Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2413/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.02.1993-cü il tarixdə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən mərhum həyat yoldaşı X4 verilmiş xidməti orderə əsasən ünvan 1 ünvanında yerləşən 120 saylı mənzilə dair onun adına kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, iddiaçının mərhum həyat yoldaşı X6 28.04.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının mərhum həyat yoldaşı erməni işğalçılarına qarşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə zamanı yaralandığı üçün 2-ci qrup əlil olmuşdur. Bu barədə əlillik vəsiqəsi mövcuddur. 1993-cü il tarixdə iddiaçının mərhum həyat yoldaşı 2-ci qrup əlil olduğundan işləmək üçün kifayət qədər əmək qabiliyyətli deyildir. İddiaçının mərhum həyat yoldaşı bütün bu səbəblərə görə yaşamaq üçün mənzil əldə edə bilmədiyi üçün mənzil verilməsi məqsədilə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Nəticədə 08.02.1993-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 120 saylı mənzil xidməti orderlə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən, “Mənzil uçotu və bölüşdürülməsi şöbəsinin kommunal təsərrüfat şöbəsinin" rəisinin təsdiqi ilə iddiaçının mərhum həyat yoldaşı X4 verilmişdir. İddiaçı 1993-cü il tarixdən etibarən bugünədək sözügedən ünvanda yaşayır. İddiaçı həyat yoldaşının vəfatından sonra Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək, 08.02.1993-cü il tarixdə mərhum həyat yoldaşı X4 verilmiş orderə əsasən ünvan 1 ünvanında yerləşən 120 saylı mənzilə dair onun, yəni iddiaçının adına kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. İddiaçı tərəfindən bütün lazımi sənədlər, həmçinin övladları X15 və X16 tərəfindən razılıq ərizələri də Xətai Rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur. Lakin Xətai Rayon İcra Hakimiyyəti tərəfindən heç bir əsas olmadan və qərəzli olaraq kirayə müqaviləsi bağlanmasından imtina olunmuşdur. Belə ki, iddiaçının tələbi üzrə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən işə baxılması zamanı əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli araşdırılmamış və iddiaçı tərəfindən təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermədən işin faktiki hallarına uyğun olmayan nəticə çıxarılmışdır. Bununla da qanunvericiliyin tələblərinə uyğun şəkildə əsaslandırılmamış imtina məktubu təqdim edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçının və onun iki övladının Konstitusiya ilə qorunan mənzil hüquqları bərpa olunmalı və onların sözügedən mübahisəli mənzildən istifadələrinə hər hansı bir maneə yaradılmamalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat vverilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış K-35/2-091/2 saylı 01.09.2020-ci il tarixli məktubda qeyd olunur: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bunula bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanununa əsasən 01 oktyabr 2009-cu tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsində yaşayış sahələrinə orderin verilməsi nəzərdə tutulmamışdır. Nəzərinizə çatdırırıq ki, xidməti mənzil sahələri xüsusi təyinatlı mənzil sahələri hesab olunur və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və ya kirayəyə verilə bilməz. Bu qanunda xüsusi təyinatlı mənzil sahələrinin dövlət mənzil fonduna aid edilməsi şəhər (rayon) İcra Hakimiyyətlərinin səlahiyyətinə aid edilməmişdir. Həmin məcəllənin 102.2.2-ci maddəsinə əsasən isə xidməti yaşayış sahələri verilmiş yaşa görə pensiyaya çıxmış işçinin ailə üzvləri digər yaşayış sahəsi verilmədən çıxarıla bilməzlər. Qanunun bu tələbi xüsusi təyinatlı yaşayış sahəsinə daimi hüquqi sənəd verməyə əsas vermir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xahişinizi təmin etmək mümkün deyil. İş materiallarında olan Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən 14.12.1988-ci il tarixdə verilmiş İV-JQ seriyalı 474165 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 Nadejda Nikolayevna ilə 14.12.1988-ci ildə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Kazımov, arvada Kazımova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu «Leyla» Nikah Evi tərəfindən 12.07.1994-cü il tarixdə verilmiş XVİİİ-JQ 364740 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 11.11.1988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X7, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu «Leyla» Nikah Evi tərəfindən 12.07.1994-cü il tarixdə verilmiş XVİİİ-JQ seriyalı 364741 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 22.10.1989cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X7, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai RHK tərəfindən 15.02.2001-ci il tarixdə verilmiş M/V seriyalı 048272 nömrəli vəsiqənin surətindən görünür ki, X7 müharibə veteranıdır. İş materiallarında olan 2 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 29.04.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 075732 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 28.04.2020-ci ildə Bakı şəhərində ölmüşdür. Ölümün səbəbi: ürəyin aterosklerotik xəstəliyi kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 21.04.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Yasamal rayon İcra Hakimiyyəti başçısının «MN Abşeron rayon MİH-dən və Mİİ-dən hərbiçilərə order verilməsi haqqında» 26.01.1993-cü il tarixli 016/39 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 3-cü bəndinin ikinci hissəsinə əsasən MN Abşeron rayon MİH-dən və Mİİ-dən təqdim edilmiş siyahılara əsasən hərbiçilərə order verilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 27.04.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Yasamal rayon İcra Hakimiyyətinin 08.02.1993-cü il tarixli 003314 nömrəli xidməti orderinin kötüyünün təsdiq edilmiş surətindən görünür ki, Yasamal rayon İcra Hakimiyyətinin 26.01.1993-cü il tarixli 016/39 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sarayevski küçəsi, 13A saylı evin 120 saylı mənzili (2 otaqlı, 30.05 kv.m) 4 nəfər ailə üzvü ilə birlikdə X4 verilmişdir. Ailə tərkibi - özü, arvadı İddiaçı, oğlu E.İ.Kazımov, qızı N.İ.Kazımova (orderin notarial qaydada təsdiq edilmiş surəti də iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.02.2015-ci il tarixli 2(011)-390/2015 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, ərizəçi X2 hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsindəki 13 A saylı evin 120-ci mənzilinə dair 08 fevral 1993-cü il tarixli 003314 saylı xidməti orderin X3 verilməsi faktının təsdiq edilməsi qət edilmişdir. Qətnamə 24.03.2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan X9 və X10 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, yaşadıqlar Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 13A-da yerləşən 120 nömrəli mənzilə dair verilmiş 08.02.1993-cü il tarixli 003314 saylı orderin anaları İddiaçı adına dəyişdirilməsinə və kirayə müqaviləsinin onun adına bağlanılmasına etirazları yoxdur, razıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.04.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə tərəfindən müəyyən edildi ki, Yasamal rayon İcra Hakimiyyəti başçısının «MN Abşeron rayon MİH-dən və Mİİ-dən hərbiçilərə order verilməsi haqqında» 26.01.1993-cü il tarixli 016/39 nömrəli sərəncamına əsasən Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 3-cü bəndinin ikinci hissəsinə əsasən MN Abşeron rayon MİH-dən və Mİİ-dən təqdim edilmiş siyahılara əsasən hərbiçilərə order verilməsi qərara alınmışdır. Yasamal rayon İcra Hakimiyyətinin 08.02.1993-cü il tarixli 003314 nömrəli orderinə əsasən Yasamal rayon İcra Hakimiyyətinin 26.01.1993-cü il tarixli 016/39 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sarayev küçəsi, 13A saylı evin 120 saylı mənzili 4 nəfər ailə üzvü ilə birlikdə X4 yaşamaq üçün verilmişdir, ailə tərkibi - özü, arvadı İddiaçı, oğlu E.İ.Kazımov, qızı N.İ.Kazımova. X6 28.04.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Əri vəfat etdiyi üçün iddiaçı onunla mənzil kiaryə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçının övladları X9 və X10 həmin mənzilə dair verilmiş 08.02.1993-cü il tarixli 003314 saylı orderin anaları İddiaçı adına dəyişdirilməsinə və kirayə müqaviləsinin onun adına bağlanılmasına etirazları yoxdur, razıdırlar. Göründüyü kimi, order 08.02.1993-cü il tarixdə iddiaçının ərinin adına verilmiş, iddiaçı həmin tarixdən övladları ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçının əri 28.04.2020-ci ildə vəfat etmişdir, övladları isə kirayə müqaviləsinin onunla bağlanmasına razıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 13A saylı evin 120 saylı mənzilinə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2413/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2413/2021
18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver