Məhkəmə qərarları › İş №2-1(112)-2414/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2414/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2414/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi bağ massivi, Şinçi bağçılıq-yoldaşlıq cəmiyyətinin 137 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlə reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlıük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən yerləşən, “Şinçi” Bağçılıq- Yoldaşlıq Təsərrüfatı tərəfindən ayrılmış 600 kv.m torpaq sahəsinə malik olan 137 saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmaqla arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, vərəsə kimi ərizə ilə cavabdeh təşkilata müraciət edərək mərhum atası X6 adına “Şinçi” Bağçılıq Yoldaşlığ Cəmiyyəti tərəfindən ayrılan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 137 saylı torpaq sahəsinə dair arayışın verilməsini xahiş etmiş, cavabdeh mürciətə qarşı təqdim etdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Cavabdehin verdiyi bu imtina əsassızdır. Belə ki, “Şinçi” Bağçılığ Yoldaşlığı Cəmiyyəti tərəfindən mərhum X6 adına ümumi sahəsi 600.0 kv.m olan torpaq sahəsinin ayrılmasına dair bütün sənədlər mövcuddur. Bağçılıq üzvlük kitabçasından görünür ki, X6 adın Bakı şəhəri X13 İcraiyyə Komitəsinin avqust 1987-ci il tarixli, 17/310 saylı qərarı və “Şinçi” bağçılıq-yoldaşlıq təsərrüfatının 25 noyabr 1988-ci il tarixli, 02 saylı protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu , Zirə qəsəbəsi ünvanında yerləşən 600 .0 kv.m torpaq sahəsi olan 137 saylı bağ sahəsi ayrılmışdır. Zirə qəsəbəsi “Şinçi” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış torpaq sahəsinin bölgü sxemindən görünür ki, vətəndaş X8 ayrılmış 137 saylı bağ sahəsi mövcuddur. “Şinçi” bağçılıq-yoldaşlıq üzvlərinin ilkin siyahısından görünür ki, vətəndaş X6 bağ sahəsi 137 nömrəsi ilə siyahıya alınmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən 25 noyabr 1988-ci il tarixli protokoldan çıxarışın tərtibatında uyğunsuzluq mövcuddur. Belə ki, sənədin tərtibində kiril qrafikalı əlifbadan istifadə olunsa da, sonradan latın qrafikalı əlifba ilə əlavələr edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 17/310 nömrəli qərarından görünür ki, Bakı Şin zavodunun 358 nəfər üzvünə kollektiv bağçılıq təşkilatı yaradılması məqsədilə Zirə qəsəbəsində torpaq sahəsinin ayrılması qərara alınmışdır. Oktyabr 1987-ci il tarixli 87/431 saylı aktdan görünür ki, zavoda ayrılmış torpaq sahəsi 24 ha təşkil edir. Bakı şin zavodu müdriyyətinin zavod HİK-si və “Şinçi” bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə keçirdiyi iclasın xx.xx.1988-ci il tarixli, 02 saylı protokolundan çıxarışdan görünür ki, “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyətinə ayrılmış torpaq sahələri nömrələr üzrə püşkatma yolu ilə təyin edilmiş və hər kəs öz pay torpaq sahəsini öyrənmişdir. Püşkə görə X6 ailəsinə torpaq sahəsi 600 kv.metr olan 137 nömrəli bağ yeri təyin edilmişdir. “Şinçi” Bağçılıq Yoldaşlığının bağçının üzvlük kitabçasından görünür ki, Bakı Şin Zavodunda mühəndis vəzifəsində işləyən X12 xx.xx.1988-ci il tarixdə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona 137 saylı bağ sahəsi ayrılmışdir. Bakı şin zavodunun Həmkarlar komitəsi “Şinçi” bağçılıq cəmiyyətinin idarəsi tərəfindən təsdiq edilmiş “Şinçi” bağçılıq yoldaşlığın üzvlərinin xx.xx.1999-cu il tarixə olan siyahısından görünür ki, X8 1988-ci ildə 137 nömrəli bağ sahəsi ayrılmışdır. "xxxx" ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı xx.xx.2008-ci il tarixli, 01/06 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin işçilərinə Zirə qəsəbəsindəki “Şinçi” Bağçılıq cəmiyyətinin üzvlərinə məxsus olan torpaq sahələrinin və mülklərinin müvafiq qaydada sənədləşdirilmə yolu ilə mülkiyyət hüquqlarının verilməsinə icazə verilməsi xahiş olunmuşdur. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, iki bağ sahəsi bir hasar daxilindədir, bir tərəfinin 1 hissəsi uçmuşdur, ara sərhədlərinə 1 cərgə daş düzülmüşdür. Bağ sahəsində yarımçıq tikili var. Torpağın sahəsi hüquqmüəyyənedici sənəd üzrə 600 kv.metr, faktiki 604.0 kv.metrdir. Bakı şəhəri 3 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri 3 saylı notariat ofisinə xx.xx.2004-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ailə üzvləri arvadı X10, oğlu İddiaçı, oğlu X11 və qızı X4 ərizələri qəbul edilmiş və onlar vərəsə kimi tanınmışlar. İddiaçı hazırda atasının istifadəsinə verilmiş 600 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun ona məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Eyni zamanda “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İşdən görünür ki, iddiaçı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasını və üzvlərin iclasının protokolundan çıxarışı təqdim etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədin tərtibində kiril qrafikalı əlifbadan istifadə olunsa da, sonradan latın qrafikalı əlifba ilə əlavələr edilməsinə istinad etmişdir. Məhkəmə bu imtina ilə razılaşmır. Çünki birincisi, üzvlük kitabçası və protokolda əlavələr olsa da, zavodun 1999-cu il tarixə təsdiq etdiyi siyahıda İddiaçı 137 saylı bağ sahəsinin ayrılması göstərilmişdir. Bundan əlavə, işdə olan sənədlərdən görünür ki, həmin bağçılıq-yoldaşlığa aid olan 159 saylı bağ sahəsinə X9 mülkiyyət hüququnu qeydə alarkən cavabdeh iddiaçının təqdim etdiyi sənədlərə uyğun tərtib edilmiş sənədləri qəbul etmiş, onların tərtibi ilə bağlı hər hansı şübhə aşkar etməmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Cavabdeh digər şəxsə münasibətdə eyni formada tərtib edilmiş sənədi mötəbər qəbul etsə də, iddiaçıya münasibətdə qəbul etməmiş və bu halı əsaslandırmamışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Çünki qanunvericiliklə iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin hüuquların dövlət qeydiyyatı üçün nəzərdə tutulması iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən “Şinçi” bağşılıq yoldaşlıq tərəfindən ayrılmış 600 kv.metr sahəsi olan 137 saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X8 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar