Məhkəmə qərarları › İş №2-1(112)-2403/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2403/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2403/2022 28.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sənədlərinin, müqavilələrin və orderlərin bərpa edilməsi” tələbinə dair dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus olan bağ sənədlərinin, müqavilələrin və orderlərin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X2 və İstismarı Birliyi tərəfindən iddiaçıya müharibə veteranı kimi, həmçinin anası X3 adına, şəhid anası kimi 1999-cu ildə Sabunçu rayonu, Ləhiş bağları massivindən ayrılan bağ sahələrinə dair müqavilələr onlara təqdim edilmişdir. Həmin müqavilələrə əsasən Sabunçu rayonu, Ləhiş bağları massivində verilən bağ sahələri idarənin mühəndisləri tərəfindən ölçülərək “6554” və “6531” saylı nömrələri təqdim edilmişdir. Ayrılan bağ sahələrinə dair sənədlər Bakı şəhəri X2 və İstismarı Birliyi tərəfindən 2005-ci ilin sonu 2006-cı ilin əvvəllərində qərar çıxarılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamına göndəriləcəyi barədə məlumat verilmişdir. 19 noyabr 2019-cu il və 12 avqust 2020-ci il tarixdə iddiaçı tərəfindən Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edilmişdir. Cavaba əsasən 2006-cı ilin sərəncamlarında Bakı şəhəri X2 və İstismarı Birliyi tərəfindən onlara bağ sahəsinin ayrılması haqqında məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazında göstərmişdir ki, İddiaçı və mərhum anası X3 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində bağ sahəsi (həmçinin İdarəyə müraciət ərizəsində olduğu kimi- 65 31; 65 54 nömrəli bağ sahələri) ayrılmasına dair məlumat (sənəd) idarənin arxivində aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********08 qeydiyyat nömrəli 30.04.2019-cu il tarixli, **********50 qeydiyyat nömrəli 16.12.2020-ci il tarixli, **********16 nömrəli 08.05.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İddiaçı 10 noyabr 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı və X4 məxsus “6554” və “6531” saylı bağ sənədlərinin, müqavilələrin və orderlərin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin 28 yanvar 2022-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq, 1 saylı Bakı Ərazi İdarəsinin 23.11.2021-ci il tarixli məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ masivində yerləşən 6531 və 6554 saylı bağ sahələrinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əsasən, sözügedən 6531 saylı bağ sahəsi 29 avqust 2005-ci il tarixli müqavilə ilə X5 ayrılmış, hazırda həmin bağ sahəsi daşınmaz əmlakın dövlət reyesrində X6 adına qeydiyyata alınmış, 6554 saylı bağ sahəsi isə 14 feral 2005-ci il tarixli müqavilə ilə X1 ayrılmışdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, işin faktiki hallarından görünür ki, iddia tələbinin predmetini təşkil edən bağ sahələi 2005-ci il tarixli müqavilərlə başqa şəxslərə ayrılmış və bağ sahələrindən biri daşınmaz əmlakın dövlət reyesrində başqa şəxsin adına qeydiyyatdan keçmişdir. İddiaçının və onun anasının adına bağ sahəsinin ayrılması ilə bağlı hər hansı məlumat məhkəmə araşdırması ilə müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının sözügedən bağ sahələrinə dair hər hansı hüququ ilə bağlı ilə bağlı qüvvədə olan hər hansı sənəd mövcud deyil. Bu kontekstdə iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan bağ təsərrüfatı idarələri tərəfindən təqdim edilmiş sənədlərin yalnız arxiv saxlayıcı olduğundan, həmin sənədlərin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbə mahiyyəti üzrə baxıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sənədlərinin, müqavilələrin və orderlərin bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar