Məhkəmə qərarları › İş №2-1(112)-2417/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2417/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2417/2021 02.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, Bakı şəhəri 14 saylı vəkil bürosunda işləyir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 1200 kv.mdən ibarət olan 73/74 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 1200 kv.m-dən ibarət olan 73/74 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Arzu” bağçılıq-yoldaşlığının bağbanlarının 05.06.1993-cü il tarixli, 06 saylı iclas protokolundan çıxarışa əsasən ümumi sahədə olan və istifadə olunması mümkün olmayan 73 və 74 saylı sahələrinin (12 sot) qaydaya salmaq şərti ilə iddiaçıya verilməsi qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində Bakı şəhər XDS İK-nin 17.07.1987-ci il tarixli, 16/290 saylı Qərarı və “Arzu” b/y-nın 05.06.1993-cü il tarixli, 06 saylı protokolu əsasında 1200 kv.m sahəyə 73/74 saylı bağ evi tikintisi üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X4 kitabında 03.10.2008-ci il tarixli 10457 nömrə ilə uçota alınaraq AN-087181 saylı “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. “Arzu” b/y-nın 05.06.1993-cü il tarixli 06 saylı protokolu keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin arxivinə verilmişdir. Hazırda adıçəkilən bağ sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Yuxarıda qeyd edilənlərlə bağlı iddiaçı tərəfindən 01.09.2020-ci il tarixdə cavabdehə rəsmi ərizə ilə müraciət edilməsinə baxmayaraq, iddiaçının müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında ərizəçinin adı aşkarlanmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya 26.10.2020-ci il tarixli, **********18 saylı cavab ünvanlanmışdır. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi T.Yeganlı məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 1036099 nömrəli Əmək kitabçanın təsdiq olunmuş surətinə əsasən iddiaçı 07.05.1984-cü il tarixdən 14.05.1986-cı il tarixədək Sovet ordusunda xidmət etmiş, 01.09.1983-cü il tarixdən 13.07.1990-cı il tarixədək ali təhsil almış, 02.08.1990-cı il tarixdən hal-hazıradək Azərbaycan Texniki Universitetində işləyir. “Arzu” X1 73, 74 nömrəli kitabçasının təsdiq olunmuş surətinə əsasən İddiaçı X3nə 1993-cü ildə qəbul olunmuş, Bakı-Səlyan yolunun 61-ci km, Şıxlar kəndi yanında yerləşə, “Arzu” X3nə aid sahəsi 1200 kv.m olan 73, 74 nömrəli bağ sahəsi Bakı Soveti İcraiyyə Komitəsinin 7 iyul 1987-ci il tarixində qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün iddiaçıya verilmişdir. “Arzu” bağçılıq-yoldaşlığının bağbanlarının 05.06.1993-cü il tarixli 06 saylı iclas protokolundan çıxarışın təsdiq olunmuş surətinə əsasən “Arzu” bağçılıq-yoldaşlığı birliyində olan 73 və 74 saylı sahələrinin (12 sot) Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 14.06.1988-ci il tarixli 6/333 nömrəli qərarı əsas götürülərək istifadə etməsi üçün İddiaçı verilmişdir və ona bağın nizamnaməsinə riayət etməklə, sahələrdə olar çalaları və digər yararsız hissələri bərpa etmək tapşırılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 087181 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün təqdiq olunmuş surətinə əsasən, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən, İddiaçı Bakı şəhər XDS İK-nin 17.07.1987-ci il tarixli 16/290 saylı Qərarı və “Arzu” b/y-nın 05.06.1993-cü il tarixli 06 saylı protokulu ilə ayrılmış 1200 kv.m sahəsi olan 73/74 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. X4 kitabında 03.10.2008-ciil tarixdə 10457 nömrə ilə uçota alınmışdır. Cavabdehin iddiaçıya ünvanladığı 26.10.2020-ci il tarixli, ********** nömrəli məktubuna əsasən, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmadığı üçün Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 1200 kv.m-dən ibarət olan 73/74 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1990-cı ildən Azərbaycan Texniki Universitetində işləyir. 1993-cü ildə “Arzu” bağçılıq-yoldaşlıq birliyinə qəbul olunmuş, “Arzu” bağçılıq-yoldaşlığının bağbanlarının 05.06.1993-cü il tarixli 06 saylı iclas protokolundan çıxarışa əsasən Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 73 və 74 saylı sahələri (12 sot) İddiaçı istifadəsinə verilmişdir və bununla bağlı iddiaçıya bağçının üzvlük kitabçası verilmişdir. Sonradan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin bağ sahələri üçün Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İddiaçı həmin bağ sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış... «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin faktiki hallarına əsasən həqiqətən də iddiaçı Azərbaycan Texniki Universitetində 1990-cı ildən işləyir və 1993-cü ildə ona Azərbaycan Texniki Universitetinin əməkdaşları tərəfindən yaradılmış “Arzu” X3 tərəfindən 73/74 nömrəli bağ sahələri (sahəsi 12 sot) ayrılmışdır, bu barədə “Arzu” bağçılıq-yoldaşlığının bağbanlarının 05.06.1993-cü il tarixdə keçirilmiş iclasında qərar qəbul edilərək 06 saylı protokolda qeyd edilmişdir, iddiaçıya bağçının üzvlük kitabçası verilmişdir.İddiaçı həmin sənədləri cavabdehə təqdim edərək həmin bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi iddiaçının adının “Arzu” bağçılıq-yoldaşlığının üzvlərinin siyahısında göstərilməməsi qeyd edilmişdir. Məhkəmə cavabdehin qeyd edilən əsasla imtinasını əsassız hesab edir ki, belə ki, “Arzu” bağçılıq-yoldaşlığına aid torpaq sahəsi iddiaçıya həmin yoldaşlığın qərarı ilə ayrıldığından, bu barədə protokol və habelə bağçının üzvlük kitabçası verildiyindən və həmin sənədlər də torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün əsas olduğundan başqa sənədlərin tələb edilməsinə əsas yoxdur. Cavabdehin iddiaçının adının “Arzu” X1 üzvlərinin siyahısında olmaması barədə bildirdiklərinə gəldikdə isə cavabdeh iddiaçının həqiqətən də həmin bağçılıq yoldaşlığının üzvü olmamasna və təqdim etdiyi sənədlərin saxta olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 1200 kv.m-dən ibarət olan 73/74 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 1200 kv.mdən ibarət olan 73/74 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar