Məhkəmə qərarları › İş №2-1(112)-2392/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2392/2025

25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2392/2025 25.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı "qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İ. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin, 80 saylı mənzilinin ümumi sahəsi 114,74 kv metr hesab olunmaqla qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 80 saylı mənzilinin ümumi sahəsi 114,74 kv metr hesab olunmaqla qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 80 saylı mənzili iddiaçıya məxsus olmuşdur.Həmin mənzildə rekonstruksiya və yenidənqurma işləri aparmış. Həmin işlər sayəsində hazırda mənzilin faktiki ölçüsü 114,74 kv metr təşkil edir.Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 18 nömrəli sərəncamına əsasən iddiaçının ərizəsi əsasında və 49 saylı MKİS-in xx.xx.2023-cü il tarixli aktı əsas götürülərək Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 80 saylı mənzilinin ümumi sahəsi 114,74 kv metr hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 80 saylı mənzilinin ümumi sahəsi 114,74 kv metr hesab olunmaqla qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsi iddia ərizəsinə etirazını təqdim edərək göstərmişdir ki, sərəncamın icrası ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeydiyyata alınmış qeyri-yaşayış sahəsinə əlavə inşa edilmiş sahə binanın konturlarından kənarda yerləşir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

6.İddiaçının vəkili və nümayəndəsi X.Hüseynov iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş: Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 18 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı məxsus Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 1-ci mərtəbəsində yerləşən 80 saylı mənzilinin ümumi sahəsi 117,74 kv metr hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubuna əsasən iddiaçının nümayəndəsinə bildirilmişdir ki, qeydiyyata alınmış qeyri-yaşayış sahəsinə əlavə inşa edilmiş sahənin binanın konturundan kənarda yerləşdiyi müəyyən olunmuşdur, bu səbəbdən də ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi, ev 137, yeni qaydalarla AZ1010, ünvan 2 ünvanda yerləşən 60,20 kv metr qeyri-yaşayış sahəsi iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş ünvan 1-a dair sənədlərdəki xx.xx.2003-cü il tarixli, 207881 nömrəli müqaviləyə əsasən X5 tərəfindən Bakı şəhəri, Nizami küçəsi, ev 137, mənzil 80-də yerləşən yaşayış sahəsi 42 kv metr olan 3 otaqlı mənzil iddiaçıya satılmışdır, 043016 nömrəli, xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən X6 Bakı şəhəri, Nizami küçəsi, ev 137, mənzil 80-da yerləşən yaşayış sahəsi 42,0 kv metr, ümumi sahəsi 60,6 kv metr olan mənzili X1, mənzilin ödənişsiz verilməsi haqqında xx.xx.1992-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami küçəsi, ev 137-də yerləşən ümumi sahəsi 60,6 kv metr olan 80 nömrəli mənzil X3 Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir, Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən imzalanmış 924/8 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncama əsasən M.X.Məlikovaya ümumi faydalı sahəsi 60,6 kv metr olan Bakı şəhəri, Nizami küçəsi, ev 137, mənzil 80-ın ödənişsiz verilməsi barədə sərəncam verilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən xx.xx.2024-cü ildə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137, mənzil 80-a baxış keçirilmiş, hüquq müəyyənedici sənədə əsasən daşınmaz əmlakın sahəsi 60,2 kv metr, faktiki sahəsi 112,8 kv metr təşkil edir, qeyri-yaşayış sahəsinin 60,2 kv metr hissəsi qeydiyyatdan keçmişdir, əlavə 55,7 kv metr binanın konturundan kənarda yerləşir, obyektə giriş həm blokdan, həm də Keykab xanım Səfərəliyeva küçəsindəndir.

İV. Məhkəmənin mövqeyi

8.Məhkəmə, iddiaçının vəkilinin və nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı, qismən əsassızdır.

9. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10.0-cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək; Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir:21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir);21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti);21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu);21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.5-ci maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;.. 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;..8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

12. İşin müəyyən edilmiş faktiki hallarına əsasən iddiaçı ünvan 1-ın mülkiyyətçisi kimi Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinə müraciət edərək mənzilin faktiki ümumi sahəsi 114,74 kv metr olmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsini xahiş etmişdir və onun müraciəti təmin olunaraq Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 18 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 1-ci mərtəbəsində yerləşən 80 saylı mənzilin ümumi sahəsi 114,74 kv metr hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilmişdir.Bundan sonra cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evdə yerləşən 60,2 kv metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.Hazırki işə baxılan zaman mənzilə dair hüquqmüəyyənedici sənədlərdən (mənzilin ödənişsiz verilməsi haqqında Nəsimi rayon İcra Hakimiyyəti ilə mənzilin əvvəlki mülkiyyətçisi olmuş X7 arasında bağlanmış xx.xx.1992ci il tarixli müqavilə, Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavininin 924/8 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı) Bakı şəhəri, Nizami küçəsi, ev 137, mənzil 80-ın ümumi sahəsi 60,6 kv metr təşkil etdiyi halda cavabdeh tərəfindən 60,6 kv metr qeyri-yaşayış sahəsi üzərində deyil, 60,2 kv metr qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, odur ki, məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 80 saylı mənzilinin sahəsi 60,6 kv metr göstərilməklə qeyri-yaşayış sahəsi kimi qeydə alınmasını tələb etməkdə haqlıdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 18 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamı ilə qeyri-yaşayış sahəsinə keçirilmiş mənzilin sahəsi 60,6 kv metr olduğu halda inşa edilmiş (artırılmış) əlavə sahənin tikintisinə icazə verilməsi və ya artırılmış tikinti sahəsinin altındakı torpaq sahəsinin iddiaçıya hər hansı bir hüquqla məxsus olması məhkməmə araşdırılması zamanı müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi sərəncamda iddiaçıya mənzilə artırma şəklində inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılması və həmin tikilinin inşa edilməsinə icazə verilməsi əks olunmur, odur ki, məhkəmə mənzilin 60,6 kv metr sahəsindən artıq olan, əlavə artırma şəklində inşa edilmiş tikilinin qeyri-yaşayış sahəsi qismində daşınmaz əmlakın dövlət rerestrində iddiaçının mülkiyyəti kimi qeydə alınması hissəsində iddianı əsassız hesab edir. 13.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.4-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; 3.1.12-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;3.1.21-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;3.1.26-cı bəndinə əsasən ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.1.36-cı bəndinə əsasən mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. 15.Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 80 saylı mənzilinin ümumi sahəsi 60,6 kv metr olmaqla qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır, iddia qalan hissədə təmin edilməməlidir. 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

NƏTİCƏVİ HİSSƏ

18.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 80 saylı mənzilinin ümumi sahəsi 60,60 kv metr olmaqla qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar