Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2388/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 12 saylı Uşaq Poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əlillik dərəcəsinin təyin olunma vaxtının müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “pensiyanın hesablanaraq ödənilməsi və.s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya hüququ yaranan vaxtdan pensiya təyinatı əldə edə bilmədiyindən 07.07.2017-ci ildən yaranan hər ay 150 (bir yüz əlli) manat sağlamlığı məhdud uşaqlar üçün nəzərdə tutulan və sağlamlığı məhdud uşaqlara baxmaq üçün 50 (əlli) manat nəzərdə tutulan pensiya pullarının və 09.10.2020-ci ildə təsdiqini 4 il gec tapan TSEK-in № 2714003AAJV Forma 88 qərarına istinad edərək, 39 ay ərzində yaranmış pensiya pullarının 7.800 (yeddi min səkkiz yüz) manat hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini cavabdeh qismində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyini isə 3-cü şəxs qismində göstərməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiə Nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12 saylı uşaq poliklinikasının səhlənkarlığı nəticəsində pensiya hüququ yaranan vaxtdan pensiya təyinatı əldə edə bilmədiyindən 07.07.2017-ci ildən yaranan hər ay 150 (bir yüz əlli) manat sağlamlığı məhdud uşaqlar üçün nəzərdə tutulan və sağlamlığı məhdud uşaqlara baxmaq üçün 50 manat (əlli manat) nəzərdə tutulan pensiya pulların və 09.10.2020-ci ildə təsdiqini 4 il gec tapan TSEK-in № 2714003AAJV Forma 88 qərarına istinad edərək 39 ay ərzində yaranmış pensiya pullarının 7.800 (yeddi min səkkiz yüz) manat hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı 30.03.2021-ci il tarixdə İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən yenidən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, oğlu 27.02.2014-cu ildə Bakı şəhərində doğulmuş X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 09.10.2020-ci il tarixdə təyin edilmiş “sağlamlıq imkanları məhdud uşaq” dərəcəsinin 07 iyul 2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sağlamlıq imkanları məhdud oğlu vardır. Autizim Diaqnozu ilə “F-84.0” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən 2137 №li 07 iyul 2017-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bu haqda, Səhiyyə Nazirliyinin tabeçiliyində olan “Psixi Sağlamlıq Mərkəzi” tərəfindən və 12 №li Uşaq poliknikası tərəfindən məlumat verilməli idi, lakin verilməmişdir. O, ana kimi məlumatları yuxarıda qeyd etdiyi qurumlara rəsmi çatdırmağına baxmayaraq icra olunmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin iddia ərizəsinə dair etirazı məhkəməyə daxil olmamışdır. Üçüncü şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 12 saylı Uşaq Poliklinikası tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, Novruzov Qardaşları küçəsi ev 79 ünvanında yaşayan İddiaçı övladı 27.02.2014-cü il təvəllüdlü X5 30.06.2017-ci il tarixdə poliklinikanın qeydiyyatına götürülmüşdür. Həmin vaxta qədər uşaq Şabran rayonunda qeydiyyatda olmuşdur. 07.07.2017-ci il tarixdə uşaq psxiatrın müayinəsində olmuş. "Uşaq autizmi” diaqnozu ilə Psixi Sağlamlıq Mərkəzinə göndəriş verilmişdir. Lakin valideyn həmin ünvanda olmadığı üçün cavabı gətirməmiş və 07.10.2017-ci ildən həmin ünvandan köçmələri ilə əlaqədar aktla sahə həkimi tərəfindən poliklinikanın qeydiyyatından çıxarılmışdır. 04.04.2019-cu il tarixdə Binəqədi rayonu 11 nömrəli Uşaq Poliklinikasının qeydiyyatına götürülmüşdür. 19.08.2020-ci ildən yenidən 12 nömrəli Uşaq Poliklinikasının xidmət ərazisinə köçdüyünə görə qeydiyyata götürülmüş, müayinələrdən keçirilmiş, uşağa məktəbə xəstəliyi barədə forma № 27 verilmişdir. Valideyinin ilkin əlilliklə bağlı müraciətindən sonra 11 nömrəli Uşaq Poliklinikası tərəfindən sağlamlıq imkanları məhdudluğun təyin olunması üçün sənədləşmə işləri qaydasında olmadığına, eyni zamanda uşağın əlilliyi ilə əlaqədar “Tibbi sosial ekspertiza və reabilitasiya alt sistemində” qiymətləndirmə aşkarlanmadığına görə valideyn təkrar həmin poliklinikaya göndərilmişdir (uşağın forma № 88 11 saylı poliklinika tərəfindən TSEK-ə göndərilmiş, natamam doldurulması ilə əlaqədar imtina edilmişdi). 22.09.2020-ci il tarixdə uşaq poliklinikada köməkçi diaqnostik müayinələrdən keçirilmişdir. 23.09.2020-ci il tarixdə ilkin əlilliyin təyin edilməsi üçün TƏBİB-ə forma № 88 göndərilmişdir. TƏBİB tərəfindən qoyulmuş ümumi qaydaya əsasən 30.09.2020-ci il tarixdə TSEK- forma № 88 2714003AABİV nömrəsi ilə reyestrə daxil edilmişdir. 09.10.2020-ci il tarixdə uşaq sağlamlıq imkanlarının məhdudlaşdırılması kimi qiymətləndirilmişdir. BBSİ-dən daxil olmuş 3611-01/11 №li 21.09.2020-ci il tarixli məktuba poliklinika tərəfindən 386 №li 23.09.2020-ci il tarixdə cavab məktubu göndərilmişdir. Hal-hazırda sahə həkimi tərəfindən ailənin həmin ünvanda olmadığı aşkar edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı-İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X12 izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1972-ci ildə doğulmuşdur. 23.02.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 104385 №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, şəhadətnamədə X1 anası kimi İddiaçı Gülhüheyn qızı qeyd olunmuşdur. 25.09.2017-ci il tarixdə “ASAN 1” tərəfindən verilmiş AZE 18701553 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 27.02.2014-cü ildə Bakı şəhərində doğulmuş X5 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən 12 №li uşaq poliklinikasına ünvanlanmış 2137 №li 07.07.2017-ci il tarixli məktubda sonuncu tərəfindən göndərilmiş 07.07.2017-ci il tarixli göndərişə cavab olaraq bildirilmişdir ki, 27.02.2014-cü il təvəllüdlü X4 07.07.2017-ci il tarixdə müayinə olunmuş və ona “Uşaq autizmi F84.0” diaqnozu qoyulmuşdur. 12 №li uşaq poliklinikası tərəfindən X5 barəsində 05 avqust 2020-ci il tarixli 2704003AAA8M saylı göndərişlə göndərilmiş № 088 saylı göndəriş əsasında aparılmış qiymətləndirilmənin nəticəsi olaraq, cavabdeh inzibati orqan tərəfindən göndərişin natamam doldurulması-Xəstənin stasionar müalicələrinin tibbi rəyinin mütəxəssis rəyləri ilə dəqiqləşdirilməli olması əsası ilə saqlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilməsindən imtina olunmuşdr. 12 №li uşaq poliklinikası tərəfindən 27.02.2014-cü ildə doğulmuş X5 barəsində 30 sentyabr 2020-ci il tarixli 2714003AABJV saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda göstərilmişdir ki, xəstəlik 27.02.2014-cü il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir. Əsas xəstəlik kimi “F84.0 Uçaq autizmi, Kanner Sindromu” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə F80.0 “Nitq artikulyasiyasının spesfik pozğunluğu. Ağırlaşma F70ş0 “Davranış pozuntusunun olmasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, “Yüngül dərəcəli əqli gerilik”. Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə göstərilmişdir. Həmin arayış əsasında 09.10.2020-ci il tarixdə X5 09.10.2023-cü ilədək saqlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmişdir (Diaqnoz: F84.0 Uşaq autizmi, Kanner sindromu Ağırlaşma F80.0 Nitq artikulyasiyasının spesifik pozğunluğu, Ağırlaşma F70,0 Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə. Əlillik səbəbi: Ümumi xəstəlik. TSEK məlumatlarında xəstəliyin başlanma tarixi kimi 07.07.2017-ci il kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 87/2021 saylı (ekspertizanın başlanma tarixi 16 aprel 2021-ci il, başa çatma tarixi 27 aprel 2021-ci il) rəydən görünür ki, komissiya belə nəticəyə gəlmişdir ki, azyaşlı A.F.Abbasov ilk dəfə 07.07.2017-ci il tarixində 12 saylı Uşaq Poliklinikasında sahə psixiatrı tərəfindən müayinə olunarkən ona “uşaq autizmi-F84.0” diaqnozu qoyulub qeydiyyata götürülmüşdür. A.F.Abbasov “uşaq autizimi-F84.0” diaqnozu qoyulsa da uşağın psixi inkişafı və davranışı 07.07.2017-ci il tarixdə hələ tam formalaşmadığından (Kanner sindromu, yüngül dərəcəli əqli gerilik, nitqi inkişafının ləngiməsi) xəstəliyin yaranma müddəti haqqında hazırda dəqiq fikir söyləmək mümkün olmadı. Belə ki, bu əlamətlər 5-6 yaşda tam formalaşır. Bununla yanaşı qeyd etmək lazımdır ki, sözü gedən xəstəlik qazanılma deyil, ana bətnində yaranan xəstəliklərə aiddir. Hazırda iddiaçı övladı 27.02.2014-cu il təvəllüdlü X3 09.10.2020-ci il tarixdə təyin edilmiş “sağlamlıq imkanları məhdud uşaq” dərəcəsinin 07 iyul 2017-ci il tarixdən müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır (İ bənd). Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ bənd). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən; - Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır (maddə 1.0.2.). - Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (maddə 3.1.). - Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (maddə 3.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş (16.01.2020-ci il tarixədək qüvvədə olmuş) “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.1-ci bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün müraciət edən (yazılı və ya elektron formada) şəxslərin müraciət etdikdən sonra 7(yeddi) iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparılır, xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir. Qaydaların 2.2-ci bəndində göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Qaydaların 2.6-cı bəndində göstərilmişdir ki, bu Qaydaların 2.5-ci bəndinə uyğun olaraq protokolla rəsmiləşdirilmiş göndəriş 2 (iki) iş günü ərzində “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə (bundan sonra - Reyestr) daxil edilməlidir. Qaydaların 2.7-ci bəndində göstərilmişdir ki, göndəriş Reyestrə “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə səhiyyə müəssisəsi rəhbərinin səlahiyyət verdiyi şəxslər tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında daxil edilir. Göndəriş Reyestrə daxil edilən gün şəxsə bu barədə məlumat verilir. 16 yanvar 2020-ci il tarixədək (iddiaçının övladı 27.02.2014-cu il təvəllüdlü X3 əlilliyin təyin olunmasına əsas olmuş xəstəliyin müəyyən olunması zaman qüvvədə olmuş) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilmiş və Əsasnamədə aşağıdakılar qeyd olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 Sosial Ekspertiza və X11 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının övladı 27.02.2014-cu il təvəllüdlü X2 müəyyən olunan “uşaq autizmi-F84.0” diaqnozu ana bətnində yaranan xəstəliklərə aiddir (ekspert rəyinə əsasən); xəstəlik 27.02.2014-cü il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir (poliklinika tərəfindən müayinələr əsasında verilmiş № 088 göndərişə əsasən); iddiaçı ilk dəfə övladına əlilliyin təyin olunması üçün 30.06.2017-ci il tarixdən qeydiyyatda olduqları uşaq poliklinikasına 07.07.2017-ci il tarixdə müraciət etmiş (12 saylı poliklinikanın iddia tələbinə dair yazılı etirazı); 07.07.2017-ci il tarixdə müayinə olunmuş və ona “Uşaq autizmi F84.0” diaqnozu qoyulmuş (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 2137 №li 07.07.2017-ci il tarixli məktubu); 09.10.2020-ci il tarixdə X5 07.07.2017-ci il tarixdə ona təyin olunmuş ““F84.0 Uşaq autizmi, Kanner sindromu Ağırlaşma F80.0 Nitq artikulyasiyasının spesifik pozğunluğu, Ağırlaşma F70,0 Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə” diaqnozu ilə 09.10.2023-cü ilədək saqlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmiş, əlillik səbəbi kimi “Ümumi xəstəlik”, TSEK məlumatlarına əsasən xəstəliyin başlanma tarixi kimi 07.07.2017-ci il qeyd olunmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İşin araşdırılan hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl olunmamış, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, iddiaçının övladına saqlamlıq imkanlarının məhdudluğunun təyin olunması ilə bağlı ilk dəfə 2017-ci ildə müraciət etdiyi nəzərə alınmadan, sonuncuya 09.10.2020-ci il tarixdən saqlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmişdir ki, nəticə də bu onun qanunla qorunan Sosial təmin hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladı 27.02.2014-cü ildə Bakı şəhərində doğulmuş X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 09.10.2020-ci il tarixdən təyin edilmiş “sağlamlıq imkanları məhdud uşaq” dərəcəsinin 07 iyul 2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı övladı 27.02.2014-cü ildə Bakı şəhərində doğulmuş X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 09.10.2020-ci il tarixdən təyin edilmiş “sağlamlıq imkanları məhdud uşaq” dərəcəsinin 07 iyul 2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2388/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2388/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver