Məhkəmə qərarları › İş №2-1(112)-2393/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2393/2022

29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2393/2022 29.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması barədə cavabdehin qərarının ləğv edilməsi, iddiaçıya təyin olunan dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və dayandırıldığı vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının əmək pensiyasının bərpa olunması və pensiyanın dayandırıldığı vaxtdan ödənilməmiş məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, İddiaçı 17 oktyabr 1980-ci il tarixli 161 nömrəli əmrlə Bakı şəhəri Nərimanov Rayon 7 saylı Uşaq Polikilinkasmda sanitar vəzifəsinə təyin olunmuşdur. 1 dekabr 1982-ci il tarixdə hazırlıq kurslarına qəbulla bağlı olaraq, öz xahişi ilə 165 nömrəli əmrlə işdən azad edilmişdir. 1983 – 1989-cu illərdə Azərbaycan Tibb İnstitunda sanitariya həkimi ixtisası üzrə ali təhsil almışdır. Belə ki, 29 noyabr 1982-ci il tarixli 320 nömrəli əmrlə həmin İnstitutun gündüz hazırdıq şöbəsinə dinləyici kimi qəbul edilmiş, 29 iyul 1983-cü il tarixli 191 nömrəli əmrlə hazırlıq şöbəsindən köçürmə yolu ilə sanitar və gigiyena şöbəsinə 1-ci kurs tələbəsi kimi qəbul olmuş, 31 avqust 1989-cu il tarixdə 285 nömrəli əmrlə İnstitutu bitirməsi ilə əlaqədar çıxarılmışdır. Bundan sonra, 4 avqust 1989-cu il tarixdə 117 nömrəli əmrlə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Elmi-Praktiki və Təhsil Birliyində epidemoloji şöbənin həkim-intern vəzifəsinə qəbul olmuş, internaturanın bitirilməsi ilə əlaqədar 22 iyun 1990-cı il tarixdə 51-0 saylı əmrlə vəzifəsindən azad edilmişdir. Daha sonra, Xaçmaz Sanitar və Epidemioloji Stansiyanda 1 avqust 1990-cı il tarixdə 83 nömrəli əmrlə həkim bakterioloq vəzifəsinə təyin olunmuş, 2 avqust 1991-ci il tarixdə 70 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. 1 avqust 1991-ci il tarixdə 84-K nömrəli əmrlə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Elmi-Praktiki və Təhsil Birliyində virusoloji laboratoriyaya həkim-virusoloq vəzifəsinə qəbul olmuş, 23 iyul 1992-ci il tarixdə 143 nömrəli əmrlə Milli X1 İnstitunda əmək fəlaiyyətinə davam etmişdir. 27 iyun 1994-cii il tarixdə 51/5 saylı əmrlə həmin İnstitutda köçürmə yolu ilə yeni dəstənin tərkibinə həkim-virusoloq vəzifəsi üzrə qəbul olmuş, 29 aprel 2019-cu il tarixdən ona 94/k saylı əmrlə müvəqqəti olaraq labaratoriyanın həkim-virusoloquna laborator müdiri vəzifəsi həvalə edilmişdir. 4 iyun 2004-cü il tarixdən 31/k saylı əmrlə laboratoriyanın birləşməsi ilə əlaqədar qrup rəhbəri vəzifəsinə, daha sonra 14 mart 2007-cı il tarixdə 12/2 saylı əmrlə qrup rəhbəri vəzifəsində elmi işçi vəzifəsinə, 21 iyun 2007-ci il tarixdə 28/k saylı əmrlə baş elmi işçi vəzifəsinə keçirilmişdir. 2 iyul 2009-cu il tarixdə 21/k saylı əmrlə isə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. 17 iyun 2009-cu il tarixdə 057 saylı əmrlə Respublika X3 həkim immunoloji laboratoriyaya həkim-immunoloq vəzifəsinə təyin olunmuş, 2 sentyabr 2013cü ıl tarixdə isə, 217 saylı əmrlə immunoloji laboratoriyaya həkim immunoloq vəzifəsinə keçirilmişdir. Həmin vaxtdan indiyədək sonuncu iş yeri üzrə əmək fəaliyyətimi davam etdirir. Ona 14 iyul 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxtdan etibarən qanuni əsaslarla güzəştli şərtlərə görə yaşa görə əmək pensiyası almışdır. Lakin ona 5 mart 2021-ci il tarixdə ********** saylı məktubla güzəştli şərtlərə görə yaşa görə əmək pensiyasının dayandırılması haqqında bildiriş təqdim olunmuşdur. Həmin bildirişlə 14 iyul 2015-ci il tarixdən aldığı güzəştli şərtlərə görə yaşa görə əmək pensiyasına görə dövlət tərəfindən ona ödənilmiş 12.935,69 manat məbləğində ödənişin büdcəyə qaytarılması da tələb olunmuşdur. Halbuki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada DSMF-yə müraciət edərək güzəştli şərtlərə görə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, bundan sonra çalışdığı müəssisə və vəzifə araşdırılmış, 17 iyun 2009-cu il tarixdən 14 iyul 2015-ci il tarixədək Səhiyyə Nazirliyinin Respublika X3 “həkim-immunoloq” vəzifəsi üzrə əmək fəaliyyəti nəzərə alınaraq qanunvericiliyə uyğun şəkildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı 2015-ci ildə sözügedən pensiya növünün təyin olunması üçün müraciət etmişdir. Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci ıl tarixli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə uyğun olaraq 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini gözəştli şərtlərlə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli, şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin, «Əmək pensiyaları haqqında» Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdəki iş müddəti ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərə daxil edilir. Göstərilən müddəadan da aydın olduğu kimi, ona güzəştli şərtlərə görə əmək pensiyası təyin edilərkən 52 yaşı tamam olmuş, ümumi stajı və güzəştli şərtlərə görə nəzərdə tutulmuş əmək fəlaiyyəti ona sözügedən pensiya növünün təyin edilməsi üçün əsas verir. Cavabdeh pensiya ödənişinin dayandırılması haqqında 5 mart 2021-ci il tarixli **********2 saylı məktubunda ona təyin olunmuş güzəştli şərtlərə görə əmək pensiyasının dayandırılması əsasları göstərilməyə çalışılsa da, həmin məsələnin izahı mümkün olmamışdır. Belə ki, həmin məktubda qanun bütün təfsilatı ilə göstərilmiş, bir daha cavabdehin məktubu ilə iddiaçıya güzəştli şərtlərə görə əmək pensiyası növünün təyin ediməsinin qanuniliyi sübuta yetirilmişdir. Həmin məktubla cavabdeh özü birbaşa onun sözügedən pensiya növünü almaq hüququnu etiraf etmişdir. Cavabdeh tərəfindən göndərilmiş məktubun dördüncü abzasında «Əmək pensiyaları haqqında» Qanunun 24cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdəki iş müddəti ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərə daxil edilməsi norması qeyd olunaraq belə bir normanın tətbiq edilməli olduğunu zəruri hesab edilsə də, altıncı abzasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “Səhiyyə və sosial təminat idarələri” bölməsinin tauna qarşı idarələrdə məşğul olan işçilərin vəzifələrinin nəzərdə tutulması bildirilsə də, hansəı səbəbdənsə növbəti abzasda onun güzəştli iş stajının guya 10 ildən az (6 il 27 gün) olduğu qənaətinə gəlmişlər. İddiaçı qeyd olunanlara müvafiq olaraq qanuni surətdə əldə etdiyi güzəştli şərtlərə görə əmək pensiyası almaq hüququndan cavabdehin qanunsuz hərəkətləri nəticəsində istifadə edə bilmir. Odur ki, onun pozulmuş hüquqları məhkəmə qayasında bərpa edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə, «Əmək pensiyaları haqqında» Qanununun 3-cü maddəsinə, İPM-in 2.2.2, 45 – 46, 68.2, 73.1-ci maddələrinə əsaslanaraq, cavabdehin imtinasının əsassız hesab edilməsi, 17 iyun 2009-cu il tarixdən 14 iyul 2015-ci il tarixədək olan dövr iddiaçının sığorta stajına ikiqat ölçüdə hesablanmaqla ona təyin olunan dayandırılmış güzəştli şərtlərə görə əmək pensiyasının bərpa edilməsi və pensiyanın dayandırıldığı 31 dekabr 2020-ci il tarixdən etibarən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddia ilə bağlı qarşı münasibətində bildirilir ki, İddiaçı iddia tam əsassız hesab edilir və qanuna zidd olduğuna görə rədd edilməlidir. İddiaçı 19 avqust 2021-ci il tarixdə ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və həmin müraciətlə bağlı Mərkəzi Filial tərəfindən inzibati icraat tədbirləri aparılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.8.3-cl uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006- cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdəki iş müddəti - ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) tauna qarşı idarələrdə məşğul olan işçilərin vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı ona vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunanlara əsasən 17 iyun 2009-cu il tarixdən 14 iyul 2015-ci il tarixədək olan dövr ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika X3 həkim-immunoloq vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 27 gün) təşkil edir. Göstərilən uyğunsuzluqlara baxmayaraq ona 14 iyul 2015-ci il tarixdən DSMF Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən 14 iyul 2015-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövr ərzində ümumilikdə 12.935,69 manat artıq pul vəsaitinin DSMF Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 16.052,06 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı Mərkəzi Filial tərəfindən 5 mart 2021-ci il tarixli **********2 nömrəli məktubla ona məlumat verilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından, Mərkəzi Filial tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar iddiaçının ünvanına həmçinin, “Pul tələbinin icraya yönəldilməsi haqqında” qərar aidiyyəti üzrə Xətai rayon İcra şöbəsinə göndərilmişdir. «İnzibati icraat haqqında» Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış, pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş, Mərkəzi Filial tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. Qanunvericiliyin müddəalarından görünür ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Bunun üçün inzibati orqan göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar «İnzibati icraat haqqında» Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır. «İnzibati icraat haqqında» Qanunun 21.3.6-cı maddəsinə əsasən inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borclu deyildir. Bu qəbildən olan işlərin məhkəmədə baxılması və uzun müddət davam edən məhkəmə proseslərinin və çəkişmələrin davam etməsi həmin artıq ödənilmiş məbləğlərin dövlət büdcəsinə qaytarılmasını yubatdığından artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması məqsədilə «İnzibati icraat haqqında» Qanunun 82.1-ci maddəsinin və «İcra haqqında» Qanunun 6.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq eyni məzmunlu icra sənədi verməklə artıq ödənilmiş pensiya məbləğini qaytarmaq üçün tədbirlər görməsi daha məqbuldur. Bundan əlavə «İnzibati icraat haqqında» Qanunun 81,1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Eləcə də, həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi, Mərkəzi Filial artıq ödənilmiş pul məbləğinin tələb edilməsi barədə inzibati qərar qəbul etməklə öz diskresion səlahiyyətlərindən istifadə etmişdir. Eyni zamanda, «Normativ hüquqi aktlar haqqnda» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. «Əmək pensiyaları haqqında» Qanunun 1 yanvar 2006-cı il tarixdə, «İnzibati icraat haqqında» Qanunun isə 1 yanvar 2011-ci ildə qüvvəyə mindiyi nəzərə alınaraq, Mərkəzi Filial tərəfindən həmin Qanunun tələblərinə uyğun qaydada tərtib olunmuş inzibati qərarın qanunauyğunluğunun iddiaçı tərəfindən mübahisələndirilməsi əsassızdır. Həmin Qanunun 81,5-ci maddəsinin tələbinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhləməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «əmək pensiyasının dayandırılması barədə cavabdehin 18 fevral 2021-ci il tarixli **********9 nömrəli qərarının ləğv edilməsi, iddiaçıya təyin olunan dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və dayandırıldığı vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı 1963-cü il təvəllüdlüdür. DSMF orqanı tərəfindən ona 14 iyul 2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş pensiya üzrə ödəniş cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 31 dekabr 2020-ci il tarixdə dayandırılmışdır. İddiaçı məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin ona ünvanlanmış 5 mart 2021-ci il tarixli məktubla iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə stajının 10 ildən az olduğu və «Əmək pensiyaları haqqında» Qanunun 37.8.3-cü maddəsinə istinadən pensiya ödəniçinin dayandırıldığı bildirilmişdir. İddiaçı hazırda cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərini mübahisələndirir və ona təyin ounmuş əmək pensiyasının bərpasını tələb edir. Məhkəmə mübahisə ilə əlaqədar aşağıdakı qanunvericilik normalarını diqqqətə çəkir: «İnzibati icraat haqqında» Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Əmək pensiyaları haqqında» Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı İddiaçı ilkin pensiya təyin olunması barədə DSMF orqanının qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya təyon olunmuş əmək pensiyasının dayandırılması barədə 18 fevral 2021-ci il tarixli **********9 nömrəli qərar qəbul edilsə də, onun (iddiaçının) məlumatlandırılması təmin edilməmiş, eləcə də həmin qərarı – 18 fevral 2021-ci il tarixli inzibati aktı əsaslandırmamışdır. Bundan başqa, cavabdeh inzibati orqan nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin dayandırılmasının «Əmək pensiyaları haqqında» Qanunun 37.8.3-cü maddəsinin və «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir tutarlı sübut təqdim etməmişdir. İnzibati orqanın gətirdiyi dəlillər əmək pensiyasının dayandırılmasına əsas vermir, lakin bu xüsusatlar çərçivəsində inzibati orqan “əmək pensiyasının təyin edilməsi barədə” qərarını ləğv edə bilər və həmin qərarın da iddiaçı tərəfindən mübahisələndirilməsi mümkün olar. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı inzibati icraatı «İnzibati icraat haqqında» Qanunun 21, 24, 61-сi maddələrinin tələblərini pozmaqla apardığından, cavabdehin 18 fevral 2021-ci il tarixli **********9 nömrəli qərar qanunsuz və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, cavabdehin həmin qərarı ləğv edilməlidir. Qeyd olunmalıdır ki, İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Nəzərə alınmalıdır kİ, iddiaçıya təyin olunmuş əmək pensiyasının dayandırılması barədə cavabdehin 18 fevral 2021-ci il tarixli qərarı qanunsuz sayılaraq ləğv olunduğu halda, onun icrası üzrə meydana gəlmiş nəticələrin aradan qaldırılması istiqamətində müvafiq dövr üçün ödənilməmiş pensiya məbləği iddiaya ödənilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 fevral 2021-ci il tarixli **********9 nömrəli qərarı ləğv edilməli, İddiaçı təyin olunan dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və əmək pensiyasının dayandırıldığı vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 fevral 2021-ci il tarixli **********9 nömrəli qərarı ləğv edilsin. İddiaçı təyin olunan dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və əmək pensiyasının dayandırıldığı vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar