Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2413/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mehriban Qarayeva Cəfər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X11) "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yeni çıxarışın verilməsi" tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 adına verilən sənədlərə əsasən saxta etibarnamədən istifadə edilərək onunla X11 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə/1-251 reyestr nömrəli alqı-satqı müqaviləsini etibarsız hesab edərək, sonuncunun adına verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli və **********96 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Əzizbəyov (hazırkı Xəzər) RİHB-nın 407/90 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamına, cizgiyə, xəritədən çıxarışa əsasən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən atası X3 adına A№409403 nömrəli torpaq sahəsinin planı və ölçüsünə dair sənədlər üzrə Bakı şəhəri, Şağan qəsəbəsində 0.12 ha torpaq sahəsinin vərəsə kimi iddiaçının adına qeydiyyata alınaraq çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək torpaq sahəsinə dair çıxarışın və onun verilməsi üçün əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsinin) ümumi yurisdiksiyalı məhkəmədə mübahisələndirilməsi hüququ izah edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Əzizbəyov (hazırki Xəzər) RİHB-nın 407/90 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamına əsasən İddiaçı atası X4 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 5/155 saylı sahədə 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa əsasən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən atası X3 adına A№409403 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Atası xx.xx.2012-ci il tarixdə vəfat etmiş və bundan sonra vərəsəlik şəhadətnaməsi alaraq ona məxsus və hazırda istifadəsində olan Bakı şəhəri, Şağan qəsəbəsində yerləşən göstərilən torpaq sahəsini sənədləşdirmək istəyərkən İdarənin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, torpaq sahəsi atası X3 adına əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan kimlərinsə adına özgəninkiləşdirilmişdir. Bunun qeyri-mümkün olmasını nəzərə alıb lazımi orqanlara müraciət edəndən sonra, Bakı şəhəri 50 saylı notariat ofisi 918 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə 7E-7288 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamə verilərkən etibar edən X3 şəxsiyyəti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın həmin dövrdə qüvvədə olan 17-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini təsdiq edən 9 nömrəli forma arayışı üzrə müəyyən edilmiş və onun vəfat etməsi barədə Notariat Ofisində heç bir məlumat olmamışdır. Bununla yanaşı qeyd edilmişdir ki, 2013-cü il yanvar ayında, əsasında notariat hərəkətləri aparılmış X3 şəxsiyyətini təsdiq edən 9 nömrəli forma arayışın saxta olduğu və Ə.O.Məmmədovun xx.xx.2012-ci il tarixdə vəfat etdiyi barədə məlumat daxil edildikdən sonra yuxarıda qeyd olunan etibarnaməyə xx.xx.2013-cü il tarixdə xitam verilmiş və “Elektron notariat” informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Digər Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixdə təqdim etdiyi Bakı şəhəri 7 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 7E-5847 reyestr nömrəli etibarnamədən müəyyən olunur ki, ünvan 1 ünvanda qeydiyyatda olan X8 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/155 saylı 1200 kv.m. Torpaq sahəsinə aid sənədləşmənin aparılması, Reyestr Xidmətindən zəruri sənədləri almağı, imza etmək hüquqi ilə bütün tapşırıqların yerinə yetirilməsini Bakı şəhəri, Şağan qəsəbəsi, Məmmədbəyli küçəsi, ev 31-də yaşayan X2 3 ay müddətinə etibar etmişdir. Cavabdeh Ərazi İdarəsi araşdırma aparmadan atası X5 vəfat edəndən sonra onun adına verilən saxta etibarnamədən istifadə edilərək torpaq sahəsinin qeyri-qanuni olaraq qeydiyyata aldığı üçün X3 adına verilən sənədlərə əsasən saxta etibarnamədən istifadə edilərək Reyest Xidmətində başqa torpaq sahəsi qeydiyyata alındığına görə hüquqlarını bərpa edərək, həmin sənədlər üzrə aparılan qeydiyyatın etibarsız hesab edilməsi üçün cavabdehə müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmənin qərardadı ilə X11 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). Cavabdehin yazılı etirazında bildirilmişdir ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 5/155 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi keçmiş Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 407/90 nömrəli sərəncamına (xx.xx.2012-ci il tarixli 1251 nömrəli arxiv arayışı), Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli C-38 nömrəli məktubu ilə təqdim edilmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına verilmiş A№409403 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən ilkin olaraq xx.xx.2013-cü il tarixində X3 adına (Bakı şəhərinin notariusu K.Rəhmanov tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 7E-11/7288 reyestr nömrəli etibarnamə əsasında: etibar edilən X8) qeydiyyatdan keçmişdir. Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013cü il tarixli 4Ə/1-251 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmiş və xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli və **********96 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı- satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçının digər tələbinə münasibətdə bildirilir ki, iddiaçı Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 5/155 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və iddiaçıya xx.xx.2023-cü il tarixli, **********78 nömrəli cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki Bakı şəhəri, Əzizbəyov (hazırki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 407/90 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamı əsasında başqa ərazidə yerləşən torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Həmçinin, şərti olaraq iddiaçı tərəfindən göstərilən torpaq sahəsinə digər fiziki şəxslərin (X14 və X12) müraciəti daxil olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman qeyd edilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m. göstərilsə də, faktiki sahənin 970 kv.m. olduğu məlum olmuşdur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında”AR Qanununun 2.1-ci və AR İPM-nin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin “alqı-satqı müqaviləsini etibarsız hesab edərək, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi”-nə aid hissələrdə mümkün sayılmaması, qalan hissələrdə isə təmin edilməməsi xahiş edilmişdir. Məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək iddia tələbinin “alqı-satqı müqaviləsini etibarsız hesab edərək, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nə aid hissələrdə mümkün sayılmaması, qalan hissələrdə isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və 3-cü şəxs təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının və 3-cü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-H- 0307/02-8/2023 **********69 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 5/155 saylı sahədə 0.12 ha torpaq sahəsi keçmiş Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/90 nömrəli sərəncamına (1251 nömrəli xx.xx.2012-ci il tarixli arxiv arayışı), Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının C-38 nömrəli, xx.xx.2012-ci il tarixli məktubu ilə təqdim edilmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına verilmiş A№409403 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən ilkin olaraq xx.xx.2013-cü il tarixdə X3 adına (Bakı şəhərinin notariusu K.A. Rəhmanov tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 7E-11/7288 reyestr nömrəli etibarnamə əsasında) qeydiyyatdan keçmişdir; Bakı şəhəri 7 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/1-251 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 3 X3 xüsusi mülkiyyətindədir. - AN-İ seriyalı, ******* nömrəli 16 may 2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X5 ünvan 3 ünvanda yerləşən mülkiyyətində olan 0,12 ha torpaq sahəsini X1. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 3 X6 xüsusi mülkiyyətindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Şağan qəsəbəsində 0.12 ha torpaq sahəsinə dair mərhum atası X5 ilə X11 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə/1-251 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, sonuncunun adına verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və torpaq sahəsinin iddiaçının vərəsə kimi adına qeydiyyata alınaraq çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.” Məhkəmə işin hallarını və Plenum Qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının hüquqi marağı sözügedən daşınmaz əmlakla bağlı ilkin hüquqmüəyyənedici sənədlərin ləğvi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, iddiaçı 3-cü şəxs X6 adına torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixdə ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və çıxarışı mübahisələndirsə də, həmin çıxarışın kökündə dayanan sənədlər mübahisələndirilmədən çıxarışın ləğv edilməsi iddia edilə bilməz. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin birbaşa iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan inzibati akt qəbul etdiyi və hərəkətə (və ya hərəkətsizliyə) yol verdiyi müəyyən olunmadığından iddia ona münasibətdə mümkün sayıla bilməz. Birinci tələb mümkün sayılmadıgından ondan irəli gələn tələb də prosessual qənaət prinsipinə uygun mümkün sayılmamalıdır. Beləliklə, hazırkı iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2413/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2413/2024
30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver