Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2414/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz olunması və s.” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Samux rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz olunması və onun məişət abonenti (əhali) kimi qeydiyyata alınması öhdəliyinin caabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Samux rayonu, Hacallı kəndində yerləşən fərdi-yaşayış evinə texniki şərtin verilməsi və həmin fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdeh "xxxx” ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Samux rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin fərdi yaşayış evinə elektrik enerjisi verilməsi barədə Gəncə “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. Lakin “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisi verilməsindən 26.09.2020-ci il tarixli məktubla imtina edilmişdir. Həmin məktubda göstərilmişdir ki, Samux rayonu, Hacallı kənd ərazisində yerləşən qeyri-yaşayış sahəsinin enerjitəchizatı şəbəkəsinə qoşulması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 2.1-ci bəndinin tələblərinə uyğun olaraq yenidən qurulan, həmçinin enerjitəchizatı sxemini dəyişən obyekt olaraq Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarların tələb olunan gücü 150 kVT-a qədər (150 kVT da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»na uyğun olaraq müvafiq sənədləri təqdim etməklə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edilməlidir. Cavabdeh tərəfindən edilən imtina tamamilə əsassızdır. Belə ki, imtinanın məzmunundan göründüyü kimi, cavabdeh “xxxx” ASC elektrik enerjisi verilməsi tələb edilən sahənin qeyri-yaşayış sahəsi olmasına əsaslanaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Halbuki qeyd edildiyi kimi, sözügedən əmlak fərdi yaşayış evidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış 25.09.2020-ci il tarixli 0199/Y-049/3317 saylı məktubda qeyd edilir: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində olan Nəzarət və qiymətləndirmə şöbəsindən “xxxx” ASC-yə ünvanladığınız (Y- 049 saylı 09.09.2020-cı il tarixli) müraciətinizə cavab olaraq bildiririk ki, Samux rayonu, Hacallı kənd ərazisində yerləşən qeyri yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2.1-ci bəndinin tələblərinə uyğun olaraq yenidən qurulan, həmçinin enerjitəchizatı sxemini dəyişən obyekt olaraq Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarların tələb olunan gücü 150 kVT-a qədər (150 kVT-da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»na uyğun olaraq müvafiq sənədləri təqdim etməklə “ASAN Xidmət’ və ya ASAN Kommunal mərkəzlərinə müraciət edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Samux rayonu, Hacallı kəndi, 45,20 kv.m evə və 0.24 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestində 25.12.2019-cu il tarixdə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********; daşınmaz əmlakın reyestr nömrəsi **********20-10301). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir; 1.2.1-ci bəndinə əsasən texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; 1.2.4-cü bəndinə əsasən məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır; 1.2.9-cu bəndinə əsasən yaşayış evi – otaqlardan, habelə yaşamaq üçün məişət və digər ehtiyacların ödənilməsini nəzərdə tutan yardımçı sahələrdən ibarət, yerləşdiyi torpaq sahəsinə birbaşa girişi olan fərdi müəyyən edilmiş evdir; 1.3-cü bəndinə əsasən bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır; 1.4-cü bəndinə əsasən sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulması ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin edilməlidir; 2.1-ci bəndinə əsasən texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə ETM-in mərkəzlərdəki nümayəndəsinə (bundan sonra - ETM-in nümayəndəsi) müraciət edir; 2.11-ci bəndinə əsasən ETM-in nümayəndəsi bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan sənədləri icraata qəbul etdikdən sonra, elektrik xətlərinin keçəcəyi ərazinin xüsusiyyətlərinə uyğun olaraq, elektrik xətlərinin çəkilməsinin razılaşdırılması tələb olunan qurumların, habelə avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin), yerli icra hakimiyyəti orqanlarının və qanunda nəzərdə tutulan digər qurumların rəyinin alınmasını təmin etməlidir. Bu məqsədlə ETM-in nümayəndəsi bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan sənədləri icraata qəbul etdiyi gündən etibarən 1 (bir) gün ərzində enerji mənbəyini, həmin mənbədən tikinti obyektinə elektrik enerjisinin (gücünün) verilməsi üçün optimal trassanı (yolu) və həmin trassa (yol) üzrə elektrik xətlərinin çəkilməsi üçün rəyi tələb olunan qurumları müəyyənləşdirir; 2.12-ci bəndinə əsasən bu Qaydanın 2.11-ci bəndinə əsasən, ETM-in nümayəndəsi tikinti obyektinə elektrik enerjisi (gücü) verilməsi üçün seçilən trassa (yol) üzrə rəyi tələb olunan qurumlara həmin gün müraciət edir. ETM-in nümayəndəsi tərəfindən edilmiş müraciətə və təqdim olunmuş sənədlərə həmin qurumlar 3 (üç) gündən gec olmayaraq münasibət bildirməlidirlər. Həmin qurumlar tərəfindən münasibət bildirilərkən, layihə sənədlərində nəzərə alınması üçün trassanın (yolun) razılaşdırılmasına aid texniki tələblər və işlərin icrasına tələb olunan vəsait ayrıca göstərilir. Həmin müddətdə münasibət bildirilmədikdə, məsələ razılaşdırılmış hesab edilir; 2.13-cü bəndinə əsasən ETM-in nümayəndəsi qurumların razılığını aldığı gün texniki şərtlər və layihə sənədlərinin hazırlanması üçün ETM-ə müvafiq sənədlərlə müraciət edir; 2.14-cü bəndinə əsasən ETM 8 (səkkiz) gün müddətində sifarişçinin tikinti obyektinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtləri və layihə sənədlərini hazırlayır. Sənədlərin hazırlanması prosesi çərçivəsində tikinti obyektinə yerində baxış zamanı məişət abonentinin cəlbi nəzərdə tutulmur; 2.15-ci bəndinə əsasən ETM tərəfindən texniki şərtlər və layihə sənədləri mərkəzlərə təqdim olunduğu gün ETM-in nümayəndəsi onları sifarişçiyə mərkəzlər vasitəsilə təqdim edir və ya sifarişli poçtla, həmçinin sifarişçinin ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına da göndərir; 2.16-cı bəndinə əsasən ETM-in hazırladığı texniki şərtlər və layihə sənədləri sifarişçiyə məlumat üçün təqdim edilir (göndərilir). Sifarişçi texniki şərtlərdə göstərilən qoşulmaya dair tələblərin yerinə yetirilməsinə görə məsuliyyət daşımır; 3.1-ci bəndinə əsasən tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir; 3.2-ci bəndinə əsasən qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə olmalıdır; 3.3-ci bəndinə əsasən elektrik enerjisi sayğacı sifarişçinin tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin sərhədində (girişində), qidalandırıcı kabelin uclarında, ETM nümayəndəsinin maneəsiz baxış keçirə biləcəyi yerdə quraşdırılmalıdır; 3.7-ci bəndinə əsasən tikinti obyektinin ETŞ-yə qoşulması və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsində (ETM-in müəyyən etdiyi yerdə) ETŞ-yə qoşulma ilə əlaqədar elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq verilmiş texniki şərtlərə əsasən 10 (on) gün müddətində yerinə yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi bu Qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin (bundan sonra - X1 Agentliyi) istismara buraxılış aktına əsasən həyata keçirilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Samux rayonu, Hacallı kəndi, 45,20 kv.m evə və 0.24 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestində 25.12.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı həmin fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz olunması üçün cavabdehə müraciət etsə də, cavabdeh həmin ünvanın qeyri-yaşayış sahəsi kimi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarların tələb olunan gücü 150 kVT-a qədər (150 kVT-da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»na uyğun olaraq müvafiq sənədləri təqdim etməklə ASAN Xidmət və ya ASAN Kommunal mərkəzlərinə müraciət edilməli olmasını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Halbuki iş materiallarından da görünür ki, qeyd olunan ünvan qeyri-yaşayış sahəsi deyil, fərdi yaşayış evidir, həm ev, həm də torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və torpaq yaşayış məntəqələrinin torpaqlarına aiddir, eyni zamanda fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz olunması üçün sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Belə olan halda iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz olunması üçün cavabdeh tərəfindən texniki şərtin verilməməsi və fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulmaması əsassız və qanunsuz hesab edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Samux rayonu, Hacallı kəndində yerləşən fərdiyaşayış evinə texniki şərtin verilməsi və həmin fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyi cavabdeh "xxxx” ASC-nin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2414/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2414/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver