Məhkəmə qərarları › İş №2-1(112)-2402/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2402/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2402/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “cavabdehlər "xxxx" ASC tərəfindən üzərinə düşən öhdəliyin icra edilməməsinə görə, MC-Mİ – 1860/22 nömrəli, xx.xx.2022-ci il tarixli “kasko sığorta” haqqı olaraq ödədiyi 1949 manat məbləğində pulun ödənilməsi öhdəliyin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “cavabdehlər "xxxx" ASC tərəfindən üzərinə düşən öhdəliyin icra edilməməsinə görə, MC- Mİ – 1860/22 nömrəli, xx.xx.2022-ci il tarixli “kasko sığorta” haqqı olaraq ödədiyi 1949 manat məbləğində pulun ödənilməsi öhdəliyin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus BAİS M-60 markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomaşın MC-Mİ-1860/22 nömrəli, xx.xx.2022-ci il tarixli “Avtonəqliyyat” vasitələrinin (kasko) sığortası şəhadətnaməsi”nə əsasən "xxxx" ASC-də sığortalanmışdır. Sığorta olunduqdan sonra iddiaçı tərəfindən sığorta şirkətinə 1949 manat məbləğində sığorta ödənişi edilmişdir. 18 fevral 2023-cü il tarixində saat 09:00 radələrində, şaxtalı hava şəraitində Quba şəhəri, Avtovağzal dairəsi adlanan ərazidə iddiçıya məxsus ipoteka krediti ilə alınmış, BAİS M-60 markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yerin buzlu, sürüşkən olması səbəbindən idarə etdiyi avtomaşın sürüşərək, qeyd olunan dairədən gələn “Jiquli” markalı avtomaşına dəymişdir. Nəticədə sürücülər heç bir xəsarət almamış, yalnız ona məxsus avtomaşına 750 manat məbləğində maddi ziyan dəymişdir. Hadisədən dərhal sonra nəqliyyat vasitəsinin sığorta olunduğu "xxxx" ASC- nin qaynar xəttinə *7000 nömrəsinə məlumat verilməsi məqsədilə zəng etsə də, məlumat mərkəzi işləməmişdir. 077 *** ** ** telefonla müraciət edilməsinə baxmayaraq hadisə yerinə şirkətin nümayəndəsi gəlməmişdir. Növbəti iş günü 19 fevral 2023-cü il tarixində 055 *** ** ** nömrəli telefonla məlumat mərkəzinə səsli mesaj göndərildikdən bir gün sonra, yəni 20 fevral 2023-cü il tarixində sığorta şirkətinin nümayəndəsi hadisə yerinə gəlmiş və hadisə qeydə alınmışdır. Hadisənin baş verməsinin qeydə alınmasına və ziyanın dəyməsinə baxmayaraq baş verən hadisənin Quba rayon Polis Şöbəsi tərəfindən qeydiyyata alınmamasına və Quba rayon DYPB-nin hadisə barədə 4 nömrəli arayışı olmamasına görə sığorta şirkəti “Kasko” sığorta məbləğinin ödənilməsindən imtina etmişdir. Belə ki, hadisə "xxxx" ASC tərəfindən qeydiyyata alınmış, hadisə yerində fotoşəkillər çəkilmiş, ona məxsus avtomobilə dəymiş ziyanın müəyyən edilməsi barədə Cavabdeh2dan akt alınmış, lakin avtomobilin "xxxx" ASC tərəfindən təmir edilməmişdir və ya dəymiş maddi ziyan ödənilməmişdir. Buna görə 14 iyun 2023-cü il tarixində "xxxx" ASC-yə iddiaçı tərəfindən Pretenziya məktubu göndərilmişdir. Həmçinin dəfələrlə "xxxx" ASC-yə yazılı müraciətlər etsə də, şirkətin Baş Ofisində olsa da heç bir müsbət nəticə olmamışdır. Sığorta şirkətindən forma -4 nömrəli arayışın təqdim edilməsi bildirilmişdir. Bundan başqa müxtəlif aiddiyyatı orqanlara, o cümlədən 16 aprel 2023-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankına, daha sonra cavabdeh "xxxx" ASC-nin səlahiyyətli şəxsləri tərəfindən funksiyalarını yerinə yetirmədiklərinə görə, Forma-4 nömrəli arayışın verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirinə məktub ünvanlasa da, hələ də cavab alınmamışdır. Bununla əlaqədar 070 *** ** ** telefon nömrəsindən məktubuna cavab veriləcəyi, amma Forma-4 arayışını verə bilməyəcəkləri bildirilmişdir. Eyni zamanda 04 avqust 2023-cü il tarixində İcbarı Sığorta Bürosuna etdiyi müraciətində müsbət nəticəsi olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında iddiaçıya yardım etmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclasını keçirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarına əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2), xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.(3.1) İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.(3.2) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: - 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; - 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; - 899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. İddia ərizəsindən göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında yaranmış mübahisə tərəflər arasında bağlanılmış sığorta müqaviləsindən irəli gəlir, yəni hazırkı mübahisə cavabdehlər tərəfindən sığorta müqaviləsinin bir forması olan sığorta şəhadətnamədə göstərilmiş öhdəliklərin icra edilməməsi ilə bağlıdır. Belə olan halda iddiaçı ilə cavabdehlər arasında yaranmış münasibətlərin ümumi (publik)hüququn deyil, xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərdən irəli gələn mübahisədir. Halbuki yuxarıda sadalanan inzibati-prosessual qanunvericiliyin normalarına əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır Məhkəmə onu da qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddia ərizəsində cavabdehlər kimi göstərilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 inzibati orqan deyil. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, iddiaçı Paşa Sığorta” ASC tərəfindən üzərinə düşən öhdəliyin icra edilməməsinə görə, MC-Mİ – 1860/22 nömrəli, xx.xx.2022-ci il tarixli “kasko sığorta” haqqı olaraq ödədiyi 1949 manat məbləğində pulun ödənilməsi” barədə iddia ilə mülki məhkəmə icraatında baxılması üçün ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “cavabdehlər "xxxx" ASC tərəfindən üzərinə düşən öhdəliyin icra edilməməsinə görə, MC- Mİ – 1860/22 nömrəli, xx.xx.2022-ci il tarixli “kasko sığorta” haqqı olaraq ödədiyi 1949 manat məbləğində pulun ödənilməsi öhdəliyin cavabdehlərin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar