Məhkəmə qərarları › İş №2-1(112)-2404/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2404/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2404/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə qeydiyyata alınaraq bu barədə ona şəxsiyyət vəsiqəsi verilməsi vəzifəsinin cavabdehlər 5 saylı “ASAN Xidmət” Mərkəzinə və DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Bakı şəhəri Nizami Rayon Polis İdarəsi nəzərə alınmaqla İddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə pasport qeydiyyatına alınması vəzifəsinin cavabdeh Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə 5 saylı “ASAN Xidmət” Mərkəzinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, iş üzrə cavabdehlər 5 saylı “ASAN Xidmət” Mərkəzi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi əsl olan cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə pasport qeydiyyatına alınması öhdəliyinin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeydiyyat ünvanı Zaqatala rayonu, Əliabad qəsəbəsi olmasına baxmayaraq, iddiaçı ünvan 1 ünvanında yaşayır. İddiaçının qeyd olunan ünvanda yaşamağına səbəb bacısı qızı olan X1 üzərində qəyyum təyin edilməsidir. Belə ki, iddiaçının bacısı qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyət olmayan hesab edilmişdir. Bundan sonra Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 1-1/07 nömrəli, 12 yanvar 2022-ci il tarixli sərancama və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə komissiyanın 05 yanvar 2022-ci il tarixdə keçirilmiş iclasının 01 saylı protokolundan çıxarışa əsasən iddiaçı bacısı qızı olan X1 üzərində qəyyum təyin olunmuşdur. İddiaçının üzərində qəyyum təyin olunduğu bacısı qızı X2 ağır psixoloji xəstə olduğuna görə ona daim baxmaq məcburiyyətindədir. İddiaçı qeyd edir ki, X1 iddiaçıdan başqa baxanı yoxdur. Buna görə də iddiaçı onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət olan mənzildə yaşayır. İddiaçı hesab edir ki, uzun müddətdir yaşdığı ünvan 3 ünvanına qeydiyyata alınmalıdır.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1606/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə 5 dekabr 1991-ci il təvəllüdlü Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və həmin qətnamə X2 üzərində qəyyum təyin ediməsi üçün əsas olmuşdur.

6. Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başıçısının 12 yanvar 2022-ci il tarixli “Nizami Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(007)-1606/2021 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş X2 üzərində qəyyum təyin edilməsi haqqında” Sərəncama əsasən, İddiaçı 05 dekabr 1991-ci il təvəllüdlü, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1606/2021 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş bacısı qızı X2 üzərində qəyyum təyin edilməsi barədə Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının qərarı təsdiq edilmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunur ki, ünvan 6 ünvanı X1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

8. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışının surətindən (elektron) görünür ki, ünvan 6 ünvanındakı mənzilə xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

9. Cavabdeh Nizami Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən çıxarılacaq qətnamənin icraya yönəldikdən sonra cavabdeh tərəfindən icra olunacağı qeyd olunmuşdur.

10. Məhkəmənin baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

18. CMS-AZEMİS məlumat-axtrarış sistemindən görünür ki, şəxsiyyət vəsiqəsinin statusu “aktivdir”. İddiaçının Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 70, 15 saylı mənzilə qeydiyyata alınmağı tələb etməkdə niyyəti qəyyum olaraq öhdəliklərini yerinə yetirməkdir və konkret halda qeyd edilən ünvana dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur.

19. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının qeydiyyata alınmağı istədiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 70, 15 saylı mənzilə xüsusi mülkiyyət hüququ (tam) qəyyum təyin edildiyi X1 adına qeydiyyata alınmışdır.

20. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçının uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.

21. Qeyd edilən yanaşma X4 məhkəməsinin təcrübəsinə də əsaslanır. X4 Konvensiyasının 8ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X4 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).

22. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

23. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar