Məhkəmə qərarları › İş №2-1(112)-2387/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2387/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2387/2024 06.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinin adına mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 1200 kv.m. torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşən və uzun illər istifadəmdə olmaqla tərəfimdən daş hasara alınmış bağ sahəsi kimi abadlaşdırılmış 1200 kv.m. torpaq sahəsinin onun adına sənədləşdirilməsi üçün Səbail Bələdiyyəsinə müraciət etmişdir. Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1351 nömrəli sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında ona satılmışdır. Daha sonra bələdiyyə tərəfindən mənə ayrılmış 1200 kv.m. topraq sahəsinin plan-sxemi tərtib edilmiş və möhürlə təsdiq edilmişdir. Qeyd edilən torpaq sahəsi 30 ilə yaxın bir müddətdir ki, iddiaçının istifadəsindədir. Tərəfindən cavabdehə müraciət edilərək istifadəsində olan torpaq sahəsi üzərində hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etsəm də, müraciətinə cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli, **********53 saylı məktubla elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin dövlət mülkiyyəti olması və sərhədləri şərti olmaqla ümumi ərazi daxilində yerləşməsi əsası ilə müraciətinin təminindən imtina etmişdir. Cavabdehin hərəkətləri qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Səbail Bələdiyyəsinin 1351 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi, Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında vət. İddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı.aktı tərtib edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Torpaqların alqı-satqısına dair akta əsasən Səbail rayonu Səbail Bələdiyyəsi ərazisində İddiaçı torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və bələdiyyə ərazisində 1200 kv.m sahəsinin satılması barədə xx.xx.2004-cü il tarixli 1351 saylı qərar qəbul edilmişdir. Torpaqların alqı-satqısına dair akt bələdiyyə sədri, DTXK-nin nümayəndəsi iddiaçı tərəfindən imzalanmış və bələdiyyənin və DTXK-nin möhürü ilə təsdiq edilmiş, akt Bakı şəhər torpaq şöbəsində 24 iyul 2008-ci ildə 4891 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail bələdiyyəsinin xəritəsindən çıxarışdan görünür ki, İddiaçı satılması nəzərdə tutulun torpaq sahəsinin sxemi tərtib olunmuş, sxem Səbail bələdiyyəsinin sədri, Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsinin imza və möhürü ilə təsdiq edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1351 nömrəli Sərəncamı ilə İddiaçı adına **********0338 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1351 nömrəli qərarı ilə Səbail rayonu, Salyan şossesi ərazisində 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X5 kitabında xx.xx.2008-ci il tarixdə 8986 nömrə ilə uçota alınıb. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü 3il tarixli məktubu ilə göndərilmiş Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Səbail Bələdiyyəsininə ünvanlanmış xx.xx.2007ci il tarixli 18/03-8/3242 nömrəli məktubunda qeyd edilmişdir ki, vət.İddiaçı qaldırdığınız məsələlərin qanun çərçivəsində həll edilməsinə Memarlıq və Şəhərsalma Baş İdarəsi etiraz etmir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 1200.0 kv .m olmaqla ümumi ərazidə yerləşir. Üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçinin sahənin fiziki sərhədləri yoxdur və sahəyə giriş-çıxış yolu ümumi ərazidəndir. Məhkəmə sorğusuna cavab olaraq Baş Prokurorluğun xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Səbail rayonunun inzibati ərazisində yerləşən “Xalqlar Dostluğu” parkına aid torpaq sahələrinin qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılması faktı üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Səbail bələdiyyəsinin vəzifəli şəxsləri X2, X4 və X3 barələrində olan ********* nömrəli cinayət işi istintaq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, xx.xx.2016-cı il tarixdə Səbail bələdiyyəsinin digər vəzifəli şəxsləri və qeyriləri barəsində Azərbaycan Respublikası CM-in 308.2, 313, 320.1, 320.2, 29, 178.3.2 və 178.3.2-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaq edilmiş və xx.xx.2018-ci il tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirimişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətidir və sərhədləri şərti olmaqla ümumi ərazi daxilində yerləşir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Səbail Bələdiyyəsinin 1351 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin adına rəsmiləşdirildiyini, torpaq sahəsinə plan-ölçü sənədinin verildiyini və həmin sahənin hazırda da qanuni istifadəsində olduğunu əsas gətirərək torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin müraciətin təminindən imtina əsası ondan ibarət olmuşdur ki, qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətidir və sərhədləri şərti olmaqla ümumi ərazi daxilində yerləşir. Məhkəmə cavabdehin qeyd edilən imtina əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bəhs edilən 6.5-ci maddənin 28 oktyabr 2008-ci il tarixli dəyişiklikdən sonra qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Bəhs edilən 9.1-ci maddəyə 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişiklikdən sonra qüvvədə olan redaksiyasına əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi 23 oktyabr 2007-ci il tarixli dəyişikliyə qədər bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə qərarı və alqı-satqı aktı əsasında fiziki və hüquqi şəxslərin mülkiyyətinə ayrılması nəzərdə tutulduğu halda qeyd edilən dəyişiklikdən sonra və hazırda da qüvvədə olan qanunun redaksiyasında torpaq sahələrinin yalnız açıq hərrac, müsabiqə vasitəsilə mülkiyyətə ayrılması təsbit olunmuşdur. Eyni zamanda Qanunun 28 oktyabr 2008-ci il tarixli dəyişikliyə qədər qüvvədə olmuş 6.5-ci maddəsinin redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından görünür ki, Səbail Bələdiyyəsi bələdiyyə xx.xx.2002-ci il tarixli 38 nömrəli və xx.xx.2004-cü il tarixli iclasının 68 saylı protokoluna əsasən 1351 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı ilə iddiaçının müraciətinə əsasən onun adına Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi sənədləşdirilmiş, torpaq sahəsinin alqı-satqı aktı Dövlət Torpaq Komitəsinin Bakı Şəhər Torpaq şöbəsi tərəfindən təsdiq edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Səbail Bələdiyyəsininə ünvanlanmış xx.xx.2007-ci il tarixli 18/03-8/3242 nömrəli məktubu ilə İddiaçı torpaq sahəsinin ayrılmasına etiraz edilməmiş, torpaq sahəsinin yerləşmə cizgisi eyni zamanda Memarlıq və Şəhərsalma Baş İdarəsinin möhürü ilə təsdiq edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin **********0338 nömrəli planı və ölçüsü tərtib edilərək həmin koordinatlarda torpaq sahəsi X5 kitabında xx.xx.2008-ci il tarixdə 8986 nömrə ilə uçota alınmış, torpaq sahəsinin yeri, yerləşdiyi zona və normativ qiyməti müəyyən edilmişdir. Məhkəmə sorğusuna əsasən iddia olunan torpaq sahəsinin ortofotogörüntüsü təqdim edilmiş, torpaq sahəsinin hər hansı şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunamamış, qonşuluğunda ən yaxın məsafədə **********16, **********49, **********44 nömrəli daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alındığı müəyyən olunmuşdur. Beləliklə, müəyyən olunur ki, iddiaçıya torpaq sahəsinin ayrılması xx.xx.2007-ci il tarixli dəyişiklikdən öncə baş vermiş, torpaq sahəsinə adir hüquqmüəyyənedici sənədlərin etibarsızlığı və ya ləğvi ilə bağlı məhkəmə aktı qəbul edilməmiş, torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, sahənin ayrılması zamanı müvafiq qurumların rəylərinin əldə edilməsi ilə bağlı bələdiyyə tərəfindən müraciətlər edilmiş, Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin naturada yerləşdiyi yer üzrə koordinatları müəyyən edilərək plan-ölçü sənədi (kadastr planı) səlahiyyətli qurum tərəfindən tərtib edilmişdir. Cavabdeh bələdiyyə sənədləri əsasında kadastr planı tərtib etdiyi torpaq sahsəinin eyni sənədlər əsasında qeydiyyata almaqdan imtinasını zəruri edən, torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...). -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi ölçüdə torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 52, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin olunsun. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m. ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar