Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2393/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı məlumat vərəqəsinin göndərilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 540) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı ona müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi 2ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə müvafiq “Məlumat vərəqəsi”-nin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq səfərbərliklə əlaqədar Əlibayramlı şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xidmət etmək üçün Daxili Qoşunların N nömrəli hərbi hissəsinə göndərilmiş və burada xx.xx.1996-cı il tarixədək xidmət etmiş və daha sonra ehtiyata buraxılmışdır. Hərbi xidmətdə olarkən 1992-ci ilin noyabr ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək F.Əfəndiyev adına 4 saylı şəhər Klinik Xəstəxanasında müalicə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və ona hərbi xidmət dövrü aldığı travmanın (diaqnoz: “OUtexniki yanıq. Buynuz qişasının infiltrasiyası. Yanıqdan sonrakı konyuktivit. Mürəkkəb miopiya. Astiqmatizm) səbəb əlaqəsi “Hərbi travma. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” İfadəsi ilə göstərilmiş, tibbi şəhadətləndirilmə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 7 № qərarı verilmişdir. Aldığı travma nəticəsində o, sağlamlığını itirmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilmiş 5 illik müddətə 2ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Hesab edir ki, ona müddətdən artıq xidmət hərbi qulluqçu kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Ona müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün barəsində müvafiq “məlumat vərəqəsi”nin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi üçün göstəriş verilməsi xahişi ilə, o, xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin, müraciətinə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə imtina cavabı verilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyasının 7 nömrəli, xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, İddiaçı sözügedən qərara əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. İşdə olan TSEK-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx-xx/3316-703/2H nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, Daxili Qoşunların arxivində onun Daxili Qoşunların tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçməsi barədə məlumatlar aşkar edilmədiyinə görə qaldırdığı məsələnin həlli ilə əlaqədar müvafiq köməklik göstərilməsinin imkan xaricində olması bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş 386 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, həqiqətən baş çavuş İddiaçı N () saylı hərbi hissənin və dislokasiya yeri Ağdam rayonudöyüş bölgəsi olmuş N () saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi və yaralanması faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 225 nömrəli əmrilə Silahlı Qüvvələrdə 2 il xidmət etmiş və Respublika çağırış məntəqəsindən gəlmiş hesab edilərək növbəti göndərişdə Dağlıq Qarabağa-döyüş əməliyyatları zonasına göndərilməklə xx xxxxxxxx 1992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 55 nömrəli əmrilə hissənin şəxsi heyətinin siyahısına və bütün təmin növlərinə daxil edilmişdir (xx xxxxxxxx 1992-ci il tarixdən xx xxxxxx 1994-cü il tarixədək olan müddətlərdə N saylı hərbi hissənin tərkibində xidmətini davam etdirməsi və təkrar N saylı hərbi hissəyə keçirilməsi faktı aşkar olunmadı); N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 19 nömrəli əmrilə xx xxxxxx 1994cü il tarixdən hissənin şəxsi heyəti siyahısına və bütün təminat növlərinə daxil edilərək, 5ci bölüyün 2-ci taqımının 2-ci bölməsinin komandiri vəzifəsinə təyin edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 89 nömrəli əmrilə xx xxxxx 1994-cü il tarixdən tibb məntəqəsində stasionar müalicədə hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 90 nömrəli əmrilə xx xxxxx 1994-cü il tarixdən N saylı hərbi hissəyə stasionar müalicəyə getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 115 nömrəli əmrilə xx xxx 1994-cü il tarixdən hərbi xəstəxanadan gəlmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 156 nömrəli əmrilə xx xxxx 1994-cü il tarixdə xidməti tapşırığı yerinə yetirmək üçün Qazax rayonuna ezamiyyətə getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 167 nömrəli əmrilə xx xxxx 1994-cü il tarixdə xidməti tapşırığı yerinə yetirib Qazax rayonunundan ezamiyyətdən gəlmiş hesab edilmişdir; Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 433 nömrəli Fərmanına, Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli, 26 nömrəli və Daxili Qoşunların komandanının xx.xx.1996-cı il tarixli, 41 nömrəli əmrlərinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 35 nömrəli əmrilə xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrə ehtiyata buraxılaraq hissənin şəxsi heyətinin siyahılarından və bütün təminat növlərindən çıxarılıb, Bakı şəhəri Binəqədi RHK-nın sərəncamına göndərilmişdir; Baş çavuş İddiaçı adı “1992-1994-cü illərdə gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçuların siyahısı”nda 1107-ci sıra nömrəsi ilə qeydə alınmışdır (xx xxxxxxxx 1992-ci il tarixdə yaralanmışdır). Arayışa qoşma şəklində müvafiq əmrlər əlavə edilmişdir. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1992-ci il tarixdə Əlibayramlı şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xidmət etmək üçün Daxili qoşunların N nömrəli hərbi hissəsinə göndərilmişdir. Hərbi biletdə yuxarıda qeyd edilən arxiv arayışında göstərilən faktlar öz əksini tapmışdır. Məhkəmə işin yuxarıda sadalanan hallarına və aşağıda sadalanan qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddia əsaslıdır: “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının x xxxxxx 1992-ci il tarixli Qanunun (hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş və xx xxxxxx 2011-ci il tarixində qüvvədən düşmüşdür) 2-ci maddəsinə əsasən, hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Həmin Qanunun 5-ci maddəsinə görə, həqiqi hərbi xidmətin növləri aşağıdakılardır : əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; hərbi-məktəb kursantlarının həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara— qadınlar və bu Qanunla müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər—əsgərlər, matroslar və çavuşlar aiddirlər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri ) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. Həmin Qanunun 13-cü maddəsinə görə , hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər: a) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq hərbi xidmətinə-qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa). “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi haqqında xx xxxx 1992-ci il tarixli Milli Məclisin Qərarının 2-ci bəndinə görə keçmiş SSRİ-nin və MDB-nin Silahlı Qüvvələrində müddətli hərbi xidmətdə olmuş və yaxud ehtiyatda olan zabit rütbəli Azərbaycan Respublikasının vətəndaşları müddətli hərbi xidmətə çağırışdan azad edilirlər. Azərbaycan Respublikası vətəndaşlarının 1992-ci ilin aprel-iyun aylarında həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdırmış əsgərlərin, matrosların, serjantların, starşinaların ehtiyata buraxılması haqqında xx xxxxx 1992-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanın 1-ci bəndi qeyd edir ki, 1965- 1974-cü illərdə anadan olmuş, çağırış gününədək 18 yaşı tamam olan, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa qoşun birləşmələrində xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 1992-ci ilin aprel—iyun aylarında aşağıdakı müddətə həqiqi hərbi xidmətə çağırılsın: Xəzər Donanması gəmilərinin matrosları və starşinaları üçün — iki il; qalan əsgərlər, serjantlar və starşinalar üçün — bir il altı ay. 603 MDB-nin Birləşmiş Silahlı Qüvvələrindən tərxis olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1992-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən MDBnin Birləşmiş Silahlı Qüvvələrindən 1991 və 1992-ci illərdə tərxis olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilər həqiqi hərbi xidmətə çağırılsınlar. Həmin Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətləri respublika ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılsın. Yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən, məhkəmə hesab edir ki, İddiaçı xx xxxxxxxx 1992-ci il tarixindən xx xxxxxx 1996-cı il tarixədək Azərbaycan Silahlı Qüvvələrində olan xidməti aşağıdakı faktlara görə müddətli həqiqi xidmət kimi qiymətləndirilə bilməz: Belə ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olduğu üçün, “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi haqqında xx xxxx 1992-ci il tarixli Milli Məclisin Qərarının 2-ci bəndinə görə müddətli hərbi xidmətdən azad edilmişdir. Digər tərəfdən, o dövrdə qüvvədə olan “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının x xxxxxx 1992-ci tarixli Qanunun 2ç5 və 13-cü maddələrinin tələblərindən aydın olur ki, şəxsin müddətdən artıq hərbi xidmətdə olması üçün şərtlər bunlardır: 1) hərbi xidmətlərə könüllü daxil olmalı və qəbul ediləlidirlər; 2) qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçu olmalıdır; 3) hərbi xidmətə daxil olanda 40 yaşınadək olmaldır. Bu şərtlər hazırda qüvvədə olan aşağıdakı qanunvericilik normalarında da, öz əksini tapmışdır: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2011-ci il tarixli Qanununun 12.1-ci maddəsinə görə (hazırda da qüvvə olan) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. Həmin Qanunun 12.2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. «Hərbi xidmət keçmə haqqında» x xxxxxxx 1997-ci il tarixli Əsasnamənin 5-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər - əsgərlər, matroslar və çavuşlar aiddirlər. İddiaçı xx xxxxxxxx 1992-ci ildə Daxili Qoşunların şəxsi həyətinə daxil olan zaman, əvvəllər Azərbaycan SSR-də müddətli həqiqi hərbi xidmət keçdiyi və ehtiyata buraxıldığı üçün hərbi qulluqçu statusuna malik olmuş və 40 yaşına çatmamışdır (iddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür). Beləliklə məhkəmə hesab edir ki, iddiaçı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Digər tərəfdən, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi iş üzrə iddiaçının müddətdən artıq həqiqi hərbi xidmət keçməsi faktını təkzib edən hər hansı bir sübut və ya əsas təqdim edə bilməmiş və iddiaçının tələb etdiyi öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əsassız olaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, iddiaçı barəsində müddətdən artıq hərbi xidmətçi kimi 2-ci qrup əlilliyə görə pensiya təyin olunması üçün təminat xərcliyi barədə məlumatları əks etdirən məlumat vərəqini verməkdən imtina etmişdir. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə görə Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə müvafiq “Məlumat vərəqəsi”-nin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2393/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2393/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver