Məhkəmə qərarları › İş №2-1(112)-2385/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2385/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2385/2022 02.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil2, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğv edilməsi və s.” (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər "xxxx" MMC) iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 284 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamın Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin “Nərgiz” kafesinin torpaq sahəsi ilə kəsişdiyi hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında 456,6 kv.m əsas, 113 kv.m köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış sahəsi olan “Nərgiz” kafesinə məxsus torpaq sahəsi (hüquq subyekti İddiaçı) xx.xx.2009-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MN 02İ7416 nömrəli çıxanşla iddiaçının mülkiyyətindədir. O, “Texnikabank” -ın Yasamal filialının müdir müavini işləyərkən martın 27-də 2012-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi (bundan sonra; MTN) tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 179 (mənimsəmə və israf etmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə səhlənkarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub və Bakı Ağır Clnayəlİəl Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilir, yuxan instansiya, məhkəmələri hökmü qüvvədə saxlayırlar. O, 16 mart 2019-ci il tarixdə AR Prezidentinin sərəncamı ilə əfv edilib. İddiaçı həbsdə olduğu vaxt Binəqədi rayon İcra Hakimiyyətinin 22 dekabr 2017-ci il tarixli 284 saylı sərəncamı ilə ona məxsus “Nərgiz” kafesinin torpaq sahəsinin bir hissəsi daxil olmaqla, yanındakı boş sahədən "xxxx" MMC adlı bır şirkətinə torpaq ayrılıb. Həmin ərazidə "xxxx" MMC adlı bir şirkət tərəfindən çoxmərtəbəli yaşayış binası inşa edir. Həmin torpaq sahəsi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən. 22 dekabr 2017-ci il tarixli 284 saylı sərəncamla Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda '"xxxx" MMC-və ayrılmış 1485 m2 torpaq sahəsi ayrılıb. "xxxx" MMC-yə ayrılmış 1485 m2 torpaq sahəsinin cizgisində (topoqrafiq planı) “Nərgiz” kafesinə məxsus tikililər göstərilməyib. Ona görə də o hesab edir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin 284 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamı nəticəsində “Nərgiz” kafesinin torpaq sahəsindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi geri qaytarılmalı və bu könüllü qaydada həll edilmədiyindən inzibati icraat qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilməlidir.

3. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra "xxxx" MMC-nin iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi nəzərə alınmışdır.

4. İş materiallarında olan çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 284 nömrəli, 22 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən “Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarını rəhbər tutaraq qərara alınmışdır: 1.Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında mövcud olan qaraj sahələrinin və fərdi yaşayış evlərinin qəzalı olması və rayonun memarlıq görünüşünə xələl gətirməsi səbəbindən sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi "xxxx" MMC tərəfindən təmin edilsin.

2. Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında hündürmərtəbəli yaşayış binasının tikintisinin aparılması məqsədi ilə: - Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında mövcud qaraj sahələrinin və yaşayış evlərinin yerləşdiyi 1485 m2 torpaq sahəsi "xxxx" MMC- nin istifadəsinə ayrılsın. - Tikinti işləri başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin qanunda nəzərdə tutulmuş qaydada sənədləşdirilməsi "xxxx" MMC tərəfindən təmin edilsin; - "xxxx" MMC ərazinin və hündürmərtəbəli yaşayış binasının memarlıq-planlaşdırması həllini layihələndirilmə ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyəti ilə razılaşdırsın; - Tikinti işləri aparılarkən sahədə aşkar olunmamış mühəndis kommunikasiya xətləri qeydə alınarsa, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin və ərazidə mövcud yaşıllıqların köçürülməsi aidiyyəti qurumlarla razılaşdırılmaqla "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçirilsin.

3. Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanması məqsədi ilə "xxxx" ММС-yə aşağıdakılar həvalə edilsin: - Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında mövcud qaraj və fərdi yaşayış evləri sahibləri ilə qarşılıqlı razılaşma əsasında kompensasiya ödənilməsi və ya yeni mənzil və qeyri-yaşayış sahəsi ilə əvəzlənməsi şərtilə "xxxx" MMC-nin vəsaiti hesabına sökülsün; - Aparılacaq söküntü işləri nəticəsində yaranmış bərk məişət tullantılarının xüsusi poliqona daşınması "xxxx" MMC tərəfindən təmin edilsin.

4. Sərəncamın İ və İİ bəndlərinin tələbləri "xxxx" MMC tərəfindən tam yerinə yetirildikdən sonra tikinti işlərinə başlanılmazdan əvvəl hündürmərtəbəli yaşayış binasının tikinti layihəsinə dair Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti qurumlardan müvafiq rəylərin alınmasım və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınmasını təmin etsin.

5. Tikinti işlərinin aparılması planlaşdırılan torpaq sahəsində yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətin nəzarətdə saxlanılması Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tapşırılsın.

6. Bu sərəncam yalnız layihələndirmə üçün əsasdır.

5. Binəqədi rayon İcra Hakimiyyətinin 284 nömrəli 22 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında yerləşən 1485 kv.m torpaq sahəsinə dair ayrıc aktı tərtib edilmişdir.

6. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 19-cu Dağlıq küçəsi, 3677-ci məhəllədə istifadədə olan 0,07028 ha torpaq sahəsində yerləşən 569.6 kv.m ümumi, 456.6 kv.m əsas, 113 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (Nərgiz kafesi) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 19-cu Dağlıq küçəsində yerləşən qeyri-yaşayış binasına dair (Nərgiz kafesi) xx.xx.2009-cu il tarixli texniki pasport tərtib edilmişdir.

8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 22 dekabr 2017-ci il tarixli 284 saylı sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış 1485 kv.m. torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Bakı Ərazi idarəsi tərəfindən “Nərgiz” kafesinə dair (hüquq subyekti İddiaçı) 13 oktyabr 2009-cu il tarixli 11/276 invertar nömrəsi (tərtib edilmə tarixi: xx.xx.2009) olan texniki pasportda göstərilmiş torpaq sahəsi ilə kəsişirmi və ya hər hansı hissədə üst-üstə düşürmü? (“Nərgiz” kafesinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport iş materiallarına əlavə edilmişdir). Əgər kəsişirsə və ya üst-üstə düşürsə, həmin kəsişmənin dəqiq koordinatları və üst-üstə düşən hissə (sahəsi) göstərməklə çertyoju təqdim edilsin. 2) Əgər 1-ci sual üzrə torpaq sahələri kəsişirsə və ya üst-üstə düşürsə, həmin hissədə “Nərgiz” kafesinə aid tikililər mövcuddurmu və torpaq sahəsinin əvvəlki vəziyyətini bərpa etmək mümkündürmü? 3) Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 22 dekabr 2017-ci il tarixli 284 saylı sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış 1485 kv.m. torpaq sahəsindən kənarda tikinti-quraşdırma işləri həyata keçirilmişdirmi? (torpaq sahəsinin ayrıc ayrıc aktı (cizgisi) iş materiallarına əlavə edilmişdir) Ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, iş ekspert rəyi verilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuşdur.

9. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki: - Qərardadın birinci, ikinci və üçüncü sualları üzrə: Tədqiqat ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Binəqədi rayonu, Atatürk propekti 64 ünvanda "xxxx" mmc-yə ayrılmış torpaq sahəsi üzrə aparılır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 19-cu Dağlıq küçəsi, 3677-ci məhəllədə istifadədə olan 0,07028 ha torpaq sahəsində yerləşən 569,6 kv.m ümumi, 456,6 kv.m əsas, 113,0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış, həmçinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin qeyri-yaşayış binasına dair xx.xx.2009-cu il tarixli texniki pasport tərtib edilmişdir. Texniki pasporta əsasən qeyriyaşayış binasının 38 tikilidən ibarət olmaqla, ümumi sahəsi 569,6 kv.metr təşkil etdiyi göstərilmişdir. Eyni zamanda mülki iş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 284 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda mövcud qaraj sahələrinin və yaşayış evlərinin yerləşdiyi 1485,0 kv.metr torpaq sahəsi hündürmərtəbəli yaşayış binasının tikintisinin aparılması məqsədilə "xxxx" MMC-nin istifadəsinə ayrılmış və həmin torpaq sahəsinin ayrılmasına dair 06/17 saylı ayrıc aktı tərtib edilmişdir. Ayrıc aktına əsasən, həmin torpaq sahəsinin uzunluğu 45,0 metr, eni 33,0 metr təşkil etdiyi göstərilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan qeyri-yaşayış binası və torpaq sahəsi yanaşı sahələrdə yerləşməklə, məhəllədaxili yollarla, yaşayış binaları ilə və qeyriyaşayış tikililəri ilə əhatə olunmuşdur. "xxxx" MMC-nin istifadəsinə ayrılmış torpaq sahəsi planda düzbucaqlı şəkildə yerləşməklə metal barmaqlıqlarla hasara alınmışdır. Torpaq sahəsinin üzərində faktiki olaraq hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Aparılmış araşdırma nəticəsində aşağıdakılar müəyyən olundu: - 1-ci, 2-ci və 3-cü suallar üzrə : İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binası faktiki olaraq 36 tikilidən ibarətdir. Baxış zamanı qeyri-yaşayış binasına dair tərtib edilmiş texniki pasportun məlumatları ilə tikililərin faktiki vəziyyəti müqayisə edilərkən, həmin tikililərin faktiki vəziyyətdə planlı yerləşməsinin və ölçülərinin texniki pasportun məlumatlarına uyğun olduğu, lakin texniki pasportda əks olunmuş sahəsi 11,6 kv.metr və 9,8 kv.metr təşkil edən 37 və 38 saylı tikililərin faktiki olaraq söküldüyü müəyyən edilmişdir. "xxxx" MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binası arasında metal şiferlər vasitəsilə çəpər çəkilmişdir. Yuxarıda göstərilənlərə əsasən, çoxmərtəbəli yaşayış binasının inşa edilməsi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan və ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi arasında metal şiferdən quraşdırılmış çəpərin uzunluğu 35,1 metr təşkil etdiyi, faktiki vəziyyətdə həmin sahələrin biri-birinə bitişik yerləşdiyi, eyni zamanda “Nərgiz" kafesinə dair texniki pasportda əks olunmuş sahəsi 11,6 kv.metr və 9,8 kv.metr təşkil edən sökülmüş 37 və 38 saylı tikililərin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 284 saylı sərəncamına əsasən, "xxxx" MMC-ə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Qeyd olunur ki, “Nərgiz” kafesinə dair texniki pasportda əks olunmuş sahəsi 11,6 kv.metr və 9,8 kv.metr təşkil edən sökülmüş 37 və 38 saylı tikililərin yerləşdiyi torpaq sahəsi ilə Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 284 saylı sərəncamına əsasən, "xxxx" MMC-ə ayrılmış torpaq sahəsinin bir hissəsinin üst-üstə düşdüyü müəyyən edilir. Üst-üstə düşən hissədə faktiki olaraq “Nərgiz” kafesinə məxsus tikililər mövcud deyildir. Həmin torpaq sahələrinin üst-üstə düşdüyünü nəzərə alaraq sənəd üzrə “Nərgiz” kafesinə aid olan torpaq sahəsinin əvvəlki vəziyyətini bərpa etmək mümkün deyildir. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda aparılmış tikinti-quraşdırma işləri Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 284 saylı sərəncamına əsasən, “ÜMİD-VQM" MMC-nin stifadəsinə ayrılmış və həmin torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş 06/17 saylı ayrıc aktında qeyd olunan 1485,0 kv.m torpaq sahəsinin daxilində olduğu müəyyən edilmişdir. Qərardadın birinci sualı üzrə tədqiqatın nəticəsi: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, çoxmərtəbəli yaşayış binasının inşa edilməsi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan və ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi arasında metal şiferdən quraşdırılmış çəpərin uzunluğu 35,1 metr təşkil etdiyi, faktiki vəziyyətdə həmin sahələrin biri-birinə bitişik yerləşdiyi, eyni zamanda “Nərgiz” kafesinə dair texniki pasportda əks olunmuş sahəsi 11,6 kv.metr və 9,8 kv.metr təşkil edən sökülmüş 37 və 38 saylı tikililərin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 284 saylı sərəncamına əsasən, "xxxx" MMC-ə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Qərardadın ikinci sualı üzrə tədqiqatın nəticəsi: Qeyd olunur ki, “Nərgiz” kafesinə dair texniki pasportda əks olunmuş sahəsi 11,6 kv.metr və 9,8 kv.metr təşkil edən sökülmüş 37 və 38 saylı tikililərin yerləşdiyi torpaq sahəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 284 saylı sərəncamına əsasən, "xxxx" MMC-ə ayrılmış torpaq sahəsinin bir hissəsinin üst-üstə düşdüyü müəyyən edilir. Üst-üstə düşən hissədə faktiki olaraq “Nərgiz” kafesinə məxsus tikililər mövcud deyildir. Həmin torpaq sahələrinin üst-üstə düşdüyünü nəzərə alaraq sənəd üzrə “Nərgiz” kafesinə aid olan torpaq sahəsinin əvvəlki vəziyyətini bərpa etmək mümkün deyildir. Qərardadın üçüncü sualı üzrə tədqiqatın nəticəsi: "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında aparılmış tikinti-quraşdırma işləri Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 284 saylı Sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə ayrılmış və həmin torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş 06/17 saylı ayrıc aktında qeyd olunan 1485,0 kv.m torpaq sahəsinin daxilində olduğu müəyyən edimişdir.

10. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, hazırki iddianı qaldırmaqda məqsədi yekunda "xxxx" MMC-dən kompensasiya ödətdirilməsini təmin etmək, MMC-ni danışıqlara vadar etməkdir.

11. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən zəruri cəlbetmə qaydasında üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, "xxxx" MMC ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənara çıxmamış, qeyd edilən ərazidə "xxxx" MMC tərəfindən inşa edilmiş bina yerləşir, iddiaçı tərəfindən mübahisələndirilən hissədə binanın ərazisinə giriş, binanın su çəni, eləcə də yeraltı qaraj yerləşir.

12. Cavabdehin nümayəndəsi şifahi məhkəmə dinləmələrində (məhkəmə baxışı iclasında) iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

13. İddianın növü sərəncamın qismən ləğv edilməsi ilə bağlıdır. İddianın növü mübahisələndirməyə dair iddiadır.

14. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

17. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

18. Mübahisələndirilən (inzibati aktın) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və sərəncamda (inzibati aktda) həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır. İddia məhkəmədə xx.xx.2021-cu il tarixdə qaldırılmışdır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

21. Belə ki, iş üzrə verilmiş ekspert rəyinə əsasən “Nərgiz” kafesinə dair texniki pasportda əks olunmuş sahəsi 11,6 kv.metr və 9,8 kv.metr təşkil edən sökülmüş 37 və 38 saylı tikililərin yerləşdiyi torpaq sahəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 284 saylı sərəncamına əsasən, "xxxx" MMC-ə ayrılmış torpaq sahəsinin bir hissəsinin üst-üstə düşdüyü müəyyən edilir. Üst-üstə düşən hissədə faktiki olaraq “Nərgiz” kafesinə məxsus tikililər mövcud deyildir. Həmin torpaq sahələrinin üstüstə düşdüyünü nəzərə alaraq sənəd üzrə “Nərgiz” kafesinə aid olan torpaq sahəsinin əvvəlki vəziyyətini bərpa etmək mümkün deyildir. Eyni zamanda "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında aparılmış tikinti-quraşdırma işləri Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 284 saylı Sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə ayrılmış və həmin torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş 06/17 saylı ayrıc aktında qeyd olunan 1485,0 kv.m torpaq sahəsinin daxilində olduğu müəyyən edimişdir.

22. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, məhkəmədə tədqiq olunmuşdur və məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilir.

23. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında tikinti-quraşdırma işləri aparıldığı, ərazidə çoxmərtəbəli yaşayış binası inşa olunduğu işin mübahisəsiz halıdır.

24. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin maraqlı şəxs kimi etimadı qanunla qorunduğundan və etimadın qorunması hüququnu istisna edən hal (“İnzibati icraat haqqında” qanunun 67.6-cı maddəsinə əsasən) məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən maraqlı şəxsin xeyrinə olan inzibati aktın ləğv olunmasına yol verilmir.

25. Digər tərəfdən “Nərgiz” kafesinə aid olan torpaq sahəsinin əvvəlki vəziyyətini bərpa etmək mümkün olmadığından sərəncamın ləğv edilməsi nəzəri və xəyali hüquqları təmin etmiş olar, odur ki, iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpası üçün praktik və effektiv hüquq müdafiə vasitəsi hesab edilə bilməz.

26. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

27. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

28. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X1 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).

29. Məhkəmə hesab edir ki, konkret halda iddiaçı pozulmuş hesab etdiyi hüquqlarını zərər vurmuş şəxsə qarşı əsaslandırılmış şəkildə kompensasiya tələbi irəli sürməklə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar