Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2389/2023 03.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********8 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərmişdir ki, Mərkəzi Filiala təqdim edilən xx.xx.1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 185787 nömrəli arayışında xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Mincivan stansiyasında teplovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filial tərəfindən dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd edilən dövr ərzində işləməyinə dair hər hansı məlumat arxiv sənədlərində öz əksini tapmamışdır. Qeyd olunan faktlar "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixli akt ilə birgə təsdiq edilmişdir. Bu səbəbdən də onun ümumi iş stajı xx.xx.2006-cı il tarixinədək 25 ildən az (15 il 5 ay 27 gün (xx.xx.1980xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1993-cü il və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 4 ay 19 gün (xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1989-cu il və xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun güzəştli iş stajı, ümumilikdə, 25 il 11 ay təşkil edir. Bu faktı təsdiq edən "xxxx" QSC tərəfindən arayış verilmişdir. Belə ki, xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək teplovoz maşinist köməkçisi (dublyor), xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək teplovoz maşinist köməkçisi (sərbəst), xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək teplovoz maşinist köməkçisi (dublyor), xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək teplovoz maşinist köməkçisi (sərbəst), xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək teplovoz maşinist köməkçisi (dublyor), xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixinədək teplovoz maşinist köməkçisi (sərbəst), xx.xx.1990-cı il tarixindən xx.xx.1993cü il tarixinədək teplovoz maşinisti (sərbəst), Mincivan stansiyasında xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək teplovoz maşinisti vəzifəsində işləmişdir. Bu fakt ИТ- İ seriyalı ******* nömrəli əmək kitabçasında öz əksini tapmışdır. Həmçinin o, müharibə veteranıdır. Bunu onun veteranlıq vəsiqəsi təsdiq edir. 10 ay müddətində (hərbi biletində qeyd edilib-xx.xx.1993-xx.xx.1993-cü illər) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə sığorta stajına hesablanır. Odur ki, 10 ay ikiyə vurulmaqla 1 il 8 ay onun ümumi sosial sığorta stajı olan 25 il 11 ayın üzərinə gəlməlidir. Nəticədə 27 il 7 ay alınır. İşlədiyi peşələr AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İşləməzdən öncə o, xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Teplovozun maşinist köməkçisi” ixtisası üzrə əyani təhsil almışdır. Bu fakt Təhsil Nazirliyi tərəfindən verilmiş D419096 saylı diplomda əks olunmuşdur. Bundan əlavə o, 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Bu faktı H3 ******* saylı hərbi biletin surəti təsdiq edir. Təhsil aldığı illəri və əmək faəliyyətini nəzərə alaraq xx.xx.2006-cı il tarixinədək olan stajı 25 il 01 ay 29 gün təşkil edir ki, həmin müddətin də 20 il 03 ay 26 gününü əmək şəraiti xüsusilə ağır və zərərli olan işlərdə çalışmışdır. Cavabdeh əmək stajının hesablanması zamanı xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı Mincivan stansiyasında teplovoz maşinisti işlədiyi dövrü nəzərə almamışdır. Buna səbəb kimi isə həmin dövr ərzində işləməyini təsdiq edən hər hansı məlumatın arxiv sənədində öz əksini tapmadığını bildirmişdir. Halbuki Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü ilə əlaqədar olaraq Mincivan ərazisindəki iş yerindən İmişli rayonuna köçürülmüşlər. Bu zaman arxiv sənədlərinin itirilməsi və yaxud məhv olması onun məsuliyyətində deyil. Bundan əlavə, xx.xx.1993-xx.xx.2003-cü il tarixlərində teplovoz maşinisti vəzifəsində çalışma faktını həm əmək kitabçası, həm də "xxxx" QSC tərəfindən verilən arayış təsdiq edir. Cavabdeh xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan onun müraciətini tam təmin etməmiş, buna görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, ƏPQ-nin 9.8-ci maddəsinin tələbinə əsasən 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşdə olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus Д seriyalı 419096 nömrəli, xx.xx.1983-cü il tarixli diplomun surətindən görünür ki, o, 01 sentyabr 1980-cı ildə Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 25 iyul 1983-cü ildə teplovozun maşinist köməkçisi peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. İmtahan komissiyasının qərarı ilə İddiaçı teplovozun təmiri üzrə üçüncü dərəcəli çilingər ixtisası verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli 288 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1980-ci il tarixində indiki Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (keçmiş 2 nömrəli Peşə Məktəbi) "Teplovozun maşinist köməkçisi" ixtisas qrupuna daxil olmuş və xx.xx.1983-cü il tarixində həmin məktəbi əyani formada bitirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ona D № 419096 saylı diplom verilmişdir. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01 sentyabr 1980-cı il tarixdən 25 iyul 1983-cü il tarixədək Bakı şəhər 2 saylı peşə texniki məktəbində teplovoz maşinisti köməkçisi peşəsi üzrə təhsil almışdır. xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan dəmir yolu Culfa Lokomotiv deposunda teplovoz maşinisti köməkçisi dublyoru, teplovoz maşinisti köməkçisi vəzifələrində işləmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan dəmir yolu Culfa Lokomotiv deposunda teplovoz maşinisti köməkçisi vəzifəsində işləmişdir. xx.xx.1989-xx.xx.1989-cu il tarixlərdə Azərbaycan dəmir yolu Bakı texniki məktəbində teplovoz maşinisti kursunda təhsil almışdır. xx.xx.1990-xx.xx.1993-cü il tarixlərdə Azərbaycan dəmir yolu Culfa Lokomotiv deposunda teplovoz maşinisti köməkçisi dublyoru, teplovoz maşinisti köməkçisi, teplovoz maşinisti vəzifələrində işləmişdir. xx.xx.1993-xx.xx.2003-cü il tarixlərdə Azərbaycan SSR İmişli lokomotiv deposu Mincivan stansiyasının dəyişdirmə məntəqəsinin teplovoz maşinisti vəzifəsində, xx.xx.2003xx.xx.2006-cı illərdə “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatında quraşdırıcı vəzifəsində işləmişdir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti... Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İstinad edilən normalara əsasən iddiaçının hərbi xidmət, təhsil dövrü və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, İddiaçı xx.xx.2006-cı il tarixə 25 il 0 ay 14 gün ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərti ödəyir. İşdən görünür ki, cavabdeh iddiaçının işlədiyi bu dövrlərdən onun xx.xx.1993xx.xx.2003-cü il tarixlərdə Azərbaycan SSR İmişli lokomotiv deposu Mincivan stansiyasının dəyişdirmə məntəqəsində teplovoz maşinisti vəzifəsində işlədiyi dövrü qəbul etməmiş, buna görə də iddiaçının xx.xx.2006-cı ilə ümumi stajının 25 ildən az, 15 il 5 ay 27 gün olmasına istinad edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh bu zaman "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş birgə akta əsaslanmışdır. İş materiallarında olan həmin aktdan görünür ki, İddiaçı xx.xx.1993-xx.xx.2003-cü illər ərzində Mincivan yol sahəsində işlədiyinə dair ümumi və xüsusi iş stajı barədə sığorta stajına daxil edilən ümumi stajı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajı yerində əsaslı sənədlərlə qarşılıqlı araşdırılmış, müəyyən edilmişdir ki, sığortaolunan İddiaçı qeyd edilən dövr ərzində işləməsi sənədlərlə təsdiq edilməmişdir. Göründüyü kimi, aktda iddiaçının Mincivan yol sahəsində işləməməsi faktı deyil, bununla bağlı sənədlərin olmaması müəyyən edilmişdir. Bu, işin mübahisəsiz halıdır. Belə ki, həm istinad edilən aktdan, həm də məhkəmənin verdiyi sorğulara cavab olaraq İmişli rayon Dövlət Arxivi, NMR Dövlət Arxiv İdarəsinin, "xxxx" QSC-nin məktublarından müvafiq olaraq İmişli rayon Lokomatv Deposunun və Mincivan stansiyasının sənədlərinin dövlət arxivinə və QSC-nin arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Lakin müvafiq sənədlərin olmaması hələ iddiaçının həmin dövrdə işləməməsi anlamına gəlmir. Belə ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik, şəxsin iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasını nəzərdə tuturdu. Məhkəmə qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İddiaçının 1993-2003-cü illərdə işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir hal olmadığı halda onları qəbul etməmiş, yalnız həmin müəssisənin arxiv sənədlərinin olmamasına istinad etmişdir. Halbuki işdən görünür ki, iddiaçının xx.xx.1993-xx.xx.2003-cü illərdə işlədiyi dövr əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müvafiq səlahiyyətli şəxsin imzası və müəssisənin möhrü ilə təsdiq edilmiş, sonradan iddiaçının işlədiyi müəssisələr barədə qeydlər mübahisəli qeydlərdən sonra yazılmış, tarix ardıcıllığı pozulmamışdır. O da qeyd edilməlidir ki, müəssisənin arxiv sənədlərinin mövcud olmaması iddiaçının ziyanına şərh oluna bilməz. Çünki arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Həmin Qərarla təsdiq edilmiş Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalarının 4 və 5-ci hissələrinə əsasən qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin fəaliyyəti nəticəsində yaranan və daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir. Qeyri-dövlət idarə, təşkilat və müəssisələri öz arxiv sənədlərini saxlamaq üçün əlverişli bina və otaqlar ayırmalı, sənədlərin mühafizəsi üçün tam məsuliyyət daşımalı, məsul şəxslər təyin etməlidir. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək). Bundan başqa, işdə olan Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən verilmiş 36 nömrəli vəsiqədən görünür ki, iddiaçının 1999-cu ildə Mincivanda maşinist işləməsi ilə bağlı ona vəsiqə verilmişdir. Beləliklə, işin istinad edilən hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1993-xx.xx.2003-cü illər ərzində Mincivan yol sahəsində işləməsi barədə qeydin şübhəli olması iş materialları ilə təsbit olunmur, buna görə də həmin dövrü cavabdehin qəbul etməməsi qanunsuz olmuşdur. Belə olan halda müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq iş stajı olmuş, o birinci tələbi ödəmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan "xxxx" QSC-nin 198992 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı ondan ötrü ki, o, həqiqətən "xxxx"nın Culfa lokomotiv deposunda xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək teplovoz maşinist köməkçisi (dublyor), xx.xx.1983cü il tarixindən xx.xx.1983-cü il tarixinədək teplovoz maşinist köməkçisi (sərbəst), xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək teplovoz maşinist köməkçisi (dublyor), xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək teplovoz maşinist köməkçisi (sərbəst), xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək teplovoz maşinist köməkçisi (dublyor), xx.xx.1990-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək teplovoz maşinist köməkçisi (sərbəst), xx.xx.1990-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək teplovoz maşinisti (sərbəst), Mincivan stansiyasında xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək teplovoz maşinisti, Ə.Ə.Cəfərov adına Biləcəri lokomotiv deposunda xx.xx.2013-cü il tarixindən xx.xx.2013-cü il tarixinədək teplovoz maşinist köməkçisi (dublyor), xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək teplovoz maşinist köməkçisi (sərbəst), xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək teplovoz maşinisti (dublyor), xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək teplovoz maşinisti (sərbəst), xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək teplovoz maşinisti köməkçisi, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək teplovoz maşinisti, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək müvəqqəti maşinist təlimatçısı, xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək teplovoz maşinisti, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək maşinist təlimatçısı peşələrində çalışmışdır. xx.xx.2021-ci il tarixindən hal-hazıra kimi "Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları departamentinin Manevr lokomotivlərinin istismarı xidmətinin Biləcəri manevr lokomotivlərinin istismarı deposunun Lokomotivlərin istismarı sahəsinin maşinist təlimatçısı peşəsində çalışır. Bu peşələr üzrə İddiaçı iş stajı 26 il 25 gün təşkil edir. Teplovoz maşinist köməkçisi, teplovoz maşinisti və təlimatçı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndinə müvafiq olaraq 6,12,13,16 və 26-cı abzaslarında, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda isə 28ci bölmənin müvafiq olaraq 7,13 və 23-cü abzaslarında (kod: 23001000 - 14241, 23001000 - 16878, 23001000 - 22734) nəzərdə tutulmuşdur. Həmçinin "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 256376 nömrəli məktubunda bildirilmişdir ki, sorğu edilən İddiaçı ADY-nin Culfa, İmişli, Biləcəri lokomotiv və Biləcəri manevr lokomotivlərinin istismarı depolarında çalışdığı maşinist təlimatçısı, teplovoz maşinist köməkçisi və teplovoz maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 7, 13, 17 və 26-cı abzaslarında, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda isə 28-ci bölmənin müvafiq olaraq 8, 14 və 24-cü absazlarında (kod: 23001000-14241, 23001000-16878, **********734) nəzərdə tutulmuşdur. Teplovoz maşinist köməkçisi və teplovoz maşinisti peşələri üzrə işlərin xüsusiyyətləri əmək qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X2”nda təsbit edilmişdir. Həmçinin, maşinist təlimatçısı vəzifəsi üzrə İşlərin xüsusiyyətləri lokomotivlərə texniki xidmətin təmin edilməsi və onların saz vəziyyətdə saxlanılması məsələləri üzrə lokomotiv briqadalarının təlimatlandırılması, lokomotiv briqadaları ilə nəzarət-təlimat səfərləri keçirərək qatarların qabaqcıl üsullarla idarə edilməsi, manevr işlərinin yerinə yetirilməsi və hərəkətin təhlükəsizliyinin təmin edilməsinin öyrədilməsi, lokomotiv briqadaları arasında əmək, istehsalat və texnoloji intizamın möhkəmlənməsi üçün profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən: - 23001000- 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: - 23001000—14241- teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri; - 23001000—16878 - teplovozlarda maşinist köməkçiləri; - 23001000a—22734 - lokomotiv briqadaların təlimatçıları (maşinistlər) güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. İşdən görünür ki, iddiaçı "xxxx"nın Culfa lokomotiv deposunda xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək teplovoz maşinist köməkçisi (dublyor), xx.xx.1983cü il tarixindən xx.xx.1983-cü il tarixinədək teplovoz maşinist köməkçisi (sərbəst), xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək teplovoz maşinist köməkçisi (dublyor), xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək teplovoz maşinist köməkçisi (sərbəst), xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək teplovoz maşinist köməkçisi (dublyor), xx.xx.1990-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək teplovoz maşinist köməkçisi (sərbəst), xx.xx.1990-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək teplovoz maşinisti (sərbəst), Mincivan stansiyasında xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək teplovoz maşinisti işləmiş, həmin vəzifələr yuxarıda qeyd edilən 2 nömrəli siyahıdakı vəzifələrlə eynilik təşkil etmiş, bu vəzifələrin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr olması işəgötürənin arayışı ilə təsdiq edilmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan artıq, 17 il 7 ay 17 gün güzəştli iş stajı mövcud olmuşdur. Deməli, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan ikinci şərti də ödəmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olub olmamasını deyil, iddiaçının xx.xx.1993-xx.xx.2003-cü illər ərzində Mincivan yol sahəsində ümumiyyətlə işləməsini mübahisələndirmiş, imtinanın bu dəlilinə məhkəmə tərəfindən artıq yuxarıda qiymət verilmişdir. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcud olduğundan onun 57 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış, cavabdeh isə iddiaçının bu tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (iddiaçı cavabdehə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2389/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2389/2023
03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver