Məhkəmə qərarları › İş №2-1(112)-2392/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2392/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2392/2023 10.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, o, xəstəliyə görə ehtiyata buraxıldığından və yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunduğundan onun mənzil növbəsinə dayanmaq hüququ yaranır. İddiaçı özünün və ailə üzvlərinin mənzil növbəsinə götürülməsi məqsədi ilə aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən onun və ailə üzvləri (ümumilikdə 4 nəfər) nəzərə alınmaqla ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının iddia tələbi üç hissədən ibarətdir:

1. İddiaçının mənzil növbəsinə götürülməsi;

2. İddiaçının ailə üzvlərinin mənzil növbəsinə götürülməsi;

3. Onlara kirayə xərclərinin ödənilməsidir. Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibətdə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2019-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və AR Müdafiə Nazirinin 0155 saylı xx.xx.2019cu il tarixli əmrinə, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən hərbi xidmətindən ehtiyata buraxılmışdır. Göründüyü kimi iddiaçı zabit qismində xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçi ehtiyatda olan hərbi qulluqçu olması əsası ilə onun ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə haqqının ödənilməsi məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında iddiaçının son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmaması dayanır. Məhkəmə hesab edir ki, həmin imtina qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarınız pozulmasına səbəb olmuşdur. Doğrudur ki, qüvvədə olan Qaydalarda müddətlə bağlı şərtin ödənilməsinin vacibliyi xüsusi olaraq vurğulanmışdır. Həmin normanın məqsədi onunla bağlıdır ki, şəxs mənzil növbəsinə daimi yaşadığı, ailə üzvləri ilə birgə təsərrüfat apardığı ərazi üzrə götürülsün. Belə ki, şəhər və rayon üzrə mənzil növbəsinə götürülən şəxslərə təqdim edilən mənzillərin bazar dəyərinin fərqliliyi nəzərə alınmaqla və eyni ərazi üzrə mənzil növbəsinə götürülmə sayının əsassız artımının qarşısının alınmasına yönəlmiş bu norma Azərbaycan SSR dövründə qəbul edilsə də təkcə hüquqi baxımından yox, həmçinin işin faktiki halları baxımından da öz əhəmiyyətini saxlayır. Lakin Yeni Mənzil Məcəlləsi adıçəkilən Qaydalardan fərqli tənzimləmə müəyyən etmişdir. Belə ki, Adıçəkilən Məcəllənin: 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Göründüyü kimi maddənin tələbi konkretdir. Uçota alınma məhz yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət əsasında həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gəlir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, “şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.”. Həmin Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Qanunun tələbindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İddiaçının şəxsiyyət vəsiqəsi ilə isə müəyyən edilir ki, onun qeydiyyat yeri, yəni yaşadığı yer məhz Bakı şəhəridir. İddiaçı da buna uyğun olaraq məhz yaşadığı yer üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehə müraciət etmişdir ki, onun müraciəti Mənzil Məcəlləsinin 51.3-cü maddənin tələblərinə uyğun olaraq məhz yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanına edilmişdir. Adıçəkilən Məcəllədə isə yuxarıda adıçəkilən Qaydalarda nəzərdə tutulmuş hər hansı istisna müəyyən edilməmiş, 5 illik şərtin tətbiqi göstərilməmiş, müraciət üçün tək şərt şəxsin yaşadığı yer üzrə müraciəti ilə əlaqədar olmuşdur ki, iddiaçı da həmin şərtin tələblərinə uyğun olaraq yaşadığı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-917/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya instansiya məhkəməsi mübahisə üzrə iddiaçının kirayə müqaviləsinə əsasən Bakı şəhərinə qeydiyyata alındığı təqdirdə, faktiki olaraq daimi yaşayış yerinin Azərbaycan Respublikasının digər ərazi vahidi olan Qazax rayonu olmasını nəzərə almış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə istinad edərək iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı iddianın əsaslı olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ilə vurğulamışdır ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının mənzil Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinat etməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz. Göründüyü kimi, həmin iş üzrə hər nə qədər iddiaçının faktiki olaraq Bakı şəhərində yaşaması sübut edilməməsi əsası ilə iddianı rədd etsə də, faktiki Bakı şəhərində yaşama ilə bağlı halın mövcud olduğu təqdirdə iddianın təminini mümkün hesab etmiş, mütləq Bakı şəhərində uzun müddət yaşama ilə bağlı şərtin tətbiqi istisna edilmişdir. Belə ki, Ali Məhkəmənin yekun qərar qəbul etdiyi həmin işdən də göründüyü kimi birinci və apellyasiya instansiya məhkəmələri Bakı şəhərində son 5 il ərzində yaşamama ilə bağlı hüquqi fakta istinad etsə də, Ali Məhkəmə həmin hüquqi faktın tətbiqindən imtina etmiş, əsas nəzərə alınmalı olan halın iddiaçının faktiki Bakı şəhərində yaşayış-yaşamaması ilə əlaqələndirmişdir ki, hazırkı iş üzrə iddiaçının Bakı şəhərində faktiki yaşaması sübut olunur, əks hal isə cavabdeh tərəfindən sübut edilməmişdir. Belə ki, iş materiallarında olan cavabdehin tabeliyində olan 19 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən vermiş olduğu arayışdan görünür ki, iddiaçı ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatdadır. Baxmayaraq ki, iddiaçı xx.xx.2019-cu il tarixdə yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınsa da, o, 1999-cu ildən 2003-cü ilə qədər Bakı şəhəri Mikayıl Müşviq adına 18 nömrəli tam orta məktəbdə təhsil almış, daha sonra isə 2003-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə (Bakı, Zığ şossesi) qəbul olunmuşdur. Göründüyü kimi iddiaçı nəinki faktiki olaraq Bakı şəhərində yaşamış, o, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş 5 il müddətində Bakı şəhərində yaşamışdır ki, bu hal müvafiq arayışlar ilə təsdiq olunur. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Göründüyü kimi mənzil növbəsinə götürülmədən imtinanın konkret əsasları müəyyən edilmişdir ki, həmin əsaslar iddiaçıya şamil edilmir. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı mənzil növbəsinə ehtiyacı olan şəxsdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən iddiaçının mülkiyyətində hər hansı daşınmaz əmlak mövcud deyil. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs olduğu və Bakı şəhərində uzun müddət yaşadığı halda, cavabdeh onun 5 il müddətində Bakı şəhərində qeydiyyatda olmaması əsası ilə imtina edərək onun hüquqlarını pozmuşdur. Eyni zamanda Məhkəmə, xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi məsələsinə baxılarkən xidmət illərinin mütləq qaydada 15 təqvim ili olması zərurətinin olmadığına münasibət bildirir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin üçüncü cümləsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cu maddəsinə əsasən xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. İstinad olunan qanunvericiliyə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün müəyyən güzəştlər, o cümlədən onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı güzəştlər, habelə onlar mənzillə təmin edilənədək və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərcləri üzrə kompensasiyanın ödənilməsi ilə bağlı güzəştlər nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, qanunla müəyyən olunmuş qaydada həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə münasibətdə belə güzəştləri müəyyən etməkdə qanunvericinin məqsədi hərbi xidmətin və konstitusion hərbi vəzifə borcunun əhəmiyyətini və xarakterini, onun cəmiyyətdə xüsusi rolunu nəzərə alaraq, hərbi xidmətdən sonrakı dövrdə həmin şəxslərin sosial müdafiəsini gücləndirmək, onların layiqli həyat və yaşayış səviyyəsini təmin etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində, həmçinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndində göstərilmiş 15 təqvim ili və daha çox xidmət müddəti yalnız müddətdən artıq həqiqi hərbi xidmət etmiş hərbi qulluqçulara, 5 təqvim ili ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara şamil edilir. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara isə hər hansı müddət tətbiq edilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı zabit qismində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xəstəliyə görə ehtiyata buraxıldığından, xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara münasibətdə isə hər hansı müddətin tətbiq edilməsi nəzərdə tutulmadığından, iddiaçının xidmət illərinin 15 il olmaması hazırki iddianın həllində hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə iddiaçının ailə üzvlərinin mənzil növbəsinə götürülməsi ilə bağlı tələbə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Göründüyü kimi qüvvədə olan qanunvericilik şəxsin ailə üzvləri qismində onun valideynlərini, uşağlarını və ərini (arvadını) təsbit etmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı təqdim olunmuş nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, hazırda iddiaçının mənzil növbəsinə götürülməsi tələb etdiyi şəxslər onun arvadı (X4) və uşaqlarıdır (X1 və X2). Göründüyü kimi həmin şəxslər iddiaçının ailə üzvləri hesab olunur. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı ilə yanaşı həmçinin onun ailə üzvləri də mənzil növbəsinə götürülməlidir. Məhkəmə iddiaçıya və ailə üzvlərinə kirayə xərcinin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirir. Belə ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4cü abzasının məzmunundan göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Beləliklə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Eyni ilə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini təsbit edir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir. İstinad olunan normalar qanunvericinin güddüyü həmin məqsədlər kontekstində təfsir olunmalı və ehtiyata və ya istefaya buraxılmış şəxslərə mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsini müəyyən edən qayda iddiaçıya münasibətdə də tətbiq olunmalıdır. Qanunverici mənzil kirayəsi xərcləri üzrə kompensasiya hüququnu müəyyən edən həmin normada ehtiyata buraxılmanın səbəblərini ayırd etmədən, qanunvericiliyin tələblərinə uyğun olaraq ehtiyata və ya istefaya buraxılmış şəxslərin (zabitlərin, gizirlər və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının) belə bir hüququnun olduğunu təsbit edir. Yəni həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Yuxarıda istinad olunan normada qanunverici belə fərqləndirməni zəruri hesab etdiyi hallarda, öz iradəsini konkret ifadə edərək müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, yalnız onların müəyyən kateqoriyalarına aid olduğunu xüsusi olaraq vurğulamışdır. Buna misal olaraq, qanunverici tərəfindən yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunması hüququnun nəzərdə tutulmasını göstərmək olar. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, yaşayış sahəsinin kirayə xərcləri üçün kompensasiya üç kateqoriyadan olan şəxslərə ödənilir:

1. yaşa, xəstəliyə və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara;

2. 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara;

3. habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına. Həmin kateqoriyadan olan şəxslərə seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən olunmuş məbləğlərdə nağdsız qaydada kompensasiya ödənilir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə də bu qaydanın tətbiqi məqbul sayılmalı və xəstəliyə görə ehtiyata buraxılmış iddiaçıya və onun ailə üzvlərinə mənzil sahəsi əldə edənədək müvəqqəti yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 57/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini təsbit edir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir” Bu yanaşma həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1396/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında da əks olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı və ailə üzvləri (X4, X1 və X2) nəzərə alınmaqla ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar