Məhkəmə qərarları › İş №2-1(112)-2411/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2411/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2411/2022 28.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın (çıxarışın) verilməsi və s. tələblərə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın (çıxarışın) verilməsi və s. barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı fərdi yaşayış evə münasibətdə tərtib olunmuş texniki pasportun mövcudluğuna əsaslanaraq həmin əmlakın onun mərhum həyat yoldaşına məxsus olması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imitna etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunaziddir və onun hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beynin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. İşdən müəyyən olunur ki, iddiaçı vəfat etmiş həyat yoldaşının tərəf olduğu daşınmaz əmlaka münasibətdə tərtib olunmuş texniki pasporta istinad edərək mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı Məhkəməyə müraciət etmişdir ki, bu yolverilməzdir. Belə ki, iddiaçı mərhum həyat yoldaşının mirası ona keçən yeganə vərəsəsi olması faktını təsdiq edən vərəsəlik şəhadətnaməsinə malik deyil. Bu situasiyada iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 22.2-ci maddəsində təsbit olunmuş prosedura riayət etməli idi ki, həmin normaya əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs (iddiaçının həyat yoldaşı) həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi (iddiaçı) hüququn ölmüş şəxsə (iddiaçının həyat yoldaşına) məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana (cavabdehə) müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri (vərəsəlik şəhadətnaməsi) onu təqdim edən vərəsənin (iddiaçının) adına rəsmiləşdirilməli, başqa sözlə, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə (iddiaçı) vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına (cavabdehə) təqdim etməli və daşınmaz əmlak üzərində hüquq ölmüş şəxsin (iddiaçının həyat yoldaşı) deyil, artıq onun (iddiaçının) adına dövlət qeydiyyatına alınmalıdır. Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının vərəsəlik şəhadətnaməsinə malik olması hazırki iddianın həllində mühim rol oynayır. Çünki, Qanunverici Mülki Məcəllənin 1267-ci maddəsinin müddəasını məcburi qayda kimi müəyyən etməklə, vərəsənin üzərinə miras əmlak bölüşdürülənədək, vərəsələr arasında hər hansı bir çəkişməkdən çəkinmək vəzifəsi qoymuş olur. Ərizəni verməklə vərəsə, öz hüququnu bəyan edir. Onun hüququnu, dövlətin adından çıxış edən notariat orqanı vərəsəlik şəhadətnaməsi verməklə təsdiq edir və vərəsəni öz ərizəsini geri götürmək imkanından məhrum edir. Nəzərə alınmalıdır ki, bu nəinki fərd barəsində, eləcə də, eyni zamanda vərəsə sayılan dövlət barəsində də müəyyənləşdirilən qaydadır. Məhkəmə hesab edir ki, hər nə qədər ki, iddiaçını vərəsə kimi qeyd olunmasını təsdiq edən vərəsəlik şəhadətnaməsi olmasa, hazırki iş üzrə mübahisənin həlli mümkünlük şərtləri baxımından mümkün deyildir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iddianın mümkünlüyü baxımından irəli sürülməli iddia daşınmaz əmlaka mülkiyyət hüququnun iddiaçının mərhum yoldaşına məxsus olması barədə arayışın verilməsi ilə bağlı olduğundan və həmin arayışın verilməsi ilə bağlı yuxarıda adıçəkilən qanunda arayışın verilməsinin yalnız vərəsə tərəfindən tələb edilə biləcəyi təsdiq edildiyindən, hazırkı halda isə mərhumun vərəsəsinin mövcudluğu ilə bağlı heç bir notariat işi mövcud olmadığından, məhkəmə hesab edir ki, nə qədər ki, mərhumun vərəsəsinin dairəsi müəyyən edilmədiyindən və notariat işi və vərəsəlik şəhadətnaməsi olmadan iddiaçı mərhumun yaxın qohumu olsa belə vərəsəsi avtomatik olaraq heç bir qərar, notariat işi mövcud olmadan hesab edilmədiyindən iddia müvafiq subyektiv hüquqa malik olmayan şəxs tərəfindən qaldırılmış kimi qiymətləndirilir. Yəni iddiaçı mərhumun yaxın qohumu olsa belə, əmlakın ona vərəsəlik qaydasında keçməsinə dair notariusa müraciəti olmadığından və vərəsəlik şəhadətnaməsi əldə etmədiyindən qaldırmış olduğu iddia da mümkünlük şərtlərini ödəmir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin göstərilən fomrada təmin edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Məhkəmə izah edir ki, iddiaçı mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar