Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2397/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, "xxxx" QSC-da işləyir),cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Hüquq idarəsinin Məhkəmələrlə iş şöbəsinin aparıcı hüquqşünası),cavabdeh Azərbaycan Dəmiryolçularının X2 Respublika Komitəsinin nümayəndəsi X4 (Cəbrayıl rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеhlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Azərbaycan Dəmiryolçularının X2 Respublika Komitəsinə qarşı “mənzil növbəsinin bərpa edilməsi” barədə iddia tələbinə dair işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Azərbaycan Dəmiryolçularının X2 Respublika Komitəsinə qarşı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Dəmiryolçularının X2 Respublika Komitəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının mənzil növbəsindən çıxarılmağı barədə qəbul olunmuş bütün qərarların, sənədlərin və qeydlərin ləğv edilməsi və iddiaçının mənzil növbəsinə bərpa edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1985-ci ildə "xxxx" QSC-nın Keşlə stansiyasına təcrübəçi qatar tərtibatçısının köməkçisi işinə qəbul edilmiş, həmin vaxtdan 1992-ci ilə qədər orda işləmişdir, 1992-ci ildə növbədə olarkən naməlum şəxslərin hücumu nəticəsində başından küt alətlə xəsarət almış, bunun nəticəsində 80% əmək qabiliyyətini itirdiyi üçün xx.xx.1993-cü il tarixdə 2-ci qrup əlil olmağı ila əlaqədar işdən azad edilmişdir. xx.xx.1994-cü ildən yenidən Keşlə stansiyasına təcrübəçi stansiya operatoru işinə qəbul edilmiş və hal hazırda sərbəst qatar tərtibatçısı işində işləyir. Keşlə stansiyasının həmkarlar təşkilatı ilə müdüriyyətin xx.xx.1994-cü il tarixli, 5 nömrəli protokoluna əsasən bir nəfər özü, 2-ci qrup əlil olmaqla mənzil növbəsinə götürülmüşdür. Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 17 nömrəli qərarı ilə yuxarıda göstərilən protokol təstiq edilmiş və mənzil növbəsinə dayananların siyahısına daxil edilmişdir. Qeyri-rəsmi əldə etdiyi məlumatlara əsasən sonradan mənzil növbəsindən çıxarılmışdır. Bununla əlaqədar iddiaçı Azərbaycan Dəmiryolçularının X2 Respublika Komitəsinə müraciət etmiş,oradan ona bildirilmişdir ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşın mənzil uçotuna dair sənədlər qovluğu onun işlədiyi təşkilatda saxlanılır və məsələyə aydınlıq gətirilməsi üçün işlədiyi stansiya rəhbərliyinə və HİK-nə müraciət etməsi tövsiyyə olunmuşdur. O zaman iddiaçı Keşlə stansiyasının rəhbərliyinə müraciət etmiş, oradan isə məlumat verilmişdir ki, onun adı siyahıda yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərdən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq sərəncam icra olunmamış və iddiaya dair etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi F.Babayev iddiaya etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36N-li qərarı ilə "xxxx" QSC-nin təsdiq edilmiş Nizamnaməsinin 3.1-ci bəndində Cəmiyyətin fəaliyyət istiqamətlərində mənzil tikintisi ilə məşğul olması nəzərdə tutulmamışdır. Buna görə də "xxxx" QSC rəhbərliyinin xx.xx.2012-ci il tarixli teleqram göstərişinə əsasən dəmir yolunda işçilərin iş yerində mənzil uçotuna götürülməsi və bərpası dayandırılmışdır. İddiaçını mənzil uçotuna alan və siyahıdan çıxaran Keşlə stansiyasının olmasına baxmayaraq cavabdeh kimi "xxxx" QSC göstərilmişdir. İddiaçının 2009-cu ilədək mənzil uçotunda olmasına dair məlumatlar vardır, ancaq daha sonra hansı səbəbdən mənzil uçotundan çıxarılması məlum deyildir. O hesab edir ki, vətəndaşa dəmir yolunun Keşlə yük stansiyası ərazisində torpaq ayrılmışdır, rəsmi olmasa da istisna hal kimi ayrılmışdır. Bu səbəbdən iddiaçı mənzil uçotundan çıxarıla bilərdi.Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi çıxışının sonunda iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Dəmiryolçularının X2 Respublika Komitəsinin nümayəndəsi N.Behbudov iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı Keşlə stansiyasında işlədiyinə görə mənzil şaraitini yaxşılaşdırmaq qismində iş yerində mənzil uçotuna durmaq üçün həmin stansiya rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Stansiyanın o vaxtkı rəisi vətəndaşın ərizəsini stansiyada fəaliyyət göstərən mənzil-məişət komissiyasına göndərmişdir. Komissiya vətəndaşın müraciətinə əsasən mənzil-məişət şəraitinə baxış keçirmiş və o, Dövlət podşipnik zavodunun 7 saylı yataqxanasında bir otaqda pasport qeydiyyatında olmaqla yaşadığına görə iş yerində mənzil uçotuna götürülməsi barədə akt tərtib etməklə onun mənzil uçotuna götürülməsi barədə stansiya rəhbərliyinə müraciət edilmişdir. Komissiyanın təklifini nəzərə alan stansiya rəhbərliyi ilə stansiya Həmkarlar ittifaqının xx.xx.1994-cü il tarixli birgə qərarına əsasən iddiaçı iş yerində bir nəfər ailə üzvü olmaqla mənzil uçotuna götürülmüş və mənzil uçotuna dair sənədlər qovluğu stansiyada saxlanılmışdır. İddiaçının mənzil uçotundan nə səbəbdən çıxarılması barədə X1 İttifaqı Respublika Komitəsində heç bir məlumat yoxdur. Vətəndaşın iş yerində mənzil uçotundan çıxarılmasında uzun müddət (10 il) keçdiyindən Komitə tərəfindən hər hansı bir mülahizə vermək mümkünsüzdür. Çünki vətəndaş iş yerində mənzil uçotuna işlədiyi stansiyada durmuş və mənzil uçotuna dair sənədlər qovluğu həmin stansiyada saxlanılırdı. Uzun illər dəmir yolunda mənzil uçotunda olan işçilərə mənzil verilmədiyinə görə bu məsələ aktuallığını itirdiyindən iş yerində mənzil uçotunda olan bəzi işçilər mənzil almaq ümidlərini itirmişdilər. Lakin, son bir neçə ildə iş yerində Bakı şəhəri və Biləcəri dəmiryolu qovşağı üzrə mənzil uçotunda olan işçilərin mənzil növbəsi nəzərə alınaraq "xxxx" QSC rəhbərliyi tərəfindən mənzillə təmin olunduqlarına görə vaxtı ilə mənzil uçotunda olmuş bu və ya digər səbəbdən mənzil uçotundan çıxmış işçilər bu məzmunda müraciət edirlər. Qeyd edilən məsələ ilə əlaqədar olaraq vətəndaşın işlədiyi stansiya rəhbərliyinin və iş yoldaşlarının verdiyi məlumatlara görə iddiaçıya stansiyanın xidməti ərazisində olan yük həyətindən torpaq sahəsi ayrılmış və vətəndaş özünə mənzil tikərək həmin evə pasport qeydiyyatına düşmüşdür.Cavabdeh Azərbaycan Dəmiryolçularının X2 Respublika Komitəsinin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını, cavabdehlərin nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı, qismən əsassızdır. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti, ev 31-də qeydiyyatddır. Keşlə stansiyasının iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən "xxxx" QSC-nın Keşlə stansiyasında sonuncu mənzil növbəsi siyahısı 2009-cu ildə tərtib edilərək Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin siyahıda iddiaçının adı göstərilməmişdir. 2009-cu ildə təsdiq edilmiş işçilərin mənzil növbəsi siyahısında iddiaçının adı olmadığına görə onun mənzil növbəsi barədə stansiyada məlumat yoxdur. Azərbaycan X2 Respublika Komitəsinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının adı Keşlə stansiyasında iş yerində mənzil uçotunda olan işçilərin 2009-cu il üçün tərtib olunan siyahıda yoxdur. Mənzil uçotu siyahısından çıxarılmağı barədə Komitədə müfəssəl məlumat olmadığına görə mövcud məsələyə aydınlıq gətirilməsi üçün işlədiyi stansiya rəhbərliyinə və HİK-nə müraciət etməyi iddiaçıya tövsiyyə olunmuşdur. Digər tərəfdən "xxxx" QSC-nin Nizamnaməsinə əsasən Cəmiyyətin fəaliyyəti istiqamətində mənzil tikintisi ilə məşğul olması nəzərdə tutulmamışdır. Buna görə də "xxxx" QSC rəhbərliyinin xx.xx.2012-ci il tarixli teleqram göstərişinə əsasən dəmir yolunda işçilərin iş yerində mənzil uçotuna götürülməsi və və mənzil növbəsinin bərpası dayandırılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" QSC-nin Nizamnaməsinə əsasən Cəmiyyətin fəaliyyəti istiqamətində mənzil tikintisi ilə məşğul olması nəzərdə tutulmuşdır. Buna görə də "xxxx" QSC rəhbərliyinin xx.xx.2012-ci il tarixli teleqram göstərişinə əsasən dəmir yolunda işçilərin iş yerində mənzil uçotuna götürülməsi və mənzil növbəsinin bərpası dayandırılmışılr. Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 17 nömrəli sərəncamına əsasən İddiaçı ailə tərkibi 1 nəfər (özü) olmaqla mənzil növbəsinə dayananların siyahısına daxil edilmişdir. Azərbaycan SSR Sosial Təminat Nazirliyinin Həkim-Əmək Ekspertizasının 084447 nömrəli,xx.xx.1993-cü il tarixli arayışına əsasən İddiaçı xx.xx.1994-cü il tarixədək 2-ci qrup əlillik təyin edilmişdir. Keşlə stansiyasının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1994-cü il tarixli aktına əsasən keçmiş qatar tərtibatçısı B.M. Vəliyev Bakı şəhəri, Montin qəsəbəsi, Molla Cümə küçəsi, ev 26, mənzil 346-da, 7 nömrəli Dövlət podşibnik zavodunun yataqxanasında yaşayır, orada bir çarpayı tutur. Komissiya üzvləri hesab etmişlər ki, İddiaçı mənzil şəraiti pis vəziyyətdədir, ona görə də onun mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı vardır. Azərbaycan X2 Respublika Komitəsinin iddiaçıya ünvanlanmş xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, mənzil şəraitinin yaxşılaşdırılmağa ehtiyacı olan vətəndaş işlədiyi müəssisə rəhbərliyi ilə həmkarlar təşkilatının birgə qərarına əsasən iş yerində mənzil uçotuna götürülür və mənzil uçotuna dair sənədlər qovluğu həmin təşkilatda saxlanılır. mövcud məsələyə aydınlıq gətirilməsi üçün işlədiyi stansiya rəhbərliyinə və HİK-nə müraciət etməyi iddiaçıya tövsiyyə olunmuşdur. xx.xx.1993-cü il tarixli arayışa əsasən İddiaçı adına torpaq sahəsi olmamışdır. Azərbaycan dəmir yolu Keşlə stansiyasının həmkarlar təşkilatı ilə müdüriyyətin xx.xx.1994-cü il tarixli, 5 nömrəli protokoluna əsasən İddiaçı bir nəfər özü, 2-ci qrup əlil olmaqla mənzil növbəsinə götürülmüşdür. İddiaçının əmək kitabçasına əsasən iddiaçı "xxxx" QSC-da 1985-1993-cü illərdə işləmişdir, 1994-cü ildən hazıra qədər də həmin Cəmiyyətdə işləyir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyti başçısının 10 №li, xx.xx.2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Keşlə dəmir yolu stansiyası işçilərinin yaşayış mənzillərinin yaxşılaşdırılmasına ehtiyacı olanları növbə siyahısı”na əsasən iddiaçının adı xx.xx.2010-cu ildə təsdiq edilmiş həmin mənzil növbəsində yoxdur. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı "xxxx" QSC-nın əməkdaşıdır, 1994-cü ildə mənzil növbəsinə götürülmüşdür, lakin 2010-cu ildə təsdiq edilmiş mənzil növbəsi siyahısında iddiaçının adı göstərilməmişdir. İddiaçı cavabdehlərə müraciət edərək mənzil növbəsinin bərpa edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, oanun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Bundan başqa Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir: “53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.”. İşin faktiki hallarına əsasən iddiaçı mənzilə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürüldüyü halda hazırda mövcud olan mənzil növbəsində onun adı yoxdur, cavabdehlər isə bunun səbəbini dəqiq izah edə bilməmişlər, yalnız iddiaçının işlədiyi stansiyanın xidməti ərazisində olan yük həyətindən torpaq sahəsinin ayrılması və vətəndaşın özünə mənzil tikməsi ilə bağlı iddiaçının mənzil növbəsində adının olmamasını ehtimal etdiklərini bildirmişlər. Cavabdehlərin nümayəndələrinin həmin ehtimalları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəllənin 22-ci maddəsinə əsasən: 1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır... Göründüyü kimi nəqliyyat torpaqlarında ev tikilməsi nəzərdə tutulmamışdır və nəqliyyat torpaqlarında hər hansı bir evin inşa edilməsi vətəndaşın mənzillə təmin edilməsi hesab edilmir. Bundan başqa məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən "xxxx" QSC-da işçilərin mənzillə təmin edilməsi ilə bağlı mənzil növbəsi mövcuddur və belə olan halda mənzil şəraiti qənaətbəxş olmayan iddiaçının mənzil növbəsinin bərpa edilməməsi ilə ayrıseçkiliyə yol verilməsi qanuna uyğun deyildir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir, 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır, 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır, 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzil növbəsinin bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddiası əsaslıdır. İddianın qalan hissəsini məhkəmə əsassız hesab edir, belə ki, iddiaçının mənzil növbəsindən çıxarılmağı barədə cavabdehlər tərəfindən hər hansı bir qərar qəbul edilməsi və sənəd imzalanması inzibati məhkəmə icraatının gedişində müəyyən edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mənzil növbəsinin bərpa edilməsi vəzifəsi cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Dəmiryolçularının Müstəqil Hakimiyyətinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələnişlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin . İddiaçı mənzil növbəsinin bərpa edilməsi vəzifəsi cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Dəmiryolçularının Müstəqil Hakimiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2397/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2397/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver