Məhkəmə qərarları › İş №2-1(112)-2422/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2422/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2422/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı1 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanda yerləşən daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının fərdi yaşayış evi olaraq dövlət qeydiyyatına alınaraq və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanda yerləşən ümumi sahəsi 48,90 kvm. olan evin fərdi yaşayış evi kimi qeydə alınması və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsi ilə birlkildə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanda yerləşən fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.1994-cü il tarixli bağışlanma müqaviləsi əsasında onun mülkiyyətinə keçmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Həmin qeydiyyat vəsiqəsi və texniki pasport cavabdehə təqdim edilərək mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən çıxarış və texniki pasport verilmiş, lakin çıxarışda daşınmaz əmlakın növü mənzil yazılmış, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Cavabdehə ərizə ilə müraciət edərək, onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanda yerləşən daşınmaz əmlak üzrə mülkiyyət hüquqların fərdi yaşayış evi olaraq dövlət qeydiyyatına alınaraq və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarış xahiş etmişdir. Lakin cavabdeh müraciətdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanında yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən İdarəyə təqdim edilməmişdir. Bununla bağlı İddiaçı1 **********52 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Müvafiq əmlaka dair ilkin qeydiyyat zamanı da təqdim olunan sənədlər mənzilə dair qəbul edilən hüquqmüəyyənedici sənədlər olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********63 nömrəli məktuba əlavə edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvana dair müvafiq sənədlərdən olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi Abşeron rayon Mənzil-İstismar hissəsinin 20 sentyabr 1993-cü il tarixli, 384 nömrəli məktubunun və 22 oktyabr 1993-cü il tarixli müqaviləsinin surətindən görünür ki, Abşeron rayon Mənzil- İstismar hissəsinin rəhbərliyi və həmkarlar komitəsi Azərbaycan Respublikası Müdafiə Nazirinin “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin fondunda olan mənzillərin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi barədə” xx.xx.1993-cü il tarixli, 103 nömrəli əmrinə əsasən ünvan 1 ünvanında yaşayan Silahlı Qüvvələrin 20 ildən artıq xidmət etmiş veteranı X6 2 otaqlı, ümumi yaşayış sahəsi 54,0 kvm. olan 9-cu Badamdar küçəsi, ev 19 ünvanında mənzilin əvəzsiz olaraq xüsusi mülkiyyətinə verilməsinə qərar vermiş və onunla müqavilə bağlanmışdır. - 28 Nömrəli Bakı şəhər Dövlət Notariat Kontorunda qeydə alınmış alıcı X10 ilə satıcı X7 arasında bağlanmış xx.xx.1993-cü il tarixli müqavilənin surətindən görünür ki, satıcı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 54,0 kvm., yaşayış sahəsi 38,0 kvm. olan mənzili alıcıya satmışdır. - 28 Nömrəli Bakı şəhər Dövlət Notariat Kontorunda qeydə alınmış 05 fevral 1994-cü il tarixli bağışlanma müqaviləsinin surətindən görünür ki, X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 54,0 kvm., yaşayış sahəsi 38,0 kvm. olan mənzili İddiaçı1 bağışlamışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, 9-cu Patamdar küçəsi, 19 №-li yaşayış evi İddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 72 №-li reyestr kitabında 10866 səhifə, qeydəalma 30/2310, xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən tərtib edilmiş 12 avqust 1994-cü il tarixli, 30/469 nömrəli İddiaçı1 şəxsi mülkiyyətində olan mənzilin texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında olan fin tipli həyət evinin texniki vəziyyəti qeydə alınmışdır. Sahənin xüsusiyyətləri: otaq 2, ümumi sahə yaşayış sahəsi: 26,0 kvm., 1-ci otaq 16,0 kvm., 2-ci otaq 10,0 kvm., köməkiçi sahələr: bağlı balkon 12,0 kvm., qaraj 24,5 kvm. qeyd edilmiş, həyətyanı torpaq sahəsinin planı tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48,90 kvm. olan daşınmaz əmlak İddiaçı1 xüsusi mülkiyyətindədir. - İdarə tərəfindən İddiaçı1 məxsus ünvan 3a dair tərtib edilmiş **********17-05101- 093001 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli texniki pasportun surətindən görünür ki, sənəd üzrə sahə 0,1 ha., faktiki sahə 0,1 ha., tikinti altı sahə 0,1 ha. göstərilmişdir. Mənzil 1 mərtəbəlidir. Otaqların sayı 2, ümumi sahəsi 48,9 kvm., yaşayış sahəsi 25,2 kvm., yaşayış otağı 15,6 kvm., yaşayış otağı 9,6 kvm., mətbəx 9,7 kvm., sanitar qovşağı 1,2 kvm., sanitar qovşağı 3,4 kvm., dəhliz 5,8 kvm., balkon 3,6 kvm. qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3702 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanında yerləşən daşınmaz əmlakın yaşayış otaqlarından, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olmasını, fərdi qaydada istifadə olunan həyətyanı sahəsinin mövcud olmasını, eyni zamanda tikilinin digər şəxslərlə ümumi istifadədə olan sahəsinin mövcud olmamasını nəzərə alaraq Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13-cü maddəsində göstərilənlərə uyğun olaraq həmin daşınmaz əmlakın fərdi yaşayış evi olduğu müəyyən edilir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanında yerləşən daşınmaz əmlakın planlı yerləşməsi, konfiqurasiyası, texniki pasportda əks olunan yaşayış və yardımçı tikililərin o cümlədən qarajın faktiki vəziyyətdə ölçüləri xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasporta uyğundur. Eyni zamanda qeyd olunur ki, xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasportda qeyd olunan 1 saylı yaşayış otağına bitişik əlavə qonaq otağı inşa edilmiş və 3 saylı eyvan tikilisinin yerləşdiyi sahə genişləndirilərək yataq otağı inşa edilmişdir. Faktiki vəziyyətdə torpaq sahəsi 0,06 ha təşkil edir. Həmin torpaq sahəsinin giriş hissəsində texniki pasportda qeyd olunmayan həyət tikilisi inşa edilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********52 №-li məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, qeyd olunan yaşayş evi daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin yerləşdiyi torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlak ilkin olaraq fin tipli həyət evi kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin fondunda olan mənzillərin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi barədə” xx.xx.1993-cü il tarixli, 103 nömrəli əmrinə əsasən 22 oktyabr 1993-cü il tarixdə həmin ünvanda yaşayan X3 əvəzsiz mülkiyyətinə verilmişdir. X7 xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 54,0 kvm., yaşayış sahəsi 38,0 kvm. olan mənzili X1, sonuncu isə həmin daşınmaz əmlakı İddiaçı1 bağışlamışdır. Bakı şəhəri, 9-cu Badamdar küçəsi, 19 №-li yaşayış evi İddiaçı1 adına xüsusi mülkiyyət kimi xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır. Mülkiyyət hüquqları qeydə alındıqdan sonra daşınmaz əmlakın faktiki vəziyyətinə dair səlahiyyətli orqan tərəfindən texniki pasport tərtib edilmiş, texniki pasportda daşınmaz əmlakın göstəriciləri və yerləşdiyi torpaq sahəsi barədə məlumatlar qeyd edilmişdir. İddiaçı1 cavabdeh inzibati orqana müraciət edərək mülkiyyətində olan daşınmaz əmlakın fərdi yaşayış evi kimi yerləşdiyi torpaq sahəsi ilə birlikdə adına daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılmaqla buna dair ona çıxarışın və texniki sənədin verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan mübahisəli daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçməsi, mənzilin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinın 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim edilməməsini əsas gətirərək müraciəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzl Məcəlləsinin: - 13.1-ci maddəsinə əsasən yaşayış evi, yaşayış evinin hissəsi; mənzil, mənzilin hissəsi; otaq; bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri yaşayış sahələrinə aiddir. - 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. - 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasənm tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə qeyd edir ki, mübahisəli daşınmaz əmlak cavabdeh inzibati orqan tərəfindən “mənzil” kimi qeydə alınsa da araşdırılma zamanı həmin daşınmaz əmlakın xüsusiyyətlərinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahə deyil, ayrıca həyətyanı sahəyə, ayrıca giriş-çıxışa, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev olması müəyyən edilmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən mübahisəli daşınmaz əmlakın “mənzil” kimi hər hər hansı çoxmənzilli binanın tərkibində yerləşməsini təsdiq edən sübutları məhkəmə təqdim edə bilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, yaşayış sahəsinin ünvanı yalnız “ev 19” kimi qeyd olunmuş, mənzil nömrəsi göstərilməmişdir. Bu isə həmin ünvanın yalnız bir yaşayış sahəsindən (bir evdən) ibarət olmasına dəlalət edir. Bundan əlavə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş 12 avqust 1994-cü il tarixli, 30/469 nömrəli tarixli texniki pasportda mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi barədə səlahiyyətli orqan tərəfindən qeydiyyat aparılmışdır. Eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3702 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanında yerləşən daşınmaz əmlakın fərdi yaşayış evi olduğu, həmin ünvanında yerləşən daşınmaz əmlakın planlı yerləşməsi, konfiqurasiyası, texniki pasportda əks olunan yaşayış və yardımçı tikililərin, o cümlədən qarajın faktiki vəziyyətdə ölçülərinin xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasporta uyğun olması, faktiki vəziyyətdə torpaq sahəsinin 0,06 ha. təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə verilmiş 10/3702 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. - 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bənində əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair –üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Məhkəmə işin araşdırılmış hallarına qiymət verərək hesab edir ki, mübahisəli daşınmaz əmlak fərdi yaşayış evinin xüsusiyyətlərinə malik olduğundan və texniki inventarlaşdırma orqan tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli texniki pasportda mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi göstərildiyindən iddiaçının tələbi əsaslıdır, cavabdeh inzibati orqanın hərəkətsizliyi qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə bir halı da vurğulayır ki, iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüquqlarını əldə etməsi işin mübahisəsiz halıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə ekspert xərci cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 48,90 kvm. olan, 1 (bir) mərtəbəli vahid tikili formasındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınması, həmin evin və tərkib hissəsi olan faktiki istifadədəki 0,06 ha-dən ibarət torpaq sahəsinin mülkiyyət hüquqlarının vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 48,90 kvm. olan, 1 (bir) mərtəbəli vahid tikili formasındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınması, həmin evin və tərkib hissəsi olan faktiki istifadədəki 0,06 ha-dən ibarət torpaq sahəsinin mülkiyyət hüquqlarının vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar