Məhkəmə qərarları › İş №2-1(112)-2392/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2392/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2392/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 (hüquq və kadrlar sektorunun böyük məsləhətçi-hüquqşünası vəzifəsində işləyən, Bakı şəhəri, 8-ci mkr, Azadlıq prospekti, ev 196, mənzil 171-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyaya əlavənin hesablanması və keçmiş dövr üçün yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, M ÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin ona münasibətdə tətbiq edilməsi və mərhum həyat yoldaşının təminat xərcliyinin (sonrakı artımlar nəzərə alınmaqla) 80 faizi miqdarında pensiyanın yenidən hesablanması və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixdən ailə başçısını itirməyə görə mərhum həyat yoldaşının təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 - VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklərin ona münasibətdə tətbiq edilməsini, təminat xərcliyinin 80 faizi miqdarında pensiyanın yenidən hesablanmasını və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası tamamilə qanunsuz və əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 - VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) sözləri əlavə edilmişdir. Beləliklə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 - VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin ona münasibətdə tətbiq edilməli və təminat xərcliyinin 80 faiz miqdarında pensiyamın yenidən hesablanmalı və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqi ödənilməlidir. Cavabdeh iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. Belə ki, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya xx.xx.2015-ci il tarixdən ailə başçısını itirməyə görə həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən məhrum həyat yoldaşının təminat xərcliyinin (sonrakı artımlar nəzərə alınmaqla) 35 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçının tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş sonuncu dəyişikliklə bağlı olaraq ailə başçısını itirməyə görə pensiyasının 80 faizi məbləğində yenidən təyin edilməsidir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Qanunun qüvvəyə mindiyi tarix xx.xx.2017-ci ildir, iddiaçının pensiya hüququ qanundan əvvəlki dövrü əhatə etdiyindən və həmçinin qanunda edilmiş dəyişiklər qüvvəsini aldığı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən iddia tələbi təmin edilməməlidir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.1-ci və 20.17.2-ci maddələrinə 2017-ci ilin 01 iyul tarixindən qüvvəyə minmiş dəyişikliklərlə ailə başçısını itirməyə görə əmək pensiyasının təminat xərcliyinin müvafiq olaraq, 50 və va 35 faiz nisbətindən 80 faizə artırılması nəzərdə tutulmuşdur. Qanunda edilən dəyişikliklər, əgər həmin Qanunda başqa hal nəzərdə tutulmursa, qüvvəyə mindiyi tarixdən sonrakı münasibətlərə şamil edilir. Yalnız iki istisna Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə müəyyən edilmiş şəxsin hüquq məsuliyyətinin aradan qaldıran və hüquqi vəziyyətini yaxşılaşdıran halları əhatə edir. Nazirliyin qaldırılan məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixdən əvvəl əmək pensiyası hüququ yaranmış və (və ya) təyin edilmiş şəxslərə ailə başçısını itirməyə görə əmək pensiyasının müvafiq 35 (50) faizdən 80-ə qaldırılması Konstitusiyada göstərilən hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirilə bilməz. Çünki şəxsin müvafiq pensiya almaq hüququ göstərilən tarixdən əvvəl də mövcud olmuş və bu hüququn reallaşdırılmasında hər hansı dəyişiklik baş verməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının hazırlıq icraatı mərhələsində verdiyi izahatını və cavabdehin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı normativ-hüquqi aktların tələblərini rəhbər tutaraq hüquqi vəziyyətini yaxşılaşdıran qanunun qəbul edildiyi tarixdən etibarən ərinin təminat xərcliyinin 80 faizi həcmində pensiyanın yenidən təyin edilərək ona ödənilməsinə dair göstəriş verməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********1 saylı imtina məktubundan görünür ki, iddiaçının pensiyanın yenidən hesablanması haqqında ərizəsinə baxılmış və müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq göstərilmişdir ki, ona İdarə tərəfindən 9 dekabr 2015-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin vaxt qüvvədə olan 20.17.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə mərhum həyat yoldaşı X1 təminat xərcliyinin 35 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən Azərbaycan Respublikası Daxili şiər Nazirliyi tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən mərhum M.X.Məmmədovun sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı - 451.00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi - 180,30 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi - 112,75 və ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 958,05 manat təşkil etmişdir. Mərhum həyat yoldaşının təminat xərcliyinin (958,05 manat)35 faizi – 335,32 manat məbləğində pensiya müvafiq kart hesabına köçürülür. Sözügedən Qanuna edilmiş 2017-ci il 10 mart tarixli dəyişikliyə uyğun olaraq, hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla müəyyən edilir. Onun pensiya hüququ qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 1 iyul 2017-ci il tarixindən əvvəl yarandığından sözügedən dəyişikliyin ona münasibətdə tətbiq edilməsi mümkün olmamışdır. İddiaçıya məxsus pensiya işinin surəti sorğu əsasında cavabdehdən tələb edilmiş və həmin pensiya işinin surəti məhkəməyə təqdim edilmişdir. Pensiya işinə əlavə olunmuş sənədlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya ailə başçısını itirməyə görə xx.xx.2015-ci il tarixdən ömürlük mərhum ərinin təminat xərcliyinin 35 faizi məbləğində pensiya təyin edilmişdir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliklərlə təyin edilmiş pensiyanın məbləğində artımlara səbəb ola biləcək dəyişiklik edilsə də, həmin dəyişiklik iddiaçıya münasibətdə tətbiq edilməmiş və bununla bağlı cavabdehin hüquqi mövqeyi ondan ibarətdir ki, dəyişikliklərin qüvvəyə mindiyi tarix xx.xx.2017-ci il il olduğundan, iddiaçının pensiya hüququ qanundan əvvəlki dövrü əhatə etdiyindən və Qanunda edilmiş dəyişikliklər qüvvəsini aldığı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən müraciət təmin edilməməlidir. Məhkəmə cavabdehin hüquqi mövqeyinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmçinin «Normativ haquqi aktlar haqqında» Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. xx.xx.2017-ci il tarixdə qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində iddiaçının pensiyası ərinin təminat xərcliyinin 80 faizinə çatdırılmış, bununla da hüquqi vəziyyəti yaxşılaşdırılmışdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Qanunda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla 20.17.2-ci maddəsinə «miqdarı ilə» sözlərindən sonra «(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)» sözləri əlavə edilmişdir (1.76-cı bənd). Göstərilən dəyişikliyə əsasən vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə – ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirliən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilir. Bu isə hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə təyin ediləcək ailə başçısını itirməyə görə pensiya məbləğinin təminat xərcliyinin 80 faizindən az olmamaqla təyin edilməli olmasına dair qanunvericiliyin tələbini ifadə edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə iddia tələbinin yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, qanunvericlikdə yaranmış fərqin birdəfəlik ödənilməsi nəzərdə tutulmadığından, iddia tələbi həmin hissədə rədd edilməlidir. Beləliklə, qeyd edilən normaların tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, iddiaçıya xx.xx.2017-ci il tarixdən ailə başçısını itirməyə görə ərinin təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilərək ödənilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin (35 faiz ilə 80 faiz arasındakı fərqin) ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixdən İddiaçı ailə başçısını itirməyə görə mərhum ərinin təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilərək ödənilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin (35 faiz ilə 80 faiz arasındakı fərqin) ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar