Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2398/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra- DSMF) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə 2021-ci il yanvar ayından hesablanmaqla ona ünvanlı dövlət sosial yardımının verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2398/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Qərardan narazı qalan iş üzrə cavabdeh DSMF apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1844/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı əsasında apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2398/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilərək işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 87.9-cu maddəsinə müvafiq olaraq, məhkəmə tərəfidən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1844/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında göstərilən hüquqi mövqe nəzərə alınaraq, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadına əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ilə əvəz olunmuşdur. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixdə X8 ilə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2005-ci il, xx.xx.2010-cu il, xx.xx.2016-cı il və xx.xx.2020-ci il təvəllüdlü 4 uşağı var və ümumilikdə ailə tərkibi altı nəfərdən ibarətdir. X11 uşaqlarının təlimtərbiyəsi ilə məşğul olduğundan işləmir, evdar xanımdır. O isə "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı 234 manat təşkil edir. Aldığı əmək haqqı ilə hazırkı dövr üçün altı nəfər ailə tərkibi ilə yaşanması qeyri mümkündür. Daha yüksək gəlirli işlə təmin olunması üçün müxtəlif dövlət və qeyri dövlət təşkilatlara rəsmi və qeyri rəsmi müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Bundan əlavə bildirir ki, mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 266, M4, 1 saylı mənzil və Qusar rayonu, Avaran kəndində 0,15 ha torpaq sahəsi var. Ailəsinə ünvanlı dövlət sosial yardımının verilməsinə köməklik göstərilməsi ilə bağlı bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (VEMTAS) altsisteminə elektron qaydada müraciət edib. Lakin ona SMS vasitəsi ilə hər dəfə ünvanlı dövlət sosial yardımı təyin olunmasından imtina olunması barədə məlumat gəlir. 2021-cilin ilin iyul ayında isə DSMF tərəfindən, rəsmi olaraq xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktub ünvanına daxil olub. Məktubda isə müraciətinin imtina səbəbi olaraq bildirilir ki, ailənin əmlakı barədə məlumat qeyd edilmədiyinə görə həmin Qaydaların 3.7.1-ci yarımbəndinə əsasən imtina edilir. Deyilən nöqsanı aradan qaldırdıqdan sonra xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə ailəsinə ünvanlı dövlət sosial yardımının verilməsinə köməklik göstərilməsi ilə bağlı DSMF-yə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli, **********3 nömrəli cavab məktubu ilə ailənin gəlirləri və torpaq mülkiyyəti barədə məlumat düzgün göstərilmədiyinə görə imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddia tam əsassızdır. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada X14 və X18 müraciət etmiş və həmin tarixli **********34302 nömrəli müraciətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.1-ci bəndinə əsasən, “Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunması səbəbindən imtina edilmisdir. İmtina əsaslı olaraq edilmişdir. "Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli, 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Azərbaycan Respublikasında 2019-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2018-cu il 30 noyabr tarixli 1353-VQ Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. 2021-ci il üçün isə bu məbləğ 170 manat təşkil edir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları“nın 5.1-ci maddəsinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl pələn 12 ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Eləcə də torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə’’yə uyqun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpaqın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyqun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. İddiaçıya dəfələrlə Daşınmaz Əmlakın Reyestr Xidmətindən mülkiyyətin torpaq payının olub-olmaması ilə bağlı və ya kənd təsərrüfatına yararlı torpaq sahəsi barədə arayış alması təklif olunsa da hər hansı tədbir görülməmişdir. Belə olan halda şəxsə təyinat getsə belə yuxarıda sadalanan halların mövcudluğu öz əksini taparsa şəxs ünvanlı dövlət sosial yardım almaq hüququnu bir il müddətinə itirir. 03 iyul 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. Üçüncü şəxs qismində baxışa cəlb olunmuş X1 üzrə Mərkəzi Filialın əməkdaşı tərəfindən aylıq əmək haqqı barədə ünvanlanan sualı iddiaçının həyat yoldaşı 230 manat olaraq cavablandırmışdır. Ərizə-bəyannamədə göstərilən məbləğ də eynilik təşkil etmişdir. Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtinanın ikinci səbəbi olaraq da məhz gəlirlərin düzgün göstərilməməsidir, Belə ki, Mərkəzləşdirilmiş Elektron informasiya X16 Sistemindən əldə edilən məlumatlara əsasən iddiaçının gəlirləri 2021-ci ilin yanvar ayında 370 manat, fevral ayında 354 manat, mart ayında 406 manat, aprel ayında 583 manat, may ayında (müraciət etdiyi ay) 511 manat, iyun ayında 431 manat olaraq dəyişilmişdir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X14 və X20 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarına əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. İddiaçının iş verindən ("xxxx" MMC) əmək haqqına dair kart hesabından çıxarışda və təqdim etdikləri çıxarışlarda olduğu kimi əmək haqqının sabit olmadığı (2021-ci ilin aprel ayında 518 manat, may ayında 249 manat, iyun ayında 391 manat, iyul ayında 378 manat və s.) göstərilmişdir. Bu da iddia ərizəsində göstərdiyi va aldığını iddia etdiyi əmək haqqı məbləğindən daha çoxdur. Qeyd etmək lazımdır ki, iddiaçının iki ünvanda fərdi yaşayış evi vardır. ‘‘Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda göstərilən "Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir” müddəasi ilə ziddiyyət təşkil edir. İddiaçının tələbi xx.xx.2021-ci il tarixdən (müraciət edilən avın 1-dən hesablanmaqla) ünvanlı dövlət sosial yardımının təyin edilməsinin cavabdehin üzərinə qoyulmasi olmuşdur Lakin “Ünvanlı dövlət sosial yardım haqqında” Qanunda yardımın əvvəlki illər üçün ödənilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik" prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdehin xx.xx.2021-ci il tarixli və 18 avqust 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı ünvanlı dövlət sosial yardımla bağlı cavabdeh quruma müraciət etmiş, cavabdeh ünvanlı dövlət sosial yardımın alınmasından imtina haqqında məktub əsasında iddiaçının xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərinə cavab olaraq bildirmişdir ki, ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2021-ci il tarixli, **********34301 nömrəli müraciətə “Ərizə-bəyannamə”də ailənin əmlakı barədə məlumatın qeyd edilmədiyinə görə həmin Qaydaların 3.7.1-ci yarımbəndinə əsasən, VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada imtina edilmiş və bu barədə müraciətdə qeyd edildiyi əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Yardımın verilməsindən imtina edilməsinə səbəb olmuş uyğunsuzluqları aradan qaldıraraq yenidən elektron qaydada VEMTAS-a müraciət etməyi tövsiyə olunmuşdur. - Cavabdeh qurum tərəfindən xx.xx.2021-ci il tarixli ünvanlı dövlət sosial yardımın alınmasından imtina haqqında məktubunda iddiaçının xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərinə cavab olaraq bildirmişdir ki, ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilən xx.xx.2021-ci il tarixli **********34302 nömrəli müraciətə “Ərizə-bəyannamə”də ailənin gəlirləri və torpaq mülkiyyəti barədə məlumat düzgün göstərilmədiyinə görə həmin Qaydaların 3.7.1ci yarımbəndinə əsasən, VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada imtina edilmiş və bu barədə iddiaçının qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Yardımın verilməsindən imtina edilməsinə səbəb olmuş uyğunsuzluqları aradan qaldıraraq yenidən elektron qaydada VEMTAS-a müraciət etməyi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 Saylı Bakı “Asan Xidmət” X7 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 8727 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1980-ci il tarixində Bakı şəhərində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları" Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2020-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: arvad: X8 (xx.xx.1987); uşaq: X4 (xx.xx.2005), X5 (xx.xx.2010), X10 (xx.xx.2016), X2 (xx.xx.2020). - İddiaçının ailə üzvləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan notarial qaydada təsdiq edilən ərizədən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ailələrinə təyin ediləcək ünvanlı dövlət sosial yardımının rəsmiləşdirilməsi məqsədilə ailələrinin 18 yaşına çatmamış uzvləri X4 barədə məlumat verərək Nazirlik tərəfindən hər birinə aid gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların aidiyyəti dövlət orqanlarından və təşkilatlardan əldə edilməsinə və aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən bizim hər birimizə dair sorğu olunan gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsinə etiraz etmirlər. Ərizədə həmçinin ailələri üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün İddiaçı ailələlərini təmsil edən şəxs kimi qeydə alınmasını xahiş edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Qusar rayonu, Avaran kəndində yerləşən ölçüsü 0,15 ha torpaq sahəsində ümumi sahəsi 66,8 kv.m olan fərdi yaşayış evi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmiş və o cümlədən texniki pasport tərtib edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 85 kv.metr sahədən ibarət olan mənzil iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. İşin faktiki hallarından görünür ki, hazırkı iddia tələbi üzrə iddiaçı ona ünvanlı sosial yardımın təyin edilməsini xahiş edir. O bununla bağlı inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.1-ci maddəsinin tələblərinə istinad olunmaqla imtina edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir. - 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. - 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir. - 1.0.6-cı maddəsinə əsasən, ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. - 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. - 4.1-ci maddəsinə əsasən, sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. - 5-ci maddəsinə əsasən, sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. - 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.1-ci maddəsinə əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə X14 və X20 (VEMTAS) yaradılmışdır. Həmin Fərmanın icrası ilə əlaqədar həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq olunmuşdur. Qeyd olunan Qaydaların 3.1-ci bəndinə əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir Həmin Qaydaların 3.4-cü bəndinə görə şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin X1”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 3.4.2-ci bəndinə görə məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Qaydaların 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: - (3.7.1) “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; - (3.7.2) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda; - (3.7.3) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; - (3.7.4) ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); - (3.7.5) ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır); - (3.7.6) ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda; - (3.7.7) ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Qaydaların 4.2-ci bəndinə əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. İşin hallarının araşdırılması zamanı məhkəmə belə qənaətə gəlir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»ın 3.7-ci bəndində göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair həm məhkəmə icraatında, həm də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində müəyyən edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının mülkiyyətində iki müxtəlif ünvanda- Bakı şəhərinin Xətai rayonunda mənzil və Qusar rayonunun Avaran kəndində fərdi yaşayış evi mövcuddur. Bu fakt məhkəmə iclaslarında iddiaçı tərəfindən də təkzib edilməmişdir. Halbuki istinad olunan Qaydaların 3.7.7-ci bəndinə əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda sosial yardımın təyin olunmasından imtina edilməsi birmənalı olaraq qeyd edilmişdir. Məhkəmə həmçinin, cavabdeh inzibati orqanın iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina olunma səbəblərindən biri kimi istinad etdiyi iddiaçının əmək haqqının iddia ərizəsində göstərdiyi məbləğdən çox olması ilə bağlı arqumentinə münasibətdə bildirir ki, həmin halın olmadığı təqdirdə belə iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün hüquqi əsas yaratmır. Çünki müvafiq Qaydalarda imtina üçün bir əsasın mövcud olması arzuolunan yardımın verilməsindən imtina üçün kifayət edir. Məhkəmə eyni zamanda, sosial yardımın “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş məqsəd (aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsi) və prinsiplərinə (ünvanlılıq, ədalətlilik və bərabərlik) uyğunluğu baxımından da iddianın təmin edilməli olmaması qənaətindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2398/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2398/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver