Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2423/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi cəlb edilməklə) «qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və onun bərpa edilərək iddiaçıya təhvil verilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və onun bərpa edilərək iddiaçıya təhvil verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 iyul 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında iddiaçıya məxsus qaraj olmuşdur. 2012-ci ilədək həmin qaraj və onun altındakı torpaq sahəsi iddiaçının istifadəsində olmuş, iddiaçı ondan istifadə etmişdir. Lakin 2012-ci ilə iddiaçının Bakıdakı evində olmadığı vaxt Binəqədi RİH-in əməkdaşları tərəfindən həmin qaraj sökülmüşdür. Həmin şəxslər iddiaçının yaxın ailə üzvlərinə bildirmişlər ki, ona bunun əvəzində başqa yerdən qaraj veriləcəkdir. Həmin vaxtdan xeyli müddət ötsə də, iddiaçıya qaraj verilməmişdir. Bundan fərqli olaraq, başqa şəxslər qarajla təmin olunmuşdur. O, bununla bağlı dəfələrlə müraciət etsə də, məsələ nəticəsiz qalmışdır. Qeyd olunmalıdır ki, iddiaçı bələdiyyəyə torpaq vergisini də ödəmişdir. Binəqədi RİH-ə müraciətinə Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon MKT Birliyi tərəfindən 17 avqust 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Binəqədi RİH-ə ünvanlanmış ərizə baxılması üçün Rayon MKT Birliyinə göndərilmişdir. Qarajın bərpası tikintiyə icazə verən təşkilat tərəfindən həyata keçiriləcəkdir.”. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 26-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.9, 152.1, 152.2, 152.3, 157.2, 158, 164.1, 164.2, 165.1-ci maddələrinə, İPM-in 2, 45, 46-cı maddələrinə əsaslanaraq, qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və həmin qarajın bərpa edilərək iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh Binəqədi RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Binəqədi RİH-in nümayəndəsinin iddiaya qarşı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, iş materiallarına görə iddiaçı hər hansı bir hüquqmüəyyənedici sənədi olmayan və cavabdeh təşkilatın (Binəqədi RİH-in) təqsirini sübut edən halı təqdim etmədən qarajın Binəqədi RİH tərəfindən söküldüyünü iddia edir. İş materiallarından göründüyü kimi, iddiaçı məhkəmədənkənar pretenziya məktubu kimi müraciətinə Binəqədi Rayon MKTB cavab versə də, cavabdeh qismində Binəqədi RİH cəlb olunmuş və RİH-in üzərinə öhdəlik qoyulması xahiş edilir. İddiaçı ona məxsus qarajın sökülməsi ilə bağlı hər hansı bir aktın olması barədə və cavabdeh təşkilat tərəfindən onun hüquq və azadlıqlarını pozan (mülki hüquqlarını pozan) hərəkətlərin edilməsi barədə heç bir sübut təqdim etmədən iddia tələbi irəli sürmüşdür. Belə ki, iş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş inzibati orqan Binəqədi RİH tərəfindən mübahisələndirilən ərazidə hər hansı söküntü işləri aparılmamış, iddiaçıya məxsus qarajın sökülməsi ilə əlaqədar olaraq hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Mövcud iş üzrə Binəqədi RİH hər hansı qanunsuz hərəkətə yol vermədiyindən, məsuliyyət daşıya bilməz. İddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də, məhkəməyə təqdim etdiyi sözügedən qaraja dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmamışdır. İş materiallarına yalnız Binəqədi rayon bələdiyyəsinin 10 iyul 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin surəti əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-cü maddəsinə əsasən isə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İddiaçı tərəfindən sözügedən qarajın onun mülkiyyətində olması iş materialları ilə sübut olunmur, onun tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. İPM-in 35.1-ci maddəsində qeyd olunanlar öz təsbitini həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 5 saylı 10 aprel 2015-ci il tarixli qərarında da tapmışdır. Belə ki, həmin qərar iddianın mümkünlüyünün anlayışını, mümkünlük şərtlərini özündə əks etdirir. Həmin qərarın 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də ' nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hesab olunur ki, hazırkı iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 76.1, 77.1-ci maddələrinə, İPM-in 35, 58.7-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlmişdir, üçüncü şəxs gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianın əsassız olduğunu, iş üzrə heç bir sübut təqdim olunmadığını bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 10 iyul 2007-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında “mövcud qarajın altındakı 24 kv.m torpaq sahəsi Binəqədi bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmişdir. İş materiallarından görünür ki, məhkəmə tərıfindən Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinə aşağıdakı məzmunda sorğu ünvanlanmışdır: - Bakı şəhəri Binəqədi rayunu Binəqədi bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 iyul 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı yaşayış binasının yaxınlığında İddiaçı icarəyə verilmiş 24 kv.m torpaq sahəsində hər hansı tikilinin, o cümlədən qarajın mövcud olubolmaması, eləcə də əvvəllər mövcud olub sökülməsi barədə məlumatın verilməsi. İş materiallarında olan Binəqədi bələdiyyəsinin məhkəməyə ünvanlanmış 19 may 2022-ci il tarixli məktubunda bildirilir ki, vətəndaş İddiaçı X1 Sistemində (BAMS) icarəçi kimi qeydiyyatdadır. Vətəndaş İddiaçı 10 iyul 20007-ci il tarixli 400 saylı müqavilə ilə ayrılan torpaq sahəsindən əvvəllər qaraj kimi istifadə etmişdir. Lakin hal hazırda torpaq sahəsi üzərində qaraj mövcud deyil. Qarajın kimlər tərəfindən və hansı məqsədlə götürülməsi bələdiyyəyə məlum deyil. İş materiallarında olan Bakı ŞİH Binəqədi Rayon MKT Birliyinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 19 avqust 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında vətəndaş İddiaçı məxsus qaraj mövcud deyil. Göstərilən ünvanda ümumrayon abadlaşdırma tədbirləri ilə bağlı mövcud müvəqqəti qurğular, qarajlar başqa sahələrə köçürülmüş, podratçı təşkilat tərəfindən həmin ərazilər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. İş materiallarında olan iclas protokolundan görünür ki, məhkəmə iclasında şahid qismində ifadə verən X4 bildirmişdir ki, 85 saylı binanın yaxınlığında qaraj olmuşdur, qarıncı rəngdə idi, iki mişar daşı hündürlüyündə tiilisi, qalan hissəsi isə dəmirdən olmuşdur. İş materiallarında olan iclas protokolundan görünür ki, məhkəmə iclasında şahid qismində ifadə verən X9 bildirmişdir ki, 85 saylı binanın yaxınlığında olan qarajların gütürülməsi barədə məlumat yayılmışdır, sonradan qarajlar söküldü və onların sahiblərinin qarajla təmin olunacağı söz verilmişdir. İddiaçı məxsus qaraj narıncı rəngdə olmuşdur və onun söküntüsü kran vasitəsilə aparılırmışdır. İş materiallarında olan iclas protokolundan görünür ki, məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, 85 saylı binanın yaxınlığında narıncı rəhgli qaraj olmuşdur, qarajın üst hissəsi trapesiya formasında idi. Qaraj həmin vaxt sökülmüşdür. İş materiallarında olan iclas protokolundan görünür ki, məhkəmə iclasında şahid qismində ifadə verən X6 bildirmişdir ki, qarajın üst hissəsi trapesiya formasında, yaşılımtıl boz rəngdə idi. Soradan sökülmüşdür. İş materiallarında olan iclas protokolundan görünür ki, məhkəmə iclasında şahid qismində ifadə verən X7 bildirmişdir ki, İddiaçı qonşusudur. Qaraj sökülən zaman orada olmuşdur və söküntünü görmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü bəndinə əsasən yerli icra hakimiyyəti başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir (3.9.10), 4-cü bəndində isə, yerli icra hakimiyyəti başçısının səlahiyyətləri kimi müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verilməsi (4.9.3), yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarının hazırlaması və həyata keçirilməsi (4.9.14) nəzərdə tutulmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin məhkəmə araşdırılması zamanı, həm şahid ifadələri, həm də Binəqədi bələdiyyəsi və Binəqədi Rayon MKT Birliyindən alınmış yazılı məlumatlar, eləcə də bələdiyyə ilə bağlanmış 10 iyul 2007-ci il tarixli müqavilə və digər sübutlar əsasında müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında İddiaçı məxsus qaraj mövcud olmuşdur və həmin qaraj ərazidə abadlıq, yaşılaşdırma və s. məsələlərin hıyata keçirilməsini təmin edən, eləcə də bu sahədə nəzarəti həyata keçirən müvafiq səlahiyyətli qurum kimi Binəqədi RİH tərəfindən sökülmüşdür. Məhkəmə İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından mübahisə üzrə halları qiymətləndirərək, belə nəticəyə gəlir ki, tərəflər arasında inzibati mübahisə mövcudddur və mübahisəyə mahiyyəti üzrə qiymət verilməlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktları ilə yanaşı diqqətə çəkir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qeyd olunanların məcmusunda məhkəmənin qənaəti belədir ki, İddiaçı Binəqədi rayonu, 8ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud olmuş qarajın cavabdeh Binəqədi RİH tərəfindən sökülməsi qanunsuz qiymətləndirilməli və həmin qarajın bərpa olunması cavabdehə həvalə olunmalıdır. Odur ki, iddia əsaslı sayılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Bakı şəhəri Binəqədi RİHin İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud olmuş 24 kv.m ölçüdə qarajın sökülməsi hərəkətləri qanunsuz sayılmalı və həmin qarajın bərpa edilərək iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdeh Binəqədi RİH-in üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi RİH-in İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud olmuş 24 kv.m ölçüdə qarajın sökülməsi hərəkətləri qanunsuz sayılsın və həmin qarajın bərpa edilərək iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdeh Binəqədi RİH-in üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2423/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2423/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver