Məhkəmə qərarları › İş №2-1(112)-239/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-239/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-239/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 və İstismarı Birliyi ilə arasında bağlanmış 13 aprel 2000-ci il tarixli 29878 nömrəli icarə müqaviləsi əsasında Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 5493a nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı X4 və İstismarı Birliyi (bundan sonra "Birlik") ilə arasında bağlanmış 13 aprel 2000-ci il tarixli, 29878 nömrəli icarə müqavilə əsasında Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 5493a nömrəli bağ sahəsindən istifadə edir. İddiaçı bununla bağlı 29 sentyabr 2022-ci il tarixində ********** nömrəli ərizə ilə cavabdehə Birlik ilə arasında bağlanmış icarə müqaviləsini təqdim edərək daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün müraciət etmişdir. Lakin ərizəyə cavab məktubunda müqavilə üzrə mənə verilən torpaq sahəsinin sxematik xəritəyə uyğun gəlməməsi səbəbilə Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun (bundan sonra "Qanun") 15-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina etmişdir.

3. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən torpaq sahəsi digər bağın ərazisidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı X5 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 13 aprel 2000-ci il tarixli, 29878 nömrəli icarə müqaviləsi əsasında Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 5493a nömrəli bağ sahəsi üzərindəmülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən torpaq sahəsi 5501 saylı bağın ərazisidir. Məlumat üçün bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi 5501a saylı və qonşu torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir.

5. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 29878 nömrəli Müqaviləyə əsasən Birlik (X5 və İstismarı Birliyi) Ləhiş qəsəbəsində 0.04 hektarlıq bağ sahəsini hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” (İddiaçı) verib və “İcarədar” (İddiaçı) həmin bağ sahəsini təhvil alıb (Bağ 5493a).

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsi 5501 a və qonşu torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşir. Faktiki torpaq sahəsi 0,04 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı.

7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) Aktına əsasən bağ sahəsi 5501a və qonşu torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşir, ara sərhədlər şərtidir. Qonşu torpaq sahəsinə dair heç bir sənəd təqdim edilmədi (Vətəndaşın şifahi olaraq bildirildiyinə əsasən, həmin hissəyə bələdiyyə sənədi var). Bağ sahəsində A-2 mərtəbəli bağ evi və İ – köməkçi tikili var. 5501a saylı bağa və qonşu torpaq sahəsinə keçid yolu qoyuldu. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Təqdim edilmiş sənədin sözü gedən hasarlanmış əraziyə aidiyyatı yoxdur. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 5501 saylı bağın ərazisidir. Beləliklə 5501 saylı bağa yer qalmayıb.

8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5501 və 5501a saylı bağ sahələrinin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayon, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 5501 və 5501a saylı bağ sahələrinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X10 və X15 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

10. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 28496 nömrəli Müqaviləyə əsasən Birlik (X5 və İstismarı Birliyi) Ləhiş qəsəbəsində 0.06 hektarlıq bağ sahəsini hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” (X11) verib və “İcarədar” (X15) həmin bağ sahəsini təhvil alıb (Bağ 5501).

11. İş materiallarına əlavə olunmuş Arayışdan görünür ki, Ləhiş ərazisindəki 28496 №-li müqavilə ilə 0,12 hektar torpaq sahəsi olan 5501 №-li bağın icarədarı X12r. İcarədar xahiş edib ki, həmin bağın bir hissəsini 0,06 hektar qardaşı X1 adına keçirsinlər. Sənədlər baxılmasından ötrü İdarənin komissiyasına göndərilmişdir. (Əlavə: müqavilə № 28496)

12. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 29893 nömrəli Müqaviləyə əsasən Birlik (X5 və İstismarı Birliyi) Ləhiş qəsəbəsində 0.06 hektarlıq bağ sahəsini hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” (X3) verib və “İcarədar” (X13) həmin bağ sahəsini təhvil alıb (Bağ 5501a).

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-1765/2024 nömrəli Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5501 saylı bağ sahəsi üzərində X7 mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 3920/2024 nömrəli Qərardadı ilə iddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

15. ünvan nə münasibətdə müəyyən edilmişdir: - “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 28495 nömrəli Müqaviləyə əsasən Birlik Ləhiş qəsəbəsində 0.04 hektarlıq bağ sahəsini hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” (X8) verib və “İcarədar” (X14) həmin bağ sahəsini təhvil alıb (Bağ 5493). - ünvan nə dair Torpaq sahəsinin planı X2 adına xx.xx.2016-cı il tarixdə tərtib olunmuşdur (torpaq sahəsinin ölçüsü 0.04 ha). - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan X2 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır (torpaq sahəsinin ölçüsü 0.04 ha). - Reyestrdə 4Ə-345 nömrə ilə qeyd olunan xx.xx.2016-cı il tarixli ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X14 ünvan ünvanında yerləşən sahəsi 0.04 ha olan torpaq sahəsini alıcı X9 mülkiyyətinə vermişdir. - ünvan nə dair Torpaq sahəsinin planı X9 adına xx.xx.2016-cı il tarixdə tərtib olunmuşdur (torpaq sahəsinin ölçüsü 0.04 ha). - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan X9 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır (torpaq sahəsinin ölçüsü 0.04 ha).

16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

19. X20 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

22. X24 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

24. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. İddia ərziəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 5493a nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınmasını tələb etmişdir.

29. İddiaçı iddia tələbinin təmin olunmasını üçün dəlil olaraq “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 29878 nömrəli Müqaviləni məhkəməyə təqdim etmişdir. Həmin müqaviləyə əsasən Birlik (X5 və İstismarı Birliyi) Ləhiş qəsəbəsində 0,04 hektarlıq bağ sahəsini hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” (İddiaçı) verib və “İcarədar” (İddiaçı) həmin bağ sahəsini təhvil alıb (Bağ 5493a).

30. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddiaçı tərəfindən iddia olunan 5493a saylı bağ sahəsi faktiki olaraq digər (5501 saylı) bağ sahəsinin ərazisinə uyğun gəlir. Belə ki, Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) Aktında qeyd olunmuşdur ki, “Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Təqdim edilmiş sənədin sözü gedən hasarlanmış əraziyə aidiyyatı yoxdur. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 5501 saylı bağın ərazisidir. Beləliklə 5501 saylı bağa yer qalmayıb”. Cavabdeh orqan müayinə aktında qeyd olunan halı təsdiqləyən dəlil kimi ortofoto çıxarışını və sxemataik xəritədən çıxarışı məhkəməyə təqdim etmişdir.

31. Məhkəmə qeyd edir ki, sxematik xəritə və iddia olunan torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən ortofoto arasında əhəmiyyətli uyğunsuzluq olduğundan həmin uyğunsuqluq inventarlaşdırılma işlərinin aparılması qaydasında aradan qaldırıla bilməz.

32. Məhkəmə nəzərə alır ki, X5 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2000-ci il tarixli, 29878 nömrəli Müqaviləyə əsasən bağ sahəsinin (5493a) İddiaçı istifadəsinə verildiyi qeyd olunsa da, torpağın faktiki yerləşdiyi ərazi 5501 saylı bağ sahəsi kimi X7 istifadəsindədir. X15 isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “istifadəsində olan 5501 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi” iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-1765/2024 nömrəli Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5501 saylı bağ sahəsi üzərində X7 mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur (hazırda isə apellyasiya şikayəti əsasında iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir). Odur ki, sözügedən torpaq sahəsinə faktiki sahiblik digər şəxs tərəfindən həyata keçirilir və sxematik xəritəyə əsasən iddia olunan torpaq sahəsinin 5493a nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlməməsi ilə bağlı hər hansı şübhə yoxdur (5493a nömrəli bağ sahəsinin yeri bəlli olmaqla iddiaçının qanuni istifadəsində deyil (iddiaçının qardaşının istifadəsindədir). İddiaçının iddia etdiyi torpaq sahəsi isə başqa (5501 nömrəli) bağ sahəsinin ərazisinə uyğun gəlir və bu hal sxematik xəritədən aşkar görünür. Odur ki, həmin uyğunsuzluq inventarlaşdırılma işlərinin aparılması qaydasında aradan qaldırıla bilməz. Qanunverici vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən etdiyindən və mübahisələndirilən bağ sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsində olmadığından iddia tələbinin təmin edilməsi üçün iddiaçının “qanuni gözləntisi” yoxdur. Belə ki, iddiaçının hüquqi vəziyyəti tələbin hüquqi əsasını təşkil edən disposiziya şərtinə uyğun gəlmir.

33. Bununla belə məhkəmə hesab edir ki, vəziyyət dəyişdiyi (qardaşlar arasında onlara aid bağ sahələrinin qanuni sahibliyi ilə bağlı məsələ öz həllini tapdığı təqdirdə) təqdirdə, iddiaçı ona aid olan bağ sahəsi üzərində (həqiqi ərazisinə uyğun gələn) hüququnun qeydə alınması üçün yenidən mürciət edə bilər.

34. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar