Məhkəmə qərarları › İş №2-1(112)-2388/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2388/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2388/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına “prezident təqaüdünün təyin edilməsi və ödənilməsi” iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “prezident təqaüdünün təyin edilməsi və ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı (üçüncü şəxs: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 5 saylı Regional Ərazi Filialı) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, uşaqlıqdan gözdən əlil olduğuna görə İİ dərəcə əlillik pensiyası təyin edildiyi üçün hazırki vəziyyətdə qanunvericiliyə uyğun olaraq şəhid atasına görə ailəsinə verilən və sonradan dayandırılmış Prezident təqaüdünün yenidən təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-174/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul ediməsi” kimi oxunması qərara alınmışdır. Həmçinin, həmin tarixli məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 5 saylı Regional Ərazi Filialının üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. O, xx.xx.1994-cü ildən Tərtər Rayon Mərkəzi X2 «OD göz almasının subatrofiyası. OS yüngül hipermetropiya» diaqnozu ilə oftomoloji kabinetdə dispanser qeydiyyatına alınmış və bu səbəbdən də ona xəstəliyə görə əlillik, o cümlədən xx.xx.2016cı ildən ümumi xəstəliyə görə İİ dərəcəli gözdən əlillik təyin edilmişdir. Lakin, iddiaçı əlil olduqdan sonra onun atası X11 oglu xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş və o vxtdan da ailəsi şəhid ailəsi statusu almışdır. Həmin vaxtı ailəsindən yalnız anası X4 şəhid ailəsi statusu daşımasına dair şəhidlik vəsiqəsi verilmiş, lakin sağlamlıq imkanları məhdud şəxs olduğuna baxmayaraq ona həmin vəsiqə verilməmişdir. Bu səbəbdən də anası həmin vəsiqəni aldığı vaxtdan vəfat etdiyi xx.xx.2019-cu ilədək qanunvericiliyə uygun olaraq hər ay atasına görə verilmiş şəhid pulunu almış, lakin anasının vəfat etdiyi 2019-cu ilin dekabr ayından sonra ailəsinə verilən həmin şəhid pulunun verilməsi dayandırılmışdır. Hesab edir ki, bu qanuna ziddir. Çünki iddiaçı uşaqlıqdan (13 yaşından) gözdən əlil olduğu və bununla əlaqədar ona İİ dərəcə əlilik pensiyası təyin edildiyi üçün hazırki vəziyyətdə qanunvericiliyə uyğun olaraq şəhid atasına görə ailəsinə verilən və sonradan dayandırılmış Prezident təqaüdü ona təyin edilməlidir. Belə ki, onun əlilliyi 27 yaşında müəyyən edilməsinə baxmayaraq, həmin əlillik sonradan qazanılmış deyil, 13 yaşı tamam olduğu tarixdən mövcud olduğundan, həmçinin o, gözdən əlil olaraq işləmədiyi üçün şəhid təqaüdü ilə dolandığından, hal-hazırda həmin şəhid təqaüdünə maddi ehtiyacı olduğundan cavabdehin üzərinə öhdəliklərin qoyulmasını tələb etməkdə haqlıdır. Ona görə də bu barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin ona ünvanlandırdığı xx.xx.2021-ci il tarixli, **********7 №-li məktubunda ona əlilliyini təsdiq edən VTEK sənədinin ona 18 yaşında deyil, 27 yaşında təqdim edildiyi səbəbindən atasının şəhid olması ilə əlaqədar Şəhid təqaüdünün təyin olunmasının qanuna müvafiq olmadığı bildirilmişdir. Ona görə də cavabdehin məktubunu qanunsuz və əsassız hesab edərək bildirir ki, cavabdehin hərəkətləri ilə onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 07 iyun 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından aydın olur ki, ona şəhid ailələri üçün nəzərdə tutulmuş prezident təqaüdünün ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət etmiş, iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraatın nəticəsi olaraq 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar şəhid ailə üzvü hesab edildiyindən, İddiaçı isə ilkin əlillik 27 yaşında müəyyən olunduğuna görə ona şəhid ailəsi üçün nəzərdə tutulmuş prezident təqaüdünün ödənilməsi barədə inzibati aktın qəbul edilməsi mümkün olmamışdır. Bundan sonra, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “şəhid ailələri üçün nəzərdə tutulmuş prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, cavabdeh inzibati orqanın İddiaçı barədə qəbul etdiyi əlverişsiz inzibati akt əsaslıdır və iddiaçının sözügedən iş üzrə iddia tələbi təmin olunmamalıdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar əlilliyi olan şəxs kimi səciyyə olunurlar. Əlilliyin müəyyən edilməsi, şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. Həmin qanunun 3.1-ci maddəsinə görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin qanunun 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1 1.1-ci bəndinə görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bənd 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.4 strukturuna daxıl olan tibbisosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək; Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.2 müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3 əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək; 3.2.5 tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 nömrəli qərarının 1-ci bəndinə əsasən, bu qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Həmin qərarın 2.3-cü bəndinə görə, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına (ailə üzvlərinə) təyin edilir. İş materiallarından məlum olur ki, İddiaçı üçüncü qrup ilkin əlillik dərəcəsi xx.xx.1994-cü il tarixdə (27 yaşında) verilmişdir. Odur ki, iddiaçıya "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin olunması üçün şəhidin 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaq olmadığı üçün o, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 nömrəli qərarına əsasən şəhid ailə üzvü əhatə dairəsinə daxil edilmir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- xx.xx.1967-ci il təvəllüdlü İddiaçı AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti. - Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qaraağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ailə tərkibi haqqında 603 nömrəli xx.xx.2021-ci il tarixli arayışı. - Şəhid statusunun verilməsi barədə 114 №-li xx.xx.1996-cı il tarixli qərarın notarial qaydada təsdiq edilmiş surəti. - AZ-İİ 047894 №-li Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti. - ******* №-li Hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 166 №-li arayışı. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 5 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli arayışı. - İddiaçı məxsus 138064 №li vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2021-ci il tarixli **********7 nömrəli imtina məktubu. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2021-ci il tarixli **********1 nömrəli imtina məktubu ilə məhkəməyə göndərilmiş İddiaçı təqaüd işi ilə bağlı inzibati icraat materiallarının surəti. - məhkəmənin sorğusuna cavab olaraq Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təqdim etdiyi 2196 nömrəli xx.xx.2021-ci il tarixli məktub. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktub və ona qoşma olan sənədlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana hazırkı tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, iddiaçıya ilkin əlillik 27 yaşında müəyyən olunmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təqdim etdiyi 2196 nömrəli xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-cı il tarixdə X9 adına Milli Oftalmologiya Mərkəzinin “Uşaq” şöbəsində (X9 adına Elmi -X7 İnstitutu) stasionar müalicədən evə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 166 №-li arayışından görünür ki, 1967-ci il təvəllüdlü İddiaçı Tərtər RHK qərarı ilə “Xəstəliklər cədvəli”nin 1-cı qrafasının 92 maddəsinin “b” bəndinə əsasən 30.04 1985-ci il tarixdə “Dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Təkrar tibbi müayinədə Tərtər RHK qərarı ilə “Xəstəliklər cədvəli”nin 1-ci qrafasının 30 maddəsinin "b” bəndinə əsasən xx.xx.1997-ci il tarixdə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. xx.xx.1985-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsində qeydiyyatdadır. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktuba əlavə edilmiş iddiaçıya dair “Əlillik” altsistemindən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə ilk dəfə bir il müddətinə əlillik dərəcəsi, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya ilkin olaraq əlillik dərəcəsi xx.xx.1994-cü il tarixdə, yəni 27 yaşında təyin edilsə də, həmin əlilliyin təyin edilməsinə əsas olan sənəddə 18 yaşınadək (uşaqlıqdan) əlil (sağlamlıq imkanlarının məhdud olması) olması göstərilmişdir. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı atası X5 xx.xx.1994-cü il tarixdən şəhid statusu verilmişdir. İş materiallarından görünür ki, İddiaçı anası xx.xx.2019-cu il tarixdə ölmüşdür. Hazırkı iş üzrə iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun təsdiq edilməsi 18 yaşına çatdıqdan sonra, yəni 27 yaşına təsadüf etsə də, iş materialları ilə onun uşaqlıqdan qüsurlu olması təsdiq edilir, sadəcə əlil statusunun ona verilməsi 27 yaşında rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya şəhid atasına görə ailəsinə verilən və sonradan dayandırılmış təqaüdün verilməsindən imtina olunması əsassızdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi” Qaydalarının 1-ci bəndinə əsasən bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Həmin Qaydaların 7-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Həmin Qaydaların 8-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun təsdiq edilməsi 18 yaşına çatdıqdan sonra, yəni 27 yaşına təsadüf etsə də, onun uşaqlıqdan sağlamlıq imkanları məhdudu olması (əlil), sadəcə əlil statusunun ona verilməsi 27 yaşında rəsmiləşdirilməsi, həmçinin iddiaçının şəhid ailəsi olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar