Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2385/2025 28.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 iyul 2024-cü il tarixli, **********450000 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-384271/2024 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının fəaliyyətini yoxlamaq üçün kameral vergi yoxlaması keçirmişdir. Bütün tələb olunan sənədlər təqdim edilsə də, cavabdeh tərəfindən keçirilmiş kameral vergi yoxlamasının nəticəsi kimi qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən kiçik, orta və iri sahibkarlıq subyektləri xx.xx.2023-cü il tarixdən etibarən gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə aparmalı olduğunu nəzərə alaraq iddiaçı tərəfindən 2022-ci il kassa metodu ilə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinə əsasən 2022-ci ilin sonuna (və ya 2023-ci ilin əvvəlinə) göstərilmiş sair debitor qalıq məbləği ilə iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsinin “Vergilərin uçotu metodunun dəyişməsi nəticəsində yaranan keçmiş illərin gəliri” sətrində göstərilmiş məbləğ ilə 1361813,63 man fərq yaranmışdır. Habelə “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 220 778,46 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Cavabdeh 2023-cü il üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği olaraq 26 614,07 manat məbləğində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli, **********450000 saylı qərar qəbul etmişdir. Cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Belə ki, 2023-cü il mənfəət vergisi bəyannaməsində 264646 manat məbləğində ümumi gəlir, 259675,38 manat məbləğində isə xərc qeyd edilmişdir. Belə olan halda, 220778,46 manat sənədlərlə təsdiq edilməyən xərc yaranması qeyri-mümkündür. Belə ki, 2023-cü ilin xərclə bağlı sənədləri, yəni müəssisəyə daxil olan elektron qaimələr, ödənişlə bağlı bank sənədləri, habelə müəssisəyə 2023-cü ilin üç ayı müddətində hesablanmış 36 883,38 manat məbləğində kredit faizi ilə bağlı bankın sənədləri cavabdehə göndərilmişdir. Lakin cavabdeh hec bir xərc sənədinə məhəl qoymamış və mövqeyində dəyişiklik etməmişdir. İddiaçı xx.xx.2024cü il tarixdə cavabdehin xx.xx.2024-cü il tarixli uyğunsuzluq məktubunu cavablandıraraq göstərilən uyğunsuzluğun olmadığını həm izahatla, həm də təsdiqedici sənədlərlə sübut etmişdir. İddiaçı buğda satışı ilə bağlı elektron qaimələri, habelə dəqiqləşmiş mənfəət vergi bəyannaməsini cavabdehə göndərmişdir. Habelə iddiaçı cavabdehə qəbulla bağlı müraciət etmiş, məsələnin araşdırılması üçün çağırılmışdır. Bütün sənədlərlə verilən suallar cavablandırılmışdır. Bundan sonra cavabdeh hazırkı məsələyə yenidən baxılacağını bildirsə də, nəticəsi olmamışdır. Cavabdeh qanuna müvafiq araşdırma aparmadan, əsassız və qanunsuz olaraq vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq iddiaçıya əlavə mənfəət vergisi hesablamışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, uçot baza məlumatlarına əsasən xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmiş və əsas fəaliyyət növü “şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” olmuşdur. Aparılan araşdırma zamanı 2022-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin göstəricilərinə əsasən 2022-ci ilin sonuna (və ya 2023-ci ilin əvvəlinə) göstərilmiş sair debitor qalıq məbləği ilə təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsinin “Vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri” sətrində göstərilmiş məbləğ ilə 1 361 813,63 manat fərq yaranmışdır. Eləcə də, təqdim olunmuş bəyannamənin “Xammal və materiallar” , “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə" , “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” , "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Sığorta xərcləri", bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in, “Gələcək dövrün xərcləri” sətri üzrə dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaiməfakturaların (riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 220 778,46 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********968100 nömrəli “2023-cü il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən əsaslı izahat, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 26 614,06 manat əlavə vergi məbləği hesablanmış və bəyannamənin 1 nömrəli əlavəsinin 1.9-cu “Gələcək dövrün xərcləri” sətrinin “Dövr ərzində daxil olmuşdur” sütunu üzrə müvafiq düzəliş edilərək bu barədə müvafiq olaraq xx.xx.2024- cü il tarixli **********450000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəməyə mənfəət vergisi bəyannaməsi (əlavələrlə birlikdə), iddiaçının şəxsi hesab vərəqəsi, ƏDV sub-uçot hesabından köçürmələrin siyahısı və hesabdan çıxarışlar təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********074000 nömrəli qərarı ilə İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati şikayət üzrə icraata xitam verilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-384271/2024 nömrəli qərarında iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 4964,78 manat, cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 27608,19 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 22643,41 manat qeyd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, təqdim olunmuş bəyannamənin “Xammal və materiallar” , “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə" , “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” , "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Sığorta xərcləri", bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in, “Gələcək dövrün xərcləri” sətri üzrə dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaiməfakturaların (riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 113 217 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. AEP 467534 kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən yanvar, fevral və mart 2023-cü il tarixləri üçün icarə haqqı olaraq 13983,06 manat pul “EL” kiçik müəssisəsinə küçürülmüşdür. AEP 467537 kassa mədaxil orderinin qəbzindən görünür ki, aprel, may və iyun 2023cü il tarixləri üçün icarə haqqı olaraq 13983,06 manat pul “EL” kiçik müəssisəsinə küçürülmüşdür. AEP 467540 kassa mədaxil orderinin qəbzindən görünür ki, iyul, avqust və sentyabr 2023-cü il tarixləri üçün icarə haqqı olaraq 13983,06 manat pul “EL” kiçik müəssisəsinə küçürülmüşdür. AEP 467545 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, oktyabr, noyabr və dekabr 2023-cü il tarixləri üçün icarə haqqı olaraq 13983,06 manat pul “EL” kiçik müəssisəsinə küçürülmüşdür. İcarəyə verən “EL” kiçik müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktında əsasən xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən hər ay 4661,02 manat olmaqla 2023-cü il tarixdə icarəçi (iddiaçı) tərəfindən cəmi 55932,24 manat icarə haqqı ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3941 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, 3-21-2-3/2-384271/2024 saylı qərarına əsasən “hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 113.217,0 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməməsi səbəbindən vergi ödəyicisinə 2023-cü il üzrə 22 643,41 manat məbləğində Mənfəət vergisi hesablanmışdır. Qeyd edilir ki, həmin qərarda kassa metodu ilə təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsinin “Vergilərin uçotu metodunun dəyişməsi nəticəsində yaranan keçmiş illərin gəliri sətrində göstərilmiş məbləği ilə 1361813,63 manat fərqin olması ilə bağlı hər-hansı məlumat öz əksini tapmamışdır. İş materialları ilə vergi ödəyicisi tərəfindən kassa metodu tətbiq edilməklə 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 №li əlavəsinin 1.4.2 (sair debitor borcları) sətrində dövr ərzində daxil olmuş məbləğ 880 063,33 manat, silinmiş məbləğ 754 789,18 manat qeyd edilməklə cari il üzrə 125 275,15 manat debitor borc məbləğinin yarandığı, 2021-ci il üzrə 9860 manat, 2022-ci il üzrə isə 21 889,29 manat debitor borc məbləğinin yarandığı bəyan edilmişdir. İş materiallarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020, 2021 və 2022-ci illər üzrə mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən cəmi olaraq 2023-cü, ilin əvvəlinə 157023,44 manat debitor borc yarandığı müəyyən edilir. Eyni zamanda iş materiallarında olan elektron qaimə-fakturalara əsasən müəssisənin 2023-cü ildə işlərin görülməsindən və malların təqdim olunmasından 264646 manat gəliri olmuşdur. Belə olan halda müəssisənin 2023-cü idə debitor borclarla birlikdə ümumi gəliri 421669,44 manat olduğu müəyyən edilir. Mövcud iş materialları ilə müəssisənin 2023-cü il üzrə cəmi xərcləri 396 845,53 manat olduğu (xərclərin tərkibi rəyin tədqiqi hissəsində qeyd edilib) müəyyən edilir. Beləliklə, 2023-cü ildə cəmi gəlirdən çıxılan xərclərin cəmi 396845,53 manat məbləğində olduğu müəyyən edilir. Qeyd olunanlara əsasən vergi tutulan mənfəət 24823,91 manat (421 669,44-396 845,53) mənfəət vergisi isə 4964,78 manat (24.823,91 x 20%) olduğu müəyyən edilir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin 26 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-384271/2024 nömrəli qərarının ləğv edilməsini xahiş edir. İddia tələbi mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. İddiaçı məhkəməyə müraciət etdikdən sonra hazırkı qərar qəbul edilmişdir. Yəni, iddiaçı qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 gün müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi (6.1.). Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti (12.1.). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (12.3.). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (12.4.). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, yalnız qanunda nəzərdə tutulmuş vergitutma elementləri müəyyən edildikdə fiziki və hüquqi şəxslər barəsində vergi hesablana və onlar vergiyə cəlb edilə bilərlər. Vergitutma elementlərinin mövcud olmaması fiziki və ya hüquqi şəxslərin vergiyə cəlb edilməsini istisna edir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1); vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq (16.1.2); bu Məcəllənin 14-2.2-ci maddəsində nəzərdə tutulan arayışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətdə vergi orqanına təqdim etmək (16.1.4-3) vergi orqanının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsində həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir (104.2.). İşin müəyyən edilmiş hallarından görünür ki, kameral vergi yoxlaması zamanı iddiaçının 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsində uyğunsuzluqlar aşkar edilmiş, sənədlərlə təsdiq olunmayan gəlirdən çıxılan xərclər müəyyən edilmiş və bunun nəticəsində əlavə vergi hesablanmışdır. İddiaçı isə əlavə hesablanmış vergi məbləğinin əsassız olmasını, xərclərin sənədlərlə təsdiq edilmədiyini və vergi orqanı tərəfindən düzgün araşdırma aparılmadığını bildirərək cavabdeh tərəfindən qəbul edilmiş 26 dekabr 2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş edir. Vergi Məcəlləsində həmçinin göstərilmişdir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir (37.1.). Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz (37.2.). Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir (37.2- 1.). Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir (37.3.). Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır (37.4.). İddiaçının dəlilləri ondan ibarətdir ki, təqdim edilmiş 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsində onun gəlir və xərcləri düzgün əksini tapmış və hər hansı kənarlaşma mövcud deyildir. Belə ki, təqdim edilən sənədlər üzrə onun gəlirdən çıxılan xərcləri verilmiş bəyannamədə tam şəkildə öz əksini tapmış və hər hansı kənarlaşma mövcud deyildir. Cavabdeh isə iddiaçının təqdim etdiyi 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsi üzrə təqdim etdiyi xərclərlə onun real xərc sənədləri arasında 113 217 manat məbləğində uyğunsuzluq yarandığı qənaətinə gəlmişdir. Cavabdeh bəyannamədə göstərilən həmin xərclərin öz təsdiqini tapmadığı səbəbindən həmin xərcləri iddiaçının mənfəəti kimi qiymətləndirmiş və ona həmin dövr üzrə əlavə 22643,41 manat mənfəət vergisi hesablamışdır. Məhkəmə tərəfindən qeyd edilən məsələnin tam və obyektiv araşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3941 saylı ekspert rəyində ekspert belə bir nəticəyə gəlmişdir ki, iş materiallarında olan vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-384271/2024 saylı qərarında kassa metodu ilə təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsinin “Vergilərin uçotu metodunun dəyişməsi nəticəsində yaranan keçmiş illərin gəliri sətrində göstərilmiş məbləği ilə 1361813,63 manat fərqin olması ilə bağlı hər-hansı məlumat öz əksini tapmamışdır. Vergi ödəyicisi tərəfindən kassa metodu tətbiq edilməklə 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 №li əlavəsinin 1.4.2 (sair debitor borcları) sətrində dövr ərzində daxil olmuş məbləğ 880 063,33 manat, silinmiş məbləğ 754 789,18 manat qeyd edilməklə cari il üzrə 125 275,15 manat debitor borc məbləğinin yarandığı, 2021-ci il üzrə 9860 manat, 2022-ci il üzrə isə 21889,29 manat debitor borc məbləğinin yarandığı bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020, 2021 və 2022-ci illər üzrə mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən cəmi olaraq 2023-cü, ilin əvvəlinə 157023,44 manat debitor borc yarandığı müəyyən edilir. Müəssisənin 2023-cü ildə işlərin görülməsindən və malların təqdim olunmasından 264646 manat gəliri olmuşdur. Belə olan halda müəssisənin 2023-cü idə debitor borclarla birlikdə ümumi gəliri 421669,44 manat olduğu müəyyən edilir. Müəssisənin 2023-cü il üzrə cəmi xərcləri 396 845,53 manat olduğu (xərclərin tərkibi rəyin tədqiqi hissəsində qeyd edilib) müəyyən edilir. Beləliklə, 2023-cü ildə cəmi gəlirdən çıxılan xərclərin cəmi 396845,53 manat məbləğində olduğu müəyyən edilir. Qeyd olunanlara əsasən vergi tutulan mənfəət 24823,91 manat (421.669,44-396.845,53) mənfəət vergisi isə 4964,78 manat (24.823,91 x 20%) olduğu müəyyən edilir. Beləliklə ekspert rəyində iddiaçının 2023-cü il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi 4964,78 manat məbləğində müəyyən edilmişdir. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). Məhkəmə həmçinin qeyd edir ki, inzibati aktın qanuniliyini və əsaslılığını sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh əlavə hesablanmış vergi məbləğinin tam həcmdə əsaslı olduğunu sübut edə bilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2- 384271/2024 nömrəli qərarı “4964,78 manat mənfəət vergisi” istisna olmaqla qalan hissədə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-384271/2024 nömrəli qərarı “4964,78 manat mənfəət vergisi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2385/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2385/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver