Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2406/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun döyüş şəraitində aldığı güllə yarasının hərbi travma olduğunu və Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığını nəzərə alaraq, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarının ləğv edilərək, ona mürahibə veteranı adının verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı könüllü olaraq Qarabağ müharibəsinə getmiş və N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 37 saylı əmrinə əsasən xx.xx.1993-cü ildən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. O, 20 noyabr 1993-cü ildə döyüş zonasında göstərdiyi igidliyə görə N saylı hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 50 saylı əmrinə əsasən pul ilə mükafatlandırılmışdır. N saylı hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 14 saylı əmrinə əsasən döyüş tapşırığını yerinə yetirən şəxs kimi şəxsi heyətin siyahısında onun adı qeyd edilmişdir. İddiaçı nümunəvi xidmətinə görə hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmrinə əsasən xx.xx.1993-cü ildən 25 noyabr 1993-cü ilə qədər məzuniyyətə göndərilmişdir. Məzuniyyətdən qayıtdıqdan sonra döyüş tapşırığını yerinə yetirərkən N-cü ilin yanvar ayının sonlarında sol qolundan güllə yarası alaraq, helikopterlə hərbi hospitala gətirilərək müalicə almış, oradan isə Dəmiryol xəstəxanasına aparılaraq müalicəsini davam etdirmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 37 nömrəli əmrilə xx.xx.1993-cü il tarixdən hesab edilməklə şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 14 nömrəli əmrində döyüş tapşırığını yerinə yetirən şəxsi heyətin siyahısında iddiaçının adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin mart N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.N-cü il tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N-cü il tarixdən sonrakı xidməti təsdiqlənmir və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya məxsus SX ******* saylı hərbi biletdən görünür ki, iddiaçı 1988-1990-cı illərdə SSRİ ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi biletdə iddiaçının 1993-cü ildə 730 və N nömrəli hərbi-hissələrdə xidmət etməsi barədə məlumat qeyd edilmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Prokurorluğu Tərtər Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, 1970-ci il təvəllüdlü İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Məhkəmə sorğusu əsasında cavabdehin 30 sentyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, N () №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrində (əsas: §-3, səh-47, sıra-51, əmrdə adının qarşısında “18.05.93” yazılmışdır, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) N №-li hərbi hissə komandirinin əmrinə əsasən, gəldikləri gündən hərbi hissənin siyahılarına, pul, geyim və yemək normalarına qoyulmuş hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 30 №-li əmrində (əsas: yoxlama əmri, səh-17, sıra-238, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) 1-ci MAT-ın yoxlanması zamanı, şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 293 №-li əmrilə (əsas: §-1, səh-35, sıra-238, əmrdə vəzifəsi göstərilməmişdir) 1-ci motoatıcı taborun hərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək məzuniyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 25 №-li əmrində (əsas: §-1, səh- 39, sıra-238, əmrdə vəzifəsi göstərilməmişdir) hərbi hospitala getmiş hesab edilərək qazan təminatından çıxarılan 1-ci motoatıcı taborun hərbi qulluqçularının siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissənin xx.xx.N-xx.xx.N-cü il tarixli “Yaralıların və xəstələrin qeydiyyatı” kitabında (əsas: sıra-843) N №-li hərbi hissənin 1-ci MAT-ının hərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.N-cü il tarixdə “sol saidin orta 3/1-ni dəlib keçən güllə yarası” diaqnozu ilə tibb bölüyünə daxil olması, yardım göstərilərək Tərtərə göndərilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 14 №-li əmrində (əsas: yoxlama əmrində, səh-10, əmrdə vəzifəsi göstərilməmişdir) 1-ci motoatıcı taborda aparılan yoxlama zamanı döyüş tapşırığını yerinə yetirən şəxsi heyətin siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-İi hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 50 №-li əmrində (əsas: §-5, səh- 48, əmrdə adının qarşısında “1000 man” qeyd olunmuşdur, vəzifəsi göstərilməmişdir) xx.xx.1993-cü il tarixdə döyüş zonasında şəxsi igidliklərinə görə pulla mükafatlandırılmış 1-ci motoatıcı taborun hərbi qulluqçularının siyahısında, sıravi İddiaçı adı qeyd edilmişdir. N №-İi hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: “İ,M,K,L”, səh- 60, sıra-268) Bakı ŞHK-dan çağırılmış İddiaçı hərbi hissə komandirin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və uzun müddət hospitalda müalicədə olduğuna görə, Azərbaycan Respublikası Müdafiə Nazirinin 278 NQ- İi əmrinə əsasən, komandirin xx.xx.N-cü il tarixli N NQ-İi əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Əlifba qeydiyyatı kitabında qeyd edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N NQ-İi əmri, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N NQ-İi hərbi hissə komandirinin noyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. N NQ-İi hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N () NQ-İi hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü, istefada olan çavuş İddiaçı yeni hərbi bilet verilən zaman hərbi biletində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindəki hərbi xidmət iilərinin yazılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu göndərilmiş və hərbi vəzifəlinin xx.xx.1993-cü il tarixdə N saylı hərbi hissəyə daxil olması və xx.xx.1993-cü il tarixdə isə N saylı hərbi hissənin şəxsi heyətinin sıralarına daxil olması və döyüşlərdə iştirak etməsi qeyd olunmuşdur. Arxiv cavabında onun hərbi xidmətdən ehtiyata buraxılması barədə məlumat olmadığı üçün Azərbaycan Respublikası hərbi prokurorluğunun 14 aprel 2006-cı il tarixli HP-01/36 nömrəli məktubuna əsaslanaraq xx.xx.2018-ci il tarixdə Tərtər hərbi prokurorluğuna 2018 nömrəli sorğu göndərilmişdir. Tərtər hərbi prokurorluğunun xx.xx.2018-ci il tarixli ** HP ***9 saylı məktubunda onun barəsində Tərtər hərbi prokurorluğunda təqsirləndirici material olmadığı bildirilmişdir. Azərbaycan Respublikası hərbi prokurorluğunun 14 aprel 2006-cı il tarixli HP- 01/36 nömrəli məktubunun tələblərinə əsaslanaraq İddiaçı hərbi biletinin xüsusi qeydlər bölməsində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 41 nömrəli qərarına əsasən, Bakı şəhəri Binəqədi RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-01/36 və Tərtər Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli 19 HP/6119 nömrəli məktublarına əsasən barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N-cü ildə aldığı və xx.xx.Ncü ildən xx.xx.N-cü ilə kimi Azərbaycan Dəmir Yol xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Sol saidin deşib keçən güllə yarası” xx.xx.N-cü ildə hərbi hissənin hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanma-diaqnoz: “Sol saidin orta 1/3-nin dəlib keçən odlu güllə yaralanması" və xx.xx.N-cü ildə hərbi hissənin hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Sol saidin orta 1/3-nin dəlib keçən odlu güllə yaralanması nəticəsində bərkiməmiş dəri çapıqları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin xx.xx.2018-ci il tarixli 714 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 440 nömrəli arayışı, Azərbaycan dəmir Yol Xəstəxanasından verilmiş xx.xx.N-cü il tarixli çıxarış epikrizi, hərbi hissədən verilmiş xx.xx.N-cü il tarixli N nömrəli, xx.xx.N-cü il tarixli 368 nömrəli arayışları, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnamənin qeyd edilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş və həmin tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə səfərbər olunmuş və 1993- N-cü illərdə N nömrəli hərbi hissənin tərkibində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. O, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N-cü ildə yaralanmış, xx.xx.Ncü ildən xx.xx.N-cü ilə kimi Azərbaycan Dəmir Yol xəstəxanasında müayinə və müalicə olunmuş, bundan sonra hərbi hissənin hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək ona “Sol saidin orta 1/3-nin dəlib keçən odlu güllə yaralanması nəticəsində bərkiməmiş dəri çapıqları” diaqnozu qoyulmuşdur. Cavabdehin etirazının əsas dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.N-cü il tarixdən sonrakı xidməti təsdiqlənmir və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar edilməmişdir. Qeyd edilməlidir ki, “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda göstərilmişdir ki, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: döyüş əməliyyatlarında iştirak edərkən; hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; ezamiyyətdə olarkən; müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; toplanışlar keçərkən; hərbi xidmət yerinə gedib-gələrkən; əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən (27.1.). Qeyd edilməlidir ki, cavabdehin məhkəməyə ünvanlanmış 30 sentyabr 2024-cü il tarixli məktubunda N №-İi hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Bakı ŞHK-dan çağırılmış İddiaçı hərbi hissə komandirin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və uzun müddət hospitalda müalicədə olduğuna görə, Azərbaycan Respublikası Müdafiə Nazirinin 278 nömrəİi əmrinə əsasən, komandirin xx.xx.N-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat olduğu qeyd edilmişdir. Göründüyü kimi iddiaçı döyüş əməliyyatlarında aldığı yara səbəbindən uzun müddət hərbi hospitalda müalicə almış və bu səbəbdən hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışır. Yəni, iddiaçı hərbi xidmətdən yayınmamış, onun barəsində bununla bağlı hər hansı təqsirləndirici material olmamış, yaralandığı üçün müalicəyə göndərilmiş və bu səbəbdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Bu səbəbdən onun hərbi xidmətdən qeyri-qanuni əsaslarla kənarlaşması iş materialları ilə təsdiq edilmir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2406/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2406/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver