Məhkəmə qərarları › İş №2-1(112)-2414/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2414/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2414/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “maddi yardımın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ona ödənilməmiş daha 2 maddi yardımı alması tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən turizm sahəsində fiziki şəxs kimi fəaliyyət göstərir. Bu dövrdə bütün vergi ödənişləri hər rüb vaxtında ödənilib. 2020-ci ildə məlum pandemiya başlayanda digər sahələrdə olduğu kimi onlarda da fəaliyyət dayandı. Bu dövrdə Cənab Prezident sərəncam verərək sahibkarlara dəstək məqsədi ilə maliyyə vəsaiti ayırmış və sahibkarlara həmin maliyyə vəsaitindən yardım etməyi müvaffiq orqanlara tapşırmışdır. İddiaçı onlayn müraciət edərək həmin maddi yardımı almaq istədi, lakin ona imtina cavabı verildi. O, məhkəməyə müraciət edərək ona düşən maddi yardımı tələb etmiş və məhkəmə iddiaçının lehimə qərar vermişdir. İddiaçı maddi yardımı almışdır. Lakin məhkəmə gedən vaxtlarda pandemiya davam etdiyinə qörə Cənab Prezident daha 2 sərəncam imzaladı və maddi yardımı 3 mərhələ verdilər. Məhkəmə qərarı iddiaçıya yalnız 1 yardımı verməsinə qərar vermişdir. İddiaçı belə hesab edir ki, əgər ona yardım düşürsə deməli tam 3 mərhələ yardım veriləcək, lakin Dövlət Vergilər Xidmətindən bildirdilər ki məhkəmənin qərarı icra olunub və orada göstərilən məbləq ona ödənilib. İddiaçı ona düşən daha 2 maddi yardımı almaq üçün məhkəməyə bir daha müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia mümkün sayılmamalıdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən isə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bundan başqa, həmin Qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, İPM-in 35.1 -ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmçinin qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, “məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. Lakin hazırkı iş üzrə İddiaçı cavabdeh qismində göstərdiyi Dövlət Vergi Xidmətinə “daha 2 maddi yardımın ödənilməsi” dair hər hansı müraciəti və müvafiq olaraq da cavabdehin imtinası mövcud deyildir. Beləliklə, iddianın mümkün sayılması üçün cavabdeh qismində hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına yol verən inzibati orqan seçildikdə iddiaçı həmin hərəkətlərin nədən ibarət olmasını aydın ifadə etməli, həmin hərəkətləri dair sübutlar təqdim etməli və iddiasını əsaslandırmalıdır. Odur ki, yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 35-ci və 47.2-ci maddələrinin tələblərini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

4. Məhkəmə tərəfindən iddiaçıya (əvvəlki məhkəmə iclasında) hüquqi yardım göstərilərək iddiaçıya tələb etdiyi məbləğ göstərilməklə iddia tələbinin Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (Covid-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi ona maliyyə dəstəyinin göstərilməsi barədə məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi kimi dəyişdirilməsi təklif edilmişdir.

5. Məhkəmə icraatı zamanı iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanmış müraciətdə bildirilmişdir ki, pandemiya ilə əlaqədar ölkə başçısı sahibkarlara dəstək məqsədilə ayrılmış vəsaitdən bir hissədə, 250 manat hissəsində yararlanıb. Daha sonra ölkə başçısı tərəfindən daha iki sərəncamla yeni maddi yardım imkanları yaradılıb və o, həmin dəstəkdən yararlanmayıb. Bununla əlaqədar, 600 manat maddi yardımın ödənilməsinə şərait yaradılmalı olduğu bildirilib.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

9. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 aprel 2020-ci il tarixli Sərəncamı ilə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-954/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı qarşı iddiası Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (Covid-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi iddiaçıya 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi barədə məlumatların Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi hissəsində təmin edilmişdir.

12. Həmin qərar cavabdeh tərəfindən icra olunaraq iddiaçıya 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi barədə məlumatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir.

13. İş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində tədbirlər planının 3-cü bəndində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) nəzərdə tutulmuşdur.

14. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş (bundan sonra – Metodiki Göstəriş) təsdiq edilmişdir.

15. Metodiki Göstərişin 3.2-ci bəndinə əsasən, maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus Dİ̇İVOC)-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Fərdi (mikro) sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. 3.3. Müraciət formasında aşağıdakı məlumatlar elektron informasiya sistemi tərəfindən avtomatik qaydada doldurulur: 3.3.1. Vergi uçotunda olduğu vergi orqanının adı; 3.3.2. VÖEN; 3.3.3. Aktiv bank hesabları; 3.3.4. 2019-cu il ərzində ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları. 3.4. Müraciət formasında aşağıdakı vergi rejimi barədə məlumatlar vergi ödəyicisi tərəfindən onlayn doldurulur: 3.4.1. 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olması; 3.4.2. sabit qəbz almaqla fəaliyyət göstərməsi; 3.4.3. daşıma fəaliyyəti ilə məşğul olması; 3.4.4. gəlir vergisi mükəlləffiyyəti olan mikro sahibkarlıq subyekti olması. 3.4.5. Vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı. 3.5. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar baza məlumatları ilə avtomatik yoxlanılır. 3.6. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 3.6.1. Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; 3.6.2. Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; 3.6.3. 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır. 3.7. Uçot məlumatları üzrə uyğunsuzluqlar aşkarlandıqda, vergi ödəyicisi tərəfindən müvafiq dəyişikliklər aparılır və şəxsi kabinet vasitəsilə yenidən onlayn qaydada müraciət edilir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk dəfə etdiyi müraciətdən fərqli olaraq iddiaçı növbəti dəfə maliyyə dəstəyi göstərilməsi üçün vergi orqanına qeyd edilən formada (internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus Dİ̇İVOC)-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Fərdi (mikro) sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olmaqla müraciət formasının elektron qaydada doldurulması) müraciət etməmişdir.

17. Odur ki, vergi ödəyicisi tərəfindən qeyd edilən formada müraciət edilmədiyindən hər hansı yoxlama aparılmamışdır.

18. Digər tərəfdən məhkəmə qeyd edir ki, Metodiki Göstərişin 3.11-ci bəndinə əsasən, fərdi (mikro) sahibkarın 2019-cu il ərzində vergi ödənişlərinin ümumi məbləği 250,0 manatdan aşağı olduqda ona 250,0 manat həcmində (ölkə üzrə minimum aylıq əmək haqqı) vəsait ödənilir. Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqında açıq məlumat mənbələrində fərdi (mikro) sahibkara həmin maliyyə dəstəyinin mərhələrlə və ya bir neçə dəfə həyata keçirilməsinə dair hər hansı məlumat yoxdur. İqtisadiyyat Nazirliyinin internet səhifəsində maliyyə dəstəyinin minimal (250 manat) və maksimal həddi (5.000 manat) haqqında məlumat qeyd edilmişdir.

19. Bununla bağlı iddiaçıya hüquqi marağına uyğun iddianın qaldırılması ilə bağlı hüquqi yardım göstərilərək tələb etdiyi məbləğ göstərilməklə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (Covid-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi ona maliyyə dəstəyinin göstərilməsi barədə məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi kimi dəyişdirilməsi təklif edilməsinə baxmayaraq, iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir (dəyişdirməmişdir).

20. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddia tələbinin lazımi qaydada qaldırılmaması nəticəsində mümkün sayılmaması həmin hüququn məhdudlaşdırılması üçün legitim əsasdır. Odur ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar