Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2410/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və onun 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonu, Şorbulaq kəndindəki Civə zavodunda civə emalçısı işlədiyini nəzərə alaraq və güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən ona pensiya təyin edilməsi, hesablanması və orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq əmək haqqısına uyğun olmaqla pensiyanın yenidən hesablanması və 01.01.2008-ci il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 1972-ci ilin aprel ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonu, Şorbulaq kəndindəki Civə zavodunda civə emalçısı işlədiyini nəzərə alaraq və orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq əmək haqqısına uyğun olmaqla pensiyanın yenidən hesablanması və 01.01.2008-ci il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx xxxxxx 1954-cü ildə Kəlbəcər rayonunun Seyidlər kəndində anadan olmuş, 01.04.1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. Həmin vaxtdan Daşkəsən rayonunun Quşçu kəndində məskunlaşmışdır. Onun yaşamış olduğu Kəlbəcər rayonunun Seyidlər kəndində 1962-1970-ci illərdə 8 illik natamam-orta təhsil alandan sonra təhsilini davam etdirməmiş, 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonu, Şorbulaq kəndindəki Civə zavodunda civə emalçısı işləmişdir. Qəflətən baş vermiş köçkünlüklə əlaqədar iş yerindən əmək kitabçasını alıb gətirə bilməmiş, bu səbəbdən həqiqətən də qeyd edilən dövrdə adı çəkilən zavodda əmək stajına dair faktın məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyac yarandığından ərizə ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət etmişdir. 29 yanvar 2013-cü il tarixində Daşkəsən Rayon Məhkəməsi tərəfindən 2(030)-47/2013 saylı, 29 yanvar 2013-cü il tarixli qətnamə ilə onun ərizəsi təmin edilmiş, onun 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayınadək olan müddətdə dövlət sənaye müəssisəsində (işğala məruz qalmış Kəlbəcər rayonundakı Civə zavodunda) fəhlə (civə emalçısı) kimi göstərdiyi əmək fəaliyyətinə görə 21 il 2 ay əmək stajının olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarından da göründüyü kimi civənin emalı ilə məşğul olan civə emalçıları güzəştli iş stajına daxil olan peşə sayılır. O, güzəştli şərtlərlə pensiya almaq hüququ verən işlərdə çalışmışdır. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Azərbayan Respublikası Qanunun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 sentyabr tarixli qərarının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında 15 yanvar 1993-cü il tarixli 320 nömrəli qərar qəbul etmişdir. Həmin qərarda qeyd edilmişdir ki, qaçqın və məcburi köçkün kateqoriyasından olan vətəndaşlara pensiyalar “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada hesablanır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” təlimata və eləcə də Əmək və Əhalıninin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaçqınlara “Qaçqın və məcburi köçkünlərin" pensiya təyinatı və hesablanması Milli Məclis tərəfindən 23 sentyabr 1992-ci ildə qəbul olunmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə nizama salınır. Həmin Qanunun 17 və 19-cu maddələrinə əsasən milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk etmiş şəxslərin pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda, Respublika Dövlət Statistika Komitəsi tərəfindən onların işlədikləri sahələr üzrə müəyyən edilmiş orta aylıq əmək haqqına görə hesablanır. Ona pensiya təyin edilərkən mədənçıxarma sahəsində işlədiyi üçün yüksək əmək haqqı barədə sənədləri təqdim edə bilməmişdir. Odur ki, pensiya təyin edilərkən Statistika Komitəsi tərəfindən müəyyən edilmiş müvafiq iş sahəsinə uyğun nominal orta aylıq əmək haqqı nəzərə alınmaqla təyinat aparılmalı idi. Yəni konkret halda mədənçıxarma sahəsində işlədiyi üçün “iqtisadi fəaliyyət növlərinin təsnifatına” uyğun olaraq bölmə əsas götürülməli idi. Ümumi iş stajı və 10 ildən artıq ağır şəraitdə işlədiyi üçün 1 nömrəli siyahı üzrə güzəştli şərtlə yaşa görə pensiya təyinatı aparılarkən pensiyalar 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 29-cu maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır. 01 yanvar 2008-ci il tarixdən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliklərlə əlaqədar olaraq orta aylıq əmək haqqına tətbiq edilmiş məhdudiyyətin götürülməsindən sonra, 01 yanvar 2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1ci maddəsinə uyğun bu qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunuvericilik üzrə hər bir sığortaolunanın bu qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun bu qanunun müddəalarına uyğun şərti çevrilməsi hesablanmalı idi. Bu zaman bu qanun qüvvəyə mindiyi günədək olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının baza hissəsi çıxdıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi hesablanmalı idi. Bundan başqa o, 2006-cı ildən güzəştli şərtlərlə pensiyaya çıxmalı idi. Bu qanunsuzluğun aradan qaldırılması üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin bu günə qədər də cavabdeh tərəfindən ərizəsinə heç bir münasibət bildirilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçıya məxsus AZE serialı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Daşkəsən Rayon Məhkəməsinin 2(030)-47/2013 saylı 29.01.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı «Əmək (sosial sığorta) stajı faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayınadək olan müddətdə dövlət sənaye müəssisəsində (işğala məruz qalmış Kəlbəcər rayonundakı Civə zavodunda fəhlə (civə emalçısı) kimi göstərdiyi əmək fəaliyyətinə görə cəmi 21 (iyirmi bir) il 2 (iki) ay əmək (sosial sığorta) stajının olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan DSMF-nun 18 saylı Regional Ərazi Filialının Daşkəsən rayon qəbul şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 25.05.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı şöbədən pensiya almır. İş materiallarında olan pensiya işindəki sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 01.12.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur, ona 01.12.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-47/2013 saylı 29.01.2013-cü il tarixli qətnaməsinə əsasən ərizəçi İddiaçı «Əmək (sosial sığorta) stajı faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayınadək olan müddətdə dövlət sənaye müəssisəsində (işğala məruz qalmış Kəlbəcər rayonundakı Civə zavodunda fəhlə (civə emalçısı) kimi göstərdiyi əmək fəaliyyətinə görə cəmi 21 (iyirmi bir) il 2 (iki) ay əmək (sosial sığorta) stajının olması faktının müəyyən edilməsi qət edilmişdir. İddiaçı ona 1972ci ilin aprel ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonu, Şorbulaq kəndindəki Civə zavodunda civə emalçısı işlədiyini nəzərə alaraq və orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq əmək haqqısına uyğun olmaqla pensiyanın yenidən hesablanması və 01.01.2008-ci il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan hallar nəzərə alınmaqla iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması məqsədi ilə cavabdeh tərəfindən inzibati icraat yenidən aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia qismən təmin edilsin. İddiaçı 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayınadək olan müddətdə dövlət sənaye müəssisəsində (işğala məruz qalmış Kəlbəcər rayonundakı Civə zavodunda fəhlə (civə emalçısı) kimi iş stajı nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanması məqsədi ilə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2410/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2410/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver