Məhkəmə qərarları › İş №2-1(112)-2421/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2421/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2421/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının xidmət illərinə görə 40 faiz vəzifə maaşı və rütbə maaşı ilə yenidən hesablanmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, X.Səfərov 03 mart 1966-cı ildən etibarən polis orqanlarında xidmətə qəbul edilmiş və 09 noyabr 1990-cu ildə Bakı şəhəri Binəqədi Rayon Polis Şöbəsində sahə inspektoru vəzifəsində işləyərkən xidməti vəzifəsini həyata keçirən zaman faciəli surətdə həlak olmuşdur. Bununla əlaqədar iddiaçıya pensiya təyin edilmişdir. Lakin müvafiq müraciətlərdən sonra dəfələrlə də yenidən hesablanmışdır. X.Səfərovun xidmət illəri hər dəfə səhv hesablanmış, bu səbəbdən də həmin səhv hesablama pensiya məbləğində də öz mənfi təsirini göstərmişdir. Qeyd olunur ki, X.Səfərovun xidmət illəri 25 ildən çxdur bu barədə cavabdehə müraciət etmiş və cavabdeh xidmət müddətinin 26 il 4 ay 20 gün təşkil etməsi ilə əlaqədar məlumat vərəqi tərtib edərək aidiyyəti üzrə göndərmişdir. Lakin cavabdeh X2 üzrə Mərkəzi Filial əsassız olaraq 26 il 4 ay 20 günə görə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığı qeyd etmişdir. Halbuki, xidmət illəri ilə bağlı yeni dəyişiklik nəzərə alınmaqla əmək pensiyası məbləği yenidən hesablanmalı idi. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, həmçinin mərhum X1 xidməti vəzifəsini həyata keçirən zaman faciəli surətdə həlak olması ilə əlaqədar əmək haqqının 50 aylıq 100 faiz hesablanmaqla sığorta ödənişinin Daxili İşlər Nazirliyi üzərinə qoyulması barədə qərar qəbul edilməsini və Dövlət Kommersiya Şirkətindən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə təmin edilmiş Dövlət Sığorta Kommersiya Şirkəti cavabdeh qismində məhkəmə icraatına cəlb edilmiş, iddia tələbi “mərhum X1 xidməti vəzifəsini həyata keçirən zaman faciəli surətdə həlak olması ilə əlaqədar əmək haqqının 50 aylıq 100 faiz hesablanmaqla sığorta ödənişinin Daxili İşlər Nazirliyinin üzərinə qoyulması və həmin məbləğin Dövlət Sığorta kommersiya Şirkətindən tutulması barədə qərar qəbul edilməsi formasında icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək xidmət illərinin təqvim müddətinin 26 il 4 ay 22 gün əsas götürülməklə məlumat vərəqinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdeh Daxili İşlər Nazirliyinə həvalə edilməsini, və həmin məlumat vərəqi əsasında əmək pensiyasının yenidən hesablanmasının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini və X1 xidməti vəzifələrinin icrası ilə bağlı şəhid olması ilə əlaqədar altmış aylıq əmək haqqının 100 faiz məbləğinin ödənilməsinin cavabdehlər Daxili İşlər Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsini xahiş edirəm. Məhkəmənin qərardadı ilə ərizə təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadı ilə iddia - İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “məlumat vərəqi əsasında əmək pensiyasının yenidən hesablanmasının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, X1 xidməti vəzifələrinin icrası ilə bağlı şəhid olması ilə əlaqədar altmış aylıq əmək haqqının 100 faiz məbləğinin ödənilməsinin cavabdehlər Daxili İşlər Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsi hissələrində mümkün sayılmamışdır. Göründüyü kimi hal-hazırda məhkəmə mahiyyəti ilə bağlı yalnız xidmət illərinin təqvim müddətinin 26 il 4 ay 22 gün əsas götürülməklə məlumat vərəqinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdeh Daxili İşlər Nazirliyinə həvalə edilməsi ilə bağlı iddia tələbinə mahiyyəti üzrə qiymət verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirake etmiş cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. . Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisənin yaranması onunla əlaqədar olmuşdur ki, cavabdeh məlumat vərəqində xidmət illərinin 25 ildən artıq olmasını nəzərə almayaraq xidmət illərinə görə əlavənin faizini 30 faiz kimi məlumat vərəqində müəyyən etmiş və həmin məlumatlar əsasında əmək pensiyasının hesablanması üçün tərtib edilmiş məlumat vərəqini pensiya orqanına göndərmişdir. İddiaçı isə mərhum yoldaşının xidmət illərinin 26 il 4 ay 22 gün olduğunu qeyd edərək xidmət illərinə görə əlavənin 40 faiz olması mövqeyindədir. Cavabdeh isə X.Səfərovun xidmət illərinin ümumilikdə 26 il 4 ay 20 gün olmasına baxmayaraq silahlı qüvvələrdə hərbi xidmət müddətinin 01 il 11 ay 3 gün olması nəzərə alınmaqla xidmət illərinə görə əlavənin 30 faizi olması qənaətindədir. İş materiallarında olan iddiaçının mərhum yoldaşı X.Səfərov barəsində tərtib edilmiş məlumat vərəqinin yenilənmiş formasından da görünür ki, şəxsin xidmət illəri həqiqətən də 25 ildən artıq olmaqla 26 il 4 ay 20 gün kimi müəyyən edilmişdir. Lakin xidmət illərinə görə əlavə isə 30 faiz olmaqla-36,60 manat kimi müəyyən edilmişdir. Cavabdeh faizin 30 olmasını onunla əlaqələndirmişdir ki, X.Səfərovun xidmət müdddəti 26 il 4 ay 20 gün olsa da onun 1 il 11 ay 3 günü silahlı qüvvələrdə xidmət müddəti olduğundan fasiləsiz xidmət müddəti 24 il 5 ay 17 gündür. Yəni, 25 ildən az olmudur. Bu səbəbdən də fasiləsiz xidmət illərinə görə vəzifə və xüsusi rütbə maaşlarının 30 faizi həcmində əlavə hesablanır. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş şəxs işdə olan xidmətkeçmə vərəqi ilə də müəyyən edilmişdir ki, iddiaçının həqiqətən də xidmət müddəti 26 il 4 ay 20 gün olmuş, hərbi xidmətdə olma müddəti isə 1 il 11 ay 3 gündür. Göründüyü kimi, hal-hazırda müəyyən edilməli olan hal iddiaçının xidmət müddətinin, yoxsa fasiləsiz xidmət illərinin əsas götürülməklə xidmət illərinə əlavəyə görə faizin müəyyən edilməli olması ilə bağlıdır. Bununla bağlı aşağıdakı maddi hüquq normalarının qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq, təminat xərcliyi və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir:

1. Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı məbləğdə ödənilir: 1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə- 5 faiz 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə - 10 faiz 5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə - 15 faiz 10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə - 20 faiz 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə - 30 faiz 25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə - 40 faiz 30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə - 50 faiz Qanunvericiliyin tələbi ilə də müəyyən edilir ki, məhz fasiləsiz xidmət illərinə görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur ki, 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə əlavə 30 faiz, 25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə əlavə isə 40 faiz məbləğindədir. Göründüyü kimi vəzifə və xüsusi rütbəyə görə maaşdan hesablanan xidmət illərinə görə əlavənin adi xidmət illərinə görə deyil, fasiləsiz xidmət illərinə əsasən məbləğinin müəyyən edilməsi aşkar surətdə tənzimlənmişdir. Başqa sözlə, hazırkı iddianın təmin edilməsi üçün X.Səfərovun xidmət illərinin yox, məhz fasiləsiz xidmət illərinin 25 ildən yuxarı olması zəruri şərtdir ki, xidmət illərinə görə əlavə 30 faiz yox, 40 faiz olmuş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası” isə fasiləsiz xidmət illəri ilə bağlı məsələləri tənzimləyən normativ hüquqi akt kimi hazırkı iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin qərar qəbul edilməsi üçün əsas yaratmışdır. Belə ki, Qaydaların: l. Bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"yə və daxili işlər orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına (bundan sonra - əməkdaşlar) fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasını müəyyən edir.

2. Fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə aşağıdakı dövrlər hesablanır: daxili işlər orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti; daxili işlər orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; ali dövlət hakimiyyəti orqanlarından işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti; xidmət illərinə görə haqq ödənilməklə digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; xarici ölkələrin hüquq mühafizə və məhkəmə hakimiyyəti orqanlarında xidmət keçmiş və həmin orqanlardan işdən çıxdıqdan sonra dövlətlərarası müqavilələrlə və digər beynəlxalq sənədlərlə tənzimləndiyi halda Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətini davam etdirməyə qəbul olunmuş əməkdaşların həmin orqanlarda işlədikləri müddət; daxili işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət; Daxili İşlər Nazirliyinin tədris müəssisələrində təhsil aldıqları, ilkin, yenidən hazırlıq və ixtisasartırma kursları keçdikləri müddət; daxili işlər orqanlarında xidmət keçərkən əmək haqqının saxlanması şərtilə əməkdaşların vəzifədən kənarlaşdırıldıqları müddət; təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar müəyyən edilmiş qaydada vəzifə-dən azad edilərək daxili işlər orqanının sərəncamında saxlanılma müddəti; hər il verilən əsas məzuniyyət, habelə qısamüddətli, xəstəliyə görə, tətilə çıxmaqla (kursantlar üçün), Daxili İşlər Nazirliyinin tədris müəssisələrini bitirməklə əlaqədar, əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə), hamiləliyə və doğuşa görə ödənişli məzuniyyət, qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq dörd yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan digər məzuniyyət müddəti; dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı.

8. Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə verilən əlavə haqq onların orta əmək haqlan hesablanarkən nəzərə alınır. Qanunvericiliyin tələbləri ilə də müəyyən edilir ki, Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət müddəti müəyyən şərtlər daxilində fasiləsiz xidmət illərinə daxildir. Həmin şərt isə onunla bağlıdır ki, şəxsin Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidməti onun zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu olmasından asılıdır. Yəni, şəxs hərbi xidmətdə zabit, gizir, miçman və ya müddətdən artıq hərbi qulluqçu olmuşdursa həmin xidmət müddəti fasiləsiz xidmət illərinə daxil ediləcəkdir. Cavabdehin şəxsi işdə olan hərbixidmətçekmə haqqında siyahıdan isə müəyyən edilir ki, X.Səfərov 1 il 11 ay 3 günü silahlı qüvvələrdə xidməti zabit, gizir, miçman və ya müddətdən artıq hərbi qulluqçu olmamış, bu səbəbdən də cavabdeh haqlı olaraq onun xidmət illərini 25 ildən artıq məlumat vərəqində müəyyyən etsə də, xidmət illərinə görə faizi iddiaçının fasiləsiz xidmət illərinin adi xidmət illərindən fərqli olaraq 25 ildən az olması səbəbindən 30 faiz kimi müəyyən etmişdir. Göründüyü kimi cavabdehin pensiya orqanına təqdim etdiyi yenilənmiş məlumat vərəqi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin göndərilməsi”nə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar