Məhkəmə qərarları › İş №2-1(112)-2408/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2408/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2408/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək diplomunun təsdiq edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının hüquqi marağının və məqsədinin aydın olmasını nəzərə alaraq iddia tələbini X4 Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 000899 saylı diplomun bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi kimi qəbul edir və iddianın dəqiqləşdirilməsinə zərurət görmür. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə X3 Tədris Universitetinin Nəqliyyat fakültəsinə Azərbaycan sektoruna daxil olmuşdur. Universitetin yataqxanası olmadığından kirayə ev tutub bütün dərs ilini qalmağa imkanı olmadığından universitetin çağırışı ilə ildə 4-5 dəfə gedib dərslərdə iştirak edib, imtahanları vermişdir. 2020-ci ildə Universiteti bitirib hərbi xidmətə getmişdir. Arxa cəbhədə müharibənin gedişində fəal iştirak etmişdir. İddiaçı xidmətdə olarkən qohumu diplomunu tərcümə etdirib diplomu təsdiqə göndərmişdir. Sənədlərində heç bir qüsur olmayıb, təxris olandan sonra müsabiqəyə qatılmasını gözləyiblər. Tərxis olunub gələndə stres halında olmuş, iki dəfə əməliyyat olunmuşdur. Bu vəziyyətdə müsabiqəyə qatılmışdır. Gürcü dilini bilmədiyindən diplomu (tədris dili Azərbaycan dili olub) təsdiq olunmayıb. Nazirlər Kabinetinin qərarı ilə dil tələbi ləğv olunduqdan sonra, bu dəfə sərhədkeçmə günlərinin çatışmadığına görə diplomu bu gunə kimi təsdiq olunmayıb. Təhsil aldığı Universitet Azərbaycan Respublikasında tanınır, Texniki Universitetlə 24 illik müqaviləsi var. Birinci kursdan Texniki Universitetə transfer olunmaq istəmiş, lakin Təhsil Nazirliyi icazə verməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, iddia tələbi İPM-in 38.2-ci bəndinə əsasən mümkünsüz hesab edilməlidir. Sözügedən normada qeyd olunur ki, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki halında, İddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2021-ci il tarixli imtina aktı elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. İnzibati orqanın xx.xx.2021-ci il tarixli qərarı iddiaçıya məxsus və iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına həmin tarixdə yerləşdirilmişdir. İPM-in müvafiq tələbinə əsasən bununla bağlı ən geci xx.xx.2022-ci il tarixinə qədər məhkəmə müraciət olunmalı idi. Həmçinin, iddiaçının inzibati orqana yazdığı ərizələr və inzibati şikayət qaydasında verilən müraciətlər dövründə iddia müddətinin axımının dayandırılması nəzərə alınmaqla, inzibati orqanda qəbulda olduğu xx.xx.2023-cü il tarixi və ona inzibati şikayətin nəticəsi barədə təqdim olunan xx.xx.2023-cü il tarixli ərizə cavabından sonrakı keçən müddət nəzərə alındıqda belə, iddiaçı hər bir halda İPM-in müvafiq tələblələrinə əsasən iddia müddətini ötürmüşdür. Bu məlumatlar ərizəçi tərəfindən elektron məhkəmə sistemindəki kabinetə əlavə edilmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müvafiq iddia ərizəsi ilə müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixdə iddia ərizəsini geri çəkmişdir. Lakin bundan iddiaçı məhkəməyə təkrar iddia tələbi ilə müraciət etmişdir. Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə iddia tələbinin mümkünlüyünə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı cavabdeh Təhsildə Keyfiyyətə Təminat Agentliyinə təkrar müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş imtinada hər hansı inzibati icraat aparılmadan iddiaçıya inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ izah edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün müddət ötürülməmişdir, iddia düzgün cavabdehə qarşı yönəldilmiş, iddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malikdir. Odur ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Təhsildə Keyfiyyət X2 Hüquqi Şəxsin xx.xx.2021-ci il tarixli, NA00003238 saylı qərarından görünür ki, iddiaçının müraciətinə baxılaraq onun sözügedən ali təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması, həmçinin tədris dilinin qeyri-qənaətbəxş olması müəyyən edildiyi üçün xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. -Gürcüstan Respublikası X4 Universitetinin xx.xx.2020-ci il tarixli, 000899 nömrəli bakalavr diplomunun tərcümə və təsdiq olunmuş surətindən görünür ki, Biznes və mühəndislik fakültəsi şurasının 26 iyun 2020-ci il tarixli, 4 №-li qərarı ilə İddiaçı Nəqliyyatda mühəndislik ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2016-Çıxış Gürcüstan, xx.xx.2016-Giriş Gürcüstan, xx.xx.2016- Çıxış Gürcüstan, xx.xx.2016-Giriş Gürcüstan, xx.xx.2017-Çıxış Gürcüstan, xx.xx.2017- Giriş Gürcüstan, xx.xx.2017-Çıxış Gürcüstan, xx.xx.2017-Giriş Gürcüstan, xx.xx.2017-Çıxış Gürcüstan, xx.xx.2017-Giriş Gürcüstan, xx.xx.2017-Çıxış Gürcüstan, xx.xx.2017-Giriş Gürcüstan, xx.xx.2018-Çıxış Gürcüstan, xx.xx.2018-Giriş Gürcüstan, xx.xx.2018-Çıxış Gürcüstan, xx.xx.2018-Giriş Gürcüstan, xx.xx.2018- Çıxış Gürcüstan, xx.xx.2018- Giriş Gürcüstan, xx.xx.2018- Çıxış Gürcüstan, xx.xx.2018- Giriş Gürcüstan, xx.xx.2019- Çıxış Gürcüstan, xx.xx.2019- Giriş Gürcüstan, xx.xx.2019- Çıxış Gürcüstan, xx.xx.2019 -Giriş Gürcüstan, xx.xx.2019- Çıxış Gürcüstan, xx.xx.2019- Giriş Gürcüstan, xx.xx.2019- Çıxış Gürcüstan, xx.xx.2019- Giriş Gürcüstan, xx.xx.2019- Çıxış Gürcüstan, xx.xx.2019- Giriş Gürcüstan, xx.xx.2019 -Çıxış Gürcüstan, xx.xx.2019- Giriş Gürcüstan, xx.xx.2020- Çıxış Gürcüstan, xx.xx.2020- Giriş Gürcüstan, xx.xx.2020 - Çıxış Gürcüstan, xx.xx.2020- Giriş Gürcüstan. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: -13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən). 13.1.4. sərbəst (eksternat). -27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29. Təhsil sahəsində dövlətin vəzifələri: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək. -44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.5.9-cu bəndinə əsasən, tanınma dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydalardan: -3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi. -3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. -4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”ndan: -1.6. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. -2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”ndan: -5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. -8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Beləliklə, işin mübahisələndirilməyən hallarına görə, iddiaçı 2016-2020-ci illərdə X4 Universiteti MMC-də “Nəqliyyatda mühəndislik” ixtisası üzrə, əyani formada təhsil almış və ona Universitet tərəfindən xx.xx.2020-ci il tarixli diplom verilmişdir. Hazırda iddiaçının məqsədi diplomun tanınması və müvafiq şəhadətnamənin alınmasından ibarətdir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin əsas dəlili odur ki, iddiaçı təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan həmin müddət ərzində tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq bildirir ki, yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı işdə də əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu təsdiqini tapmalıdır. Qeyd edilən standartlar həm də, tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri, təhsil alınan ölkədə faktiki olunan müddətləri də özündə ehtiva edir. Hazırkı işdə iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir. Belə ki, iş materiallarında olan AR Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, o, təhsil aldığı ölkənin - Gürcüstan Respublikasının ərazisində 2016-2017-ci tədris ili ərzində 1 ay 13 gün, 2017-2018-ci tədris ili ərzində 1 ay, 6 gün, 2018-2019-cu tədris ili ərzində 22 gün, 2019-2020-ci tədris ili ərzində isə 1 ay 5 gün müddətində olmuşdur. Göründüyü kimi iddiaçı müvafiq ixtisas üzrə əyani təhsil alsa da, onun İ tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər (4 ay) təhsil aldığı ölkənin - Gürcüstan Respublikasının ərazisində olması tələbinin ödənilmədiyi təsbit edilmişdir. Bu hal isə iddiaçının müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır və onun təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı tələbində haqlı deyildir. Məhkəmə qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi bir sıra qərarınlarda analoji hüquqi mövqedən çıxış edilmişdir (2-1(102)-2762/2023, xx.xx.2023 tarixli, 2-(102)-959/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-(102)-2946/2023 saylı, xx.xx.2023-cü il tarixli, 1783/2024 saylı, xx.xx.2024-cü il tarixli). Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilməməli, iddia əsassız olduğundan təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar