Məhkəmə qərarları › İş №2-1(112)-2416/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2416/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2416/2021 11.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X19 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi İsmayılov Bayramqulu İslam oğlunun, Cavabdehin nümayəndəsi X6 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxxx 1962-ci ildə anadan olmuş, 07.07.1980-ci ildən 27.11.1987-ci ilədək Quba rayonlararası X7 xadiməçi kimi əmək fəaliyyətinə başlamış və buna dair əmək kitabçası açılaraq müvafiq qeyd aparılmışdır. 01.12.1987-ci il tarixdən 31.12.1988-ci il tarixədək Saatlı rayonu C.Cabbarlı adına şəhər 3 saylı orta məktəbində xadiməçi işləmiş, 02.01.1989-cu il tarixdən 05.12.1996-cı il tarixədək “Orient” kiçik müəssisəsində kadrlar üzrə müfəttiş kimi fəaliyyət göstərmişdir. 06.04.1998-ci ildən 01.09.1998-ci il tarixədək Binəqədi rayonu 90a saylı Uşaq bağçasında tərbiyəçinin köməkçisi, 01.06.1998-ci ildən 01.04.2013-cü il tarixədək Binəqədi rayonu 99 nömrəli məktəbdə texniki işçi olaraq çalışmışdır. 01.07.2020-ci il tarixdən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların pensiya yaşının 57 olması müəyyən edildiyindən 14.09.2020-ci il tarixdə yaşa görə pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 07.10.2020-ci il tarixli, **********5 saylı məktubu ilə pensiya təyinatından imtina edilmişdir. Hesab edir ki, imtina əsassız və iddia təmin olunmalıdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı təmsil edən Ş.Ağayeva Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən 07.07.1980-ci il tarixdən 27.11.1987-ci il tarixədək Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətində arxiv sənədlərinin saxlanılmaması, 02.01.1989-cu il tarixdən 05.12.1996-cı il tarixədək Müstəqil “Orient” kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəbdən də həmin illər qanunvericiliyə müvafiq olaraq sosial sığorta stajına daxil edilməmişdir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi 01.01.2006-cı il tarixədək 11 il 9 ay, 01.01.2006-cı il tarixdən 01.05.2013-cü il tarixədək 7 il 3 ay sığorta stajı, ümumilikdə isə iş stajı 19 il olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (12704,15 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Bu əsaslarla da, yaşa görə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür.Yuxarıda sadalananları nəzərə alaraq, İddiaçı cavabdeh DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi İsmayılov Bayramqulu İslam oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 fevral 2020-ci il tarixli 05/Q- 126/69 nömrəli arayışdan görünür ki, İsmayılov Elşən Bayramqulu oğlu 04 iyun 1982-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Bu barədə 16 iyun 1982-ci il tarixdə Saatlı RQŞdə 181 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: İsmayılov Bayramqulu İslam oğlu, anası İddiaçı. Şəxsin ölümü Saatlı RQŞ-də 08.10.1993-cü il tarixdə 61 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 145 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 04.08.2020-ci il tarixli 532 nömrəli arayışdan görünür ki, İddiaçı beş uşaq doğub 8 yaşadək tərbiyə etmişdir. 1. X4, 2. X2, 3. X3, 4.İsmayılov Elşən Bayramqulu oğlu və 5. X1. - İddiaçı məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 07.07.1980-27.11.1987-ci illərdə Quba Rayonlararası X7, 01.12.1987- 31.12.1988-ci illərdə Saatlı rayonu C.Cabbarlı adına şəhər 3 saylı orta məktəbində, 02.01.1989-05.12.1996-cı illərdə “Orient” kiçik müəssisəsində, 06.04.1998-ci il tarixdən 01.09.1998-ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu 90a nömrəli Uşaq Bağçasında və 01.06.1998-01.04.2013-cü illərdə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli məktəbdə işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsinin Saatlı rayon filialı tərəfindən İddiaçı ünvanlanmış 03.09.2020-ci il tarixli **********8 nömrəli məktubda qeyd edilmişdir ki, “Orient” kiçik müəssisəsi 1993-cü ilin yanvar, fevral, mart və oktyabr, noyabr, dekabr ayları üzrə, 1994cü ildə isə yanvar, fevral, mart ayları üzrə DSMF Saatlı rayon şöbəsi ilə hesablaşma aparıb. - Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyəti tərəfindən verilmiş 2.09.2020-ci il tarixli 095 nömrəli arayışdan görünür ki, İddiaçı 07.07.1980-ci ildən 27.11.1987-ci ilə qədər Azərbaycan Respublikası Təbiəti Mühafizə Mühafizə Cəmiyyətinin Quba rayonu şöbəsində xadiməçi vəzifəsində çalışıb. - Azərbaycan Respublikası X20 filialı tərəfindən verilmiş 12 iyun 2020-ci il tarixli 621 nömrəli arxiv arayışından görünür ki, Quba rayonlararası X8 heç bir il üçün sənədləri X20 filialına təhvil verilməmişdir. - Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 18 mart 2021-ci il tarixli 08/744 nömrəli məktubunda qeyd edilmişdir ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, rayon İcra Hakimiyyəti başçısı aparatında 2016cı ilədək saxlanma müddəti başa çatmış sənədlər rayon Dövlət Arxivinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 14.04.2021-ci il tarixli 05/İ-32-13 nömrəli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti” ictimai birliyi 25.08.1995-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyəti Xaçmaz Rayon Regional Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 15 iyun 2021-ci il tarixli 018 nömrəli məktubda qeyd edilmişdir ki, ərizənizdə göstərdiyiniz Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətinin Quba rayonlararası X14 bizdə olan arxiv sənədlərinə əsasən 1980-87-ci illərdə fəaliyyət göstərmişdir. Əmək kitabçasına və bizdə qalan bəzi sənədlərə əsasən siz Quba rayonlararası X7 07.07.1980-ci il tarixli 4 nömrəli əmrlə ərizənizə əsasən xadimə vəzifəsinə qəbul olunmuş və 27.11.1987-ci il tarixli 15 nömrəli əmrlə ərizənizə əsasən işdən azad olunmusunuz. Sənədlərə əsasən sizin aylıq əmək haqqınız 105 (yüz beş) manat olmuşdur.Sizin işlədiyiniz Quba rayonlararası X14 sonralar öz fəaliyyətini dayandırdığı üçün bəzi arxiv sənədləri bizə təhvil verilmiş, əsas zəruri sənədlər isə Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətinin baş idarəsinə təhvil verilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 07 oktyabr 2020-ci il tarixli **********5 nömrəli məktubda qeyd edilmişdir ki, Əmək kitabçanızda qeyd edilən 07.07.1980-ci il tarixdən 27.11.1987-ci il tarixədək Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətində arxiv sənədlərinin saxlanmaması, 02.01.1989-сu il tarixdən 05.12.1996-cı il tarixədək Müstəqil “Oriyent” kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəbdən də həmin illər qanunvericiliyə müvafiq olaraq sosial sığorta stajınıza daxil edilməmişdir.Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi 01.01.2006-cı il tarixədək 11 il 9 ay, 01.01.2006-cı il tarixdən 01.05.2013-cü il tarixədək 7 il 3 ay sığorta stajı, ümumilikdə iş stajınız 19 il olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalınız qeydə alınmamışdır. Həmçinin 01.01.2006-cı il tarixədək olan sığorta stajınıza uyğun (19 il) sığorta kapitalınız 14084,70 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, “pensiya kapitalınızın məbləğinin sözügedən Qanununun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə-144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları ıqqında” Qanunun 6-1.ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. - Azərbaycan Respublikası Saatlı rayon Xalq Deputatları X15 “Saatlı rayonunda fəaliyyət göstərmək üçün “Orient” kiçik müəssisəsinin nizamnaməsinin təsdiq edilərək onun təsis edilməsi və qeydə alınması barədə” təsisçilərin 02 yanvar 1989-cu il tarixli, 01 №-li məktubu barədə 29 yanvar 1989-cu il tarixli 1-19 №-li qərarının təsdiq olunmuş surətindən görünür ki, Saatlı rayonunda “Orient” kiçik müəssisəsinin təsis edilməsi və qeydə alınması barədə təsisçilərin 02 yanvar 1989-cu il il tarixli, 01 №-li məktubu nəzərə alınsın. Saatlı rayonunda fəaliyyət göstərmək üçün “Orient” kiçik müəssisəsinin nizamnaməsi təsdiq edilərək, “Orient” kiçik müəssisəsi təsis edilsin və qeydə alınsın (Qərarla əlaqədar toplanmış bütün sənədlər əlavə olunur). - Azərbaycan Respublikası Saatlı Rayon X17 Rəyasət Heyətinin “Saatlı rayonunda fəaliyyət göstərən “Orient” kiçik müəssisəsinə mağaza binasının tikintisi altına torpaq sahəsi ayrılması barədə” müəssisəsi rəhbərliyinin 27 iyul 1992-ci il tarixli 07 məktubu barədə” 22 sentyabr 1992-ci il tarixli 7-41 nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, Saatlı rayonunda fəaliyyət göstərən “Orient” kiçik müəssisəsinə Saatlı rayonunun Leninkənd kəndində mağaza binasının tikinti altına torpaq sahəsi ayrılmasına dair həmin müəssisənin 27 iyul 1992-ci il tarixli 07 №-li məktubu, rayon torpaq ayıran komissiyası 27 avqust 1992-ci il tarixli aktı, rayon Soveti torpaq komissiyasının 18 sentyabr 1992-ci il tarixli qərarı nəzərə alınsın. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 25 yanvar 2021-ci il tarixli 4/77 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətinin və Müstəqil “Orient” kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 22 fevral 2021-ci il tarixli 03/48 nömrəli məktubuna əsasən Saatlı rayon İcra Hakimiyyətində “Orient” kiçik müəssisəsi ilə bağlı heç bir sənəd və məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X23 Konsultativ Poliklinika şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 16.07.2021-ci il tarixli 2186 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında yaşamış, 04 iyun 1982-ci il təvəllüdlü İsmayılov Elşən Bayramqulu oğlu həqiqətən 1982-ci il tarixindən Saatlı RMX PHŞ-nin poliklinika şöbəsində “Uşaq serebral iflici mikrosepaliya tetropledik forma, fiziki psixi inkişafdan geri qalma” diaqnozu ilə dispanser qeydiyyatında olmuş və 27 sentyabr 1993-cü il tarixində evdə vəfat etmişdir. İsmayılov Elşən sağlamlıq imkanı məhdud olduğundan o sosial müavinət almışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X23 Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş 06.07.2021-ci il tarixli 1997 nömrəli arayışdan görünür ki, ünvan 6 ünvanında yaşamış, 1982-ci il təvəllüdlü İsmayılov Elşən Bayramqulu oğlu 1982-ci il tarixdən Saatlı RMX PHŞ-in poliklinika şöbəsində “Uşaq serebral iflici mikrosepaliya tetroplegik forma, fiziki psixi inkişafdan geri qalma” diaqnozu ilə dispanser qeydiyyatda olmuş və 27.09.1993-cü il tarixdə evdə vəfat etmişdir. Mərhum uşaq sosial müavinət almışdır. - Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 03.05.2007-ci il tarixli 46 nömrəli arxiv arayışından görünür ki, sabiq “Orient” kiçik müəssisəsinə aid 1989-1993-cü illəri əhatə edən qərarlar. Arxiv sənədlərini yoxlayarkən “Orient” kiçik müəssisəsinə aid aşağıdakı qeyd edilmiş qaydada qeydlər vardır.

1. Qərar №1-19 29.01.1989-cu il. Saatlı rayon X17 Rəyasət Heyəti qərara alır. Saatlı rayonunda fəaliyyət göstərən “Orient” kiçik müəssisəsi təsis edilsin və qeydə alınsın.

2. Qərar № 7-41 22 sentyabr 1992-ci il, Saatlı rayonunda fəaliyyət göstərən “Orient” kiçik müəssisəsinə Saatlı rayonunun ərazisində mağaza binasının tikintisi altına torpaq sahəsi ayrılmasına dair həmin müəssisəsinin 27 iyul 1992-ci il tarixli 57 №-li məktubu nəzərə alınsın və Ələt-Culfa şosse yolunun Leninkənd kəndindən keçən hissəsində “Orient” kiçik müəssisəsi üçün 0,0036 hektar torpaq sahəsi (ölçüləri 6,0 x 6,0 metr) ayrılsın.

3. Qərar № 88 04.02.1993-cü il Saatlı rayon İcra Hakimiyyəti qərara alır. Saatlı rayonunda fəaliyyət göstərən “Orient” kiçik müəssisəsinin 25 dekabr 1992-ci il tarixli 59 №li məktubuna əsasən tikinti materiallarını saxlamaq və satmaq üçün “Orient” kiçik müəssisəsinə Ələt-Culfa şosse yolunun Saatlı rayonunun ərazisindən keçən hissəsinin sağ tərəfində SU-47 qəsəbəsinə yaxın olan boş torpaq sahəsindən (20x15m) 0,03 hektar torpaq sahəsi mağaza tikintisi üçün ayrılsın. - Saatlı rayon Dövlət Arxivi 22.07.2021-ci il 67 № -li məktubdan görünür ki, Saatlı XDS-nin 22.09.1992-ci il tarixli 7-41 №-li Qərarı məlum olmayan səbəbdən aşkar edilməmişdir. Saatlı XDS-nin 22 sentyabr 1992-ci il №-li sənədin təsdiq edilmiş surəti təqdim edilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X18 Ərazi Bölmələrini İdarəetmə Birliyi Saatlı Rayon X11 Hüquqi Şəxsinin 18.09.2021-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan İsmayılov Elşən Bayramqulu oğlu 1982-ci il tarixdən Saatlı rayon X11 X13 şöbəsində “Uşaq serebral iflici, mikrosefaliya tetroplegik forma, fiziki –psixi inkişafdan geri qalma” diaqnozu ilə dispanser qeydiyyatında olmuş və 27 sentyabr 1993-cü il tarixdə evdə vəfat etmişdir.İsmayılov Elşən Bayramqulu oğlu sağlamlıq imkanı məhdud olduğundan sosial müavinət almışdır.

Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx xxxx 1962-ci il tarixdə doğulmuş və 01 yanvar 2018-ci il tarixdə 55 yaş 6 ayı tamam olmuşdur. İddiaçı əmək kitabçasında qeyd edilən 07.07.1980-27.11.1987-ci illərdə Quba Rayonlararası X7, 01.12.1987-31.12.1988-ci illərdə Saatlı rayonu C.Cabbarlı adına şəhər 3 saylı orta məktəbində, 02.01.1989-05.12.1996-cı illərdə “Orient” kiçik müəssisəsində, 06.04.1998-ci il tarixdən 01.09.1998-ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu 90a nömrəli Uşaq Bağçasında və 01.06.1998-01.04.2013-cü illərdə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli məktəbdə işləməsi ilə bağlı əmək stajı nəzərə alınmaqla beş uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilən 07.07.1980-ci il tarixdən 27.11.1987-ci il tarixədək Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətində arxiv sənədlərinin saxlanılmaması, 02.01.1989-cu il tarixdən 05.12.1996-cı il tarixədək Müstəqil “Orient” kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması mümkün olmadığı üçün həmin illəri iddiaçının sığorta stajına daxil etməyərək, müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır.

Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının sığorta stajı 07.07.1980-27.11.1987 və 02.01.1989-05.12.1996-cı illərə münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi ( vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə isə iddiaçı 07.07.1980-27.11.1987-ci illərdə Quba Rayonlararası X7, 01.12.1987-31.12.1988-ci illərdə Saatlı rayonu C.Cabbarlı adına şəhər 3 saylı orta məktəbində, 02.01.1989-05.12.1996-cı illərdə “Orient” kiçik müəssisəsində, 06.04.1998-ci il tarixdən 01.09.1998-ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu 90a nömrəli Uşaq Bağçasında və 01.06.1998-01.04.2013-cü illərdə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli məktəbdə işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasına görə iş stajı 25 ildən artıqdır. Yuxarıda sadalanan işin hallarından müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixə qədər 24 il 1 ay, 01.01.2006-cı il tarixdən 01.05.2013-cü il tarixədək 7 il 3 ay sığorta stajı vardır. İddiaçı 01.01.2018-ci il tarixdə 55 yaş 6 ayı tamam olmaqla qanunla tələb olunan 25 il sığorta stajını toplamışdır. Şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Həmin Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş” qadınların bu Qanunun 7-ci maddəsinə uyğun”şərtlər daxilində”yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində”yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğunu nəzərə almaqla Qanunun 8.1-ci maddəsinin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və ”hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı 07.07.1980-27.11.1987 və 02.01.1989-05.12.1996-cı illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə, həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə araşdırması zamanı da Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 25 yanvar 2021-ci il tarixli 4/77 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətinin və Müstəqil “Orient” kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsinin Saatlı rayon filialı tərəfindən İddiaçı ünvanlanmış 03.09.2020-ci il tarixli **********8 nömrəli məktubda “Orient” kiçik müəssisəsinin 1993-cü ilin yanvar, fevral, mart və oktyabr, noyabr, dekabr ayları üzrə, 1994-cü ildə isə yanvar, fevral, mart ayları üzrə DSMF Saatlı rayon şöbəsi ilə hesablaşma apardığı qeyd edilmişdir. Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyəti tərəfindən verilmiş 2.09.2020-ci il tarixli 095 nömrəli arayışda və Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyəti Xaçmaz Rayon Regional Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 15 iyun 2021-ci il tarixli 018 nömrəli məktubda isə İddiaçı 07.07.1980-ci ildən 27.11.1987-ci ilə qədər Azərbaycan Respublikası Təbiəti Mühafizə Mühafizə Cəmiyyətinin Quba rayonu şöbəsində işlədiyi bildirilmişdir. Buradan da aydın olur ki, qeyd edilən müəssisələr mövcud olmuş, fəaliyyət göstərmiş, lakin ləğv edildikdən sonra arxiv sənədləri təhvil verilməmişdir (saxlanılmamışdır). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə həmçinin iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşadək tərbiyə etməsi ilə bağlı aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə daxil edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Beş uşaq doğub səkkiz yaşınadək tərbiyə etmiş qadının azı 25 il sığorta stajı olduğu təqdirdə, onun yaşa görə əmək pensiyası hüququ hər uşağa görə 1 il (cəmi 5 il) azaldılmaqla yaranır. İş materiallarına da iddiaçının 5 uşaq doğmasına dair hər bir uşağın doğum haqqında şəhadətnamələri əlavə edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçının 8 yaşınadək tərbiyə etdiyi uşaqlarından birinin sağlamlıq imkanının məhdud olması müəyyən edilmişdir. Belə ki, İddiaçı tərbiyə etmiş olduğu oğlu mərhum 1982-ci il təvəllüdlü İsmayılov Elşən Bayramqulu oğlunun əlillik dərəcəsi olması müəyyən edilməsə belə, bu hal iddiaçının həmin oğlunun sağlamlıq imkanının məhdud olmasını inkar edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. 4.1.5. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il tarixli 284 nömrəli Qanunun 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Həmin Qanunun 38-ci maddəsinə əsasən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, dava-dərman, texniki və başqa vasitələr, o cümlədən avtomobillər ilə, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi, sosial, əmək və peşə reabilitasiyası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət xidməti göstərilməsi yolu ilə həyata keçirilir. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur. İstinad edilən normaların məzmununa görə, hazırda qanunverici “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq”lara münasibətdə əlillik qrupları müəyyən etmir. Bundan başqa, Məhkəmə qeyd edir ki, İsmayılov Elşən Bayramqulu oğlunun sağlamlıq imkanlarının məhdud olması bir neçə əsaslar ilə sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X18 Ərazi Bölmələrini İdarəetmə Birliyi Saatlı Rayon X11 X16 Elşən Bayramqulu oğlu ilə bağlı sorğu göndərilmiş və sorğuya 18.09.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İsmayılov Elşən Bayramqulu oğlu 1982-ci il tarixdən Saatlı rayon X11 X13 şöbəsində “Uşaq serebral iflici, mikrosefaliya tetroplegik forma, fiziki –psixi inkişafdan geri qalma” diaqnozu ilə dispanser qeydiyyatında olmuş və 27 sentyabr 1993cü il tarixdə evdə vəfat etmişdir. İsmayılov Elşən Bayramqulu oğlu sağlamlıq imkanı məhdud olduğundan sosial müavinət almışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının müddəaları əsasında 01.01.2018-ci il tarixdə qadınların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən edilmiş yaş həddi 60 il 06 ay müəyyən olunsa da, iddiaçının 25 ildən çox ümumi stajı və onun 5 uşaq doğub 8 yaşınadək tərbiyə etməsi müəyyən olunduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsi ona tətbiq olunmalıdır. Belə olan halda, iddiaçının yaşa görə əmək pensiyası hüququ 01.01.2018-ci il tarixdən 55 yaş 6 ayından yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, ona 55 yaş 6 ayı tamam olduğu vaxtdan, yəni 01.01.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı iddiası təmin edilsin. İsmayılov İddiaçı iddiası təmin edilməli, ona 55 yaş 6 ayı tamam olduğu vaxtdan, yəni 01.01.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar