Məhkəmə qərarları › İş №2-1(112)-239/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-239/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-239/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğvi vergi məbləğinin azaldılması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.07.2019-cu il tarixli, **********966600 nömrəli qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumilikdə 14853.67 manat əlavə vergi məbləğinin azaldılması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC-yə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 23.07.2019-cı il tarixli **********966600 nömrəli Qərara əsasən 2017-ci ilin mənfəət vergisi üzrə 14853,67 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarlarda hesablamaya əsas kimi, cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində öz əksini tapan xərclərin cəmi məbləği ilə (545424,76 manat) vergi orqanının baza məlumatlarına əsasən müəyyən edilən xərclər arasında 74268,38 manat fərqin yaranması göstərilmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 23.07.2019-cı il tarixli **********966600 nömrəli qərarı qanunsuz və əsassız hesab edirlər: qeyd edirlər ki, cavabdeh vergi orqanı tərəfindən 13.06.2019-cu il tarixli **********608200 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubla cəmiyyətə müraciət edilərək təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərc göstəriciləri ilə baza məlumatları arasında yaranan 74268,38 manat fərqi ilə bağlı dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi tələb edilmişdir. Qeyd olunan məktuba cavab olaraq tərəflərindən 19.06.2019-cu il tarixli məktubla cavabdeh vergi orqanına müraciət edilərək, bəyannamədə yaranan fərqin izahı verilmişdir. Belə ki, 2017-ci il ərzində bir sıra mallar cəmiyyət tərəfindən vergi orqanında vergi ödəyicisi qismində uçotda olmayan fiziki-şəxslərdən alınmışdır ki, bu səbəbdən də, həmin xərclər barədə məlumat vergi orqanının elektron bazasında öz əksini tapmamışdır. Çünki, bilindiyi kimi vergi orqanının uçot məlumat bazasında yalnız elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmış mallar barədə məlumatlar mövcud olur. Yuxarıda göstərilən, 19.06.2019-cu il tarixli, izahat məktubuna baxmayaraq, cavabdeh vergi orqanı hər hansı əlavə araşdırma aparmadan və məktubda göstərilənləri nəzərə almadan, sadəcə öz baza məlumatlarını əldə rəhbər tutaraq cəmiyyətə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.07.2019-cu il tarixli, **********966600 nömrəli qərara əsasən əsassız əlavə vergi məbləği hesablamışdır. Halbuki, "İnzibati icraat haqqında" AR Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Sadalanan normalardan aydın olduğu kimi, inzibati orqan inzibati icraat zamanı düzgün, obyektiv və ədalətli qərar qəbul edilməsi üçün bütün faktiki halları, o cümlədən inzibati aktın doğruluğunu şüphə altına ala biləcək hər bir halı hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda isə, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur və bu zaman maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı cəmiyyət tərəfindən 2017-ci il ərzində vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən alınan mallar ilə bağlı hər hansı əlavə araşdırma aparmadan, əlavə sübutlar toplamadan və cəmiyyətin xeyrinə olan halları nəzərə almadan, iddiaçıya münasibətdə qanunsuz və əlverişsiz inzibati akt qəbul etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlirlər 582360,44 manat, gəlirdən çıxılan xərclər 573520,80 manat, vergiyə cəlb olunan mənfəət 8839,64 manat göstərilməklə 1767,93 mənfəət vergisi hesablanmışdır. Aparılmış araşdırmalar zaman baza məlumatlarına əsasən bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74268,38 manat hissəsinin təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, kameral yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə idxal edilmiş ümumi dəyəri 231307,0 manat olan mallar, depozit hesabından aparılan məxaric əməliyyatlarına əsasən müəyyən edilmiş 3961,39 manat dəyərində alınmış mallar, 2016-cı il sonuna qalıq kimi göstərilmiş 394555,67 manat dəyərində mallar və 2017-ci ilin sonuna qalan 156627,68 manat dəyərində mallar nəzərə alındıqda vergi ödəyicisi tərəfindən göstərilmiş xərc məlumatlarında əks olunmuş 541612,6 manat malın dəyəri hissəsində xərcin təsdiq olunmadığı aşkar edilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisinə 13.06.2019-cu il tarixli **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən 19.06.2019-cu il tarixdə vergi orqanına ünvanlanmış məktuba əsasən baza məmulatlarınına əsasən 74268,38 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin fərqinin səbəbi kimi 2017-ci il ərzində müəssisənin vergi ödəyicisi kimi qeydiyyata alınmamış fiziki şəxslərdən malların satın alıması olmuşdur. Bu səbəbdən satın alınan mallar bazada öz əksini tapmamışdır. Eyni zamanda, qeyd olunan məktubda tələb olunduğu halda bu əməliyatlarla bağlı sənədlərin təqdim ediləcəyi göstərilmişdir. Bildirilmişdir ki, yuxarıda qeyd olunmuş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubunda sənədlərin təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə vergi orqanının vergiləri yenidən hesablamaq hüququ barədə xəbərdarlıq edilmiş, lakin vergi ödəyicisi tərəfindən xərci təsdiq edən sənədlər təqdim olunmamışdır. Belə ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə əlaqəli məlumatlara əsasən vergi orqanının vergiləri hesablamaq hüququ vardır. Həmin əlaqəli məlumatlardan biri qismində vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar göstərilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən vergiləri hesablamaq hüququ vardır. Qeyd olunan normalar əsasında kameral vergi yoxlaması ilə 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə vergi ödəyicisinin bəyan etdiyi 1767,93 vergi məbləği nəzərə alınmaqla, 14853,67 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 23.07.2019-cu il tarixli **********966600 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Göstərilənlərdən də, aydın olduğu kimi, vergi ödəyicisi tərəfindən iddia ərizəsində vergilərin əsassız hesablanması qeyd edilsə də, bu hal əsaslandırılmamış və vergi ödəyicisi tərəfindən vergi orqanının haqlı mövqeyini təkzib edən hərhansı sənəd təqdim edilməmişdir. Halbuki, vergi ödəyicisinə müvafiq məktubla həmin sənədlərin təqdim edilməsi bildirilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Sonradan cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən gəlirlər 582360,44 manat, gəlirdən çıxılan xərclər isə 573520,80 manat göstərilmişdir. Uçot baza məlumatlarına əsasən aparılan araşdırma zamanı bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74268,38 manat hissəsinin uçot baza məlumatlarına əsasən təsdiqini tapmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 13.06.2019-cu il tarixli **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 14853,67 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 23.07.2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Habelə iddiaçı məhkəməyə alış aktları təqdim etmişdir. Həmin alış aktlarına münasibətdə bildirirlər ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: - kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; -əlvan və qara metal qırıntılarının qəbulu; - utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; - utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; - xam dərinin tədarükü (alışı). Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş alış aktları xərc sənədləri kimi tanınmır. Əlavə olaraq bildirirlər ki, iddiaçının məhkəməyə təqdim etdiyi alış aktını aldığı X2 vergi ödəyicisi olduğu (VÖEN: **********; VÖEN-nin verilmə tarixi: 23.05.2006) müəyyən edilmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. zərbaycan Respublikası MPM-nin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İddiaçı tərəfindən məhkəməyə cavabdehin etirazına dair mülahizə təqdim edilərək bildirilmişdir ki, tərəflərindən məhkəməyə təqdim edilmiş alış aktlarına münasibət bildirmək məqsədilə cavabdeh vergi orqanı məhkəməyə etiraza əlavə təqdim etmiş və həmin etiraza əlavədə ümumiləşdirilmiş şəkildə aşağıdakıları qeyd etmişdir: "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində qeyd olunan mallar istisna olmaqla, digər malların nağd satın alınmasına yol verilmədiyindən, iddiaçı tərəfindən təqdim edilmiş alış aktları xərc sənədləri kimi tanınmır; iddiaçının məhkəməyə təqdim etdiyi alış aktını aldığı X2 vergi ödəyicisi olduğu müəyyən edilmişdir. Cavabdeh vergi orqanının alış aktlarının xərc sənədi kimi tanınmamasına dair dəlilinə münasibətdə bildirirlər ki, hər hansı sənədin xərc sənədi qismində tanınıb-tanınmaması vergi orqanının subyektiv mülahizəsinə əsasən deyil, məhz qanunvericiliyin tələblərinə əsasən tənzimlənir. 29.11.2019-cu il tarixli Qanunla Vergi Məcəlləsinə əlavə edilmiş və 01.01.2020-ci il tarixdən qüvvəyə minmiş 16.1.11-10-cu maddəyə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifəsidir. 30.11.2018-ci il tarixli Qanuna əsasən 58.8-ci maddənin yenilənmiş və 01.01.2019-cu il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda həmin maddədə göstərilən maliyyə sanksiyalarından biri tətbiq edilir. 29.11.2019-cu il tarixli Qanunla Vergi Məcəlləsinə əlavə edilmiş və 01.01.2020-ci il tarixdən qüvvəyə minmiş 71-2.1-71-2.3-cü maddələrə əsasən bu Məcəllənin 130.1-1ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"ınn 3.2-ci bəndinin 29.11.2019-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, "Malların alış aktı" tərtib edilir. "Malların alış aktı"nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi "Malların təhvil-qəbul aktı" ilə sənədləşdirilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasinin 04.04.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitlərinə" 30.07.2017-ci il tarixli Q 08 nömrəli qərar ilə edilmiş əlavə nəticəsində "Malların alış aktı" ciddi hesabat blankı kimi qəbul edilmiş və forması təsbit edilmişdir. Sadalanan normalardan aşağıdakı nəticələr əldə olunur: 1. "Malların alış aktı" özünü vergi orqanında uçotda olmayan şəxs kimi təqdim edən, yəni VÖEN təqdim etməyən şəxsdən mal alınarkən tərtib edilən xərc sənədidir; 2. barəsində alış aktı tərtib edilməli olan malların siyahısı qanunla, eləcə də 'Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanunu ilə məhdudlaşdırılmamışdır. Belə ki, həmin Qanun alış aktı ilə alınmasına yol verilən malların deyil, yalnızca nağd qaydada alınmasına yol verilən malların dairəsini müəyyən etmişdir; 3. 30.07.2017-ci il tarixədək "Malların alış aktı"nın təsbit edilmiş forması mövcud deyildi. Yalnız həmin tarixdən sonra Maliyyə Nazirliyinin müvafiq qərarına əsasən "Malların alış aktı"ın xüsusi forması təsbit edildi. 30.07.2017-ci il tarixədək olan dövrdə vergi ödəyiciləri aparılmış əməliyyatları iki tərəfli şəkildə tərtib edilmiş alış aktı ilə rəsmiləşdirirdilər; 4) Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktı tərtib edilməli, əks təqdirdə həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən müvafiq maliyyə sanksiyası tətbiq edilir; 5) 01.01.2020-ci il tarixdən etibarən alış aktları elektron formada tərtib edilməlidir. İş materiallarından göründüyü kimi, tərəfilərindən məhkəməyə təqdim edilmiş 4 ədəd alış aktı 30.01.2017, 10.03.2017, 05.02.2017, 03.02.2017-ci il tarixlərdə tərtib edilmişdir. Başqa sözlə deyilsə, həmin aktlar alış aktının xüsusi forması təsbit edilməzdən (30.07.2017-ci il tarixdən) əvvəl tərtib edilmiş və həmin dövrdə bucür əməliyyatları rəsmiləşdirmək üçün qanunla müəyyən edilmiş hər hansı imperativ sənəd forması mövcud deyildi. Daha sonra, 30.07.2017-ci il tarixdə təsdiq edilmiş forma isə tərəfilərindən tərtib edilmiş forma ilə bənzərlik təşkil edir: malın alıcısının və satıcısının şəxsiyyətinə dair məlumatlar, malın adı, miqdarı, tərəflərin imzası və digər rekvizitlər. Vergi orqanının ikinci, malları alan şəxslərdən birinin - X2 vergi ödəyicisi olmasına dair dəlillirinə münasibətdə isə bildirirlər ki, malın satıcısının vergi ödəyicisi olub-olmamasını müəyyən etmək vergi qanunvericiliyində malın alıcısının vəzifəsi kimi təsbit edilməmişdir. Malı satan şəxsin vergi ödəyicisi olub-olmaması həmin şəxsin özünü hansı formada təqdim etməsindən asılı olaraq müəyyən edilir. Şəxs özünə məxsus VÖEN-i təqdim etdiyi (özünü vergi orqanında uçotda olan şəxs kimi təqdim etdiyi) halda aparılmış əməliyyat elektron qaimə-faktura, təqdim etmədiyi halda isə alış aktı ilə rəmiləşdirilir. Hazırkı halda, malın satıcısı VÖEN təqdim etmədiyi üçün, malın alıcısı - "İddiaçı" MMC qanunla onun üzərinə qoyulmuş öhdəliyi icra edərək həmin şəxslə apardığı əməliyyatı müvafiq alış aktı ilə rəsmiləşdirmişdir ki, bu halda həmin sənədi xərc sənədi qismində qəbul etməmək sadəcə olaraq vergi orqanının növbəti qanunsuz əməli kimi qiymətləndirilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və cavabdehin etirazına dair mülahizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza və etiraza əlavəyə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlirlər 582360.44 manat, gəlirdən çıxılan xərclər 573520.80 manat, vergiyə cəlb olunan mənfəət 8839.64 manat göstərilməklə, 1767.93 manat mənfəət vergisi hesablanmışdır. Vergi orqanı tərəfindən araşdırmalar zamanı baza məlumatlarına əsasən bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74268.38 manat hissəsinin təsdiqini tapmadığı müəyyən edilmiş və qeyd olunan fərq məbləği ilə bağlı vergi ödəyicisinə 13.06.2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən 19.06.2019-cu il tarixdə vergi orqanına ünvanlanmış məktuba əsasən baza məlumatlarına əsasan 742268.38 manat məbləğində sənədlərdə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin fərqinin səbəbi kimi 2017-ci il ərzində müəssisənin vergi ödəyicisi kimi qeydiyyata alınmamış fiziki şəxslərdən malların satın alınması göstərilmiş, eləcə də, məktubda tələb olunduğu halda bu əməliyyatlarla bağlı sənədlərin təqdim ediləcəyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının surətindən görünür ki, iddiaçıya 2017-ci il üzrə 14853.67 manat mənfəət vergisi hesablanmışdır. Həmin qərar üzrə hesablanmış vergi məbləğinin əsası kimi göstərilmişdir ki, kassa metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-c), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” 226-cı və “Digər xərclər” (232-ci) sətirlərdə göstərilmiş xərclərin cəmi məbləği ilə (545424.76 manat), tərəflərindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisi bəyannaməsi”nn (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonu” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (394716.73 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabının göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (3961.39 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (229267.00 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri (627945.12 manat), çıxılsın (-) cari il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (156788.74 manat) müqayisəsi nəticədinə baza məlumatlarına əsasən 74268.38 manat məbləğində sənədlərdə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş 30 yanvar 2017-ci il tarixli malların alış aktının surətindən görünür ki, MuhammetNazarov Balkan ilə “xxxx” MMC-in direktoru X3 arasında 1 ədəd, 27800.00 manat dəyərində Subaru 3.0 turbo mühərrikin satın alınması ilə bağlı malların alış aktı tərtib olunmuşdur. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş 03 fevral 2017-ci il tarixli malların alış aktının surətindən görünür ki, X4 ilə “xxxx” MMC-in direktoru X3 arasında 1 ədəd, 12500.00 manat dəyərində Deutz hidrovlik mühərrikin satın alınması ilə bağlı malların alış aktı tərtib olunmuşdur. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş 05 fevral 2017-ci il tarixli malların alış aktının surətindən görünür ki, X6 ilə “xxxx” MMC-in direktoru X3 arasında 1 ədəd, 2400.00 manat dəyərində Sailov VHF simsiz radio və 1 ədəd, 3200.00 manat dəyərində Simrad GPS-in satın alınması ilə bağlı malların alış aktı tərtib olunmuşdur. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş 10 mart 2017-ci il tarixli malların alış aktının surətindən görünür ki, X5 ilə “xxxx” MMC-in direktoru X3 arasında 1 ədəd, 11500.00 manat dəyərində iki oxlu ağır tonajlı qoşqunun satın alınması ilə bağlı malların alış aktı tərtib olunmuşdur. Beləliklə sadalanan xüsusatlara hüquqi qiymət verərək məhkəmə mübahisə ilə bağlı ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 13.06.2019-cu il tarixli uyğunsuzluq məktubu göndərildikdən sonra, iddiaçı (vergi ödəyicisi) tərəfindən 19.06.2019-cu il tarixli məktubla vergi orqanına müraciət edilərək, yaranmış fərq məbləğinin səbəbinin malların vergi ödəyicisi kimi qeydiyyata alınmamış şəxslərdən satın alınması və tələb olunduğu təqdirdə bu əməliyyatlarla bağlı sənədlərin təqdim ediləcəyinin bildirilməsinə baxmayaraq, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq, işin faktiki və hüquqi hallarını düzgün araşdırmamış, iddiaçının sənədlərinə qiymət vermədən əsassız olaraq iş üzrə mübahisəli “Vergilərin, sosial sığorta haqlarının hesbalanması barədə” **********966600 nömrəli, 23 iyul 2019-cu il tarixli qərarı qəbul etmişdir. Bundan başqa cavabdehin mövqeyinə görə qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş alış aktları xərc sənədi kimi tanınmır. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilən malların siyahısı göstərilmişdir, bundan əlavə iddiaçının məhkəməyə təqdim etdiyi alış aktını aldığı X2 vergi ödəyicisi olduğu (VÖEN:**********; VÖEN-in verilmə tarixi: 23.05.2006) müəyyən edilmişdir. Məhkəmə mübahisəli qərarın maddi hüquqi əsası və cavabdehin etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, barəsində alış aktı tərtib edilməli olan malların siyahısı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununu ilə məhdudlaşdırılmış, Qanunun 3.5ci maddəsində yalnız nağd qaydada satın alınmasına yol verilən malların dairəsi müəyyən edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 30.01.2017-ci il, 03.02.2017-ci il, 05.02.2017-ci il və 10.03.2017-ci il tarixli alış aktları, “Malların alış aktı”nın xüsusi forması təstbit edilməzdən əvvəl (30.07.2017-ci il tarixdən) tərtib edilmiş və həmin dövrdə bu əmliyyatları rəsmiləşdirmək üçün qanunla müəyyən edilmiş hər hansı imperativ sənəd forması mövcud olmamışdır. 30.07.2017-ci il tarixdə təsdiq edilmiş forma isə iddiaçı tərəfindən tərtib edilmiş forma ilə eynilik təşkil edir. 29.11.2019-cu il tarixli Qanunla Vergi Məcəlləsinə əlavə edilmiş və 01.01.2020-ci il tarixdən qüvvəyə minmiş 71-2.1-71-2.3-cü maddələrə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"ınn 3.2-ci bəndinin 29.11.2019-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, "Malların alış aktı" tərtib edilir. "Malların alış aktı"nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi "Malların təhvil-qəbul aktı" ilə sənədləşdirilir. 29.11.2019-cu il tarixli Qanunla Vergi Məcəlləsinə əlavə edilmiş və 01.01.2020-ci il tarixdən qüvvəyə minmiş 16.1.11-10-cu maddəyə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifəsidir. 30.11.2018-ci il tarixli Qanuna əsasən 58.8-ci maddənin yenilənmiş və 01.01.2019-cu il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda həmin maddədə göstərilən maliyyə sanksiyalarından biri tətbiq edilir. Məhkəmə eləcə də, cavabdehin etirazında göstərdiyi digər dəlil – X2 vergi ödəyicisi olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, malın satıcı X7 tərəfindən VÖEN-in təqdim edilməməsi iddiaçının təqsiri ucbatından olmamış, malın alıcı olan İddiaçı MMC A.Talıbovun özünü təqdim etməsindən asıl olaraq qanunla üzərinə düşmüş öhdəliyi yerinə yetirərək həmin şəxslə apardığı əməliyyatı müvafiq alış aktı ilə rəsmiləşdirmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıya iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.07.2019-cu il tarixli, **********966600 nömrəli qərar ləğv edilsin və həmin qərara əsasən hesablanmış ümumilikdə 14853.67 manat əlavə vergi məbləğinin azaldılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar