Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2395/2021 24.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X5 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Qarabağ müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1978 ci ildən müvafiq qanunvericiliyə uyğun olaraq işləmiş, xx.xx.1981-ci ildən xx.xx.1995-ci ilə qədər olan müddətdə Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında işləmiş. İşlədiyi dövrdə, 1988-1994 cü illərdə Dağlıq Qarabağ ətrafinda Ermənistan Azərbaycan müharibəsi baş vermişdir. Onun qardaşı Azərbaycan Respublikasının Milli X1 həmin müharibədə şəhid olduğu üçün onu müharibəyə aparmamışlar. Lakin 1993-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsi düşməndən təmizlənəndə o da həmin müharibədə könüllü iştirak etmişdir. Lakin bununla bağlı heç bir sənədi olmamışdır. Onunla birlikdə müharibədə olmuş yoldaşları müharibə veteranları, X6 (vəsiqə 030868) verilmə tarixi xx.xx.2008 ci il, X3 (vəsiqə 031009) verilmə tarixi xx.xx.2013-cü il, X4 (vəsiqə 031009) verilmə tarixi xx.xx.2013-cü il onun həmin dövrlərdə müharibədə vuruşduğunu və iştirak etdiyini təstiq edirlər. Eyni zamanda tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Daxili İşlər nazirliyinə ərizə ilə müraciət etmiş, sonuncu ona 16.09. 2020-ci il tarixli 024-36251-3220 № cavabla ərizəsini təmin etməmişdir. Qeyd edilənlərə əsasən Dağlıq Qarabağ müharibəsində iştirak etdiyi ücün, ona müharibə veteranı adı və vəsiqəsi verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə verilmiş yazılı etirazda qeyd edilmişdir ki, sabiq polis əməkdaşı İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyi üçün, ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi barədə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qaldırdığı məsələ ilə bağlı «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsinə dair müraciətlərə baxılması proseduruna müvafiq olaraq Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsinə sorğu verilmişdir. Həmin Baş idarədən daxil olmuş arxiv materiallarında sabiq polis əməkdaşı İddiaçı ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə hər hansı məlumat aşkar olunmamışdır. Bundan əlavə, oxşar məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib-etməməsinin əhəmiyyətliliyi və bu halın məhkəmələr tərəfindən hüquqi cəhətdən araşdırılmasının zəruriliyi xüsusi olaraq qeyd edilmişdir. Göstərilənləri, eləcə də Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin tələblərinə nəzərə alaraq, sabiq polis əməkdaşı İ.X9 Nazirliyinə qarşı «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsinə dair iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddiaçıya «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X10 məhkəmə iclasında etiraz ərizəyə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış № 024-36251-3220 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını nəzərə alaraq, Müharibə veteranı” adı və vəsiqəsi verilməsinə köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətinə baxılmışdır. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə arxiv şəxsi işində konkret məlumat olmadığına görə qaldırılmış məsələnin həlli mümkün deyildir. Məhkəmə işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları əsas götürərək bildirir ki, hazırki iddia tələbinin əsasını «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu təşkil edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Eyni zamanda qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdir. İddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə -döyüş bölgəsinə ezam olunmasına dair əmrlər, arxiv arayışları mövcud olmadığından iddiaçının cavabdehdən müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmək hüququ yoxdur. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3), bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2395/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2395/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver