Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2386/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Çilingər oğlunun, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1, Adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Çilingər oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “fərdi yaşayış evinə və torpaq sahəsinə çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Çilingər oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanındakı fərdi yaşayış evinin altındakı torpaq sahəsinin həyətyanı sahə ilə birlikdə əvəzsiz qaydada özəlləşdirilməsi və üzərində tikilmiş fərdi yaşayış evi (470 kv.m) ilə birlikdə vahid əmlak kimi çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və altındakı torpaq sahəsi 354,95 kv.m olmaqla mülkiyyət hüquqlarının qeydiyyata alaraq buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında 1977-ci ildən yaşayır. Yaşadığı yaşayış evi 81,08 kv.m və oun altında və həyətyanı torpaqğının ümumi sahəsi 354,95 kv.m-dən ibarət olmuşdur. İddiaçı yaşadığı yaşayış evi ilə bağlı 1981-ci il aprel ayında texniki pasport tərtib edilmişdir. Yaşayış evinin yuxarıda qeyd edilən xüsusiyyətlərinə görə Bakı şəhəri Sabunçu (Lenin) rayon İcra Hakimiyətinin 09 fevral 1990-cı il tarixli 5/10 saylı Sərəncamı ilə: xx.xx.1989-cu il tarixli Akta əsasən özbaşına tikili yaşayış üçün yararlı sahəyə aid edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən özbaşına tikilinin sahibi kimi müəyyən edilmiş, ünvan 1 ünvanındakı yaşayış evi 81,08 kv.m və onun üzərində olan ümumi sahəsi 354,95 kv.m olan torpaq sahəsindən ibarət olduğu müəyyən edilmiş, (BTİ BDİ) AR-sı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə bu Sərəncama əsasən özbaşına tikilinin hüquqi qeydiyyatının aparılması xahiş edilmişdir. Nəticədə iddiaçının adına yaşayış evinə dair Azərbaycan Respublikası rayon İcra Komitəsinin Texniki İnvertizsiya Bürosu xx.xx.1990-cı il tarixində 30/1276 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Hal-hazırda ünvan 1 ünvanındakı yaşayış evi sökülərək ikimərtəbəli ev (470 kv.m) tikilmişdir. Bununla belə həmin fərdi yaşayış evinin altındakı torpaq sahəsi dövlətin mülkiyyətində olmuşdur. Buna görə də iddiaçı həmin torpaq sahəsinin (354,95 kv.m) əvəzsiz qaydada özəlləşdirilməsi və üzərində tikilmiş fərdi yaşayış evi (470 kv.m) ilə birlikdə vahid əmlak kimi çıxarış verilməsi üçün “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun olaraq ilk növbədə rəsmi olaraq cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə xx.xx.2022-ci il tarixində müraciətinə imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası yuxarıda qeyd olunan səbəblərdən əsassız və qanunsuzdur.
4. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yerləşməsinə dair cizgi, baş plan olmadığından sənəd üzrə sahəni təyin etmək mümkün olmamışdır və torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olduğu müyyən edilmişdir. Həmçinin bildiririk ki, həmin torpaq sahəsi "xxxx" ASC balansında olan qazanxananın torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Həmçinin bildirilir ki, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair əvvəlki müraciətinə **********20 nömrəli xx.xx.2018-ci il tarixli məktubla cavab verilmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 22 B ünvanında yerləşən fərdi yaşayış evinin altindaki torpaq sahəsinin həyətyanı sahə ilə birlikdə əvəzsiz qaydada özəlləşdirilməsi və üzərində tikilmiş yaşayış evi (470 kv.m) ilə birlikdə vahid əmlak kimi çıxarışın öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2018-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yerləşməsinə dair cizgi təqdim edilmədiyindən sənəd üzrə sahəni təyin etmək mümkün olmamışdır. Həmçinin müvafiq torpaq sahəsi "xxxx" ASC balansında olan qazanxananın torpaq sahəsi ilə üst-üstə düşmüşdür. İddiaçı tərəfindən qeydiyyatdan keçmiş fərdi yaşayış evi söküldüyü üçün məhvlə bağlı ərizə və yeni inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bu barədə vətəndaşa **********20 saylı, xx.xx.2018-ci il tarixli, **********40 saylı, xx.xx.2021-ci il tarixli, **********18 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubuları ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2. maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli vəsatətdə qeyd edilmişdir ki, qeyd edilən inzibati iş üzrə "xxxx" ASC-in 3-cü şəxs qismində cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, qeyd edilən müvafiq torpaq sahəsi "xxxx" ASC balansında olan qazanxananın torpaq sahəsi ilə üst-üstə düşmüşdür.
7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli Qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati məhkəməyə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Bakı şəhəri Sabunçu (Lenin) rayon İcra Hakimiyətinin 09 fevral 1990-cı il tarixli 5/10 saylı Sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən özbaşına tikilinin sahibi kimi müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanındakı yaşayış evinin sahəsi 81,08 kv.m və ümumi sahəsi 354,95 kv.m olan torpaq sahəsindən ibarət olduğu qeyd edilmişdir. xx.xx.1989-cu il tarixli Akta əsasən özbaşına tikili yaşayış üçün yararlı sahəyə aid edilmişdir.
9. İddiaçı tərəfindən Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2017-ci il tarixli Ərizəyə əsasən İddiaçı Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 22 B yerləşən ona məxsus torpaq sahəsində Sabunçu Rayon İcra Hakimiyyətinin 05 saylı xx.xx.1990-cı il tarixli təsdiq edilmiş layihəsi əsasında fərdi yaşayış evinin inşası başa çatdırılmışdır.
10. İddiaçı tərəfindən Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2018-ci il tarixli ərizəyə əsasən İddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq “Məlumatlandırma icraatı” qaydasında mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 470 m2, hündürlüyü 6,60 m, mərtəbəliliyi 2 olan fərdi yaşayış evini tikmişdir.
11. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Ərizədə qeyd olunmuşdur ki, İddiaçı Çilingər oğlu ünvan 5 ünvanında yerləşən əmlaka aid qeydiyyat vəsiqəsinin ləğv edilib yeni tikdiyi evə çıxarış və texniki pasport verilməsinə etiraz etmir.
12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin memarlıq planlaşdırmanın eskiz həlli məhkəməyə təqdim edilmişdir.
13. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmmişdir ki, Sabunçu rayonu, ünvan 6 ünvanındakı fərdi yaşayış evi "xxxx" ASC-nin balansında olan 553 saylı qazanxananın mühafizə zolağında inşa edilmiş və tüstü borusunun yerləşdiyi ərazi hasarlanaraq fərdi yaşayış evinin həyətyanı sahəsi kimi istifadə olunur. Qazanxana və istilik sistemlərinin mühafizə zolağında, kommunikasiyaların yaxınlığında və istilik kəmərləri keçən ərazilərdə digər məqsədlərlə torpaq sahələrinin istifadəsi və tikinti işləri aparılması Az DTN 2.12-1 saylı Tikinti norma və qaydalarının tələblərinə ziddir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli 586 saylı “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” fərmanının 7.1 və 7.2 bəndlərinə əsasən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanılmasının təmin edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilməməsi və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlərin görülməsi tapşırılmışdır.
14. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən qeydiyyatdan keçmiş yaşayış evi sökülüb, torpaq sahəsində 2 mərtəbəli yaşayış evi inşa olunub. Faktiki torpaq sahəsi 513.0-dir. Torpaq sahəsinin daxilində Azəristiliyə aid tüstü borusu mövcuddur. Həmən tüstü borusunun əhatəsi metal vərəqə ilə sərhədlənib. Sərhədlənmiş yerin koordinatları akta əlavə olunmuşdur.
15. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 7 saylı X3 sahəsi 553 saylı Qazanxananın texniki pasportu məhkəməyə təqdim edilmişdir (ünvan: Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 35).
16. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən 22B saylı evin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi müəyyən olunsun; - Həmin torpaq sahəsi (baş plan göstəricilərinə əsasən) "xxxx" ASC-nin balansında olan qazanxananın torpaq sahəsi ilə üst-üstə düşürmü? Düşürsə həmin (üst-üstə düşən) hissənin sahəsi və ölçüləri qeyd edilməklə ərazinin sxemi təqdim edilsin.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli Mütəxəssis rəyindən: Sual 1. Göstərilən faktiki torpaq sahəsi 513,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində iki mərtəbəli yaşayış evi mövcuddur (qeydiyyatdan keçmiş yaşayış evi sökümüşdür). Faktiki olaraq göstərilən 513,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. XY
1. 412469.702 4475121.195
2. 412477.490 4475108.128
3. 412478.612 4475102.320
4. 412472.012 4475098.624
5. 412472.936 4475097.238
6. 412464.488 4475091.496
7. 412459.010 4475099.944
8. 412453.532 4475096.578
9. 412446.998 4475108.128 Sual 2: Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin daxilində (bir hissəsində) "xxxx" ASC-yə aid ərazi yerləşir. Bununla bağlı aidiyyəti təşkilatın (prosesə cəlb olunmaqla) rəyinin alınması məqsədəuyğundur. İşə əlavə edilmiş xx.xx.1990-cu il tarixli, 5/10 saylı qərarda torpaq sahəsinin ölçüsü 354,95 kv.m göstərilib. Torpaq sahəsinin sərhəd ölçülərini bildirən texniki sənəd təqdim edilməyib.
18. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən 22B saylı evə dair elektron kadastr baza çıxarışı (ortofoto) məhkəməyə təqdim edilmişdir. Ortofotoya əsasən İddiaçı Çilingər oğluna aid ümumi sahə 513,0 kv.m, həmin sahə daxilində isə "xxxx" ASC-nin tüstü borusunun yerləşdiyi hissə 117 kv.m (dəmir lövhə ilə şərti sərhədlənib) olaraq qeyd olunmuşdur.
19. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
20. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
21. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi daşınmaz əmlakın dövlət mülkiyyətinin ərazisində olduğu halda iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
22. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
23. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
24. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
29. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
30. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri Sabunçu (Lenin) rayon İcra Hakimiyətinin 09 fevral 1990-cı il tarixli 5/10 saylı Sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən yaşayış evinin sahəsi 81,08 kv.m və ümumi sahəsi 354,95 kv.m olan torpaq sahəsin sahibi kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı tərəfindən Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 22 B yerləşən ona məxsus torpaq sahəsində Sabunçu Rayon İcra Hakimiyyətinin 05 saylı xx.xx.1990-cı il tarixli təsdiq edilmiş layihəsi əsasında fərdi yaşayış evinin inşası başa çatdırılmış və mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 470 m2, hündürlüyü 6,60 m, mərtəbəliliyi 2 olan fərdi yaşayış evini “Məlumatlandırma icraatı” qaydasında tikmişdir.
31. Cavabdeh tərəfindən imtinanın əsas dəlili olaraq iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsinin "xxxx" ASC balansında olan qazanxananın torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd olunmuşdur.
32. Məhkəmə qeyd edir ki, elektron kadastr baza çıxarışına (ortofoto) əsasən İddiaçı Çilingər oğlu tərəfindən göstərilən torpaq sahəsi 513 kv.m qeyd olunmuş və həmin sahə daxilində "xxxx" ASC-nin tüstü borusunun yerləşdiyi hissə 117 kv.m müəyyən olunaraq dəmir lövhə ilə şərti sərhədlənmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli Mütəxəssis rəyinə əsasən "xxxx" ASC-yə aid ərazi iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin daxilində yalnız bir hissəsində yerləşir (vahid elektron kadastr baza məlumatlarına əsasən). Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi isə "xxxx" ASC-yə məxsus qazanxanın sahəsinin 45 kv.m, mühafizə zolağının 5 metr olduğu bildirmişdir. Məhkəmə nəzərə alır ki, mübahisə edilən "xxxx" ASC-yə məxsus qazanxana Bakı şəhəri Sabunçu (Lenin) rayon İcra Hakimiyətinin 09 fevral 1990-cı il tarixli 5/10 saylı Sərəncamına əsasən iddiaçıya ayrılmış 354,95 kv.m torpaq sahəsindən xaricdə yerləşir. Hazırda iddia tələbi isə “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və altındakı torpaq sahəsi olmaqla 354,95 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlıdır. Lakin ərazinin ümumi faktiki sahəsi 513 kv.m-dir və iddiaçı qazanxananın yerləşdiyi həmin 117 kv.m. hissəyə hüququnun tanınmasını tələb etmir. Odur ki, həmin hissə tələblə əhatə olunmadığından faktiki olaraq hüququn qeydiyyatından imtina əsaslı hesab edilə bilməz.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanından:
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
34. Məhkəmə eyni zamanda nəzərə alır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsində qeyd edilən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar müvafiq Fərmanın 1-ci hissəsində qeyd edilən sənədlər siyahısında nəzərdə tutulmamışdır.
35. Odur ki, hazırki iddia tələbi üzrə torpaq sahəsi və yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Bakı şəhəri Sabunçu (Lenin) rayon İcra Hakimiyətinin 09 fevral 1990-cı il tarixli 5/10 saylı Sərəncamı (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən) əsas kimi müəyyənləşdirildiyi üçün torpaq sahəsinin daxilində "xxxx" ASC balansında olan qazanxananın yerləşməsi torpaq sahəsi və yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi üçün əsas ola bilməz.
36. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
38. X6 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
39. X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
40. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 354,95 kv.m torpaq sahəsi və həmin sahədə inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı Çilingər oğlunun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva