzibati icraat haqqında” qanundan: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.

25. Məhkəmə hesab edir ki, inzibati orqanın öz təşəbbüsü ilə inzibati icraat başlanması hüququ qanunda nəzərdə tutulmuşdur. Hazırda mübahisələndirilən qərardan da görünür ki, yenidən hesablanmanın yaranma səbəbi “inventarizasiya”dır. Bununla belə, həmin hüquq digər vəzifələrlə əlaqəli şəkildə tətbiq edilməli, invenarizasiya nəticəsində müəyyən olunan halların inzibati orqana əvvəllər məlum olmasının və ya aşkar olunmasının mümkünlüyü ilə birlikdə qiymətləndirilməlidir. Əks yanaşma hüquqi dövlət, hüquq müəyyənliyi və etimad hüququnun qorunması prinsiplərinə uyğun hesab edilə bilməz.

26. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

27. İşin hallarından məlum olur ki, həmin aktın ləğv olunmasını şərtləndirən hallar hələ 2015-ci ildə məlum olsa da, cavabdeh tərəfindən müvafiq hesablama (uyğunlaşma) inzibati icraat qaydalarına riayət etmədən 8 ildən sonra 2023-cü ildə həyata keçirilmişdir. Hazırkı işin hallarında cavabdeh tərəfindən Qanunun 67.6.1-ci maddəsinin (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda) hallarının mövcudluğuna istinad edilmir. Qeyd edilənlərə əsasən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsi ilə müəyyənləşdirilmiş bir illik müddət ötürülmüşdür.

28. Odur ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 10510/2023 nömrəli Qərarı ləğv edilməlidir. Bununla da iddiaçının əvvəlki məbləğdə hesablanmış pensiyası bərpa edilmiş olacaqdır.

29. Məhkəmə hesab edir ki, tələbin əvvəlki pensiyanın bərpa edilməsi hissəsi faktiki olaraq iddiaçının marağını təmin edən inzibati aktın ləğv edilməsinin nəticələrinin aradan qaldırılmasıdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın ləğvi iddiaçının marağını təmin edir və arzuladığı məqsədə çatmış olur. Odur ki, həmin hissədə tələb qərarın ləğv edilməsi ilə əhatə olunur və hüquqi maraq təmin edilir.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 10510/2023 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar