Məhkəmə qərarları › İş №2-1(112)-2389/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2389/2020

20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2389/2020 20.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 idarəsinin nümayəndəsi və vəkili-X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 idarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 idarəsinə (bundan sonra mətndə DSMF X3 idarəsi) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 (əlli yeddi) yaşının tamam olduğu xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx xxxx 2018-ci ildən qərar icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1961-ci ildə doğulmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək tikinti idarəsində elektrik montaj üzrə işçi peşəsində işləmiş, xx.xx.1979-cu ildə hərbi xidmətə getməsi ilə bağlı işdən azad edilmişdir. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə N saylı hərbi hissədə istilik mühəndisliyi və mexaniki cihazlar (nəzarət) şöbəsinə usta qəbul edilmiş, xx.xx.1982-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə Cənub Rayon Dəniz Neft Donanmasının “xxxx” gəmisinə şagird matros peşəsinə işə qəbul olunmuş, xx.xx.1982-ci ildə həmin gəmiyə 2-ci dərəcəli matros, xx.xx.1984-cü ildə “Ağdərə-6” gəmisinə 1-ci dərəcəli matros, xx.xx.1987ci ildə m/k 1683 gəmisinə kapitanın böyük köməkçisi keçirilmişdir. xx.xx.1988-ci ildə işlədiyi Donanma və digər qurumlar “X8” idarəsi kimi yenidən təşkil edilmişdir. xx.xx.1991ci ildə b/k “Cənub-16” gəmisinə müvəqqəti kapitan, xx.xx.1991-ci ildə “Qaradağ-11” gəmisinə kapitan keçirilmişdir. Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə cənub ekspedisiya dəstəsi-Dəniz neft donanmasının cənub idarəsi adlandırılmışdır. xx.xx.1997ci ildə “Z.Vəliyev” gəmisinə kapitanın böyük köməkçisi keçirilmiş, xx.xx.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1998-ci ildə ARDNŞ “X11 Çeofiziki Kəşfiyyat” idarəsində “Seysmorazvedçik” ETG-nə kapitanın birinci köməkçisi, xx.xx.1998-ci ildə həmin gəminin müvəqqəti kapitanı, xx.xx.1998-ci ildə “Seysmorazvedçik” ETG-yə kapitanın birinci köməkçisi, xx.xx.1999-cu ildə “Geofizik-2” gəmisinə kapitanın birinci köməkçisi, xx.xx.2001-ci ildə “Geofizik-2” gəmisinə müvəqqəti kapitan, xx.xx.2002-ci ildə “Geofizik-2” gəmisinə kapitanın böyük köməkçisi keçirilmişdir. Onun işlədiyi idarə xx.xx.2006-cı ildə digər idarələrdə birləşib, “Geofizika və Geodeziya” idarəsinin tabeçiliyində “Kəşfiyyatgeofizika” idarəsi adlandırılmışdır. xx.xx.2008-ci ildə “Geofizik-1” gəmisinə kapitanın böyük köməkçisi, xx.xx.2008-ci ildə “Geofizik-1” gəmisinə kapitan keçirilmiş və xx.xx.2010-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2010-cu ildə “Caspian Marine Services” LTD şirkətinə “Xudafərin” sərnişin gəmisinin İİ heyətinə gəmi kapitanı keçirilmiş və xx.xx.2010-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2011-ci ildə “Caspian Marine Services” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına “Xudafərin” sərnişin gəmisinin İİ heyətinə gəmi kapitanı keçirilb və xx.xx.2017-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2017-ci ildə “Geofizik” gəmisinə 13-cü dərəcəli kapitan keçirilmiş, xx.xx.2018-ci ildə həmin işdən azad edilmişdir. xx.xx.2018-ci ildə “Caspian Marine Services” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına “Araz”sərnişin gəmisinin gəmi kapitanı, xx.xx.2018-ci ildə “Xudafərin” sərnişin gəmisinə gəmi kapitanı keçirilmiş və hazırda işləyir. Eyni zamanda o, 1984-cü ildə SSSR Dəniz Donanması Nazirliyinin Bakı Dənizçilik məktəbinə daxil olmuş, xx xxxx 1987-ci ildə ona mexanik gəmi sürücüsü peşəsi verlmişdir (İT 801082 saylı diplom). Onun xx.xx.1978-ci ildən hal-hazıradək hansı idarə və təşkilatlarda işləməsi, təhsil alması və hərbi xidmət keçməsi işə əlavə edilmiş əmək kitabçası, diplom və hərbi bilet ilə tam təsdiq edilir. Onun zərərli iş şəraitində işləməklə hələ xx.xx.2006-cı il tarixə 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajı vardır. Eləcə də, güzəştli işlərdə işləməsi barədə arxiv arayışı da vardır. xx xxxxxxx 2019-cu il tarixdə güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdehə müraciət edilmişdir. Cavabdeh inzibati orqanın xx xxxxxx 2019-cu il tarixli cavab məktubi ilə ərizə təmin olunmamışdır. Cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, onun pensiya hüquqlarını məhdudlaşdırır. Cavabdeh DSMF X3 idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-cı il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin sıyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-cı il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının zəruri staja malik olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının 1982-ci ildən 2006-cı ilədək işləmiş olduğu peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 2-ci siyahısına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 28-ci fəslinin (“Nəqliyyat”) 3-cü bölməsinin (“Dəniz və çay donanması”) 1-ci bəndində (“Üzən heyət”) deyilir: “Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)”. Misal üçün iddiaçının işləmiş olduğu “xxxx” gəmisi “sərnişin, sahilboyu” kateqoriyasına aiddir. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili-X4 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; xx.xx.2011-ci ildə Bakı-Nizami RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq və tərcümə edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və xx.xx.1981-ci ildə Əzizbəyov RHKda qeydiyyata alınması tapşırılmışdır. İT seriyalı 801082 nömrəli diplomun notarial qaydada təsdiq və tərcümə edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 1984-cü ildə SSRİ Dəniz Donanması Nazirliyinin Bakı Dənizçilik məktəbinə daxil olmuş və 1987-ci ildə adı çəkilən məktəbin dəniz gəmiçiliyi üzrə tam kursunu bitirmişdir. Dövlət ixtisas komissiyasının xx xxxx 1987-ci il tarixli qərarı ilə, ona mexanik gəmi sürücüsü peşəsi verilmişdir. Notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı ******* nömrəli xx.xx.1978-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1978-ci ildə “Azəlvanmetaltəmirtikinti” Trestinin Bakı Xüsusi X5 elektrik montaj üzrə birinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə ona ikinci dərəcəli elektrik montajçı ixtisası verilmişdir. xx.xx.1979-cu ildə ordu sıralarına çağırışı ilə bağlı işdən azad edilmişdir. xx.xx.1982-ci ildə N saylı hərbi hissədə istilik mühəndisliyi və mexaniki cihazlar (nəzarət) şöbəsinə usta qəbul edilmiş, xx.xx.1982-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə Cənub Rayon Dəniz Neft Donanmasının “xxxx” gəmisinə matros şagirdi peşəsinə işə qəbul olunmuş, xx.xx.1982-ci ildə həmin gəmiyə 2-ci dərəcəli matros, xx.xx.1984-cü ildə “Ağdərə-6” gəmisinə 1-ci dərəcəli matros təyin edilmiş, xx.xx.1987-ci ildə m/k 1683 gəmisinə kapitanın birinci köməkçisi vəzifəsinə keçirilmişdir. Neft Sənayesi Nazirliynin xx.xx.1988-ci il tarixli 220 saylı əmrinə əsasən Dəniz Neftqaz donanmasının cənub rayon idarəsi, xəzər neft qaz donanması idarəsi sualtı texniki işləri və dəniz əqliyyatı üzrə Cənubi ekspedisiya dəstəsi “X8” idarəsi kimi yenidən təşkil edilmişdir. xx.xx.1991-ci ildə b/k “Cənub-16” gəmisinə müvəqqəti kapitan, xx.xx.1991-ci ildə “Qaradağ-11” gəmisinə kapitan keçirilmişdir. Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə cənub ekspedisiya dəstəsi-Dəniz neft donanmasının cənub idarəsi adlandırılmışdır. xx.xx.1997-ci ildə “Z.Vəliyev” gəmisinə kapitanın böyük köməkçisi keçirilmiş, xx.xx.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1998-ci ildə ARDNŞ “X11 Çeofiziki Kəşfiyyat” idarəsində “Seysmorazvedçik” ETG-nə kapitanın birinci köməkçisi, xx.xx.1998-ci ildə həmin gəminin müvəqqəti kapitanı, xx.xx.1998-ci ildə “Seysmorazvedçik” ETG-yə kapitanın birinci köməkçisi, xx.xx.1999-cu ildə “Geofizik-2” gəmisinə kapitanın birinci köməkçisi, xx.xx.2001-ci ildə “Geofizik-2” gəmisinə müvəqqəti kapitan, xx.xx.2002-ci ildə “Geofizik-2” gəmisinə kapitanın böyük köməkçisi keçirilmişdir. AR DNŞ-nin xx.xx.2006-cı il tarixli 15 №li əmrinin 2.1-ci bəndinə əsasən “Xəzərdənizneftgeofizikkəşfiyat” və “Azərneftgeofizika” trestləri birləşdirilib “Geofizika və Geodeziya” idarəsinin tabeçiliyində “Kəşfiyyatgeofizika” idarəsi adlandırılmışdır. xx.xx.2006-cı il tarixdə “Kəşfiyyatgeofizika” idarəsi “Geofizik-2” ETB-nə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilib. xx.xx.2008-ci ildə “Geofizik-1” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilib, xx.xx.2008-ci il tarixdə əmək müqaviləsinə xitam verilib, xx.xx.2008-ci ildə “Geofizik-1” gəmisinə kapitan vəzifəsinə qəbul edilmiş və xx.xx.2010-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2010-cu ildə “Caspian Marine Services” LTD şirkətinə “Xudafərin” sərnişin gəmisinin İİ heyətinə gəmi kapitanı rütbəsinə əsasən işə qəbul edilmiş və xx.xx.2010-cu ildə işdən azad edilmişdir. xx.xx.2011-ci ildə “Caspian Marine Services” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına “Xudafərin” sərnişin gəmisinin İİ heyətinə gəmi kapitanı rütbəsinə qəbul edilmiş və xx.xx.2017-ci ildə işdən azad edilmişdir. xx.xx.2017-ci ildə “xxxx” QSC X11 Donanmasının “Geofizik” gəmisinə 13-cü dərəcəli kapitan keçirilmiş, xx.xx.2018-ci ildə həmin işdən azad edilmişdir. xx.xx.2018-ci ildə “Caspian Marine Services” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına “Araz”sərnişin gəmisinin gəmi kapitanı vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci ildə “Xudafərin” sərnişin gəmisinə gəmi kapitanı keçirilmişdir. “xxxx” QSC X11 Donanması tərəfindən verilmiş EN 01/02-648 №li xx.xx.2019-cu il tarixli arxiv arayışında göstərilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1982-ci ildə Cənub Rayon Dəniz Neft Donanmasının “xxxx” gəmisinə şagird matros peşəsinə (xx.xx.1982-ci il tarixli 185-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1982-ci ildə həmin gəmiyə 2-ci dərəcəli matros (xx.xx.1982-ci il tarixli 231-k nömrəli əmr), xx.xx.1984-cü ildə m/k “Ağdərə-6” gəmisinə 1-ci dərəcəli matros (xx.xx.1984-cü il tarixli 217-k nömrəli əmr), xx.xx.1987-ci ildə isə m/k “1683” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə (xx.xx.1987-ci il tarixli 201-k nömrəli əmr), xx.xx.1991-ci ildə b/k “Cənub-16” gəmisinə müvəqqəti kapitan (xx.xx.1991-ci il tarixli 218-k nömrəli əmr), xx.xx.1997-ci ildə isə “Z.Vəliyev” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə (xx.xx.1997-ci il tarixli 41-k nömrəli əmr) keçirilmişdir. xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) (xx.xx.1998-ci il tarixli 18-k nömrəli əmr) işdən azad edilmişdir. xx.xx.2008-ci ildə “Geofizik-1” gəmisinə kapitan vəzifəsinə (xx.xx.2008-ci il tarixli 28-k nömrəli əmr) işə qəbul edimişdir. xx.xx.2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) (xx.xx.2010-cu il tarixli 27-k nömrəli əmr) işdən azad edilmişdir. xx.xx.2017-ci ildə “Geofizik” gəmisnə 13-cü dərəcəli kapitan vəzifəsinə (xx.xx.2017-ci il tarixli 627-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2018-ci il tarixli 968-k nömrəli əmr) işdən azad edilmişdir. Şəxsi iş: № 192. Yuxarıda adı çəkilən gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2. “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdəniznefdonanma” idarəsi xx.xx.2007-ci ildən X11 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixi 2143 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X2 və X11 Donanmasının yenidən təşkili yolu ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********8 imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəqliyyat bölməsinin (21) dəniz, çay donanmasının üzən heyəti (b) (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) yarımbəndində (21.2) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. İddiaçı tərəfindən İdarəyə təqdim edilmiş xx xxxxxxxx 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında işlədiyi gəmilərin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirlmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; “xxxx” QSC X11 Donanmasının xx xxxx 2020-ci il tarixli TQ 01/02-357 №li məktubu ilə məhkəməyə göndərilmiş Mİ 01/02-134 №li xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı Qiorqiyeviçin tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDNDnin gəmilərinə aiddir. İşlədiyi “Ağdərə-6”, “Cənub-16”, “xxxx” gəmiləri liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət şəhərətrafı, şəhərdaxili yol gəmilərinə aid deyildir və Neft Şirkətinin dəniz obyektlərinə (Neft daşları, Çilov adası, Pirallahı adası və s.) xidmət etmişdir. İddiaçı Qiorqiyeviçin işlədiyi “Ağdərə-6”, “Cənub-16” və “xxxx” gəmiləri Cənub Rayon Dəniz X7 (CRDNDİ) tərkibində olub və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (AR DNŞ) “X11 Donanmasının strukturunun təkmilləşdirilməsi haqqında” 105 nömrəli xx.xx.2012-ci il tarixli əmrinə əsasən ləğv edilərək, hüquq və öhdəlikləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada XDND-nin Abşeron Rayon Dəniz X7 (ARDNDİ) tərkibinə ötürülmüşdür. Daha sonra 2014-cü ildə Abşeron Rayon Dəniz X9 ləğv edilərək, X11 Donanmasının tərkibinə daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X2 və X11 Donanmasının yenidən təşkili yolu ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. “xxxx” QSC tərəfindən məhkəməyə ünvanlanmış MC 02/02-148 №li xx xxxx 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2013cü il 22 oktyabr tarixli 6 nömrəli və xx xxxxxx 2014-cü il tarixli 213 nömrəli Sərəcamlarına əsasən Azərbaycan Dövlət X2 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinn (SOCAR) X11 Donanmasının (XDND) yenidən təşkili yolu ilə ASCO yaradılmış və həmin müəssisələrin əmlakı, o cümlədən hüquq və öhdəlikləri ASCO-ya ötürülmüşdür. ASCO yaradıldıqdan sonra hüquqi şəxs olmuş SOCAR XDND-nin əvəzinə neft qaz sənayesinə xidmət göstərmək məqsədilə eyniadlı (X11 Donanması) hüquqi şəxs statusuna malik olmayan təşkilat yaradılmışdır. SOCAR XDND-nin balansından hüquqi varislik qaydasında ASCO-nun balansına ötürülmüş müvafiq gəmilər ASCO XDND-nin istifadəsinə verilmişdir. “Ağdərə-6”, “Cənub-16” və “xxxx” gəmiləri hüquq və öhdəlikləri ASCO-ya ötürülən SOCAR XDND-nin balansında olmuşdur. Qeyd olunan gəmilər istifadəyə yararsız vəziyyətə düşdüyü üçün qanunvericiliklə müəyyən edilmiş qaydada silinmişdir. Belə ki, “Ağdərə”, “Cənub-16” gəmilərixx.xx.2006-cı il tarixli, “xxxx” gəmisi xx.xx.2013-cü il tarixli müvafiq əmrlərlə balansdan silinərək ləğv edilmişdir. Həmin gəmilər “daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri” kateqiriyasına aid deyildir. Onlar sahildən 20 mil məsafəyə qədər üzən dəniz donanma gəmiləri hesab olunurlar və fəaliyyət göstərdikləri dövrdə SOCAR-ın dəniz obyektlərinə (Neft daşları, Çilov adası, Pirallahı adası və s.) xidmət göstərmişdirlər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 27 (iyirmi yeddi) il, 20 (iyirmi) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək xüsusi iş stajı olmamışdır (iddiaçı tərəfindən İdarəyə təqdim edilmiş xx xxxxxxxx 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında işlədiyi gəmilərin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Nəqliyyat” XXVİİİ fəsil (kod 23000000, fəsil); Dəniz və çay donanması- bölmə 3 (kod 23003000); 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod 23003010). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının işlədiyi “Ağdərə- 6”, “Cənub-16”, “xxxx” gəmiləri liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət şəhərətrafı, şəhərdaxili yol gəmilərinə aid deyildir və onlar dəniz donanma gəmiləri hesab olunurlar. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, yəni 23 (iyirmi üç) il, 2 (iki) ay güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2018-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (xx xxxx 2017ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə onuda qeyd edir ki, hazırkı qərar əsasında hesablanmalı olan məbləğ iddiaçıya ödənilməlidir və bu zaman həmin ödənişin hissə-hissə aparılması mümkünlüyü yalnız tərəflərin qarşılıqlı razılığı və ya məhkəmənin müvafiq qərarına əsasən müəyyən edilə və həyata keçirilə bilər. Odur ki, məhkəmə ödənilməmiş fərqin birdəfəlik ödənilməli olmasının xüsusi göstərilməsini məqsədəuyğun hesab etmir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyasının hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X3 İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyasının hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X3 İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar