Məhkəmə qərarları › İş №2-1(112)-2390/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2390/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2390/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “prokurorluq orqanlarında qulluq stajının hesablanması və 15 ildən artıq qulluq stajına görə 45% əlavənin nəzərə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayədəsi və ya vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “prokurorluq orqanlarında qulluq stajının hesablanması və 15 ildən artıq qulluq stajına görə 45% əlavənin nəzərə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 1982-1992-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsində, xx.xx.1992-xx.xx.1996-cı illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda, xx.xx.1996-xx.xx.2020-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləmiş, ona xx.xx.2006-cı il tarixdən 25 illik qulluq stajı nəzərə alınaraq xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrdə aldığı əməkhaqqı əsas götürülməklə əmək pensiyası təyin edilmişdir. Qeyd edilən dövrdə iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi prokurorluq orqanlarında, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək isə ədliyyə orqanlarında qulluq etmişdir. İddiaçının prokurorluq orqanlarında qulluq keçdiyi dövrə dair orta aylıq əməkhaqqı hesablanarkən qulluq illərinə görə əlavə 15 faiz olaraq müəyyən edilmişdir. İddiaçı hərbi prokurorluq orqanlarında xidmət müddətinin güzəştli şərtlə 15 ildən artıq olması və xidmət illərinə görə əlavənin 45% nəzərə alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Müraciəti təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1982-ci ildən 1992-ci ilə qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xidmət etdiyi 10 il 7 ay müddətin xx.xx.1992-ci ildən xx.xx.1996-cı illərdə Azərbaycan Respublikasının Prokurorluq orqanlarında xidmət etdiyi müddətə daxil edilməsi və Azərbaycan Respublikası Prokurorluq orqanlarında xidmət müddətinin güzəştli şərtlə 15 ildən artıq olması nəzərə alınmaqla vəzifə maaşına 45 faiz əlavə haqqın hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1982-ci ildən 1992-ci ilə qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsində, xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilə qədər Azərbaycan Respublikası Hərbi Prokurorluğunda, xx.xx.1996-cı ildən 01,09.2020-ci il tarixə qədər isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləmişdir. Ədliyyə və prokurorluq orqanlarında iş stajının 25 ili tamam olduğu 2006-cı ildə pensiyaya çıxmış və ədliyyə orqanlarında işimi davam etdirmişdir. Pensiyaya çıxarkən əmək fəaliyyətinin əvvəlki dövrünün 60 ayını götürmüşdür ki, bunun da 51 ayı Hərbi prokurorluqda müxtəlif rütbəli vəzifələrdə işlədiyi müddət (xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilə qədər işlədiyi müddət), qalan 9 ayı isə Ədliyyə Nazirliyində dövlət notariusu vəzifəsində işlədiyi müddətlərdən ibarət olmuşdur. 2020-ci ildə ədliyyə orqanlarında qulluqda olmağın son yaş həddinə çatmağı ilə əlaqədar vəzifəsindən azad olunmuşdur. 2022-ci il iyun ayının 15-də pensiyası 530 manat azaldılaraq onun məbləğinin 1954 manat olmasına dair şəxsi kabinetinə məlumat daxil olmuşdur. Pensiya məbləğinin 530 manat azaldılmasının səbəbləri barədə məlumat verilməsinə dair müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir ki, “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 1 mart 2007-ci il tarixli 1/80 M nömrəli arayışında qulluq illərinə görə əlavəsinin faiz dərəcəsinin 15 olduğu göstərilib. Buna görə də prokrorluq orqanlarında qulluq keçdiyi dövrə dair orta aylıq əmək haqqı hesablanarkən sözügedən əlvənin faiz dərəcəsi 15 faiz olaraq müəyyən edilib. O, cavabdehdən prokurorluq orqanlarında qulluğunaa xitam verildikdən sonra ədliyyə orqanlarında fəaliyyət göstərdiyi qulluq illərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunda xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilə qədər fəaliyyət göstərdiyi qulluq illərinə aid edilməsini deyil, prokurorluq orqanlarında fəaliyyətə başlayana, yəni xx.xx.1992-ci ilə qədər ədliyyə orqanlarında fəaliyyət göstərdiyi 10 il 7 ayın prokurorluq orqanlarındakı qulluq illərinə aid edilməsini və həmin illərin cəminin 15 ildən artıq olmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 168 nömrəli, 31 oktyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası”nın 1.3-cü bəndinə əsasən prokurorluq orqanlarında işlədiyi hər beş ilə görə aylıq vəzifə maaşının 15% (ümumilikdə 45%-i məbləğində) əlavə nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, imtina məktubunun dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçı 1982-1992-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsində, xx.xx.1992-xx.xx.1996-cı illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda, xx.xx.1996-xx.xx.2020-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləmiş, ona xx.xx.2006-cı il tarixdən 25 illik qulluq stajı nəzərə alınaraq xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrdə aldığı əməkhaqqı əsas götürülməklə əmək pensiyası təyin edilmişdir. Qeyd edilən dövrdə iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi prokurorluq orqanlarında, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək isə ədliyyə orqanlarında qulluq etmişdir. İddiaçının prokurorluq orqanlarında qulluq keçdiyi dövrə dair orta aylıq əməkhaqqı hesablanarkən qulluq illərinə görə əlavə 15 faiz olaraq müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası”na istinadən hərbi prokurorluq orqanlarında xidmət müddətinin güzəştli şərtlə 15 ildən artıq olması və xidmət illərinə görə əlavənin 45% nəzərə alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Müraciəti təmin edilməmişdir. Tətbiq edilən hüquq: “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.4. Hərbi prokurorluq orqanları işçilərinin qulluq keçmə qaydaları və şərtləri "Prokurorluq haqqında", "Hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunları, bu Qanun və "Azərbaycan Respublikası Silahlı X1" ilə tənzimlənir. 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 20.15. Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. 32.5. Prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası” 1.2. Prokurorluq işçilərinə qulluğun altıncı ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq hər beş ildən bir artırılır. 1.3. Prokurorluq işçilərinə aylıq vəzifə maaşının iş stajının hər beş ilinə görə 15 faizi həcmində 45 faizdən çox olmamaq şərti ilə əlavə haqq verilir. 1.4. Prokurorluq işçilərinə əlavə haqq prokurorluq orqanlarının saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş əməyin ödənişi fondu hesabına ödənilir. 2.1. Əlavə haqq almaq hüququ verən iş stajı şəxsin “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş prokurorluq işçilərinə aid olan vəzifəyə təyin edilməsi barədə əmrin verildiyi tarixdən hesablanır. 2.2. Əlavə haqq almaq hüququ verən iş stajına aşağıdakı dövrlər daxildir: ... 2.2.2. həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən prokurorluq orqanlarına qeyd edilən vəzifələrə təyin edilmiş işçilərin həqiqi hərbi xidmətdə olduqları müddət; 2.2.3. məhkəmələrdə hakim, ədliyyə orqanlarında rütbə dərəcəsi (xüsusi rütbəsi) olan vəzifələrdə, o cümlədən rütbə dərəcəsi (xüsusi rütbəsi) tətbiq olunmayan dövrlərdə uyğun vəzifələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində, eləcə də Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ibtidai istintaq orqanlarında və qanunvericiliklə nəzərdə tutulmuş digər müvafiq qurumlarda zabit vəzifələrində işləmiş (xidmət keçmiş) şəxslərin həmin orqanlarda xidmətdə olduqları müddət; ... 3.3. Əlavə haqq prokurorluq işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta əmək haqqı hesablanarkən nəzərə alınır. 4.2. Əlavə haqq verilməsi üçün iş stajı Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyası tərəfindən müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Baş prokurorunun müavininin sədrliyi və həmkarlar ittifaqı komitəsinin nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilir və təsdiq olunur. 4.3. Əlavə haqq Komissiyanın qərarına əsasən verilir. İş stajının müəyyən edilməsi haqqında qərar komissiya tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli Baş Prokurorluqda saxlanılır, surəti işçinin şəxsi işinə əlavə edilir. "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 21 fevral tarixli, 73 nömrəli qərarı:

1. Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinə xidməti illərə görə verilən üstəlik haqqın məbləği bu qərara əlavəyə uyğun olaraq təsdiq edilsin. Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinə xidməti illərə görə verilən əlavələrin məbləği 2 ildən 5 ilə qədər iş stajına görə 8% 5 ildən 10 ilə qədər iş stajına görə 16% 10 ildən 15 ilə qədər iş stajına görə 25% 15 ildən 20 ilə qədər iş stajına görə 33% 20 ildən yuxarı iş stajına görə 42%

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının özünün də istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1210/2024 nömrəli qərarında qeyd edildiyi kimi, iddiaçının prokurorluq orqanlarında qulluğa qəbul olunana qədər ədliyyə orqanlarında, o cümlədən notariat orqanlarında xidmət müddəti yuxarıda istinad edilən normalar baxımından prokurorluq orqanlarında xidmət illərinə daxil edilə bilməz. İddiaçının prokurorluq orqanlarında iş stajının həmin Qaydaya uyğun müəyyən edildiyi və onun 1982-1992-ci illərdə ədliyyə orqanlarında, o cümlədən notariat orqanlarında xidmət müddətinin prokurorluq orqanlarında qulluq illərinə daxil edildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, nə əvvəlki qanunvericilikdə, nə də inzibati praktikada ədliyyə orqanlarında, o cümlədən notariat orqanlarında xidmət müddətinin prokurorluq orqanlarında xidmət illərinə daxil edilməsi ilə bağlı hüquqi qaydanın mövcud olmadığı da nəzərə alınmalıdır. Hazırda prokurorluq orqanlarında əlavə haqq almaq hüququ verən iş stajına dair məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası” ilə tənzimlənir. İddiaçı həmin Qaydalar qəbul olunan zaman və ondan sonra prokurorluq orqanlarında qulluq keçməmişdir. Başqa sözlə iddiaçı həmin Qaydalara əsasən nə 15%, nə də iddia etdiyi 45% əlavəni almamışdır. Həmin Qaydaların təsdiq edilməsi ilə, iddiaçının prokurorluq orqanlarında qulluq keçərkən qüvvədə olan “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 21 fevral tarixli, 73 nömrəli qərarı (beşinci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilmişdir. "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 21 fevral tarixli, 73 nömrəli qərarına əsasən isə, Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinə xidməti illərə görə verilən əlavələrin məbləği 2 ildən 5 ilə qədər iş stajına görə 8%, 5 ildən 10 ilə qədər iş stajına görə 16%, 10 ildən 15 ilə qədər iş stajına görə 25%, 15 ildən 20 ilə qədər iş stajına görə 33% və 20 ildən yuxarı iş stajına görə 42% olmuşdur. Yəni iddiaçının prokurorluq orqanlarında xidmət keçərkən ala biləcəyi əlavənin məbləği 8% ola bilərdi. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası” iddiaçıya münasibətdə tətbiq edildiyi üçün işlədiyi vaxt qüvvədə olan Qaydalara əsasən 8% deyil, “sonrakı artım” kimi 15% nəzərə alınır. İddiaçı prokurorluq orqanlarında xidmət keçərlən 15 ildən artıq xidmətə görə əlavə almamışdır. Qulluq stajına görə əlavənin 15 ildən çox staja görə hesablanması əmək pensiyaları haqqında qanunda göstərilən “sonrakı artım” kimi də qiymətləndirilə bilməz. Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, ... şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, ... “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə Konsitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, iddiaçı 15 ildən çox prokurorluq orqanlarında staja görə əlavə (həmin vaxt qüvvədə olan qaydalara əsasən 33%) almadığından, hazırda 45% əlavənin nəzərə alınmasını tələb etməkdə haqlı sayıla bilməz. “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli qərarı ilə təsdiq edildikdən sonra, iddiaçı prokurorluq orqanlarında xidmət keçmiş olsaydı, həmin Qaydaların 2.2.3-cü bəndinə əsasən 15 ildən çox prokurorluq orqanlarında staja görə əlavə 45% almaq hüququ olacaqdı və pensiyasında nəzərə alına bilərdi. Həmin bəndin geriyə şamil edilməsi isə Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun yuxarıda istinad edilən Qərarında şərh olunan hüquqi mövqeyinə ziddir. Məhkəmə bir daha vurğulayır ki, əlavə haqqın verilməsi üçün qeyd edilən 2.2.3-cü bəndində göstərilən tənzimləmə iddiaçı prokurorluq orqanlarında xidmət keçərkən mövcud olmadığından, 15 ildən artıq xidmətə görə əlavə almamışdır. Həmin əlavəni almadığından da, Konsitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, hazırda nəzərə alınmasını tələb edə bilməz. Aparılmış hüquqi qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “prokurorluq orqanlarında qulluq stajının hesablanması və 15 ildən artıq qulluq stajına görə 45% əlavənin nəzərə alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar