Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2394/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyasının 15.11.2019-cu il tarixindən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra Filial) ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 64 yaş 6 ay yaşından əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının 15.11.2019-cu il tarixindən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 02.11.1972-ci il tarixindən 29.02.2004cü il tarixinə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyəti üzrə ümumi iş stajı 25 ildən çoxdur. Yaşa görə əmək pensiyası hüququ 15.11.2019-cu il tarixindən yaranmışdır. Cavabdeh inzibati orqana 03.09.2020-ci il tarixli ərizə ilə müraciət edərək əmək stajına əsasən ona əmək pensiyasının təyin edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan müraciətinə imtina cavabı vermişdir və imtinasını ilk öncə onunla əsaslandırmışdır ki, ümumi iş stajı 23 il 12 gün təşkil edir və qanunla tələb olunan 25 il müddətindən azdır. Lakin cavabdeh əmək stajını hesablayarkən 2 il hərbi xidmətdə olduğu müddəti nəzərə almamışdır. Halbuki həm qüvvədən düşmüş, həm də qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hərbi xidmət dövrü iş stajına daxil edilir. Bundan əlavə imtina məktubu onunla əsaslandırılmışdır ki, 1996-2002-ci illərdə işlədiyi "xxxx" firması tərəfindən məcburi dövlət sosial sığorta haqqlarının ödənilib-ödənilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Cavabdeh inzibati orqana həmin dövrlərin məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi barədə məlumat verilmiş, bu halın araşdırılması üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinə müraciət olunması xahiş olunmuşdur. Lakin cavabdeh inzibati orqan “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərini pozaraq işi hərtərəfli araşdırmağa borclu olduğu halda araşdırmamış, əlavə sübutlar toplamamış, həmin Qanunun 32.2-1-ci maddəsinin tələblərinə əsasən işin araşdırılması üçün əhəmiyyətli olan digər inzibati orqanın sərəncamında olan sənədləri tələb etməmişdir. Ərizəyə əlavə olunan "xxxx" firması və Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən təsdiq edilmiş 03.03.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" firmasının 1993-2004-cü ilə aid sənədləri dövlət mühafizəsinə təqdim edilmişdir. Ona görə də hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtina məktubu əsassızdır və qanunsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən əsaslı olaraq qanunvericiliyin tələblərinə müvafiq olaraq imtina verilmişdir. İddiaçı xx.xx.1955-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. İddiaçının pensiya hüququ 15.05.2019-cu ildə yaranmışdır. İddiaçının 02.11.1972-ci ildə tərtib olunmuş əmək kitabçasında 01.12.1993-cü ildən etibarən kitabçaya edilmiş düzəlişlər əmək kitabçasındakı məlumatları şübhə altına alır. Belə ki, təqdim olunmuş əmək kitabçasında iddiaçının 12.01.1993-cü ildə 139 nömrəli əmrlə Təsərrüfat hesablı müstəqil subyekt çörək mağazasına direktor təyin edildiyi barədə qeyd vardır. Lakin Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən təqdim edilmiş 19 mart 2020-ci il tarixli arxiv arayışında iddiaçının 1993-cü ilə aid əməkhaqqı cədvəllərində onun 139 nömrəli əmrlə işdən azad olunduğu göstərilmişdir. Eyni nömrəli əmrlə iddiaçının işə qəbulu əmək kitabçasındakı düzəlişlə dəyişdirilmişdir. Hansı ki, arxiv arayışında həmin ildə iddiaçının isdən azad olunduğu qeyd olunur. Bundan əlavə 1981-ci ilin əmrində də əmək kitabçasına düzəlişlər edilmişdir. Eyni zamanda əmək kitabçasındakı düzəlişlər bununla bitməmiş, 29.02.2002-ci il tarixi 29.02.2004 tarixi ilə əvəz edilmişdir. Məhz bu səbəbdən 2002-ci ildən sonraki əmək haqqı cədvəllərində iddiaçının əmək haqqı aldığı göstərilməmişdir. İddiaçının əmək kitabçasında bir digər ziddiyyətli məqam isə onun 01.12.1996-cı ildə işdən öz ərizəsi ilə ilə azad olunması, sonrasında isə əmək kitabçasında 11.01.1996-cı ildə isə Hüseyn firmasına isə qəbul olunmasıdır. Qeyd olunan məqamlar əmək kitabçasındakı dəyişikliklərin iddiaçının maraqlarına uyğun çəkildə tərtib olunduğunun aşkar göstəricisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Əsasnamənin 3.9 cu bəndinə əsasən; Əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdigedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. Lakin iddiaçının əmək kitabçasında aparılmış düzəlişlər haqqında hər hansı təsdiqedici sənədlər mövcud olmamışdır. Digər tərəfdən iş materiallarında olan arxiv arayışlarına nəzər saldıqda iddiaçının əməkhaqqı cədvəllərində 1986-1993-cü illərdə aldığı əmək haqqı 1991-ci ilə qədər normal olaraq SSRİ Azərbaycanında dövriyyədə olan rəsmi valyuta rublla göstərilmişdir. Məlumdur ki, 18 oktyabr 1991-ci ildən etibarən yenidən müstəqilliyini bərpa etdikdən sonra isə rəsmi valyuta olan manat dövriyyədə olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. Ancaq iş materiallarında olan əmək haqqı cədvəllərində məlum olduğu kimi keçid dövrü olduğundan 1992-1993-cü illərdə əməkhaqqının rubl/manat olaraq göstərilməsi anlaşılan olsa da, 1996-2000-ci illər aralığında iddiaçının rublla əmək haqqı alması mübahisəli məqamdır. Bütün bunlar qeyd olunan illərdə əmək kitabçasında olan qeydləri tam olaraq şübhə altına alır. İddiaçı is materiallarına olan arxiv arayışında 1993-2004-cü illər ərzində 1993,1994,1995 və 1996-cı illərdə əməkhaqqı aldığı barədə məlumatlar mövcud deyildir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də (15.05.2019-cu ildə iddiaçı yanunla müəyyən olunmuş yaş həddinə çatmışdır), iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - İddiaçıya məxsus əmək kitabçasının azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 02.11.1972-ci ildən 16.03.1973-cü ilə qədər Litoqrafiya Ofset sexində 1-ci dərəcəli fəhlə (04 ay 15 gün), 01.11.1973-cü ildən 06.11.1975-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət (02 il 6 ay), 08.04.1976-cı ildən 01.12.1996-cı ilə qədər Bakxlebtorq (Bakı Çörək müəssisəsi) kiçik satıcı, satıcı, müdürü və böyük satıcı (20 il 7 ay 24 gün), 01.11.1996-cı ildən 29.02.2004-cü ilə qədər "xxxx" Firmasında prezident (7 il 3 ay 29 gün) vəzifələrində işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmə ünvanlanlanmış **********97 №-li, 17.05.2021-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, 30.08.1996-cı il tarixli, 001 №-li auksion protokoluna, 10.09.1996-cı il tarili 244 №-li müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Çörək Ticarəti İdarəsinin 1 №-li t/h Çörək Mağazasını almışdır. İddiaçı, X4, X16, X1, X8, X5, X19, X6, X2 və X10 tərəfindən imzalanmış 01.10.1996-cı il tarixli "xxxx" firmasının təsis müqaviləsinə əsasən Bakı şəhəri Çörək Ticarəti İdarəsinin 1 №-li təsərrüfat hesablı çörək mağazasının əmlakında ifadə olunan payları birləşdirilərək "xxxx" firması təsis edilmişdir. - "xxxx" Firması ilə Azərbaycan Respublikası Dövlət Arxivi arasında tərtib edilmiş 03.03.2020-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası "xxxx" firması (Bakı Çörək Ticarəti) 1993-2004 şəxsi heyət üzrə işləri Dövlət arxivinin fonduna təhvil verilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi tərəfindən iddiaçıya ünvanlanmış 19 mart 2020-ci il tarixli, P-5 №-li arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası “Bakı Çörək Ticarəti İdarəsi” arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı 1986-1993-cü illərə dair 01 saylı mağaza üzrə aylıq maaşı və 13-cü maaşı qeyd olunur. Eyni zamanda bildirilir ki, yuxarıda göstərilən arxiv fondunun 1976-1986-cı illərə dair əmək haqqı cədvəllrində 01 saylı mağaza üzrə məlumat yoxdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi tərəfindən iddiaçıya ünvanlanmış 30 iyun 2020-ci il tarixli, P-6/139 №-li arxiv arayışının surətindən görünür ki, "xxxx" firmasının arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı 1996- 2004-cü illərə dair aylıq maaşı qeyd olunur. Eyni zamanda bildirilir ki, 1994-cü il yanvarnoyabr ayları, 1995-ci il və 1996-cı il yanvar-noyabr aylarına dair "xxxx" firmasının əmək haqqı cədvəlləri arxivə dövlət mühafizəsinə verilməyib və İddiaçı 1994-cü ildə işə qəbul olunması, 2004-cü ildə işdən azad olunması barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 5/1852 №-li, 17.11.2020-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan "xxxx" firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış DA-00245-2021 №-li, 01.03.2021-ci il tarixli, DA-00493-2021 №-li, 07.04.2021-ci il tarixli məktublarına əlavə olunmuş "xxxx" firmasının 01.11.1996-cı il tarixli, 01 №-li, 05 fevral 2004-cü il tarixli, 01 №-li əmrlərinin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, "xxxx" firmasının 01.11.1996-cı il tarixli, 01 №-li əmri ilə İddiaçı "xxxx" Firmasında prezidenti hesab edilmişdir. 05 fevral 2004-cü il tarixli, 01 №-li əmr ilə 1996-cı ilin noyabr ayından 2001-ci ilin yanvar ayına qədər olan dövrdə "xxxx" firmasının təsərrüfat fəaliyyətini əks etdirən vaxtı keçmiş və praktiki əhəmiyyətini itirmiş sənəd və işlər məhv etmək üçün seçilməsi ilə yandırılması əmr edilmişdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış **********6 №-li, 28.09.2020-ci il tarixli məktubdan görünür ki, 15.09.2020-ci il tarixli daxil olmuş ərizəsinə cavab olaraq bildirilir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 23 il 12 gün olmaqla Qanunla tələb olunan 25 il müddətindən azdır. Eyni zamanda bildirilmişdir ki, 1996-2002-ci illərdə işlədiyi "xxxx" firması tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunan səbəbdən göstərilən dövrün sığorta stajı əlavə edilməsi mümkün hesab olunmur. Həmçinin fərdi hesabını sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (17074,46 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq hazırda yaşa görə əmək pensiyası təyinatı qanunverciliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müavinət təyin edilməsi üçün 1 saylı Bakı “DOST” Mərkəzinə müraciət etməyi tövsiyə olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 64 il 6 ay yaşa çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Məhkəmə qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının: - 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. - 3.2-ci bəndinə əsasən əmək kitabçasının “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. - 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. - 3.5-ci maddəsinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən aparılır. - 3.6-ci maddəsinə əsasən əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat" bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır”. - 3.9-cu maddəsinə əsasən şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. Hazırki işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmiş, həmçinin əmək kitabçasındakı düzəlişlər işəgötürən tərəfindən lazımi qaydada təsdiq edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının iş stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Bundan başqa «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə hesab edir ki, iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajını müəyyən edən əmək kitabçasındakı qeydlər qanunvericiliyin tələblərinə uyğun olduğundan İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq, yəni 30 il 03 ay 12 gün ümumi iş stajı mövcuddur. Hətta cavabdeh inzibati orqanın qəbul etmədiyi dövrlər nəzərə alınmalı olsa belə iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, İddiaçı 25 ildən artıq sığorta stajına malik olduğu halda ona 64 yaş 6 ayı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 64 yaş 6 ayı tamam olduğu vaxtdan, yəni 15 noyabr 2019-cu il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı 64 yaş 6 ayı tamam olduğu dövrdən, yəni 15 noyabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2394/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2394/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver