Məhkəmə qərarları › İş №2-1(112)-241/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-241/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-241/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin 04 iyun 1994-cü il tarixli 18 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli Qərarına əsasən, Maştağa qəsəbəsi "Savalan” yaşayış massivi 5-ci kvartalda 12-ci sahədə fərdi ev tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüququn 14.11.2012-ci il tarixində vəfat etmiş X2na məxsus olması haqqında arayış verilməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin 04 iyun 1994-cü il tarixli, 18 saylı qərarına uyğun əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991ci il tarixli Qərarına əsasən Maştağa qəsəbəsi, "Savalan” yaşayış massivi, 5-ci kvartalda kütləvi şəkildə fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin Qərara əsasən onun həyat yoldaşı mərhum X2na da həmin məqsədlə 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan hamı kimi onlar da ayrılmış torpaq sahəsində mənzil tikərək uzun illərdir ki, ailə üzvləri ilə həmin mənzildə yaşayırlar. Həyat yoldaşı X2 14.11.2012-ci ildə vəfat etmişdir. Qanunvericiliyin tələbinə müvafiq olaraq Bakı şəhəri 19 saylı Notariat kontoru tərəfindən o, qanuni vərəsə kimi tanınmışdır. Bu barədə ona rəsmi sənəd də verilmişdir. Qeyd olunan ərazidə əhalinin əksər hissəsi torpaq sahəsinə çıxarış almışdır. Bu səbəbdən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin 04 iyun 1994-cü il tarixli, 18 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli Qərarına uyğun olaraq, Maştağa qəsəbəsi, "Savalan" yaşayış massivi, 5-ci kvartalda fərdi ev tikintisi üçün verilmiş 1200 kv.m. torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq çıxarış verilməsi məqsədilə müvafiq İcra Hakimiyyəti orqanına müraciət etmişdir. Müvafiq İcra Hakimiyyəti, orqanı olan Azərbaycan Respublikası ƏMDX DƏDRX Bakı şəhər ərazi idarəsi 05 aprel 2018-ci il tarixdə **********68 saylı, 20.09.2018-ci il tarixdə **********53 saylı və nəhayət 17.10.2018-cı il tarixli, **********74 saylı cavab məktubu ilə torpaq sahəsinə çıxarış və kadastr planını verməkdən imtina etdilər. Yuxarıda qeyd etdikləri aidiyyəti icra orqanları tərəfindən təsdiq edilib, onlara təqdim olunmuş Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin 04 iyun 1994-cü il tarixli, 18 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli qərarına uyğun olaraq, Maştağa qəsəbəsi, "Savalan" yaşayış massivi, 5-ci kvartalda kütləvi şəkildə fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin qərara əsasən onlara da həmin məqsədlə 1200 kv.m. torpaq sahəsinə çıxarışın və kadastr planının verilməsindən qanunsuz və əsassız imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, sözügedən torpaq sahəsi “Savalan" yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşir və təqdim edilmiş Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) deyildir. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində istinadların və ölçülərin qeyd olunmadığı və torpaq sahəsinin faktiki vəziyyətə uyğun gəlmədiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhər Səadət sarayı tərəfindən verilmiş 01.10.1993-cü il tarixli, Vİ-JQ 396014 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X7 arasında 01 oktyabr 1993-cü ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Nəcəfquluzadə, arvada Nəcəfquluzadə familiyası verilmişdir. - Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 04.06.1994-cü il tarixli, 18 №-li qərarından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 №-li və 2 sentyabr 1991-ci il tarixli, 293 №-li qərarlarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün torpaq fondu ayrılmışdır. Fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Bakı şəhər icra hakimiyyəti tərəfindən tərtib edilmiş baş plana uyğun olaraq hər ailəyə 1200 kvm. həyətyanı torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həyətyanı torpağa ehtiyacı olan vətəndaşlardan bir qrupu həyətyanı torpaq sahəsi almaq üçün tələb olunan sənədləri qəsəbə üzrə SRİHN-nə təqdim etmişlər. Təqdim olunmuş sənədlər Maştağa qəsəbəsi üzrə SRİHN-nin komissiyası tərəfindən yoxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq Beşinci kvartal, 12 (on iki) №-li ünvanda X2na fərdi yaşayış evinin tikintisi üçün 1200 kvm. həyətyanı torpaq sahəsi ayrılmışdır. - Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, Beşinci kvartalda ayrılmış 12 saylı torpaq sahəsinin (1200 kv/m) yerləşmə sxemi tərtib edilmişdir. - Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.11.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 14.11.2012-ci ildə ölmüşdür. - ünvan 1 ünvanlanmış 108 №-li, 12.03.2018-ci il tarixli məktubdan görünür ki, 14.11.2012-ci ildə vəfat etmiş X2 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 19 saylı Notariat Kontoruna həyat yoldaşı İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X1 vəfat etməsilə əlaqədar vərəsənin ərizəsi əsasında 09.03.2018-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmış və vərəsələri dairəsi müəyyən olunmuşdur. Qanuvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşmə aparılması üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, beşinci kvartalda ayrılmış 12 saylı torpaq sahəsinin 0.12 ha torpaq sahəsinə dair çıxarış və texniki pasportu mərhumun adına verilməsi xahiş olunmuşdur. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 25.07.2019-cu il tarixli ərizənin surətindən görünür ki, iddiaçı cavabdehdən 04 iyun 1994-cü il tarixdə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin 18 saylı Qərarı əsasında Azərbaycan Respublikası NK-nin 07.05.1991-ci il tarixli 123 saylı və 02.09.1991-ci il tarixli, 293 nömrəli qərarları əsasında mərhum X2 (adına) üçün 1200 metr torpaq sahəsinin ayrılmasına dair arayış verməyi xahiş etmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 08.08.2019-cu il tarixli, **********20 №-li məktubun surətindən görünür ki, 25.07.2019-cu il tarixli ərizəsinə baxılmışdır. Sorğu ilə əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 12-ci sahədə 1200 kvm. torpaq sahəsinin mərhum X1 adına qeydiyyatdan keçməsi haqqında məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 05.04.2018-ci il tarixli, **********69 №-li məktubun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 12 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ********** nömrəli, 19.02.2018-ci il tarixli ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən torpaq sahəsi “Savalan” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşir və təqdim edilmiş Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) deyildir. Bu səbəblərdən ərizəsinin icrası tərəflərindən mümkün olmamışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********16 №-li, 22.10.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 20.09.2019-cu il tarixli poçt vasitəsilə daxil olmuş ərizəsinə baxılmışdır. Nəzərinə çatdırılır ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı ona idarə tərəfindən 05.04.2018-ci il tarixdə, **********69 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Bundan başqa təqdim edilmiş yerləşmə cizgisində istinadların və ölçülərin qeyd olunmadığı və torpaq sahəsinin faktiki vəziyyətə uyğun gəlmədiyi müəyyən edilmişdir. Bu səbəblərdən ərizəsinin icrası tərəflərindən mümkün olmamışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********63 №-li, 19.05.2021-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, RX seriyalı, ******* №-li, 30.04.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X8 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X11 verilmiş torpaq sahəsinin planı və ölçüsü Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 81 a saylı fərdi yaşayış evinin tikintisi üçün Sabunçu rayon İH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 08.10.1997-ci il tarixli, 10 saylı Qərarı ilə ayrılmış 600 kvm. torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********63 №-li, 19.05.2021-ci il tarixli məktuba əlavə edilmiş Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 31 №-li, 17 dekabr 1994-cü il tarixli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli, 293 №-li qərarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Bakı şəhəri, XDS İcraiyyə Komitəsi tərəfindən tərtib edilmiş baş plana uyğun olaraq hər ailəyə 0,12 hektar həyətyanı torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həyətyanı torpaq tələb edən vətəndaşlardan bir qrupu həyatyanı torpaq almaq üçün tələb olunan sənədləri qəsəbə XDS İcraiyyə Komitəsinə təqdim etmişlər. Təqdim olunmuş sənədlər qəsəbənin deputatları və Maştağa qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən yoxlanılmış və Beşinci kvartal, sahə № 77 ünvanındakı 0,12 hektar torpaq sahəsi X12 ayrılması və həmin torpaq sahəsində baş planda nəzərdə tutulmuş sahədə müasir tipli yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X12 verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, torpaq sahəsinin plan və ölçüsü Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 77 saylı fərdi yaşayış evinin tikintisi üçün Sabunçu rayon Maştağa qəsəbəsi XDS İK-nin 17.12.1994-cü il tarixli, 31 saylı Qərarı ilə ayrılmış 1200 kvm. torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - Həmin məktuba əlavə edilmiş 22.06.2012-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, 9 saylı NK-u tərəfindən 02.10.2009-cu ildə təsdiq edilən və reyestrdə 2V/194 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 14 sentyabr 2011-ci ildə vəfat etmiş X9 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi Bakı şəhəri, Cavanşir küçəsi, ev 27 A, mənzil 52-də yaşayan X13 və X10r. - Həmin məktuba əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li, 21.07.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi X3 və X4 xüsusi mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 04.06.1994-cü il tarixli, 18 №-li qərarı ilə Maştağa qəsəbəsi, Beşinci kvartal, 12 (on iki) №li ünvanda X2na fərdi yaşayış evinin tikintisi üçün 1200 kvm. həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan həyətyanı torpaq istifadə edilməyə başlamışdır. X2 14.11.2012ci ildə ölmüş, arvadı İddiaçı onun vərəsəsi kimi tanınmışdır. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək mərhum X2 (adına) üçün 1200 metr torpaq sahəsinin ayrılmasına dair arayış verilməsini xahiş etsə də, müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh imtinalarını Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 12-ci sahədə 1200 kvm. torpaq sahəsinin mərhum X1 adına qeydiyyatdan keçməsi haqqında məlumatın (sənədin) İdarənin arxivində aşkar edilməməsi, torpaq sahəsinin “Savalan” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşməsi və təqdim edilmiş Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarışın qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) olmaması, təqdim edilmiş yerləşmə cizgisində istinadların və ölçülərin qeyd olunmaması və torpaq sahəsinin faktiki vəziyyətə uyğun gəlməməsinin müəyyən edilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. - 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. - 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də, daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1, 8.0.5 və 8.0.7-ci maddələrinin tələblərinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 04.06.1994-cü il tarixli, 18 №-li qərarı verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (09.11.1991-ci ildə qəbul edilmiş, 27.02.2001-ci il tarixli, 96-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüş) 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.05.1991-ci il tarixli, 123 nömrəli Qərarı ilə Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrakomuna tapşırılmışdır ki, Maştağa tərəvəzçilik-südçülük sovxozu torpaqlarının bir hissəsini fərdi yaşayış evləri, sosial və mədəni-məişət təyinatlı obyektlər tikintisindən ötrü X16 vermək məsələsini qoyulmuş qaydada Abşeron Rayon Xalq Deputatları Sovetinin İcrakomu ilə birlikdə nəzərdən keçirib həll etsin. Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin təqdimatına əsasən Abşeron, Ağstafa və Göyçay rayon XDS icraiyyə komitələrinin qərarlarını və təsərrüfatlarının razılıqlarını nəzərə alaraq, həmin rayonların ərazilərindən Bakı şəhərinin Maştağa qəsəbəsində, Ağstafa və Göyçay şəhərlərində fərdi və çoxmərtəbəli yaşayış evləri, habelə sosial və mədəni-məişət obyektlərinin tikintisi üçün əlavəyə uyğun olaraq 416,0 hektar torpaq sahəsi ayrılması barədə 02.09.1991-ci il tarixdə 293 saylı Qərar qəbul etmişdir. Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarları əsasında Bakı şəhərinin Baş Planına uyğun olaraq adları göstərilən vətəndaşların hər birinə, o cümlədən mərhum X2na fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması barədə 04.06.1994-cü il tarixli, 18 №-li qərar qəbul etmişdir. 04.06.1994-cü il tarixli, 18 №-li qərarı qəbul edilən zaman yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatı səlahiyyətli olmuş və həmin qərar əsasında iddiaçının mərhum ərinə ayrılmış torpaq sahəsi vəfat edənədək sonuncunun qanuni istifadəsində olmuşdur. Məhkəmə cavabdeh inzibati orqanın “sözügedən torpaq sahəsinin “Savalan” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşməsi” ilə bağlı dəlili ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən torpaq sahəsinin miras qoyanın qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh torpaq sahəsinin “Savalan” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşməsi, təqdim edilmiş yerləşmə cizgisində istinadların və ölçülərin qeyd olunmaması və torpaq sahəsinin faktiki vəziyyətə uyğun gəlməməsinin kimi texniki səbəbdən mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların: - 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. - 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Bundan əlavə məhkəmə qeyd edir ki, eyni ərazidə eyni orqanın, yəni Sabunçu rayon İH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarları əsasında ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı halda iddiaçının mərhum ərinə münasibətdə qaldırılan məsələnin həllindən imtina olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş bərabərlik prinsipinə ziddir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən, habelə hazırkı İddiaçı mərhum X1 vərəsəsi olduğundan, vəfat etmiş şəxs həmin torpaq sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan vəfat etdiyindən və müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi o, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etdiyindən, məhkəmə sonda belə qənaətə gəlir ki, cavabdehin hərəkətləri qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin 04 iyun 1994-cü il tarixli, 18 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli Qərarına əsasən, Maştağa qəsəbəsi "Savalan” yaşayış massivi, 5-ci kvartalda 12-ci sahədə fərdi ev tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüququn 14.11.2012-ci il tarixində vəfat etmiş X2na məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin 04 iyun 1994-cü il tarixli, 18 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli Qərarına əsasən, Maştağa qəsəbəsi, "Savalan” yaşayış massivi, 5-ci kvartalda 12-ci sahədə fərdi ev tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair hüququn 14.11.2012-ci il tarixində vəfat etmiş X2na məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar