Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-240/2020 01.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X10, Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi X4 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğvi olunması və iddiaçının işə bərpa edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxx 2019-cu il tarixli 0140 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-240/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar Baş İdarəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxxx 2012-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək DTX-də (MTN-də) xidmət etmişdir. DTX-nin əmri ilə xx.xx.2019cu il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) DTX-nin ehtiyatına buraxılmış və xx.xx.2019-cu il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Buna səbəb olaraq inzibati orqan Azərbaycan Respublikası Baş prokuroru yanında Kor-rupsiyaya qarşı Mübarizə Baş İdarəsində xx xxxxxx 2018-ci il tarixdə başlanmış ********* nömrəli Azərbaycan Respublikası CM-nin 178ci maddəsi ilə təqsirləndirilən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı X5 və qeyrilərinin cinayət işində iddiaçının şahid kimi dindirildiyi zaman verdiyi ifadələrlə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən cari ilin iyun ayında daxil olmuş qərəzli təqdi-matda iddiaçıya intizam tənbehinin verilməsini əsas göstərmişdilər. xx xxxx 2019-cu il tarixdə iddiaçı qeyd olunan cinayət işində şahid kimi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işini aparan mü-hüm işlər üzrə müstəntiq Asim Yusifovun suallarına cavab vermiş və şahid kimi dindiril-ən zamanı verdiyi ifadədə təqsirləndirilən şəxsdən ona olan borcu istədiyini bildir-mişdir. Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə iddiaçı barəsində xidməti araşdırma aparılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilmişdir. Daxil olmuş sorğu ilə bağlı aidiyyəti strukturun verdiyi məlumatlar əsasında DTX-də müvafiq qaydada araşdırma aparılaraq iddiaçıdan izahat alınmış və iddiaçının yuxarıda qeyd olunan cinayət işində iştirakı ol-madığı müəyyən olunaraq barəmdə toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daha sonra cinayət işi xx xxx 2019-cu il tarixdə ittiham aktı ilə bir-likdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. İddiaçı cari ilin 5 iyul tarixində növbəti məzuniyyətinə çıxmı-ş və məzuniyyətdə olduğu dövrdə iddiaçıya məlumat verilmədən xx xxxx 2019-cu il tarixli 0140 nömrəli əmr ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmış və verilən əmrdə qeyd olunmuşdur ki, guya iddiaçı şahid kimi dindirildiyi zaman verdiyi ifadədə bir neçə şəxsdən pul alaraq ci-nayət işi aparılan Hikmət Məmmədova verdiyini etiraf etmişdir. Bu əmr tamamilə səhv hazır-lanıb çünki iddiaçı belə ifadə verməmişdir. Bu məsələ ilə bağlı hüquqlarını müdafiə edən Bakı şəhəri 6 saylı Vəkillər bürosunun vəkili X15 Bakı Hərbi Məhkəməsinə mü-raciət edərək qeyd olunan cinayət işi üzrə toplanmış materiallarla tanış olmağı, eləcə də mü-vafiq sənədlərdən çıxarış etmək üçün lazımı şəraitin yaradılmasını xahiş etmişdir. Əldə edil-miş “Sübutların qiymətləndirilməsi haqqında” xx xxx 2019-cu il tarixli Qərarı və cinayət işində olan iddiaçı tərəfindən verilən ifadədən “şahidin dindirmə protokolun”da aydın görünür ki, Hikmət Məm-mədov tərəfindən törədilən cinayət əməllərində İddiaçı bu cinayətlərdə tər-kib əlaməti olmadığından cinayət işinin başlanılması rədd edilmiş və verdiyi ifadələrdə elə sözlərin olmadığı müəyyən olunmuşdur. Bunu bəraətverici hal kimi qiymətləndirmək əvəzinə mənim hüquqlarım tapdalanmış və iddiaçının mənafeyinə ciddi ziyan vurulmuşdur. Daha sonra vəkili Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək mənim haqqımda xx xxxx 2019-cu il tarixdə DTX-yə göndərilən təqdimatı tələb etmiş, ancaq lüzum-suz bəhanələr gətirilərək təqdimatı verməmişdilər. Həmçinin hüquqlarını müdafiə edən vəkil DTX-nə müraciət edərək işdən çıxarılmaya dair əmrin sürətini tələb etmiş, lakin yalnız əmrin çıxarışını təqdim etmişdilər. Bunları nəzərə alaraq hüquqlarının pozulması tam şəkildə öz təsdiqini tapır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi X11 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı – İddiaçı xx xxxxxxx 2012-ci il tarixdə keçmiş MTN-də həqiqi hərbi xidmətə qəbul olunmuş və müxtəlif vəzifələrdə xidmət etmiş, son olaraq DTX-nin Hüquqi təminat idarəsində baş hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularıdırlar. “Kəşfiyyət və əks-kəşfiyyət fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanunun 14.3-cü maddəsinə əsasən Kəşfiyyət və əks-kəşfiyyət fəaliyyəti subyektlərinin hərbi qulluqçuları “Hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrini xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. “Azərbaycan Respublikası Silahlı X2”nin 46-cı maddəsinə əsasən, zabitlər, generallar və admirallar müstəsna və təxirəsalınmaz hallarda öz vəzifələrindən kənar edilə bilərlər. Zabitləri, generalları və admiralları öz vəzifələrindən yalnız onları bu vəzifələrə təyin etmək səlahiyyəti olan komandirlər (rəislər) kənar edə bilərlər. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş məktubda Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı X6 barəsində aparılmış cinayət işi üzrə materiallarda İddiaçı adının iş üçün əhəmiyyət kəsb edən telefon yazışmalarında keçməsi, maddi nemətləri ona verilməsi yolu ilə vəzifələrinin qərəzsiz icrasına təsirin göstərildiyi təəssüratını formalşdıran xüsusatlar aşkar edildiyi və İddiaçı öz ifadəsində ayrı-ayrı şəxslərdən pul aldığını və barəsində cinayət işi aparılan əməkdaşa təqdim etdiyi bildirilmişdir. Bununla əlaqədar həmin məktubda İddiaçı hərəkətlərinin öz mənafelərini xidmət vəzifələrinin yerinə yetirilməsindən üstün tutması, dövlət təhlükəsizliyi orqanlarının əməkdaşına yaraşmayan qeyri-etik davranış nümayiş etdirilməsi, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi əməkdaşlarının etik davranış qaydaları”nın tələblərini kobudcasına pozulması və xüsusi xidmət orqan əməkdaşının nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsi kimi xarakterizə olunmuş, bununla da Hüquqi təminat idarəsinin baş hüquq məsləhətçisi ədliyyə baş leytenantı İddiaçı “hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxx 2019-cu il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Kəşfiyyət və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanunun 15.2-ci maddəsinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvələr məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, bu subyektlərdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xüsusi xidmət və hüquq mühafizə orqanları əməkdaşının şərəfini ləkələyən nalayiq hərəkətlərinə görə bu orqanlardan xaric edilmiş şəxslər xidmətə qəbul edilə bilməzlər. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili X15 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi X11 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxx 2019-cu il tarixli, 1150 şh tarixli əmrin surətindən görünür ki, xidməti zərurətlə əlaqədar hüquqi təminat idarəsinin 2-ci şöbəsinin baş hüquq məsləhətçisi ədliyyə baş leytenantı İddiaçı xx xxxx 2019-cu il tarixdən növbəti məzuniyyətdən geri çağırılması əmr olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxx 2019-cu il tarixli, 0140 nömrəli əmrin surətindən görünür ki, xususi xidmət orqanı əməkdaşının nüfuzuna xələl gətirən hərəkətlərə yol verməklə “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış qaydalarının tələblərini kobud surətdə pozduğuna görə Hüquqi təminat idarəsinin 2-ci şöbəsinin baş hüquq məsləhətçisi ədliyyə baş leytenantı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin e bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmiş, əmrin DTX-nin şəxsi heyətinə elan olunması əmr edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş məktubda Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı X5 barəsində aparılmış cinayət işi üzrə materiallarda Hüquqi təminat idarəsinin 2-ci şöbəsinin baş hüquq məsləhətçisi ədliyyə baş leytenantı İddiaçı adının iş üçün əhəmiyyət kəsb edən telefon yazışmalarında keçməsi, maddi nemətlərin ona verilməsi yolu ilə vəzifələrinin qərəzsiz icrasına təsirin göstərildiyi təəssüratını formalaşdıran xüsusatlar aşkar edilmişdir. İddiaçı öz ifadəsində ayrı-ayrı şəxlərdən pul aldığını və barəsində cinayət işi aparılan əməkdaşa təqdim etdiyi etiraf etmişdir. O, öz mənafelərini xidməti vəzifələrinin yerinə yetirilməsindən üstün tutaraq, hərbi qulluqçunun nüfuzunu möhkəmləndirmək və vicdanlıq nümunəsi göstərmək əvəzinə dövlət təhlükəsizliyi orqanlarının əməkdaşına yaraşmayan qeyri-etik davranış nümayiş etdirmiş, bununla da “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin” əməkdaşlarının etik davranış qaydaları”nın tələblərini pozmuşdur. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxx 2019-cu il tarixli, 1153 şh nömrəli (şəxsi heyət üzrə) əmrdən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Ədliyyə baş leytenantı İddiaçı DTX-nin ehtiyatına buraxılması və xx xxxx 2019-cu il tarixdən şəxsi heyətin siyahısından çıxarılması; “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməyə müvafiq olaraq, xüsusi xidmət orqanı əməkdaşı adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə ədliyyə baş leytenantı İddiaçı 2019-cu il yanvarın 01-dən iyulun 28-dək hərbi xidmətə görə nəzərdə tutulan birdəfəlik pul mükafatının verilməməsi əmr edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Kadrlar Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, xidməti məktuba cavab olaraq bildirilmişdir ki, DTX-nin ehtiyyatda olan ədliyyə baş leytenantı İddiaçı səfərbərlik şəxsi iş materialları təhlil edilmiş və məlum olmuşdur ki, o, ehtiyatda olduğu dövr ərzində hərhansı yazılı müraciət etməmişdir. Eyni zamanda bildirilmişdir ki, məktubunda qeyd edilən təqdimatın müəllifi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi olduğundan məhkəmə tərəfindən həmin quruma müraciət edilməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş xx xxx 2019-cu il tarixli 002485 saylı subutların qiymətləndirilməsi haqqında qərarın İddiaçı aid olan hissəsindən görünür ki, Hikmət Məmmədovun törətmiş olduğu cinayət əməlləri ilə bağlı İddiaçı əməllərində dələduzluq, rüşvət vermə, rüşvət verməyə təhrik etmə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə cinayətlərinn tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, ********* saylı məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini general-leytenant cənab İsmayıl Bağırova ünvanlanmış xx xxxx 2019-cu il tarixli təqdimatında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin Hüquqi təminat idarəsinin 2-ci şöbəsinin baş hüquq məsləhətçisi vəzifəsində işləmiş X3 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29, 178.3.2, 32.4, 312.2, 312-1.1 və 32.4, 312-1.2-ci maddələri ilə, X8 və X1 Azərbaycan Respublikası CM-nin 32.5, 312-1.2-ci maddələri ilə ittiham elan olunmuş, xx.xx.2019-cu il tarixdə cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. İstintaq zamanı müəyyən edilmiş hüquqpozmalara səbəb və şərait təşkil edən halların aradan qaldırılması, həmçinin Xidmət əməkdaşlarının intizam məsuliyyətinin həll edilməsi zərurəti ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Təqdimat göndərilmişdir. İstintaqla müəyyən edilmişdir ki, Hikmət Məmmədov Xidmətdə zabit vəzifəsinə işə düzəlməsinə və bərpa olunmasına, xaricdə alınmış diplomun Azərbaycan Respublikasında tanınması və təhsilin növbəti pilləsinə qəbul olunması hüququ verən diploma ekvivalent olmasının təsdiq edilməsinə, digər nazirlikdə şəxsin vəzifədə irəli çəkilməsinə, prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş şəxsin barəsində cinayət təqibinə xitam verilməklə sonuncunun cinayət məsuliyyətindən azad olunmasında köməklik göstərilməsinə görə öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə edərək dələduzluq yolu ilə pul vəsaitini ələ keçmişdir. İstintaq gedişatında Hikmət Məmmədovun törətmiş olduğu cinayət əməllərində DTX-nin Hüquq Təminat idarəsində baş hüquq məsləhətçisi vəzifəsində xidmət edən İddiaçı iştirakı sübuta yetirilmədiyinə görə barəsində cinayət təqibinə xitam verilmişdir. Bununla belə cinayət işinin materiallarına əlavə olunmuş telefon məlumatlarının təhlili zamanı maddi nemətlərin verilməsi yolu ilə İddiaçı tərəfindən vəzifələrinin qərəzsiz icrasına təsirin göstərildiyi təəssüratını formalaşdıran məzmun aşkar edilmişdir. İş üzrə şahid qismində dindirilmiş İddiaçı öz ifadəsində göstərilən məzmunda (ayrı-ayrı şəxslərdən pulların alınması və ona təqdim olunması məzmununda) yazışmalarının baş verdiyini qəbul etmiş, Hikmət Məmmədovdan şəxsi ehtiyacları üçün borc pul alması və həmin pulun qaytarılması ilə bağlı həmin məzmunda yazışma apardığını bildirmişdir. Odur ki, İddiaçı öz mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol vermiş, bu cür təsir üçün şərait təşkil etmiş, dövlət qulluğunun nüfuzunu möhkəmləndirmək və vicdanlılıq nümunəsi göstərmək əvəzinə dövlət təhlükəsizliyi orqanlarının əməkdaşına yaraşmayan qeyri-etik davranış nümayiş etdirmiş, bununla da “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətinin Hüquqi Təminat İdarəsinin rəhbərliyi tərəfindən həmin idarənin əməkdaşlarının fəaliyyətinin təşkili, əməkdaşların fəaliyyətinə nəzarət, onların cəmiyyət və dövlət qarşısında, eləcə də, xidməti vəzifələrinin məsuliyyətini dərk etmələri sahəsində iş lazimi səviyyədə təşkil edilməmişdir. Nəzarətsizlik, məsuliyyətdən yayınma, əməkdaşlar arasında xidmətdən kənar münasibətlərə yol verilməsi nəticədə cinayətlərin törədilməsinə gətirib çıxarmışdır. Qeyd olunanları nəzərə alaraq Xidmətinin Hüquqi Təminat idarəsində hüquqpozmalara səbəb və şərait təşkil edən halların aradan qaldırılması və İddiaçı intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılması xahiş olunmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxx 2019-cu il tarixli 0140 nömrəli əmrinin ləğv edilməsini və onun işə bərpa olunmasını tələb edir və bu halı cavabdeh tərəfindən müvafiq qanunların tələblərinin pozulması ilə əsaslandırır. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilib-verilmədiyinə, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədlərinə uyğun həyata keçiribkeçirmədiyinə qiymət verilməsidir. İşin göstərilən halları ilə bağlı Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2-ci maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan başqa vəzifələri də yerinə yetirirlər. “Azərbaycan Respublikası Silahlı X2”nə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə əsaslanır. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Həmin Nizamnamənin 3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”nə əsasən hərbi rütbəsi böyük olanlar hərbi rütbəsi kiçik olanlara irad tutmaq hüququna malik olub, onlardan hərbi intizama, ictimai qayda-qanuna riayət etmələrini tələb etmək hüququna malikdirlər. Hər bir hərbi qulluqçu öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Beləliklə, yuxarıda sadalanan hüquq normalarına əsasən, hazırkı iş üzrə iddiaçı hərbi qulluqçu olduğu üçün ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə borcludur. İddiaçının iddia tələbinin əsasında iki hal durur: 1) İddiaçı iddia edir ki, cavabdeh inzibati orqan tərəfindən onun hüquqları pozularaq, məzuniyyətdə olduğu təqdirdə, barəsində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmrin qəbul edilməsi; 2) Cavabdeh inzibati orqan tərəfindən qəbul edilən xx xxxx 2019-cu il tarixli, 1153 şh nömrəli əmrin yalnız prokurorun təqdimatı əsasında qəbul edilməsi; Məhkəmə iddiaçının birinci əsasına münasibət bildirir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 115-ci maddəsinə əsasən, hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Qüvvədə olan qanunvericiliyin normalarına görə işçisinin məzuniyyət hüququndan fasiləsiz olaraq uzun müddət real istifadə etməsi və məzuniyyətdə olduğu müddət ərzində iş yerinin, vəzifəsinin (peşəsinin) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqının saxlanılması onun qanunla müəyyən edilən ən mühüm hüquqi təminatdır. İşçi məzuniyyətdə olduğu dövrdə məzuniyyətdən əvvəl əmək və icra intizam pozduğu üçün hər hansı bir intizam məsuliyyətinə cəlb oluna, onunla bağlanmış əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilə bilməz. İddiaçı məzuniyyətdə olduğu dövrdə ehtiyata buraxılmasına istinad etsə də, Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən baş leytenant İddiaçı xx xxxx 2019-cu il tarixdən növbəti məzuniyyətdən geri çağırılması barədə xx xxxx 2019-cu il tarixli, 1150 şh saylı əmr verilmişdir. Göründüyü kimi, iddiaçının bununla bağlı əsası cavabdeh tərəfindən təqdim olunmuş №1150 şh nömrəli əmri ilə təkzib olunur. Belə olan halda, cavabdeh qüvvədə olan qanunvericiliyin normalarına riayət edərək, hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmr qəbul etməzdən əvvəl, ilk olaraq hərbi qulluqçunun məzuniyyətdən geri çağırılması ilə bağlı müvafiq əmri qəbul etmişdir. Məhkəmə iddiaçının ikinci əsasına münasibət bildirir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Qeyd edildiyi kimi, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İstinad olunan normadan görünür ki, qanunverici məlum Əsasnamənin 156-158-ci maddələri üzrə buraxılma haqqında əmrlərin dəyişdirilməsinə bir qayda olaraq yol vermir. Təhlil olunan normaların işin hallarına tətbiqi onunla bağlıdır ki, əgər iddiaçı ehtiyata buraxılması ilə əlaqədar vəziyyətinin dəyişilməsini arzulayırsa, bu zaman çıxarılmış əmrin qanunvericiliyin pozulması ilə müşayiət olunduğunu və buraxılma ilə əlaqədar yeni halların aşkara çıxdığını sübut etməlidir. Buraxılma ilə əlaqədar yeni halların aşkara çıxması dedikdə o başa düşülməlidir ki, buraxılma haqqında əmr verildikdən sonra buraxılma ilə əlaqədar əvvəllər tərəflərə məlum olmayan həlledici məlumat, material aşkar edilmiş olsun. Cavabdeh iddiaçının xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr qəbul edərkən, Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İİ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin təqdimatını əsas götürmüşdür. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsinə görə, prokuror öz səlahiyyətlərini həyata keçirərkən qanunla müəyyən edilmiş qaydada və çərçivədə təqdimat qəbul edə bilər. Həmin Qanunun 23-cü maddəsinə əsasən, prokuror bu Qanunda nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirərkən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə təqdimat verir. Təqdimata baxılması və görülmüş tədbirlər barədə bir aydan gec olmayaraq prokurora yazılı məlumat verilməlidir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, prokuror müvafiq səlahiyyətlərini həyata keçirərkən qanun pozuntusu ilə bağlı hal aşkar etdikdə, xidməti vəzifəsinə uyğun olaraq müvafiq təşkilata təqdimat göndərir. Müvafiq təşkilat isə həmin təqdimata baxıldıqdan sonra, görülmüş tədbirlər barədə prokurora məlumat verir. Məhkəmə hazırki iş üzrə təqdim olunmuş sənədlərə məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı barəsində istintaq zamanı əməllərində dələduzluq, rüşvət vermə, rüşvət verməyə təhrik etmə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə cinayətlərinin tərkib əlamətləri aşkar olunmasa da, Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş təqdimatda, İddiaçı ayrı-ayrı şəxslərdən pulların alınması və ona təqdim olunması məzmununda yazışmanın baş verdiyinin qəbul etməsi və Hikmət Məmmədovdan şəxsi ehtiyacları üçün borc pul alması və həmin pulun qaytarılması ilə bağlı həmin məzmunda yazışma apardığını bildirməsi göstərilmişdir. İddiaçı xx xxxx 2019cu il tarixli şahid dindirmə protokolunu təqdim edərək, sözügedən təqdimatda göstərilən etirafları təkzib etmiş və cavabdehin həmin təqdimatın əsaslı olub-olmamasını araşdırmadan, barəsində hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin əsassız olduğuna istinad edir. Halbuki, prokuror tərəfindən qəbul edilən təqdimatın, inzibati akt növündə mübahisələndirmək hüququ iddiaçıda olsa da, iddiaçı həmin təqdimatı mübahisələndirməmişdir. Həmin təqdimat iddiaçı tərəfindən mübahisələndirmədiyindən, cavabdeh inzibati orqan həmin təqdimat əsasında iddiaçının hərəkətlərinin (danışıqlarının) vəzifəyə xələl gətirməsi kimi qiymətləndirərək müvafiq nəticəyə gəlmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh öz səlahiyyətləri çərçivəsində iddiaçının hərbi xidmətdən ehtiyyata buraxılması barədə əmr qəbul edərkən müvafiq olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən göndərilmiş təqdimata əsaslanmış və iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verməmişdir. Məhkəmə bu xüsusda bir məqama da diqqət yetirir ki, qanuna görə, yəni «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətdən hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün zəruri əsaslar olmalıdır və bu, ehtiyata buraxılmanın bu növünün seçilərək, tətbiq edilməsi inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Belə ki, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə görə, zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» “Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14-cü maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. (14.1, 14.2, 14.3) Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Nəzərə alanda ki, iddiaçı rütbəsinə (baş leytenant) və tutmuş olduğu vəzifəsinə (Hüquqi təminat idarəsinin 2-ci şöbəsinin baş hüquq məsləhətçisi) görə hərbi intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə, Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməyə borcludur. Hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “cavabdehin iddiaçının barəsində qəbul etdiyi xx xxxx 2019-cu il tarixli 0140 saylı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e" bəndi ilə xidmətə uyğunsuzluğa görə əmrin ləğv edilməsi və işə bərpa olunması ilə bağlı tələbi əsaslı deyil. Ona görə də, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı qanunazidd deyildir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X9 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğvi olunması və iddiaçının işə bərpa edilməsi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğvi olunması və iddiaçının işə bərpa edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-240/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-240/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver