Məhkəmə qərarları › İş №2-1(112)-2399/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2399/2025

12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2399/2025 12.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X9 kаtibliyi, iddiaçı X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində üçüncü şəxsin hüququnun dövlət qeydiyyatının ləğvi, iddiaçının mərhum ərinə mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın arayışın iddiaçıya verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın üzərində X8 mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qeydin ləğv edilməsi, mənzilin mülkiyyət hüququ ilə iddiaçının mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X17 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə “ünvan 1 ünvanındakı mənzili üzərində mərhum həyat yoldaşı X3 adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2015/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40, 35 saylı mənzilə dair Səbail rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.1995-ci il tarixli 2245 saylı sərəncam etibarsız (qanunsuz) sayılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, 11-ci badamdar küçəsi, ev 40, 35 saylı mənzilə dair Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 2245 saylı sərəncam əsasında mənzil X8 adına cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Halbuki həmin mənzilin iddiaçının həyat yoldaşına məxsus olmasını sübuta yetirən bir sıra faktlar mövcuddur. Bələ ki, bu mənzil 032320 nömrəli order əsasında həyat yoldaşına, həmçinin onun ailə üzvlərinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən X6 order verilməsi barədə Səbail RİH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 732 saylı sərəncamının təsdiq edilmiş ksero sürəti ona təqdim olunmuşdur.Həmin sərəncamda orada yaşamasına icazə verilən şəxslər qismində daşınmaz əmlakın verildiyi şəxslərin mərhum həyat yoldaşının, iddiaçının, oğlu X7, oğlu X10, qızı X4 adları qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1995-ci il tarixli, 2245 nömrəli sərəncam ilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2015/2023 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 40 saylı evin 35 saylı mənzilinə dair Səbail rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş xx.xx.1995-ci il tarixli, 2245 saylı Sərəncamı etibarsız (qanunsuz) sayılmışdır. Müvafiq qərar icra üçün daxil olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin “mərhumun adına çıxarışın verilməsi” hissəsində təmin edilməməsini, “aparılmış qeydlərin və çıxarışın ləğv edilməsi” hissəsində isə mümkün sayılmamasını xahiş etmişdir.

Tərəflərin iştirakı və izahatları:

5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş üçüncü şəxs məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məmzununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aiadiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.1.-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddinı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1970-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 732 saylı, 28 avqust 2000-ci il tarixli Sərəncamına əsasən, Sadiq İsmayıl oğlu .İsmayılova 5 nəfər ailə üzvü ilə Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 40 №-li evin 3-cü girişinin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı 37, 04 kv.m. sahəsi olan 35 saylı mənzilinə orderin verilməsi; orderdə aşagıdakı şəxslərin göstərilməsi: X11 - özü - 1963-cü il, İddiaçı - yoldaşı - 1970-ci il,X14 - oğlu - 1997-ci il,X18 - oğlu - 2000-ci il,X12 - qızı - 2000-ci il – qərara alınmışdır. 032320 nömrəli, 30.08. 2000-ci il tarixli orderə əsasən, order X5 Badamdar qəsəbəsi, 11ci Badamdar küçəsi, 40 №-li evin 3-cü girişinin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı 37, 04 kv.m. sahəsi olan 35 saylı mənzilinə beş nəfər ailə üzvü ilə birlikdə köçmək üçün verilmişdir. 03 aprel 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədə qeyd edilmişdir ki, X3 vərəsələri – arvadı İddiaçı, qızı X12, oğlu X14, oğlu X15r. xx.xx.2022-ci il tarixli "Miras payın bağışlanması müqaviləsi"nə əsasən X12, X14, X18 Bakı şəhəri 3 saylı "ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu X13 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V/311 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakdakı paylarını anaları İddiaçı bağışlamışlar. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışının surətindən (elektron) görünür ki, ünvan 1 ünvanındakı mənzilə xüsusi mülkiyyət hüququ (tam mülkiyyət) X8 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində, ********** nömrə ilə qeydiyyata alınmışdır “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli xx.xx.2022ci il tarixli arayışında qeyd edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadırlar – X12, X18, X14, İddiaçı. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-İ-0303-8/2024 **********76 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11- ci Badamdar küçəsi 40 saylı evin 35 saylı mənzili qanunvericiliyin tələblərinə uyğun olaraq digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 2015/2023 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 40 saylı evin 35 saylı mənzilinə dair Səbail rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş xx.xx.1995-ci il tarixli, 2245 saylı Sərəncamı etibarsız (qanunsuz) sayılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2015/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40, 35 saylı mənzilə dair Səbail rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş xx.xx.1995-ci il tarixli 2245 nömrəli Sərəncamı etibarsız (qanunsuz) sayılması qərara alınmışdır.

Məhkəmənin mövqeyi.

9. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

10. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü;10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən - 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

14. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini elektron üsulla təqdim olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hüquq sahibinin həmin çıxarışı əldə etməsini təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununun normaların mövqeyindən çıxış edərək məhkəmə qeyd edir ki, Səbail rayon İcra Hakimiyyətinin 732 nömrəli, 28 avqust 2000- ci il tarixli Sərəncamı və 30 avqust 2000ci il tarixli 032320 nömrəli order iddiaçının mərhum əri X5 həmin mənzilə 2000-ci ildən etibarən istifadə hüququnun və eyni zamanda mənzilin özəlləşdirmək hüququnun yarandığını təsdiq edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum əri S.İ.İsmayılova məxsus- Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40, 35 saylı mənzil daşınmaz əmlakın Dövlət Reyestrində X8 adına dövlət qeydiyyatına alınmışdır. Qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2015/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında (İddiaçı, üçüncü şəxs X17) qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40 ünvanında yerləşən 35 saylı mənzil üçüncü şəxsin və ya digər şəxslərin hüquqları ilə yüklü deyil, mənzil ilə bağlı iddiaçı və üçüncü şəxs arasında hər hansı mübahisə yoxdur və mənzil faktiki olaraq iddiaçının istifadəsindədir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 731 saylı, 28 avqust 2000-ci, il tarixli Sərəncamının qəbul edilməsi ilə faktiki olaraq Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 2245 saylı, 01 avqust 1995-ci il tarixli Sərəncamı qüvvədən düşmüş və mənzil X6 verilmişdir. xx.xx.2021-ci il tarixdə X3 vəfatı ilə əlaqədar vərəsəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixində isə digər vərəsələr tərəfindən miras əmlak - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40 ünvanında yerləşən 35 saylı mənzildəki payları İddiaçı bağışlanmışdır. Sözügedən məhkəmə qərarı əsasında mübahisəli mənzilin X8 adına dövlət qeydiyyatına alınmasına əsas olmuş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 2245 saylı, 01 avqust 1995-ci il tarixli Sərəncamı ləğv edilmişdir. Belə olan halda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40 ünvanında yerləşən 35 saylı mənzilə dair X8 mülkiyyət hüququnun dövlət qeydiyyatı ləğv edilməli, mənzilə dair xx.xx.2022-ci il tarixli ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı ” etibarsız hesab edilməlidir.

15. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40 ünvanında yerləşən 35 saylı mənzil üzərində iddiaçının mərhum əri S.İ.İsmayılovun mülkiyyət hüquqları yaranmış, lakin o, mənzil üzərində hüququ təsdiq edən çıxarış almadan ölmüşdür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə görə “müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

17. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.

18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.19. dövlət və ictimai mənzil fondunun yaşayış sahələrinin xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək vəzifələrinə aid edilmişdir

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın üzərində X8 adına hüquqların qeydiyyata alınması ilə bağlı qeydlər ləğv edilməli, xx.xx.2022-ci il tarixli ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı ” etibarsız hesab edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 40 nömrəli evin 35 nömrəli mənzilin mülkiyyət hüququ ilə iddiaçının mərhum əri X6 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

22. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

24. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın üzərində X8 adına hüquqların qeydiyyata alınması ilə bağlı qeydlər ləğv edilsin; xx.xx.2022-ci il tarixli ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı ” etibarsız hesab edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 40 nömrəıli evin , 35 saylı mənzilin mərhum X6 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar