Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2421/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xüsusi mülkiyyət kimi 05 saylı reyestr kitabında 649 səhifə ilə qeydə alınmış № 30/16556 nömrəsi ilə 31.07.2004-cü il tarixdə qeydiyyat aparılmış və iddiaçının adına seriya FM № 029584 saylı qeydiyyat vəsiqəsi verilmiş Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi iki otaqlı ümumi sahəsi 60,6 kv. metr sahəsi olan 4 “A” yaşayış evinin yerləşdiyi 300 kv. metr torpaq sahəsi ilə birlikdə vahid çıxarışın verilməsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 12.04.2004-cü ildə verilmiş 30/1897 nömrəli arayışa əsasən və reyestr kitabı 5 səh., 649, qeydiyyat 30N: 649, 01.11.2001-ci il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Satıcıya məxsus olan “iki otaqlı ümumi sahəsi 60.6 kv. m sahəsi olan və 300 kv. m torpaq sahəsində yerləşən “Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi ev 4 “A” yaşayış evini” alqı-satqı müqaviləsi əsasında almışdır və aralarında bağlanmış müqavilə 22 iyun 2004-cü il tarixində Reyestr 4Ə/191 №li qeyd ilə Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontorunda qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdıra və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində “Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi iki otaqlı ümumi sahəsi 60,6 kv.m sahəsi olan və 300 kv.m torpaq sahəsində yerləşən ev 4 “A” yaşayış evini xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 05 saylı reyestr kitabında 649 sahifə qeydə alma № 30/16556 nömrəsi ilə 31.07.2004-cü il tarixdə qeydiyyat aparılmışdır və bu barədə onun adına Seriya FM № 029584 saylı qeydiyyat vəsiqəsi verilmişdir. O zaman evi alanda evin sahibi evi və evin yerləşdiyi 300 kv. metr torpaq sahəsini ona satdığını bildirmiş və ona görə də 300 kv. metr torpaq sahəsi müqavilədə göstərilsə də, lakin nədənsə 2004-cü ildə iddiaçıya verilmiş qeydiyyat vəsiqəsində torpaq sahəsi barədə heç nə göstərilməmişdir. O zaman buna əhəmiyyət verməmişdir. Eyni zamanda da aldığı evin yerləşdiyi torpaq sahəsini ayrıca şəhadətnaməsini olmasından xəbəri olmamışdır və bu barədə ona heç bir məlumat verilməmişdir. Bu reyestr ximətinin səhlənkarlığıdır. Ona görə də Reyestr Xidməti xüsusi mülkiyyətində olan evinin və torpaq sahəsinin qeydini aparılması ilə əlaqədar reyest qeydində düzəliş etməlidir. Hazırda iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edərək, xüsusi mülkiyyətində olan evinə və evinin yerləşdiyi torpaq sahəsinə vahid (bütöv) çıxarışın verilməsini xahiş etdikdə Reyestr Xidmətini 1 saylı Bakı Ərazi İdarəsi **********88 N:li 16.10.2019-cu il tarixli cavabında evin Texniki Pasportunu təqdim etməklə yanaşı, bildirmişdir ki, “Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsi 4 A saylı fərdi yaşayış evinə dair arxiv qovluğunda JN-700H KOD-00600066 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur'’. Ona görə də Reyestr Xidməti xususi mülkiyyətində olan evə və torpaq sahəsinə vahid (bütov) çıxarışın verilməsindən imtina etmişdir. O, aldığı evin ilkin sahibi X8 1932-ci il təvəllüdlüdür və onda olan məlumata əsasən həmin şəxs Azərbaycan Respublikası ərazisində yoxdur və həmin şəxsin nümayəndəsi və ya hüquqi varisi də yoxdur. 2004-cü ildə aldığı evdə və torpaq sahəsində o, və ailə üzvləri yaşayır. Evdə və torpaq sahəsində başqa bir şəxsin yaşaması mümkün deyildir. Ona görə hesab edir ki, 2004-cü ildə aldığı evə dair Reyestr qeydində və evin Qeydiyyat vəsiqəsində düzəliş edilməli, evə və torpaq sahəsinə vahid çıxarış verilməlidir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 04 noyabr 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. 03.12.2020-ci il tarixdə cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xüsusi mülkiyyət kimi 05 saylı reyestr kitabında 649-cu səhifədə qeydə alınmış 30/16556 nömrəsi ilə 31.07.2004-cü il tarixdə qeydiyyat aparılmış və onun adına Seriya FM № 029584 saylı Qeydiyyat Vəsiqəsi verilmiş “Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi iki otaqlı ümumi sahəsi 60.6 kv. metr sahəsi olan 4 “A” yaşayış evi”nin yerləşdiyi 300 kv. metr torpaq sahəsi ilə birlikdə vahid çıxarışın verilməsinə dair öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra-İdarə) üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İlk öncə İddiaçı Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi 4A saylı fərdi yaşayış evinə dair məlumatın və sənəd surətinin göndərilməsi barədə İdarəyə 03.10.2019-cu il tarixdə müraciəti daxil olmuşdur. Bununla bağlı İdarə tərəfindən İddiaçı ünvanlanan **********88 qeydiyyat nömrəli 16.10.2019-cu il tarixli məktubla birlikdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi 4 “A” saylı fərdi yaşayış evinə dair texniki pasportun təsdiq edilmiş surəti göndərilmişdir. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 4A saylı fərdi yaşayış evinə dair arxiv qovluğunda JN-700H KOD-00600066 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. İddiaçı ünvan 1 fərdi yaşayış evi və onun yerləşdiyi yerləşdiyi 300 kv. metr torpaq sahəsi ilə birlikdə vahid çıxarışın verilməsinə dair idarəyə 10.04.2020-ci il tarixdə müraciəti daxil olmuşdur. Aparılan araşdırmalar zamanı müəyyən olmuşdur ki, qeydiyyatdan keçmiş fərdi yaşayış evi sökülmüşdür (sökülmüş evin qeydiyyatının ləğvi ilə bağlı ərizə yoxdur) və digər şəxslərə məxsus olan JN-700H kod 00600066 saylı şəhadətnamədə göstərilən torpaq sahəsində 2 ədəd yeni yaşayış evləri inşa edilmişdir. Lakin yeni inşa edilmiş fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənəd İdarəyə təqdim edilməmişdir. İnşa edilmiş yaşayış evlərindən biri artıq torpaq sahəsində yerləşir (arxiv texniki pasportunda torpaq sahəsi 263.5 kv.m, şəhadətnamədə 300.0 kv. metr, faktiki 427.0 kv.m təşkil edir). Həmçinin bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd olunan şəhadətnamənin baza məlumatı olmadığından sənədin verildiyi ərazini müəyyən etmək mümkün olmamış və texniki pasporla faktiki sahə arasında konfiqurasiya fərqinin olduğu müəyyən edilmişdir. Bundan əlavə AN-İ № ******* 22.06.2004-cü il tarixli X8 ilə İddiaçı arasında bağlanan daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iki otaqlı ümumi sahəsi 60.6 kv. metr yaşayış sahəsi 39,1 kv. metr olan və 300 kv. metr torpaq sahəsində yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 4A saylı fərdi yaşayış evi alıcının mülkiyyətinə verilmişdir. Göründüyü kimi müvafiq alqı-satqı müqaviləsinin predmetini ünvan 1 ünvanda yerləşən torpaq sahəsi deyil, yalnız torpaq sahəsində yerləşən fərdi yaşayış evi təşkil edir. İddiaçı və onun nümayəndəsi və vəkili X4 ayrı-ayrılıqda iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Daşınmaz Əmlakın AN-1 ******* nömrəli 22 iyun 2004-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı iki otaqlı, ümumi sahəsi 60,6 kv. metr, yaşayış sahəsi 39,1 kv. metr olan və 300,0 kv. metr torpaq sahəsində yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 4 “A-nı X3 müqavilə əsasında almışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya FM 029584 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, V.Quliyev küçəsindəki iki otaq 39,1 kv. metr yaşayış sahəsi, 60,6 kv. metr ümumi sahəsi olan 4 “A” saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi 31.07.2004-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 05 nömrəli reyestr kitabının 679 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat vəsiqəsində torpaq sahəsinin növü və ölçüsü barədə heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qara- Çuxur qəsəbəsi, V.Quliyev küçəsindəki 4 “A” saylı evə dair 13.10.2001-ci il tarixdə tərtib olunmuş Texniki pasportdan görünür ki, yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənədlə 300 kv. metr, həqiqi (faktiki) 263,5 kv metr, tikinti altında 71,5 kv. metr təşkil etdiyi qeyd olunmuşdur. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 313 №li 30.07.2007-ci il tarixli “yaşayış evlərinin tikintisinə icazə verilməsi haqqında” sərəncamı ilə İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən şəxsi evin sökülüb rayon İcra hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq yenidən tikilməsinə icazə verilmişdir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********00 №li 10.06.2020-ci il tarixli məktubla bildirilmişdir ki, qeydiyyatdan keçmiş fərdi yaşayış evi sökülmüşdür və digər şəxslərə məxsus olan JN-700H kod 00600066 saylı şəhadətnamədə göstərilən torpaq sahəsində 2 ədəd yeni yaşayış evləri inşa edilmişdir. İnşa edilmiş yaşayış evlərindən biri artıq torpaq sahəsində yerləşir (arxiv texniki pasportunda torpaq sahəsi 263,5 kv. metr, şəhadətnamədə 300.0 kv. metr faktiki 427.0 kv. metr təşkil edir). Həmçinin bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd olunan şəhadətnamənin baza məlumatı olmadığından sənədin veridiyi ərazini müəyyən etmək mümkün olmamış və texniki pasportla faktiki sahə arasında konfiqurasiya fərqinin olduğu müəyyən edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 20.09.2021-ci il tarixli **********48 saylı məktubuna əlavə olunmuş aşağıdakı sənədlərdən; - Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin 22 aprel 1998-ci il tarixli 504 nömrəli sərəncamından müəyyən olunur ki, X6 fərdi yaşayış evinin tikilməsi üçün Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 4 nömrəli evin yanında 300 kv. metr torpaq sahəsi ayrılmışdır. - “Torpağın mülkiyyətə verilməsinə dair” JN-700 H seriyalı, 00600066 nömrəli şəhadətnamədən müəyyən olunur ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 22 aprel 1998-ci il tarixli 504 saylı sərəncamı ilə verilmiş 0,03 ha torpaq sahəsi (Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsində yerləşən) fərdi yaşayış evinin tikinntisi üçün X7 mülkiyyətinə verilmişdir. Şəhadətnaməyə əlavə olunmuş həyətyanı sahəsinin qaiməsindən müəyyən olunur ki, ümumi sahə 300,00 kv. metr, tikinti altı sahə 72,00 kv. metr, yaşayış sahəsi 72 kv. metr, həyətyanı sahə 228 kv. metrdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli 10/1162 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, ünvana baxış keçirilən zaman Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin Seriya FM 029584 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi 4 “A” ünvanında yerləşən iki otaqlı ümumi sahəsi 60.6 kv. metr olan evin söküldüyü və yerində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 4 “A” saylı evə dair 13.10.2001-ci il tarixdə tərtib olunmuş Texniki pasportda göstərilmiş torpaq sahəsində yeni eskiz layihəsi əsasında iki fərdi yaşayış evinin inşa edildiyi, evlərin texniki göstəricilərinin sökülmüş evin texniki göstəricilərinə uyğun olmadığı aşkar olunmuşdur. Hər birinin ayrı-ayrılıqda giriş-çıxış yolu olmaqla inşa edilmiş fərdi yaşayış evlərindən birinin texniki pasportda göstərilmiş torpaq sahəsinin daxilində, digər evin isə 76.3 kv. metr hissəsinin texniki pasportda göstərilmiş torpaq sahəsindən kənarda inşa olunduğu müəyyən edilmişdir (sxem rəyə əlavə edilmişdir). Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi tələb olunan ünvan 1 fərdi yaşayış evləri (2 ev) və həmin evlərin yerləşdiyi 300 kv. metr torpaq sahəsinə dair məhkəməyə hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinə dair X7 adına qüvvədə olan JN-700H KOD-00600066 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur ki, sonuncu ilə hazırki iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsində həmin torpaq sahəsinin alqı-satqısı nəzərdə tutulmamışdır. Alqı-satqıda nəzərdə tutulmuş Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, V.Quliyev küçəsindəki 4 “A”saylı evə dair 13.10.2001-ci il tarixdə tərtib olunmuş Texniki pasportda isə yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənədlə 300 kv. metr, həqiqi (faktiki) 263,5 kv metr, tikinti altında 71,5 kv. metr təşkil etdiyi qeyd olunmuşdur. Bundan əlavə məhkəmə araşdırması tərəflərin izahatlarından və iş üzrə verilmiş ekspert rəyindən iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən iki otaqlı ümumi sahəsi 60.6 kv. metr olan evin söküldüyü və yerində olmadığı, həmin evə dair 13.10.2001-ci il tarixdə tərtib olunmuş Texniki pasportda göstərilmiş torpaq sahəsində yeni eskiz layihəsi əsasında iki fərdi yaşayış evinin inşa edildiyi, evlərin texniki göstəricilərinin sökülmüş evin texniki göstəricilərinə uyğun olmadığı, hər birinin ayrı-ayrılıqda giriş-çıxış yolu olmaqla inşa edilmiş fərdi yaşayış evlərindən birinin texniki pasportda göstərilmiş torpaq sahəsinin daxilində, digər evin isə 76.3 kv. metr hissəsinin texniki pasportda göstərilmiş torpaq sahəsindən kənarda inşa olunduğu müəyyən edilmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2421/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2421/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver