Məhkəmə qərarları › İş №2-1(112)-2385/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2385/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2385/2024 09.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “sərəncamların ləğv edilməsi və icrasının nəticələrinin aradan qaldırılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 31 iyul 2023-cü il tarixli, 247 nömrəli Alınmalı Sərəncamının və 31 iyul 2023-cü il tarixli, 247 nömrəli Ödəniş tələbnamə-tapşırığının ləğv olunması və məcburi ödəniş qaydasında “X10 İstets Limited” MMC-nin bank hesabından Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin bank hesabına köçürülmüş 9555,95 (doqquz min beş yüz əlli beş manat, doxsan beş qəpik) manat pulun geri, iddiaçının hesabına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 140 və 247 saylı sərəncamlarının ləğv olunması və icrasının nəticələrinin aradan qaldırılmasına dair Qərar qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədi.

4. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 31 iyul 2023-cü il tarixli 247 nömrəli Alınmalı Sərəncamına və 31 iyul 2023-cü il tarixli, 247 nömrəli Ödəniş tələbnamə-tapşırığına əsasən İddiaçı MMC-nin bank hesabından 9555,95 manat pul vəsaiti Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin bank hesabına köçürülmüşdür. İddiaçı hesab edir ki, həmin pul vəsaiti qanunsuz olaraq iddiaçının heç bir təqsiri olmadan mülkiyyətindən alınmışdır. Belə ki, İddiaçı MMC-nin ünvanına daxil olmuş mala dair məlumat Cəmiyyətə daxil olduqdan sonra iddiaçı tərəfindən görülmüş zəruri tədbirlər nəticəsində malın gömrük nəzarətindən götürülməsi təmin edilmişdir. Həmin vaxtı iddiaçı tərəfindən təqdim edilmiş Gömrük bəyannaməsi və digər sənədlər əsasında hesablanmış gömrük rüsumu və digər büdcə ödənişləri qanunla müəyyən olunmuş qaydada və müddətdə tam ödənilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-nin bank hesabına məcburi ödəniş qaydasında 08 iyun 2023-cü il tarixli, 140 nömrəli Dondurulmalı Sərəncam qoyulmuşdur. Həmçinin İddiaçı MMC-nin gömrük borcunun ödənilməsinə dair ünvanına daxil olmuş 30 may 2023-cü il tarixli bildirişdən görünürdü ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixinə **********2209 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9555,95 (doqquz min beş yüz əlli beş manat,doxsan beş qəpik) manat dəbbə pulu borcu qalmışdır. Göstərilən borcun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunurdu. Əks təqdirdə, gömrük borcunun vaxtında ödənilməməsinə görə qanunvericilikdə müvafiq tədbirlərin görülməsi nəzərimizə çatdırılırdı. Halbuki həmin vaxtı iddiaçı tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulması halına yol verilməsinə dair hər hansı məlumat və yaxud irad bildirilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən İddiaçı MMC-yə daxil olmuş məlumat əsasında iddiaçıya aid yükün götürülməsi ilə əlaqədar məktublar yazılmışdır. Sonra da xx.xx.2021-ci il tarixdə yükü götürərkən tərəfimizdən gömrük orqanına 2.043 manat, 2.819,42 manat, 30,40 manat və 5,80 manat olmaqla, cəmi 4.898,62 manat pul ödənilmişdir. Əgər hər hansı digər pozuntu halına yol verilmiş olsaydı və dəbbə pulu borcu olsaydı, bu barədə də iddiaçıya vaxtında bildirilərdi. İddiaçı da öz öhdəliyini həmin vaxtı yerinə yetirmiş olardı. Buna görə də sonradan, hətta uzun müddət keçdikdən sonra guya dəbbə pulu borcunun olmasına dair irəli sürülən bu tələb aşağıdakılara əsasən tamamilə qanunsuz və əsassızdır. Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən İddiaçı MMC-yə daxil olmuş gömrük borcunun ödənilməsinə dair 30 may 2023-cü il tarixli bildirişdən görünür ki, “X10 İsteyts Limited" MMC-nin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulması nəticəsində xx.xx.2023-cü il tarixinə **********2209 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9555,95 (doqquz min beş yüz əlli beş manat,doxsan beş qəpik) manat dəbbə pulu borcu vardır. Bildirişdə istinad olunan Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi məhz qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə əsaslanaraq verdiyi 31 iyul 2023-cü il tarixli 247 nömrəli Alınmalı Sərəncamına və 31 iyul 2023-cü il tarixli, 247 nömrəli Ödəniş tələbnamə-tapşırığına əsasən İddiaçı MMC-nin bank hesabından 9555,95 manat pul vəsaiti Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin bank hesabına köçürülmüşdür. Lakin inzibati orqan göstərilən qaydada dəbbə pulu hesablayarkən yalnışlığa yol vermişdir. AR GM-nin 149.3-cü maddəsi üzrə dəbbə pulu hesablana bilməz. Belə ki, qanunvericilikdə qeyd edilən maddənin tələbinin pozulmasının gömrük borcu (dəbbə pulu) yaratması nəzərdə tutulmayıb. İnzibati orqan isə qərar qəbul edərkən məhz qeyd edilən maddənin pozulmasının inzibati orqanın mənafeyinə təsir etməsinin məhz nədə ifadə olunmasını, hansı gömrük borcunun yaranmasına səbəb olmasını əsaslandırmamışdır. Bununla “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun inzibati akta dair tələbləri nəzərdə tutan müvafiq maddələrini pozmuşdur. İnzibati orqan tərəfindən İddiaçı MMC-yə **********2209 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük borcunun yaranmasına dair rəsmi bildiriş təqdim edilməmişdir. Halbuki, inzibati orqan dəbbə pulu ilə bağlı rəsmi bildiriş təqdim etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. Yuxarıda qeyd olunan normaların tələblərindən göründüyü kimi dəbbə pulu gömrük borcunun ödənilməsinin Gömrük Məcəlləsi ilə müəyyən olunmuş müddətlərin pozulması halında, hər gecikdirilmiş günə gömrük borcu məbləğinin müəyyən faizi miqdarında müəyyən olunur. İddiaçı MMC-nin ünvanına daxil olmuş mala dair məlumat Cəmiyyətə daxil olduqdan sonra xx.xx.2021-ci il tarixdə Gömrük bəyannaməsi təqdim edilmiş, hesablanmış gömrük rüsumu və digər büdcə ödənişləri qanunla müəyyən olunmuş qaydada və müddətdə iddiaçı tərəfindən tam ödənilmişdir. Həmin vaxt şirkətə hər hansı gömrük borcunun və dəbbə pulunun yaranmasına dair heç bir rəsmi bildiriş, məlumat verilməmişdir. İnzibati orqan tərəfindən hesablanan bütün ödənişlər həyata keçirildikdən sonra gömrük borcu və dəbbə pulunun yaranmış olmasına dair nəticəyə gəlməsi tamamilə qanunsuz və ədalətsizdir. İnzibati orqan dəbbə pulu hesabladığı gömrük borcunun nəyə əsasən yaranmasını, hansı məbləğdə, hansı müddət aralığı üçün borcun yaranması və buna uyğun dəbbə pulunun hesablanmasını rəsmi olaraq təqdim etdiyi gömrük borcunun ödənilməsinə dair bildirişdə əsaslandırmamışdır. Halbuki qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi dəbbə pulu məhz borcun ödənilməsinin qanunla müəyyən olunmuş müddətlərinin ötürülməsinə görə hesablanır.

5. Cavabdeh qurum tərəfindən təqdim edilən iddiaya yazılı etirazda bildirilmişdir ki, qeyd olunan iddia tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən X3 “Monargy Trade İNC” şirkətindən idxal edilən, mənşə ölkəsi müxtəlif olan avadanlıqların gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2021-ci il tarixində Hava Nəqliyyatında Baş Gömrük idarəsinə elektron formada **********2209 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********2209 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 316230,51 ABŞ dolları, 12-ci qrafasında ümumi gömrük dəyəri 537591,86 manat, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin malların sövdələşmə qiyməti üsulu (0/1) seçilərək “X10 İsteyts Limited" MMC tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən gömrük bəyannaməsinin B qrafasında malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 600,00 manat, idxal gömrük rüsumu 70700,27 manat, əlavə dəyər vergisi 109600,59 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə xidmət haqqı 120,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi 21,60 manat, cəmi 181042,46 manat hesablanaraq İddiaçı MMC tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra xx.xx.2021-ci il tarixində malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən malların buraxılışından sonra aparılan yoxlamalar nəticəsində (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 13 oktyabr 2022-ci il tarixli, N-120 nömrəli Əmrinə və MN seriyalı, ********* nömrəli vəsiqəsinə əsasən, 2018-2022-ci illəri əhatə edən yoxlamanın nəticəsində) İddiaçı MMC-nin 9555,95 (doqquz min beş yüz əlli beş manat doxsan beş qəpik) manat gömrük borcunun mövcud olduğu aşkar olunmuşdur. xx.xx.2021-ci il tarixli, **********2209 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilən mallar xx.xx.2021-ci il tarixində gömrük sərhəddini keçmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Odur ki, İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixində gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi xx.xx.2021-ci il tarixinədək təqdim edilməli idi. Lakin, **********2209 sorğu nömrəli elektron gömrük bəyannaməsi xx.xx.2021-ci il tarixində rəsmiləşdirilmə üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunmuşdur. Beləliklə, gömrük orqanına gömrük bəyannaməsinin təqdim edilmə müddəti 53 (əlli üç) gün gecikdirilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 247.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Dəbbə pulu həmin Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması həmin Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. "X10 İsteyts Limited” MMC tərəfindən ödənilməsi 53 (əlli üç) gün gecikdirilmiş 70700,27 manat idxal gömrük rüsumunun və 109600,59 manat əlavə dəyər vergisinin hər gecikdirilən günə görə 0,1 faizi miqdarında, ümumilikdə 9555,95 (doqquz min beş yüz əlli beş manat doxsan beş qəpik) manat dəbbə pulu hesablanmış və cəmiyyətin hüquqi ünvanına 30 may 2023-cü ii tarixində 1900-012/0xx-xx/002462 nömrəli gömrük borcunun ödənilməsinə dair bildiriş göndərilmişdir. İddiaçı MMC-nin direktoru Nail Şahverdiyev xx.xx.2023-cü il tarixli, 3-33- 3100/1-020575/2023 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş xx.xx.2023-cü il tarixli, 16/3714-23 nömrəli məktubla Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət etmişdir. Müraciətdə MMC-nin direktoru etiraz edərək gömrük bəyannaməsi və digər sənədlər əsasında hesablanmış gömrük rüsumu və digər büdcə ödənişlərini qanunla müəyyən olunmuş qaydada ödənildiyini əsas gətirərək, gömrük borcunun məcburi alınması barədə sərəncamın qanunvericiliyin tələbi ilə tam uzlaşmadığı üçün, həmin məsələyə yenidən baxılmasını xahiş etmişdir. Həmin müraciətə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində baxılmış, xx.xx.2023-cü il tarixli, 3-33-3100/2-003622/2023 nömrəli məktubla cavablandırılmışdır. Məktubda dəbbə pulu üzrə gömrük borcunun hansı səbəbdən yarandığı ətraflı izah olunmuş və gömrük borcunun ödənilməsinin təmin olunması tələb olunmuşdur. İddiaçı MMC tərəfindən Bakı İnzibati Məhkəməsinə sərəncamın ləğv olunması barədə iddia ərizəsi ilə müraciət olunaraq: “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı 31 iyul 2023-cü il tarixli, 247 nömrəli Alınmalı Sərəncamının və 31 iyul 2023-cü il tarixli, 247 nömrəli Ödəniş tələbnamə-tapşırığının ləğv olunması və məcburi ödəniş qaydasında İddiaçı MMC-nin bank hesabından Hava Nəqliyyatında Baş Gömrük idarəsinin bank hesabına köçürülmüş 9555,95 (doqquz min beş yüz əlli beş manat, doxsan beş qəpik) manat pulun geri, hesabımıza qaytarılmasına dair qərar qəbul edəsiniz” xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 247.4-cü maddəsinin tələbinə əsasən dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir, bütün gömrük ödənişləri ödənildikdən sonra dəbbə pulunun hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Gömrük orqanı bildirir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 247.5-ci maddəsinin tələbinə əsasən dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. Belə ki, Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını Gömrük Məcəlləsinin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. **********2209 sorğu nömrəli gömrük bəyannaməsi ilə İddiaçı MMC tərəfindən bəyan edilən mallara görə gömrük ödənişlərinin ödənilməsinin 53 (əlli üç) gün müddətinə gecikdirilməsi ilə əlaqədar olaraq yaranan və gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il müddət keçmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-nin bəyannamədə göstərdiyi hüquqi ünvanına göndərilən Bildirişdə qeyd olunan ümumilikdə 9555,95 (doqquz min beş yüz əlli beş manat doxsan beş qəpik) manat dəbbə pulu gömrük qanunvericiliyinə uyğun olaraq düzgün hesablanmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə əsasən vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı həmin Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 65.2.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər həmin Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-2-ci maddəsinə əsasən vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimafın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi X6 17 sentyabr 2013-cü il tarixli, 19/1 nömrəli Qərarınnın tələblərinə uyğun olaraq xx.xx.2023- cü il tarixli, 140 nömrəli dondurulmalı sərəncama əsasən “X11! İsteyts Limited” MMC-nin yaranmış gömrük borcu məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları dondurulmuş və 9555,95 manat məbləğində dəbbə pulunun tutulmasına yönləndirilmiş xx.xx.2023-cü il tarixli, 247 nömrəli alınmalı sərəncam "xxxx" ASC tərəfindən xx.xx.2023cü il tarixində tam icra olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, iddiaçı “X10 İsteyts Limited" MMC-nin Hava Nəqliyyatında Baş Gömrük İdarəsini dəbbə pulunu qanunsuz tutmaqla bağlı etdiyi ittiham əsassızdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 9.0.3cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Eyni zamanda xüsusi olaraq bildiririk ki, Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən gömrük bəyannaməsi, təkrar ixrac bildirişi, qısa idxal (ixrac) bəyannaməsi, sadələşdirilmiş bəyannamə və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər şəxsin nümayəndəsi tərəfindən təqdim olunduqda, həmin nümayəndə də bu Məcəllənin 40.2-ci maddəsində müəyyən olunmuş öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən tələb olunan inzibati aktın, o cümlədən inzibati şikayətə dair qərarın xüsusi səbəblər üzündən qəbul edilmədiyi hallarda, məhkəmə inzibati aktın və ya inzibati şikayətə dair qərarın qəbul edilməsi üçün, qanunvericiliklə digər müddət müəyyən edilməmişdirsə, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.3-cü maddəsində nəzərdə tutulmuş müddəti nəzərə almaqla müəyyən müddət təyin edir. Təyin edilmiş müddət bitənədək iş üzrə icraat məhkəmə tərəfindən dayandırılır. Məhkəmə qərarları hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qərarlarında bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qərarı, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir, iddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçının cavabdeh tərəfindən hüquqlarının pozulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir və İddiaçı MMC-nin iddiası iddiaçının şəxsi mülahizələrinə əsaslanmaqla hər hansı əsaslı şübhə yaratmayan sübutlarla təsdiq edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. İddiaçı tərəfindən cavabdeh orqana ünvanlanan xx.xx.2021-ci il tarixli məktuba əsasən İddiaçı (xx.xx.2005-ci il tarixdə ********** (VÖEN) dövlət qeydiyyat nömrəsi ilə qeydə alınmışdır) təsisçisi Rusiya Federasiyasının vətəndaşı X4 (Pasport-65 № 3000149) adına Dubaydan göndərilən ***-*******0 №-li AVİA qaimə ilə 6 yer, 1.217 kq olan yükün şirkətin adına rəsmiləşdirilməsinə icazə verilməsi üçün yazılı müraciət edilmişdir.

7. İddiaçı təsisçisi Rusiya Federasiyasının vətəndaşı X5 tərəfindən cavabdeh orqana ünvanlanan məktuba əsasən Dubaydan onun adına göndərilən ***-*******0 №-li AVİA qaimə ilə 6 yer, 1.217 kq olan yükün, təsisçisi olduğu Azərbaycan Respublikasının hüquqi şəxsi - xx.xx.2005-ci il tarixdə ********** (VÖEN) dövlət qeydiyyat nömrəsi ilə qeydə alınmış İddiaçı adına rəsmiləşdirilməsinə icazə verilməsi üçün yazılı müraciət edilmişdir.

8. xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən cavabdeh Hava Nəqliyyatında Baş Gömrük idarəsinə elektron formada **********2209 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir.

9. Gömrük borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli Bildirişdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulması nəticəsində iddiaçının xx.xx.2023-cü il tarixinə (**********2209 sorğu nömrəli gömrük bəyannaməsi üzrə) 9555,95 (doqquz min beş yüz əlli beş manat doxsan beş qəpik) manat dəbbə pulu borcu vardır. Göstərilən borcların 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunur. Gömrük borclarının vaxtında ödənilməməsinə görə qanunvericilikdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: - Gömrük Məcəlləsinin 247.1 -ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən gömrük borcu məbləğinin 0,1 faizi məbləğində faiz hesablanır; - Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə əsasən milli və ya xarici valyutada cari və ya digər hesablardan gömrük borclarının alınması üçün banklara icra (ödəniş) sənədi olan sərəncam verilir; - Gömrük borcunun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədə iddia qaldırıla bilər; - Gömrük borcunu ödəməkdən yayınma əməli Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati və ya cinayət məsuliyyəti yaradır.

10. xx.xx.2023-cü il tarixli, 140 saylı Dondurulmalı Sərəncama əsasən İddiaçı MMC-nin "xxxx" ASC-də hesabında 9955,95 manat vəsaitin dondurulmasının təyinatı və əsası: **********2209 sorğu nömrəli gömrük bəyannaməsi üzrə dəbbə pulu; hesabda vəsaitin dondurulması ilə əlaqədar əlavə məlumat: xx.xx.2023-cü il tarixli; 1900-012/0xx-xx/002462 nömrəli gömrük borcunun ödənilməsinə dair bildirişə əsasən qeyd olunmuşdur.

11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən, malların buraxılışından sonra aparılan yoxlama ar nəticəsində 9555,95 (doqquz min beş yüz əlli beş manat doxsan beş qəpik) manat gömrük borcun mövcud olduğu aşkar olunmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli, **********2209 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilən mallar xx.xx.2021-ci il tarixində gömrük sərhəddini keçmişdir. Beləliklə, gömrük orqanına gömrük bəyannaməsinin təqdim edilmə müddəti 53 (əlli üç) gün gecıkdırilmişdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətrilər mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəliə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Dəbbə pulu həmin Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzinde hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40-cı maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahıs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs cnlarla göstə'ilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirılməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əmə olunmasına görə cavabdehdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, dəbbə pulu üzrə gömrük borcunun ödənilməsinin təmin olunması iddiaçıdan tələb olunmuşdur.

12. xx.xx.2023-cü il tarixli, 247 saylı Alınmalı Sərəncama əsasən İddiaçı MMC-nin "xxxx" ASCdə hesabında 9955,95 manat ödənişin təyinatı və əsası: **********2209 sorğu nömrəli gömrük bəyannaməsi üzrə dəbbə pulu; ödənişlə əlaqədar əlavə məlumat: xx.xx.2023-cü il tarixli; 1900-012/0xx-xx/002462 nömrəli gömrük borcunun ödənilməsinə dair bildirişə əsasən qeyd olunmuşdur.

13. "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanan məktubda qeyd olunmuşdur ki, İddiaçı MMC-ə məxsus hesablara yönləndirilmiş xx.xx.2023-cü il tarixli 247 nömrəli 9555.95 azn məbləğli alınmalı sərəncam xx.xx.2023-cü il tarixində tam icra olunmuşdur.

14. İddiaçı tərəfindən məhkməyə təqdim edilmiş qəbzlərə əsasən, xx.xx.2021-ci il tarixdə İddiaçı MMC tərəfindən 30,40 manat, 2 043,06 manat, 2 819,42 manat, 5,80 manat ödəniş həyata keçirilmişdir.

15. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.

II. İddianın növü və mümkünlüyü

17. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

19. Hesablanmış həmin borclara görə müəssisənin bank hesablarındakı pul vəsaitlərin hesablanması faktiki xarakterli hərəkətin nəticəsi, bank hesablarına qoyulmuş sərəncam isə inzibati aktdır.

20. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

21. Odur ki, hazırkı iddia mübahisələndirmə növündə iddiadır.

III. Məhkəmənin mövqeyi

22. Azərbaycan Respublikası Gömrük Məcəlləsindən: 1.0.17. gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq; 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir.

23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən gömrükdə olan malların onun adına rəsmiləşdirilməsi barədə cavabdeh orqana müraciət edilmiş (yazılı məktublar əsasında), xx.xx.2021-ci il tarixində elektron formada **********2209 sorğu nömrəli gömrük bəyannaməsi (dəbbə pulu hesablanması üçün əsas olmuş) təqdim edilmişdir. xx.xx.2021-ci il tarixdə müvafiq bəyannamə cavabdeh orqan tərəfindən təsdiqləndikdən və iddiaçı tərəfindən cavabdeh gömrük orqanına 30,40 manat, 2 043,06 manat, 2 819,42 manat, 5,80 manat məbləğində ödənişlər həyata keçirildikdən sonra (qəbzlərin surəti iş materiallarına əlavə olunmuşdur) gömrük rəsmiləşdirilməsi nəticəsində idxal olunan mallar iddiaçıya təhvil verilmiş, malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir (bu halı tərəflər mübahisələndirmir). xx.xx.2023-cü il tarixdə isə cavabdeh orqan tərəfindən həmin **********2209 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulması əsas göstərilərək 9555,95 manat dəbbə pulu hesablanılmış və xx.xx.2023-cü il tarixdə iddiaçıya gömrük borcunun ödənilməsinə dair bildiriş göndərilmiş, daha sonra həmin vəsaitin dondurulmasına dair xx.xx.2023-cü il tarixli 140 nömrəli dondurulmalı sərəncam, alınmasına dair xx.xx.2023-cü il tarixli 247 nömrəli alınmalı sərəncam qəbul edilmişdir.

24. Məhkəmə bununla bağlı qeyd edir ki, dəbbə pulu gömrük ödənişinin müstəqil bir forması (növü) deyil. Belə ki, gömrük borcları (gömrük ödənişləri) qanunvericilikdə müəyyən edilmiş müddətdə ödəyici tərəfindən ödənilmədikdə, gömrük orqanları tərəfindən gömrük borcunun (gömrük ödənişinin) məbləğinə, borcun ödənilməsinin gecikdirilmə müddətinə uyğun olaraq dəbbə pulu hesablanır və dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Hazırkı iş üzrə cavabdeh orqan **********2209 sorğu nömrəli gömrük bəyannaməsini təsdiqləyib idxal olunan malların sərbəst dövriyyəsinə icazə verməklə ödəyicinin (iddiaçının) həmin gömrük bəyannaməsini üzrə gömrük borcunun olmadığını qəbul etmişdir. Odur ki, sonrakı dövrdə cavabdeh orqan tərəfindən mübahisələndirilən gömrük bəyannaməsi üzrə xx.xx.2023-cü il tarixə dəbbə pulu hesablanması barədə ödəyiciyə xx.xx.2023-cü il tarixdə (bəyannamə üzrə ödənişlər həyata keçirildikdən 1 il 6 ay sonra) bildiriş təqdim edilməklə həmin vəsaitin alınması qanunvericiliyin tələblərinə uyğun deyildir.

25. Digər tərəfdən məhkəmənin hazırkı iş üzrə digər mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-394/2022 nömrəli iş üzrə mövqeyinə uyğundur.

26. Gömrük Məcəlləsindən: 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. 98.1. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. 98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. 98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

27. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

28. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): Bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010- cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur

29. Məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçı tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələbləri pozularaq gömrük bəyannaməsində bəyan edilən malların gömrük ərazisinə gətirildiyi zaman, müvafiq sərhəd gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gün keçdikdən sonra bəyan edildiyini - xx.xx.2021-ci il tarixli, **********2209 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilən malların xx.xx.2021-ci il tarixində gömrük sərhədini keçdiyini və nəticədə iddiaçının xx.xx.2023-cü il tarixinə (**********2209 sorğu nömrəli gömrük bəyannaməsi üzrə) 9555,95 (doqquz min beş yüz əlli beş manat doxsan beş qəpik) manat dəbbə pulu borcu yarandığını bildirsə də, bununla bağlı hər hansı inzibati araşdırmanın aparıldığı, həmin araşdırmanın nəticəsi olaraq borcun tutulmasına dair qərar qəbul edildiyi müəyyən edilmir.

30. Cavabdeh qurumun faktiki xarakterli hərəkətləri nəticəsində dəbbə pulu hesablanmış, həmin pulun tutulmasını təmin etmək məqsədilə üçüncü şəxsin üzərinə vəzifə qoyulmuşdur (bank hesabının dondurulması barədə və bank hesabından alınma barədə sərəncam verilmişdir).

31. Gömrük Məcəlləsinin bu qərarda qeyd olunan normalarının tələblərinə görə, gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilməklə yanaşı, hər iki auditin aparılması barədə qərar qəbul edilməli, həmin qərarın surəti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı, bu barədə çıxarış audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalı, gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun həyata keçirilməlidir.

32. Məhkəmə tərəfindən qeyd edilən 9555,95 manat borcun (dəbbə pulunun) hesablanması üçün əsas olan sənədlərin, o cümlədən borcun hesablanmasına dair qərarın məhkəməyə təqdim edilməsi tələb olunmuş, lakin məhkəmə araşdırması zamanı bununla bağlı inzibati icraatın aparılmadığı və gömrük borcunun tutulması ilə bağlı qərar qəbul edilmədiyi müəyyən edilir.

33. İddiaçı müəssisənin fəaliyyəti ilə bağlı hər hansı audit keçirilməsi qərara alınmamış, bu barədə qərar mövcud deyil.

34. İddiaya yazılı etiraza əsasən müəyyən olunur ki, iddiaçı müəssisənin fəaliyyəti ilə bağlı hər hansı audit keçirilməsi qərara alınmamış, bu barədə qərar mövcud deyil, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən bütövlükdə Bakı Baş Gömrük İdarəsində inzibatçılığın təşkili vəziyyəti, o cümlədən borcunun hesablanmasının düzgünlüyü ilə bağlı audit aparılmışdır ki, həmin auditin nəticələrinə dair də ümumi akt tərtib olunaraq orada göstərilən nöqsanların aradan qaldırılması Bakı Baş Gömrük İdarəsinə tapşırılaraq icra üçün göndərilmişdir.

35. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun bu qərarda istinad edilən normalarının tələblərindən göründüyü kimi, yoxlamalar yalnız həmin Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

36. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

37. Beləliklə, yoxlamanın Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələb təmin olunmadığından, onun tərəfindən aparılmış audit yoxlaması iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaratmır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 9555,95 manat məbləğində hesablanmış dəbbə puluna dair İddiaçı ("xxxx" ASC-dəki) bank hesabına yönəlmiş xx.xx.2023-cü il tarixli 140 nömrəli Dondurulmalı Sərəncam və xx.xx.2023-cü il tarixli 247 nömrəli Alınmalı Sərəncam ləğv olunsun və sərəncamların icrasının nəticələri aradan qaldırılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar