Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-239/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərə görə ümumilikdə 49060 (qırx doqquz min altmış) manat, mənəvi zərərə görə 2000 (iki min) manat tutularaq iddiaçıya ödənilməsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Binəqədi rayon Xöcəsən Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 23/01 saylı qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Xocəsən Bələdiyyəsi ərazisində ona 4000 kvm torpaq sahəsi ayrılmışdır. Qeyd olunmalıdır ki, torpaq sahəsi ilə bağlı iddiaçı 08 may 2008-ci il tarixdə torpaq haqqı olaraq bələdiyyənin hesabına 8960 (səkkiz doqquz yüz altmış) manat pul köçürülmüşdür. Bakı şəhəri Binəqədi rayonu 28 May qəsəbəsi ərazisində ayrılmış 4000 kv.m sahədən ibarət torpaq sahəsində faktiki olaraq X3 verdiyi etibarnamə əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Qeyd olunmalıdır ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən həmin torpaq sahəsində inşa ediləcək ofis və anbar binasının və xidmət şəbəkəsinin layihələri işlənib hazırlanmışdır və layihələr əsasında qeyd edilən torpaq sahəsində ambar binası, ofis və kafe inşa edilmişdir, həmçinin torpaq sahəsi abadlaşdırılmışdır və su xətti, işıq xətti və s. çəkilmişdir. Həmin torpaq sahəsinə 6000 manat dəyərində sarı qum, 5000 manat dəyərində qara qum, 6000 manat dəyərində atsep və 4000 manat dəyərində şebel tökülmüşdür. Su xəttinə görə 1500 manat, 500 mmlik turbalara 1000 manat, işıq turbaları və işıq xəttinə görə 4000 manat vəsait sərf etmiş, telefon xətti çəkilməsinə 600 manat, layihə hazırlanmasına 2000 manat vəsait sərf edilmişdir. Kafe və ofis binasının tikintisinə isə 10.000 manat məbləğində vəsait sərf edilmişdir. Onlara heç bir rəsmi xəbərdarlıq edilmədən həmin tikililər həmin vaxt fəaliyyətdə olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən yolun inşa edilməsi ilə bağlı dağıdılmışdır, çəkilmiş su və işıq xətti, qaz xətti tamamilə dağıdılaraq sıradan çıxarılmışdır, ofis və kafe binası sökülmüşdür, tikinti materialları dağıdılaraq sıradan çıxarılmışdır və bu səbəbdən də ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Cavabdeh tərəfindən ona heç bir xəbərdarlıq edilməmişdir, həmçinin vurulmuş maddi ziyanın kompensasiya edilməsi tələbi də yerinə yetirilməmişdir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-1002/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmiş iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanladığı əmlakının sökülməsilə əlaqədar müraciətinə aidiyyəti üzrə baxılmışdır. Müraciətdə qeyd edilən əmlakın sökülməsilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində heç bir məlumat aşkar olunmamışdır; - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 23/01 saylı xx.xx.2007ci il tarixli Qərarı və ona əlavə edilmiş digər sənədlər məhkəməyə təqdim edilmişdir; - Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin “Vətəndaş İddiaçı sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi haqqında” 23/01 saylı xx.xx.2007-ci il tarixli Qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən 4000 kv.m torpaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. - xx.xx.2007-ci il tarixli 85 nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən Binəqədi Rayon Xocəsən Bələdiyyəsi Sulu-təpə qəsəbəsində 4000 kv.m qeyri kənd təsərrüfatlı torpaq təyinatı torpaq sahəsini İddiaçı mülkiyyətinə verilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/6744 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********03 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin 23/01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarına əsasən İddiaçı ayrılmış Xocasən bələdiyyəsinin ərazisində yerləşən 4000 m2 torpaq sahəsinə dair yerləşmə cizgisində miqyas, koordinatlar və hər hansı istinad nöqtələrindən məsafə göstərilməmişdir. İddiaçının iddia etdiyi və naturada şərti olaraq göstərdiyi mübahisələndirilən torpaq sahəsi avtomobil yolu qovşağının mərkəzində yerləşir. İddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətindədir;
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, müraciətdə qeyd edilən daşınmaz əmlak Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sökülməmişdir. İddiaçı cavabdehin imtinasında narazı qalaraq iddiaçı “vurulmuş maddi zərərə görə ümumilikdə 49060 (qırx doqquz min altmış) manat, mənəvi zərərə görə 2000 (iki min) manat tutularaq iddiaçıya ödənilməsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin öhdəsinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini Binəqədi rayon, Xocəsən Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 23/01 saylı qərarı ilə əsaslandırmışdır. Belə ki, həmin qərara əsasən Xocəsən Bələdiyyəsinin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Xocəsən Bələdiyyəsi ərazisində iddiaçıya 4000 kv.m torpaq sahəsi ayrılmışdır. Məhkəmə iş üzrə toplanmış və iş materiallarına əlavə edilmiş sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı onun əmlakına maddi zərər dəydiyini iddia etsə də, həmin zərərin cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində meydana gəldiyinə dair mötəbər sübutlar təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı bu hallarla bağlı hər hansı xüsusat aşkar edilməmişdir. İşin araşdırılmış hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının iddia tələbinin əsas dəlili ondan ibarətdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Xocəsən Bələdiyyəsinin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Xocəsən Bələdiyyəsi ərazisində ona ayrılmış torpaq sahəsində inşa ediləcək qeyri-yaşayış sahəsi üçün müvafiq xərclər çəkmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, əmlak üzərində hüquq həmin əmlakın əldə edilməsi barədə hüquqmüəyyənedici sənəd, o cümlədən müqavilə əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ tanınmalıdır. Bu qayda hazırkı mübahisəyə münasibətdə cavabdehin hüququnun tanınmasına da aid edilməlidir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının iddia etdiyi və naturada şərti olaraq göstərdiyi mübahisələndirilən torpaq sahəsi avtomobil yolu qovşağının mərkəzində yerləşir. İddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətindədir. Göründüyü kimi, iddiaçı öz tələbini müvafiq torpaq sahəsinin ona Binəqədi rayon Xocəsən Bələdiyyəsi tərəfindən ayrılması ilə əsaslandırsa da, həmin torpaq sahəsinin bələdiyyənin deyil dövlətin mülkiyyətində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsi tərəfindən onun hüdudları daxilində yerləşməyən və dövlətin mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq iddiaçıya ayırmasına dair qərar qəbul etməsi nəticəsində iddiaçıya zərər vurulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin zərərin ödənilməsi ilə tələb də müvafiq bələdiyyəyə qarşı yönəldilməlidir. Nəzərə almaq lazımdır ki, şəxs ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək üçün ən azından belə tələb hüququna malik olmalıdır. Şəxsin qeyd olunan tələb hüququ qanuna və yaxud başqa normativ hüquqi və ya inzibati akta və ya müqaviləyə əsaslanmalı, onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində həmin hüququn pozulmasına görə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, yuxarıda istinad olunan qanunvericiliyin normalarına görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları – cavabdeh Azərbaycan X1suz hərəkətləri və ya hərəkətsizliyi, həmin hərəkət və ya hərəkətsizlik nəticəsində çəkdiyi zərər, bu zərərin nədə ifadə olunması, maddi və ya mənəvi zərərlə bağlılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tələb etmək hüququna malik olmur. Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.2-ci naddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən ona hər hansı zərərin vurulmasını əsaslandıra bilməmişdir. Odur ki, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə qarşı vurulmuş maddi zərərə görə ümumilikdə 49060 (qırx doqquz min altmış) manat, mənəvi zərərə görə 2000 (iki min) manat tutularaq iddiaçıya ödənilməsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin öhdəsinə qoyulmasına dair tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev