Məhkəmə qərarları › İş №2-1(112)-2422/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2422/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2422/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu 10 sentyabr 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 sentyabr 1988-ci ildə "xxxx" MMC-də elektrik montyorçu (3-cü dərəcə) vəzifəsində işə başlamışdır. xx.xx.1989-cu ildə 4-cü dərəcəyə yüksəlmişdir. 10 aprel 1989-cu ildə həmin müəssisədə qurğuşun muftaları lehimləmək üçün elektrik montajçı (3-cü dərəcə) vəzifəsində çalışmışdır. xx.xx.2005-ci ildə isə əmək fəaliyyətinə xitam verilmişdir. İddiaçıya “X1 və Tikinti Şirkəti” MMC tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmasına dair arayış verilmişdir. İddiaçı cavabdehə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müxtəlif vaxtlarda müraciətlər etsə də, ona imtina cavabı verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının 21 yanvar 1980-cı il tarixli ИT- İ ******* nömrəli əmək kitabçasında xx.xx.1988xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində X1 və Tikinti Şirkətində elektrik montyorukabelçi vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən müəssisənin 3 avqust 2022-ci il tarixli 1 nömrəli arayışında həmin dövrdə həmin müəssisədə qurğuşun muftaları lehimləmək üçün elektrik montajçısı vəzifəsində işlədiyi göstərilib. Göründüyü kimi təqdim edilən sənədlərdə uyğunsuzluq vardır. Eyni zamanda İddiaçı əmək kitabçasında qeyd olunan işlədiyi elektrik montyoru-kabelçi vəzifəsi Nazirlər Kabinetinin 2007-ci il tarixli Siyahısında nəzərdə tutulan yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları vəzifəsinə uyğun deyildir. Beləliklə, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “X1 və Tikinti” şirkətində işlədiyi dövrlərin güzəştli stajına daxil edilməsi mümkün olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab edilmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 21 yanvar 1980-cı il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək “BaşAzmes” kombinatının təlim kursunun mərkəzində təhsil almışdir. xx.xx.1980-cı il tarixdə Bakı kombinatına 3 dərəcəli elektrik montajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-cı il tarixdə Sovet ordusu sıralarında xidmət etməklə bağlı tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Tovuz çörək kombinatına gözətçi vəzifəsində, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Yanğından mühafizə dəstəsində döyüşçü vəzifəsində işləmişdir. xx.xx.1985-ci il tarixdən 3-cü dərəcəli elektrik montajçı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1988-ci il tarixdə yeni təşkil olunmuş 27 saylı Tikinti İdarəsinə eyni vəzifəyə keçirilmişdir. xx.xx.1989-cu il tarixdə qurğuşun muftalarının lehimlənməsi üzrə elektrik montyoru kabelçi vəzifəsinə qəbul olunmuş, xx.xx.2005-ci il tarixədək həmin vəzifədə işləmişdir. xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MTK-ya elektrik briqadir, xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MTK-ya inzibatçı vəziifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Yasamal-23 mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə inzibatçı təyin edilmişdir. X1 və Tikinti Şirkəti MMC-nin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı həqiqətən X1 və Tikinti Şirkəti MMC-də xx.xx.1989-cu il tarixindən xx.xx.2005-ci il tarixinə qədər elektrik montyoru-kabelçi vəzifəsində çalışmışdır. “Əmək şəraiti zərərli və ağır olan işçilərə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələr və göstəricilərin 2 nömrəli siyahısı”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. 2290000a – 19829 yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırması üzrə elektrik montyorları, xətçilər. 23200000 XXXİİİ. Ümumi peşələr. 23200000 – 19859 qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları Siyahısına uyğundur və həmin vəzifədə 16 il 2 ay 20 gün fasiləsiz olaraq çalışmışdır. HЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. X1 və Tikinti Şirkəti MMC tərəfindən iddiaçıya verilmiş arayışa əsasən o, həqiqətən xx.xx.1988-ci il tarixdən SU 14 müəssisəsindən yenidən qurulmuş SU 27 müəssisəsinə elektrik montyoru vəzifəsinə keçirilmişdir. İşlədiyi illərin (1988-2005) əmək haqqı cədvəli təqdim edilmiş. xx.xx.2005-ci il tarixli 1 nömrəli əmrə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Arayışa 1988-1989-1990-1991-1992-1993-1994-1995-1996-1997-1998-1999- 2000-2001-2002-2003-2004-2005-ci illərin əmək haqqı cədvəli əlavə edilmişdir. İddiaçının müraciətinə cavabdehin 10 avqust 2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən müddəalarından görünür ki, xx.xx.2021-ci ildən sonra kişilər üçün əmək pensiyası hüququ verən yaş həddi 65 yaş müəyyən edilir. Əgər kişilər həmin dövrə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş işlərdə 12 il 6 ay işləmiş olsalar, onlara pensiya yaşı 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı onun 60 yaşının tamam olduğu 10 sentyabr 2022-ci il tarixində 25 ildən artıq ümumi stajı, 12 il 6 aydan artıq isə güzəştli stajı olduğunu iddia edərək ona həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş edir. Belə olan halda iddiaçının həmin tarixə qədər 25 il ümumi stajı olmalı həmin stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Cavabdeh tərəfindən iddiaçının ümumi stajının 25 ildən artıq olması mübahisələndirilmir. Lakin cavabdeh iddiaçının xx.xx.1988-xx.xx.2005-ci il tarixlərində olan dövr ərzində X1 və Tikinti Şirkətində işlədiyi “elektrik montyoru-kabelçi” vəzifəsinin müsəssisənin verdiyi 03 avqust 2022-ci il tarixli 1 nömrəli arayışında “qurğuşun muftaları lehimləmək üçün elektrik montajçısı” vəzifəsi kimi qeyd edildiyinə, həmçinin iddiaçının əmək kitabçasında qeyd olunan “elektrik montyoru-kabelçi” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli Siyahısında nəzərdə tutulan yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları vəzifəsinə uyğun olmamasına əsaslanaraq həmin dövrü iddiaçının güzəştli stajına daxil etməkdən imtina etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, X1 və Tikinti Şirkətinin verdiyi xx.xx.2023-cü il tarixli arayışda iddiaçının həmin dövrdə işlədiyi peşənin adı “elektrik mantyoru-kabelçi” kimi göstərilmişdir. Həmin arayışda iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı üzrə uyğun gəldiyi peşə kodları göstərilmişdir. Lakin, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yarandığı vaxt həmin siyahı qüvvədə olmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” a) bəndində göstərilmiş “yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər” peşəsinə uyğundur. Beləlikə məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddinə, yəni 60 yaşının tamam olduğu 10 sentyabr 2022-ci il tarixinə kimi 25 ildən artıq ümumi stajı olmuş və həmin stajın 12 il 06 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələrdə çalışmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya 60 yaşının tamam olduğu 10 sentyabr 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 10 sentyabr 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar