Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2384/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 0,12 ha torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpağa dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpağa dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan SSR Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatlarının İnkişafı və İstismarı Birliyinin 194 №-li kooperativi tərəfindən 52 nömrəli order verilib ondan ötrü ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 №-li Qərarına əsasən, Görədil bağlar sahəsində 194 №-li kooperativin nəzdində 0,12 hektar torpaq sahəsi olan 353 “B” №-li, Bakı şəhəri Binəqədi rayonu, Görədil bağlar massivində yerləşən bağ sahəsi ayrılıb. Həmin tarixdə bağ sahəsini ölçüb təqdim etdilər və hasarı tikdirib ağac əkməklə məşğul oldu. Çoxlu sayda ağaclar əkmiş, daima bağa torpaq və gübrə daşıtdırır, əkdiyi ağacların kiçik bir hissəsini becərə bilmişdir. Bağ sahəsindən həmişə istifadə etmişdir. 1995-ci ildən sonra bağ sahəsinin özəlləşməsi ilə müntəzəm məşğul olurdu. Müvafiq təşkilata bir neçə müraciəti olub, hər dəfə müxtəlif bəhanələrlə imtina ilə qarşılaşmışdır. Bildiriblər ki, bağa texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, bağ sahəsinin faktiki vəziyyəti sxematik xəritə ilə uyğun gəlmir. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluğunda onun bağ sahibi kimi günahı yoxdur. Bağ təsərrüfatı idarəsi tərəfindən bağ sahəsi ölçülüb ona təqdim edilmişdir. Həmin idarənin məsul işçisi özü sahəni şəxsən ölçürdü, hasarı onun iştirakı ilə çəkdirmişdir. Hər bir müraciətindən (özəlləşmə ilə bağlı) sonra hüququnun pozulması ilə üzləşmişdir. Axırıncı dəfə 02 aprel 2024-cü ildə 1 saylı Bakı şəhər Ərazi İdarəsinə torpaq sahəsinin özəlləşdirilməsi xahişi ilə məktubla müraciət etmiş, lakin müraciətinin icrasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazi “382” nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəlir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi digər bağ sahəsi ilə ümumi hasar daxilində yerləşir, ara sərhədləri şərtidir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin yaxınlığından 108 mm-lik orta təzyiqli qaz xətti keçir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1954-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyi Gorədil bağlar sahəsindəki 194 nömrəli kooperativin 52 nömrəli orderindən görünür ki, İddiaçı Bakı şəhər icraiyyə komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 nömrəli qərarına əsasən Gorədil bağlar sahəsində 194 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 353 B nömrəli bağ ayrılmışdır. “Bağ-tikinti kooperativlərin yaradılması və bağ sahələrinin vətəndaşlara ayrılması barədə” (Bakicraiyyəkomitəsinin yanında bağ təsərrüfatı məsələləri üzrə komissiyasının iclasının 12 iyun1990-ci il tarixli 18 nömrəli protokol) Bakı şəhər xalq deputatları Sovetinin İcraiyyə komitəsinin 4/143 nömrəli 13 iyun 1990-ci il tarixli qərarına əsasən,194 № BTK -53 nəfərə (1-12№№)əlavələrə uyğun olaraq müəyyən edilmiş qaydada bağ sahələri ayrılsın: 194 № li Göradil bağ-tikinti kooperativi üzvlərinin siyahısı: 52.İddiaçı Mehrəli oğlu, ümumi növbə SP -7400. X1 və X2 massivində yerləşən 194 №-li BTK-nın üzvü İddiaçı ünvanlanmış xx.xx.1991-ci il tarixli 365 nömrəli məktubuna əsasən, Bakışəhərsovetinin icraiyyə komitəsinin 6/333 nömrəli 14.06.88-ci il tarixli və 18/924 №-li xx.xx.1986-ci il tarixli qərarlara uyğun olaraq, X1 və X4 massivində yerləşən 194 №-li BTK-nın üzvünə öz gücü ilə bağ evinin və hasarın tikintisinə icazə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********14 nömrəli, xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişində qeyd edilmişdir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazi “382” nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəlir. xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndə qeyd edilmişdir ki, 353 v kimi göstərilən sahə 361 ə saylı bağ kimi göstərilən sahə ilə eyni hasar daxilindədir, ara sərhəddi şərtidir. Sahədə bir mərtəbə evi, həyətdə tikililər var. Bağ sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 194 nömrəli Goradil bağ-tikinti kooperativi üzvlərinin siyahısında iddiaçının adı 52-ci sırada göstərilmişdir.
İV. Məhkəmənin mövqeyi
5. Məhkəmə iş materiallarını qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
6. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
7. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
11. İddiaçıya 353 B saylı bağ sahəsinin ayrılması faktı 194 nömrəli kooperativin 52 nömrəli orderi ilə və 194 nömrəli Goradil bağ-tikinti kooperativi üzvlərinin siyahısında göstərilənlərlə təsdiqlənir. Cavabdeh inzibati orqan tərəfindən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və torpaq sahəsinin yaxınlığından 108 mm-lik orta təzyiqli qaz xəttinin keçməsi səbəbindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir.
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. 13.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). Hazırda qeyd edilən hallar iddiaçıya münasibətdə müəyyən edilməmişdir.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etssdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Hüquqların dövlət qeydiyyatına alınması mülkiyyət hüququnun tanınması və qorunması məqsədilə həyata keçirilən bir prosesidir. Bu proses mülkiyyətin hüquqi statusunu rəsmi şəkildə təsdiqləyir və mülkiyyət sahiblərinin hüquqlarını qorumaq üçün əhəmiyyətlədir.
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;” “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07.03. 2016-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; 2.2. dövlət əmlakının Registrində, meşə, su və digər sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı mövcud məlumatların, habelə aidiyyəti dövlət orqanları tərəfindən torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində həyata keçirilən tədbirlərin, torpaqlardan istifadənin vəziyyətinin müəyyən olunması məqsədi ilə aparılan monitorinqlərin nəticələri barədə məlumatların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsini, həmin sistemin daşınmaz əmlakın vahid dövlət kadastrına və daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiyasını təmin etsin; 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Yuxarıda sadalanan normaların və işin faktiki hallarının birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə bağ sahəsinin ayrılmasına dair icra hakimiyyəti orqanı tərəfindən verilmiş order hüquqmüəyyənedici sənəd kimi göstərilmişdir. Belə olan halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Bu da iddiaçının hazırki iddia tələbində haqlı olduğuna əsas verir. İddiaçıya sxematik xəritə ilə uyğunsuzluq təşkil edilməsi barədə cavabdehin etirazında bildirdiklərinə gəldikdə, məhkəmə qeyd edir ki,cavabdeh torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılmasını həyata keçirməlidir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Bakı şəhər xalq deputatları Sovetinin icraiyyə komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 nömrəli qərarı hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Bu səbəbdən də həmin inzibati akt iddiaçının iddia olunan torpaq (bağ) sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığının göstəricisidir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçıya bağ sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd qüvvədədir. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbindən də göründüyü kimi İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh isə həmin maddənin tələblərini nəzərə almadan formal imtina əsası ilə çıxış etmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
18. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 0,12 torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova