Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-24/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı MMC Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli, **********193965 nömrəli inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (VÖEN **********) dövlət qeydiyyatına alınaraq sahibkarlıq fəaliyyətinə başlamış və qanunvericiliklə müəyyən olunmuş vergiləri həmişə vaxtı-vaxtında ödəmişdir. 26 noyabr 2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair" **********193965 Qərar qəbul edilmişdir. Cəmiyyət Qərarla razılaşmır və qərar qanunsuz və əsassızdır. Çünki Səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş bu Qərar nəticə etibarı ilə hər hansı faktiki sübut və dəlil əsasında deyil, güman və ehtimal əsasında qəbul edilmişdir. Hansıki, şəxsin məsuliyyətə cəlb edilməsi kimi mühüm hüquqi inzibati akt kifayət qədər əsaslı və hər hansı şübhəyə yer qoymayan sübutlar və dəlillər əsasında qəbul edilməli olduğu halda, cavabdeh inzibati orqan hər hansı sübut və dəlil olmadan, sadəcə ehtimallar əsasında belə qərara gəlmişdir. Aşağıda qeyd olunan əsaslara görə, hesablanmış vergi borcları tamamilə qanunsuzdur və həmin inzibati akt ləğv edilməlidir. Hesablanmış vergi borcları ilə bağlı əsasların izah edilməsi, dəlil və sübutların iddiaçıya təqdim edilməsi üçün cavabdeh inzibati orqana dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh inzibati orqan hər hansı əsas və qənaətbəxş cavab bildirilməmişdir. Ümumiyyətlə inzibati aktların qəbul edilməsini əsaslandıran halların nədən ibarət olması Cəmiyyət üçün aşkar deyil. xx.xx.2019-cu il tarixli Qərarda 117232,67 manat məbləğində əlavə hesablanmış vergi məbləği və buna uyğun 58616,34 manat maliyyə sanksiyası hesablanması heç bir mötəbər sübutla öz təsdiqini tapmamış və inzibati aktda (qərarda) göstərilənləri isbat edən heç bir hal mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə müəssisənin fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. Qərarın icrası məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir (Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar etiraza əlavə edilir). Yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, 26.11,2019-cu il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlanılan dövrdə idxal edilmiş və daxili bazardan alınmış malların topdan və pərakəndə satışı, təmir-tikinti işləri və müxtəlif xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olan iddiaçının 2018-ci il üzrə sonuncu bəyannaməsinə (cari/kameral) əsasən göstəriciləri aşağıdakı kimi olmuşdur: Yoxlama zamanı iddiaçı tərəfindən alınmış malların (işlərin, xidmətlərin) satışının, eləcə müxtəlif çeşidli satılmış malların (işlərin, xidmətlərin) alışının tam rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçı 2018-ci ilin aprel-iyul aylarında ƏDV-siz dəyəri 6.649.698,0 manat (o cümlədən 5.700.691,74 manat faktura dəyəri, 924.306,26 manat idxal rüsumu, 24.700,0 manat digər rüsumlar) təşkil edən müxtəlif çeşidli mallar (ərzaq və geyim malları və s.) idxal etmiş, daxili bazardan elektron qaimə faktura əsasında 282.785,24 manat dəyərində mallar (işlər, xidmətlər) almış, 8.421,63 manat digər xərclər (əmək haqqı, sosial sığorta haqqları, icarə haqqı və s.) çəkmişdir. Müəssisənin rəhbəri X4 yoxlama zamanı vergi orqanına verdiyi xx.xx.2019-cu il tarixli izahatında alınmış və idxal edilmiş malların, görülmüş işlərin 2018-ci ildə tam realizə edildiyini, xx.xx.2019-cu il tarixə heç bir mal qalığının olmadığını bildirmişdir. Buna baxmayaraq, iddiaçı yoxlanılan dövr üzrə ümumilikdə 3.068.364,22 manat təşkil edən malların (işlərin və xidmətlərin) satışını rəsmiləşdirmişdir. Üstəlik, satışı rəsmiləşdirilmiş 923.233,01 manat dəyərində mallar (işlər, xidmətlər) alınmış mallarla (işlər, xidmətlər) eynilik təşkil etməmiş, fərqli çeşiddə olmuşdur. Başqa sözlə, satışı rəsmiləşdirilmiş 923.233,01 manat dəyərində malların (işlərin, xidmətlərin) heç bir xərc sənədləri mövcud olmamışdır. İddiaçının mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığından onun rəsmiləşdirilmiş 6.940.904,87 manat (6.649.698,0 manat idxal + 282.785,24 manat daxili bazardan alış + 8.421,63 manat təsdiqini tapan digər xərclər) xərclərinə şərti rentabellik norması tətbiq edilməklə, alışı rəsmiləşdirilən, lakin satışı rəsmiləşdirilməyən mal (iş, xidmət) satışından 1.388.180,97 manat (6.940.904,87/100x20) mənfəəti müəyyən edilmişdir. Həmçinin şərti rentabellik norması əsasında iddiaçının satışı rəsmiləşdirilən, lakin heç bir alış sənədi olmayan malların (işlər, xidmətlər) satışından mənfəəti 153.872,17 manat (923.233,01x20/120) müəyyən edilmişdir. Beləliklə, yoxlanılan dövr üzrə iddiaçının mənfəəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1.2-ci, 67.1.6-cı, 67.14-cü, 83.9-cu maddələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 55 saylı qərarına əsasən 1.542.053,14 manat (1.388.180,97+153.872,17) müəyyən edilmiş, yoxlamayadək hesablanmış 191.279,74 manat mənfəət vergisi nəzərə alınmaqla ona ümumilikdə 117.130,89 manat (1.542.053,14x20%-191.279,74) əlavə mənfəət vergisi (2018) hesablanmışdır. Yoxlama zamanı ƏDV öhdəliklərinin müəyyən edilməsi ilə əlaqədar nəzərinizə çatdırırıq ki, iddiaçının yoxlama ilə əhatə olunan dövrdə (mart 2018-mart 2019) iddiaçının sonuncu ƏDV bəyannamələrinə əsasən göstəriciləri aşağıdakı kimi olmuşdur: ƏDV tutulan dövriyyə - 8.771.986,26 manat hesablanan ƏDV - 1.578.957,53 manat (8.771.986,26x18%); əvəzləşdirilən ƏDV - 1.305.872 manat; büdcəyə çatası ƏDV - 273.085,53 manat (1.578.957,53-1.305.872). Yoxlama zamanı iddiaçının ƏDV tutulan dövriyyəsinin tərtib edilmiş elektron vergi hesab fakturaları və iddiaçıya məxsus təsərrüfat subyektində quraşdırılmış nəzarət kassa aparatının fiskal yaddaşına əsasən ümumilikdə 8.512.939,69 manat, başqa sözlə sonuncu bəyannamə məlumatlarından 259.046,57 manat az müəyyən edilmişdir. Beləliklə, iddiaçının ƏDV tutulan dövriyyəsi yoxlama ilə azaldıldığından, onun yoxlama ilə əhatə olunan dövr üzrə 46.628,39 manat (259.046,57x18%) ƏDV-ni artıq hesabladığı müəyyən edilmiş, dövlət büdcəsi qarşısında ƏDV öhdəliyi azaldılmışdır. Ödəmə mənbəyində tutulan verginin hesablanması ilə əlaqədar olaraq bildiririk ki, iddiaçı xx.xx.2018-ci il tarixdə bağladığı "Daşınmaz əmlakın icarə müqaviləsi"nə əsasən Bakı şəhəri, Babək prospekti 78 ünvanda yerləşən 63,5 m2 obyekti aylıq 200,0 manat haqq qarşılığında icarəyə götürmüş, xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixdən fəaliyyətini dayandırmaq barədə ərizə ilə vergi orqanına müraciət etmişdir. Buna baxmayaraq, iddiaçı 2019-cu ilin İ rübü üzrə ÖMV bəyənnaməsi təqdim etməmişdir. Yoxlama ilə iddiaçıya 600,0 manat (200,0 manat x 3 ay) icarə haqqına görə 84,0 manat (600,0x14%) ÖMV (İ rüb 2019) hesablanmışdır. Həmçinin müəssisənin 1 işçisi, rəsmiləşdirilmiş əmək haqqı 300,0 manat olmasına baxmayaraq, iddiaçı 2018-ci ilin iyun ayı üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyan etməmişdir. Yoxlama ilə iddiaçıya 17,78 manat ([300,0 manat-173 manat yaşayış minimumu] x 14%) muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (iyun 2018) hesablanmışdır. Qeyd olunanlardan göründüyü kimi, səyyar vergi yoxlaması ilə hesablanmış vergilər tam olaraq qanuni və əsaslıdır. Belə ki, vergilər iddiaçının rəsmi sənədlər (e-qaimə faktura) əsasında daxili bazardan aldığı, yük gömrük bəyannamələrinə əsasən idxal etdiyi malların satışı, həmçinin özünün tərtib etdiyi sənədlər (e-qaimə faktura və e-VHF) əsasında təqdim etdiyi malların, işlərin və xidmətlərin satışı üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. Bütün bunlara baxmayaraq, iddiaçı iddia ərizəsində mövqeyini heç bir aidiyyəti hüquq norması, konkret faktlarla və ya dəlillərlə əsaslandıra bilməmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə (70.3.1); vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə (70.3.2). Hazırkı iş üzrə mübahisələndirilən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar, o cümlədən qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyaları məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etmiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********193965 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, İddiaçı üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019 tarixli **********184714 nömrəli aktına və xx.xx.2019 tarixli **********202600 nömrəli sənədə əsasən mənfəət vergisinin, əlavə dəyər vergisinin, ÖMV-nin və MÖMV-nin azaldılmasına yol verdiyi müəyyən edilmiş və nəticədə 117.130,89 manat mənfəət vergisinin, 84,00 manat ödəmə mənbəyində tutulan verginin, 17,78 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin azaldıldığı müəyyən olunaraq 117.232,67 manat əlavə vergi məbləği, 58616,34 manat maliyyə sanksiyası hesablanmışdır. -Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 1(004)- 8/2022 saylı hökmündən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində cəza tətbiq edilmişdir. Hökmün məzmunundan görünür ki, istintaq orqanı tərəfindən verilmiş ittihama görə X2 “Amazing TM” (VÖEN **********), “And 72” (VÖEN **********), “Fox 72” (VÖEN **********) "xxxx" (VÖEN **********)...MMC-lərin fəaliyyətinə faktiki rəhbərlik edib, qeyd olunan MMC-lərin maliyyə təsərrüfat fəaliyyətlərinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan vergilərin hesablanması, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan, habelə müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğun halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 103- 105, 149, 155, 157, 168, 173, 174, 177, 180.1, 220.1 və 221-ci maddələrinin tələblərini pozaraq, vergi orqanına təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 1.500.973,68 (bir milyon beş yüz min doqquz yüz yetmiş üç manat altmış səkkiz qəpik) manat məbləğində vergiləri vahid niyyətlə əhatə olunan qəsdlə, dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bununla da, X1 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Hökmün 24-cü səhifəsində qeyd edilmişdir ki, "xxxx" MMC üzrə ekspertiza rəyinin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan səyyar vergi yoxlaması aktında göstərilənlər nəzərə alındıqda, “Fortuna-72" MMC tərəfindən aparılmış əməliyyatlara görə 117.130,89 manat mənfəət vergisinin, 84,00 manat ödəmə mənbəyində tutulan verginin, 17,78 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, ümumilikdə 117.232,67 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən olunmuşdur. -Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 21 noyabr 2022-ci il tarixli 1(004)-8/2022 saylı hökmdən apellyasiya şikayəti və ya protesti verilməmiş, hökm 01 fevral 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İPM-in 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi qanunu qüvvəsini almış məhkəmə hökmü ilə iddiaçı MMC tərəfindən mübahisələndirilən qərar üzrə vergi orqanı tərəfindən iddiaçı vergi ödəyicisinə əlavə vergi məbləği hesablanmasının əsaslı olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyindən, hazırkı icraatda həmin qərarın qəbul edilməsi ilə bağlı işin hallarının yenidən araşdırılması istisna edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********193965 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası iddiası təmin edilməməlidir. İPM-in: -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-24/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-24/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver