Məhkəmə qərarları › İş №2-1(112)-2407/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2407/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2407/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı X5 cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə bağçılıq sənədləri əsasında ona məxsus torpaq sahəsinə reyestrdən çıxarış verilməsi ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh orqanın imtina məktubuna əsasən həmin reyestrdən çıxarışı əldə edə bilməmişdir. O, 31 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən kadastr göstəriciləri X7 kitabında 35199 nömrə ilə uçota alınmış torpaq sahəsinin qanuni sahibi və qanuni istifadəçisidir, həmin torpaq sahəsi əvvəlki Xəzər rayonu ərazisində – indiki Pirallahı rayonu Dübəndi dağ massivində yerləşir, həmin torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi üçün əsas Bakı Şəhər XDS İK-nın 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarı və “Səbail” bağçılıq yoldaşlığının 11 oktyabr 1999-cu il tarixli 3 saylı protokoludur. Həmin torpaq sahəsinin ümumi ölçüsü 500 kv.m-dir, təyinatı 16 saylı bağ evinin tikintisi üçün nəzərdə tutulmuşdur. 1999-cu ildə "Səbail" bağçılıq yoldaşlığının İdarə Heyəti tərəfindən ona həmin yoldaşlığın üzvlük pasportu verilmişdir. Torpaq sahəsinə reyestrdən çıxarış almaq üçün iddiaçı 2014cü ildə aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də, sənədləşmə işləri yarımçıq qalmışdır. Torpaq sahəsinin ona ayrılmasının rəsmiləşdirilməsi üçün lazımi qaydada protokol, pasport, qərar qəbul edilmişdir, lakin vətəndaşların müvafiq siyahısında onun adının əlavə edilməsi faktı aşkar edilməmişdir. İddiaçının adının həmin siyahıda əks olunmaması buna məsul olan şəxslərin səhlənkarlığı ilə bağlı olmuşdur. Çünki, aidiyyəti dövlət qurumu həmin siyahıda onun adının aşkar edilmədiyini bildirir. Nəticədə iddiaçı torpaq sahəsi üzərində indiyədək mülkiyyət hüququnun qeydə alınmasını təmin edə bilmir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 9-cıı hissəsinə, Mülki Məcəlləsinin 14 – 17, 139, 139-1, 146, 152, 158-ci maddələrinə, Torpaq Məcəlləsinin 41, 85-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsaslanaraq, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınmasını məhkəmədən xahiş edir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 27 oktyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, iddiaçı X2 iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən 16 saylı bağ sahəsinə aid texniki pasportun tərtib edilməsinə və dövlət reyestrindən çıxarışın verilməsinə dair 9 iyun 2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********93 saylı 29 iyul 2022-ci il tarixli məktub ünvanlanmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planındakı koordinatlarla faktiki koordinatlar arasında fərq mövcuddur. Bu səbəbdən qonşu qeydiyyatdan keçmiş bağlarla üst-üstə düşmələr mövcuddur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahjsına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı ŞİH-in nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 9, 23-cü maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağlar massivi 16 saylı (sahəsi 500 kv.m olan) bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı Şəhər XDS İK-nın 30 yanvar 1988-ci il tarixli 1/25 nömrəli qərarı ilə Aqrar-sənaye kompleksi işçilərinin Respublika Həmkarlar İttifaqına kollektiv bağçılıq təsərrüfatlarının yaradılması məqsədilə Bakı şəhəri, Dübəndi bağlar massivində 3,24 ha torpaq sahəsi ayrılmış və Aqrar-sənaye kompleksi işçilərinin Respublika Həmkarlar İttifaqının “Səbail” Bağçılıq-Yoldaşlığının Ümumi iclasının 11 oktyabr 1999-cu il tarixli 3 saylı protokolu (qərarı) ilə hazırkı iddiaçı X4 Dübəndi bağlar massivində 500 kv.m ölçüdə 16 saylı bağ sahəsi ayrılmışdır. 31 iyul 2013-cü il tarixdəı həmin bağ sahəsinin 500 kv.m torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş və bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin 11 oktyabr 1999-cu il tarixli 3 saylı protokolundan çıxarışını, eləcə də DTXK-nin müvafiq qurumu tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nü təqdim etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında olmaması ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və hüquqlarının qeydiyyata alınmasını tələb edir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Pirallahı rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. Cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Pirallahı rayonu əraziusində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Pirallahı rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü hissəsinə əsasən bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarına əlavə edilmiş 11 oktyabr 1999-cu il tarixli 3 saylı iclas protokolundan çıxarış (qərar) Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağlar massivində 16 saylı (sahəsi 500 kv.m olan) bağ sahəsinin hazırkı iddiaçı X2 qanuni istifadəsində olmasını təsdiqləyən sənədlərdir. Həmin protokol ləğv edilmədiyindən və etbarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut qismində qiymətləndirilir. Odur ki, hazırkı iddiaçı həmin bağın qanuni istifadəçisi kimi onun yerləşdiyi 0,05 ha torpaq sahəsinə «Torpaq islahatı haqqında» Qanunun 9 və 10-cu maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh DƏDRX 1 saylı Ərazi İdarəsinin imtinasında göstərilən dəlillərə gəldikdə isə, məhkəmə vurğulayır ki, iddiaçının adının “Səbail” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında olmaması, bir tərəfdən onun özünün iradəsindən asılı olan hal deyil, digər tərəfdən həmin bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin arxiv saxlayıcısı kimi məhkəmə icraatında təqdim olunmuş siyahısı 1987-ci və 1990-cı illərdə tərtib olunmuşdur, hansı ki, iddiaçıya bağ sahəsinin ayrılması barədə protokol 11 oktyabr 1999-cu il tarixlidir, yəni sonrakı dövrdə qəbul olunmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının Dübəndi bağlar massivində yerləşən 16 saylı bağ sahəsinin qanuni istifadəçisi olmasını Azərbaycan Respoublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən həmin bağın yerləşdiyi torpaq sahəsinə dair 31 iyul 2013-cü il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi də təsdiqləyir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli Fərmanı ilə ləğv edilmişdir. Qeyd olunan tarixədək torpaq sahələrinin yerquruluşu planından və dövlət kadastrı məlumatlarından çıxarışlar vermək, habelə torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə “Torpaq sahəsinn planı və ölçüsü”nün verilməsi Komitənin səlahiyyətlərində olmuşdur. Belə olan halda iddiaçı X2 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən sahəsi 500 kv.m olan 16 saylı bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı X2 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən, sahəsi 500 kv.m olan 16 saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 68 – 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı X2 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən, sahəsi 500 kv.m olan 16 saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar