Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2391/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, İddiaçı xx.xx.1996-cı ildən xx.xx.2009-cu ilədək "xxxx" ATSC-də işləməyi ilə əlaqədar olaraq ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 65 yaşının tamam olduğu 17 may 2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı ildən xx.xx.2009-cu ilədək "xxxx" ATSC-də işləmişdir. O, cavabdehə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. Cavabdehin 02 avqust 2024-cü il tarixli məktubu ilə ona imtina verilmişdir. "xxxx" ATSC-nin xx.xx.2016-cı il tarixli 01/002 saylı arayışına əsasən onun 20 noyabr 1996-cı ildən xx.xx.2009-cü ilədək Bakı Qənnadı Kombinatında 3-cü dərəcəli çörək bişirən işləməyi təsdiq edilmişdir. Eyni zamanda Bakı Qənnadı Kombinatına məxsus arxivin yerləşdiyi binanın uçmasına, su-palçıq içində qalmasına, dəfələrlə köçürüldüyünə görə arxiv sənədləri çürüdüyündən və yarasız vəziyyətə düşdüyündən ona işlədiyi müddətə görə əmək haqqı arayışı vermək mümkün olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi sosial sığorta stajı (xx.xx.1978xx.xx.1980-cı il tarixlərdə hərbi xidmətdə olduğu dövrlər nəzərə alınmaqla) 20 il 09 ay 20 gün təşkil etmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi “Şirniyyat" ATSC-də olan əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, MEİS-in “Pensiya" altsistemində İddiaçı dair məlumatlara əsasən, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2009cu il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi “Şirniyyat" ATSC-nin (əvvəlki Bakı Qənnadı Kombinatı) iş qovluğu Mərkəzi Filiala təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. "xxxx" ASC-nin 19 oktyabr 2016-cı il tarixli, 01/002 nömrəli arayışına əsasən iddiaçı həqiqətən 20 noyabr 1976-cı ildən 69k saylı, xx.xx.1976-cı il tarixli əmr ilə Bakı Qənnadı fabrikində yolka hədiyyələri sexində yüklərin daşınması üzrə müvəqqəti işə qəbul edilmiş və 06k saylı, 01.1977-ci il tarixli əmri ilə xx.xx.1977-ci ildən 2-ci sexə 2-ci dərəcəli yükdaşıyıcı işinə köçürülmüşdür. xx.xx.1978-ci ildən əsgərə getməsi ilə əlaqədar olaraq 153k saylı, xx.xx.1978-ci il tarixli əmri ilə işdən azad edilmişdir. Əsgəri xidmətindən sonra xx.xx.1980-cı ildən yenidən Bakı Qənnadı fabrikində 2-ci sexə yükdaşıyıcı işinə qəbul edilmişdir. Bakı Qənnadı Kombinatının xx.xx.2009-cu il tarixli, 2k saylı əmr ilə xx.xx.2009 cu ilədək işləmişdir. Bakı Qənnadı Kombinatına məxsus arxivin yerləşdiyi binasının uçmasına, su-palçıq içində qalmasına, dəfələrlə köçürüldüyünə görə arxiv sənədləri çürüdüyündən və yararsız vəziyyətə düşdüyündən iddiaçının işlədiyi müddətə görə əmək haqqı arayışı vermək mümkün olmamışdır. Azərbaycan SSR-nin “Dövlətaqrosənaye”nin ("Qosaqroprom Azerb.SSR) 46 saylı, xx.xx.1988-ci il tarixli əmri ilə Bakı Qənnadı fabriki Bakı Qənnadı Kombinatı adlandırılmışdır. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin 149 saylı, xx.xx.1997-ci il tarixli sərancamına əsasən Bakı Qənnadı Kombinatının bazasında "xxxx" ATSC (VÖEN **********) yaradılmışdır. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Oktyabr rabitə qovşağında poçtalyon işləmiş, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək “Bakıçörək” Sənaye Birliyində müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı Qənnadı fabrikində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək Sovet ordusu sıralarında xidmət etmişdir. xx.xx.1980-cı il tarixdən xx.xx.1995-ci il tarixinədək Bakı Qənnadı fabrikində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixinidək Bakı qida məhsulları kombinatında çörəkbişirən vəzifəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixinədək Bakı Qənnadı Kombinatında çörəkbişirən vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə sorğusuna 13 sentyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Bakı qənnadı kombinatının 1, 2 və 5 saylı sexlərinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 149 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.1997-ci il tarixində tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planına (emissiya prospektinə) əsas iş yeri Bakı qənnadı kombinatının 1, 2 və 5 saylı sexləri olan işçiləri barədə məlumatlar daxil edilməmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 21 fevral 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X1 Cəmiyyəti (VÖEN **********) “Bakı Qənnadı” Kombinatının bazasında yaradılmış və onun hüquqi varisidir. İdarədə olan reyestrdə "xxxx" X1 Cəmiyyətinin ləğv olunması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır (27.1. ). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Həmin “Qaydalar”ın 4.1.2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən müəyyən edilir. İddiaçı ona 65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və cavabdeh tərəfindən ona imtina verilmişdir. İmtinanın əsasları ondan ibarətdir ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi “Şirniyyat" ATSC-də olan əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, MEİS-in “Pensiya" altsistemində İddiaçı dair məlumatlara əsasən, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək pensiyaları haqqında” Qanunda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir (21.1.). Cavabdeh tərəfindən iddiaçının xx.xx.2006-cı ilə qədər nəzərə alınmayan stajı onun xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək “Şirniyyat" ATSC-də işlədiyi dövrdür. Həmin staj çıxılmaqla iddiaçının əmək stajı 20 il 09 ay 20 gün təşkil etmişdir. İddiaçının mübahisələndirilən iş stajı xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək “Şirniyyat" ATSC-də işlədiyi dövrdür. Öncə qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1996-cı il tarixdə onun Bakı Qənnadı Kombinatında çörəkbişirən vəifəsində işə başladığı qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə sorğusuna 13 sentyabr 2024-cü il tarixli məktubunda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin xx.xx.1997-ci il tarixində tam özəlləşdirildiyi qeyd edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planına (emissiya prospektinə) əsas iş yeri Bakı qənnadı kombinatının 1, 2 və 5 saylı sexləri olan işçiləri barədə məlumatlar daxil edilməmişdir. Yəni iddiaçının adı Bakı Qənnadı Kombinatının özəlləşdirmə planında mövcud olmamışdır. Eyni zamanda iddiaçıya məxsus əmək kitabaçasının əslinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1996-cı ildə Bakı Yeyinti Məhsulları Kombinatından köçürmə yolu ilə Bakı Qənnadı Kombinatına köçürülməsi səbəbindən işdən azad edilməsi qeyd edilmişdir. Əmək kitabçasında buna əsas olan əmrin tarixi xx.xx.1996-cı il kimi göstərilmişdir. Eyni zamanda xx.xx.1996-cı ildə Bakı Qənnadı Kombinatına “3-cü dərəcəli çörəkbişirən” vəzifəsinə qəbul edilməsi əmək kitabçasında göstərilsə də, buna əsas olan əmrin tarixi kimi xx.xx.1996-cı il göstərilmişdir. Göründüyü kimi iddiaçının işə qəbul tarixi ilə əmrlərin tarixində uyğunsuzluq vardır. Eyni zamanda əmək kitabçasında Bakı Qənnadı Kombinatının möhürü mövcud deyildir. Həmçinin kitabçada iddiaçının xx.xx.2009-cu il tarixində "xxxx" ATSC-dən işdən azad edildiyi qeyd edilmiş və "xxxx" ATSC-nin möhürü ilə təsdiq edilmişdir. Bundan sonra isə kitabçada Bakı Qənnadı Kombinatının xx.xx.1997-ci ildə "xxxx" ATSC-yə çevrilməsi ilə bağlı qeyd aparılmışdır. Əmək kitabçasında mövcud olan bu ziddiyyətlər iddiaçının həqiqətən xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan stajının həqiqiliyini şübhə altına almış olur. Eyni zamanda "xxxx" ATSC-nin məktubunda arxivi su basması və köçürülməsi nəticəsində iddiaçıya məxsus əmək haqqı cədvəllərinin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının xx.xx.2006-cı ildən sonrakı dövr üzrə fərdi hesabında sığorta kapitalı qeydə alınmamışdır. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək qeyd edir ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan əmək stajı mötəbər sübutlarla öz təsdiqini tapmır. Cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona 65 yaşının tamam olduğu 17 may 2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2391/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2391/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver